Məhkəmə qərarları › İş №2-2(103)-162/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-162/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-162/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tərəb irəli sürməyən üçüncü şəxs AR Kənd Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Sadıqov ilkin Faiq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmaqla) qarşı lizinq müqaviləsi üzrə borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-3829/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 242 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh ASC tərəfindən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar tələb olunan 16665 manat məbləğində pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, kredit müqaviləsi üzrə ödəniş qrafikini qabaqlayaraq lizinq obyektinə görə ödənilmiş 10000 manat pul vəsaitinin cavabdeh tərəfindən müəyyən edilmiş 16665 manat borc məbləğindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-3829/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanan xx.xx.2020-ci il tarixli, 01/2020 saylı “Hüquq və öhdəliklərin ötürülməsi barədə” Sazişə 1 saylı Əlavə ilə müəyyən olunan 16665 manat borc məbləğindən 10000 (on min) manat məbləğində pul vəsaitinin həmin saziş bağlananadək ödənilməsinin nəzərə alınması və 10000 (on min) manat məbləğində pul vəsaitinin həmin borcdan silinməsi qət edilmişdir.

4. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-2(113)-3829/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 242 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh ASC tərəfindən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar tələb olunan 10000 manat məbləğində pul vəsaitinin silinməsi barədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(113)-3829/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

6. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsası qismində çıxış edən lizinq müqaviləsi üzrə lizinq ödənişlərini cavabdehin xeyrinə icra etmək vəzifəsini lazımı qaydada yerinə yetirməmişdir. İddiaçının borc məbləğindən çıxılmasını tələb etdiyi məbləğ Cavabdeh ASC-yə deyil, əvvəllər lizinq verən qismində çıxış edən, daha sonra hüquq və öhdəliklərini Cavabdeh ASC-yə ötürmüş "xxxx" MMC-yə ödənilmişdir. "xxxx" MMC tərəfindən hüquq və öhdəliklər ötürülən zamanı isə borc məbləğindən mübahisələndirilən 10000 manat silinmədən, yəni 16665 manat həcmində tələb hüququ Cavabdeh ASC-yə ötürülmüşdür. İddia qiymətini təşkil edən 10.000 manat Cavabdeh ASC-nin hesabına mədaxil edilməmişdir. Odur ki, cəmiyyətin benefisiarı qismində çıxış etmədiyi məbləği borc məbləğindən silməsinə dair irəli sürülmüş tələb tamamilə əsassızdır. Yuxarıda qeyd olunan hallardan aydın olduğu kimi, iddiaçı cəmiyyət qarşısında olan öhdəliyini lazimi qaydada icra etməmiş, bun baxmayaraq məhkəmə, öhdəliyin lazımı qaydada icrasına dair maddi hüquq normalarını nəzərə almadan qətnamə qəbul etmişdir.

7. Üçüncü şəxsin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü üzrə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)- 131/2020 saylı qərarına əsasən, "xxxx" MMC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx" MMC və Cavabdeh ASC arasında bağlanmış üçtərəfli sazişə əsasən "xxxx" MMC vasitəsilə ayrılmış lizinq borcları və yığımların icrası müvəkkil kredit təşkilatı kimi Cavabdeh ASC-yə ötürülmüşdür. «NBC Lizinq” MMC-nin lisenziyasının ləğvi və müflisləşmə yolu ilə ləğv edilməsi prosesi Agentlik tərəfindən qanunvericiliyə uyğun olaraq verilmiş və kənd təsərrüfatına yönəldilmiş güzəştli kreditlərlə bağlı Agentliyin vəsaitlərinin geri ödənilməsində problemlərin yaranmasına səbəb olmuşdur. Eyni zamanda, iddiaçı məhkəmə işində mübahisə predmeti qismində çıxış edən lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, İddiaçı xx.xx.2019-cu ildə «NBC Lizinq” MMC vasitəsilə 18180 manat məbləğində kredit məbləği olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən yararlanmışdır. İddiaçı iddia tələbinə əsasən silinməsini tələb etdiyi borc məbləğini "xxxx" MMC-də mövcud olmuş depozit hesabına ödədiyini iddia etsə də, həmin məbləğin Agentliyin hesabına ödənilməsi barədə hər hansı sübut iş materiallarında aşkar edilmədiyindən hal-hazırda Agentlik qarşısında borc öhdəliyi qalmaqdadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasına müstəqil tərəb irəli sürməyən üçüncü şəxs AR Kənd Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

14. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

18. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

22. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 242 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin ümumi məbləği 27301,03 manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə ilkin ödəniş və aylıq ödənişlər həyata keçirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən “NBC Bank KB Nəsimi filialına xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat və xx.xx.2020-ci il tarixdə isə 3000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində vəsait köçürülmüşdür.

23. İşin faktiki halları bank ödənişləri müqavilə və digər sübutlarla təsdiq edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-131/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş, ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. “NBC Lizinq" MMC, "xxxx" ASC və Aqrar Kredit və İnkişaf Agentliyi arasında 01 iyul 2020-ci il tarixdə 01/2020 nömrəli hüquq və öhdəliklərin ötürülməsi barədə saziş imzalanmışdır. Sazişə əsasən portfeli ötürən şəxs mövcud lizinq müqavilələri üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini portfeli qəbul edən şəxsə ötürmüş, həmçinin portfeli ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər lizinq alanların ona olan müqavilə üzrə borcunu lizinq alanlardan qəbul edərək vəsaiti ayırana tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

25. Göründüyü kimi, “NBC Lizing" MMC-nin hüquq və öhdəliklərinin ötürülməsi barədə saziş imzalanana qədər (xx.xx.2020-ci il) iddiaçı tərəfindən həm lizinq müqaviləsi üzrə ilkin və aylıq ödənişlər həyata keçirilmiş, həm də ödəniş qrafikindən kənar qaydada lizinq verənin hesabına xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat və xx.xx.2020-ci il tarixdə isə 3000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində vəsait köçürülmüş, lakin 10000 manat məbləğində vəsait ümumi məbləğdən silinməmişdir. Belə olan təqdirdə cavabdeh hüquqi şəxsə lizinq verənin hüquq və vəzifələrinin ötürülməsinədək edilən həmin ödənişlərin borc məbləğindən silinməməsi əsassız olmuşdur.

26. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdikləri dəlillər eyni məzmunlu və əsassız olduğundan nəzərə alına bilməz. Belə ki, iddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, bundan sonra cavabdeh hüquq və vəzifələrin üçüncü şəxsə ötürülməsi barədə müqavilə imzalamışdır. Belə olan halda borcun silinməsinə hüquqi maneə təşkil edən hal baş verməmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-3829/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar