Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-162/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-515/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 1.595.995,05 manat əsas borc, 267.001,19 manat cərimə, 160 manat vəkilə ödənilmiş pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1.863.186,24 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.09.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1.595.995,05 manat məbləğdə əsas borc, 20.000 manat cərimə olmaqla, ümumilikdə 1.615.995,05 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı üzərinə düşən öhdəliyi tam icra etməmiş, mallar tam olaraq çatdırılmamışdır. Çünki, iş materiallarında olan qəbzlərdən də görünür ki, həmin malların cavabdeh tərəfindən qəbul edilməsini əks etdirən imzalar müəyyən sayda qəbzdə olsa da, digər qəbzlərdə yoxdur. Yəni, malların belə olan halda kim tərəfindən qəbul edilməsi anlaşılan deyil. Eyni zamanda, malların qəbul edən eyni adlı şəxslərin müxtəlif qəbzlərdə fərqli imzaları olmuşdur ki, bu da malların məhz kim tərəfindən qəbul edilməsini müəyyən etməkdə çətinlik yaratmışdır. Bundan əlavə, iddia təmin edilərkən tərəflər arasında müqavilə şərtlərinin yerinə yetirilməsi üçün çoxsaylı qaimələr əsas götürülmüşdür ki, bu qaimələr əsasında ümumi borc müəyyən olmuşdur. Lakin həmin borcun tam məbləğinin dəqiqləşdirilməsi zərurəti olsa və bu barədə məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi xahiş edilsə də, vəsatəti təmin edilməmişdir. İddiaçı öhdəliyini tam icra etmədiyindən verilmiş iddia təmin edilə bilməz. Cavabdehin şikayəti cərimə məbləğinin təmin olunan hissəsinə dair dəlil ehtiva etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması xahiş edilsə də, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (rədd olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin cavabdeh tərəfindən mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmalıdır. Bu kontekstdə işdən müəyyən edilir ki, tərəflər arasında 19.12.2016-cı il tarixli 2017/ASM/021 nömrəli və 28.12.2018-ci il tarixli 2019/ASM/086 nömrəli alqı-satqı müqavilələri bağlanmış, 19.12.2016-cı il tarixli müqavilənin 1-ci bəndinə görə, iddiaçı markasından asılı olaraq bir tonunun qiyməti 119,18-150,39 manat, 28.12.2018-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən bir tonunun qiyməti 141,60-171,10 manat çərçivəsində olmaqla müxtəlif növ sement markalarının cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödənilməsini öhdəyə götürmüşlər. Müqavilələrin “Qiymət və ödəmə şərtləri” bölməsinin 3-cü abzasına əsasən, göndərilən məhsulların dəyərinin ödənilməsi alıcıya məhsulların göndərildiyi tarixdən 15 təqvim günü ərzində həyata keçirilməlidir. Eyni bölmənin 5-ci abzasına görə, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarda cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Cavabdeh 1.200.000 manat məbləğdə əsas borcla razılaşır. Bakı Apellyasiya Məhkəməsi KK-nın 06.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.09.2021-ci il tarixli rəyində göstərilmişdir ki, iş materiallarında olan mühasibatlıq (əmtəə-nəqliyyat qaimələri, elektron qaimələr və s.) sənədlərinə, həmçinin 19.12.2016-cı il tarixli 2017/ASM/021 nömrəli və 28.12.2018-ci il tarixli 2019/ASM/086 nömrəli alqı-satqı müqavilələrinin qeyd olunan şərtlərinə əsasən cavabdehə satılmış 1,847,469.87 manatlıq sementin məbləğindən 1,595.995.49 manat məbləğdə vəsaitin ödənilmədiyi müəyyən edildi. Eyni zamanda, təqdim edilmiş iş materiallarında olan cədvəl formasında cərimə borcunun 22.08.2019-cu il tarixədək hesablandığı nəzərə alınaraq, hazırkı tədqiqat zamanı iş materiallarında olan müqavilələrin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçıya 267.001,19 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır;
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən qəbul etdiyi malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli borcun yaranması və məbləği alqı-satqı müqaviləsi, əmtəə-nəqliyyat qaimələri, elektron qaimələr, ekspert rəyi və cavabdehin borc məbləğinin dörddə üç hissəsinə yaxın miqdarının qəbulu ilə təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik-hüquq münasibətlərinin yarandığını, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, elektron qaimələri və hazırda iddiaçıya borcu yarandığını mübahisə etmir. Cavabdeh cərimə pulunu da şikayətində mübahisə etməmişdir. Bundan əlavə, cavabdeh şikayətində ümumi mülahizələrdən istifadə edərək, iddiaçının öhdəliyi hansı hissədə icra etmədiyini, hansı qəbzlərdə imzaların olmadığını yaxud fərqli imzaların olduğunu konkretləşdirməmiş, bununla bağlı Məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, onun vəsatətinə əsasən keçirilən məhkəmə-mühasibatlıq ekspertizası isə iddiaçının tələb etdiyi əsas borc və cərimə məbləğlərini bir daha təsdiq etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-515/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 145 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova