Məhkəmə qərarları › İş №2-2(103)-163/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-163/2024

04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-163/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı yol verilmiş haqsız rəqabət hərəkətləri nəticəsində kompensasiya ödənilməsi və s. tələblərə dair qarşılıqlı iddiadan ibarət kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin numayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə5, Cavabdeh2 və onun vəkili Vəkil3, Cavabdeh1 MMC-nin nümayəndələri Nümayəndə4 və Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3675/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehler tərəfindən iddiaçının işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatlar yayıldığından, yayımlanan məlumatların yayımlandığı platformalardan silinməsi, həmin məlumatların yayıldığı video formatında və yayıldığı “Dia Butik”ə və "xxxx"ə aid olan rəsmi sosial şəbəkə hesablarında iddiaçının işgüzar nüfuzuna xələl gətirməsi barədə üzr istəməklə təkzib edilməsi, vurulmuş zərərə görə 50.000 manat məbləğində kompensasiya və 240 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 50.240 manat pul vəsaitinin cavabdehlərdən (hər biri ½ hissədə) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda, Cavabdeh1 MMC oğlu ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh tərəfindən yol verilmiş haqsız rəqabət hərəkətlərinin qanun pozuntusu olaraq tanınması, cavabdehdən həmin hərəkətlər nəticəsində iddiaçıya əldən çıxmış faydaya görə 130.000 manat, iddiaçının işgüzar nüfuzuna dəymiş zərərə görə 30.000 manat məbləğində kompensasiyanın tutularaq ödənilməsi və cavabdehin üzərinə iddiaçıya qarşı haqsız rəqabət hərəkətlərinə yol verməyəcəyinə dair öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk iddia onunla əsaslandırılmışdır ki, son vaxtlar bəzi şəxslər tərəfindən İddiaçı MMC-nin fəaliyyətinə kölgə salan qərəzli ifadələr səsləndirilmiş, çirkin iftiralar yayılmışdır. İddiaçı MMC ilə eyni sektorda fəaliyyət gösterən Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə qarşı böhtan kampaniyasına başlanmışdır. Bu kampaniyanın vasitəçilərindən biri də ünvan 1 ünvanında yerləşən “Dia Butik" salonun müdiri Cavabdeh2 çıxış edir. Belə ki, İddiaçı MMC-nin sifarişi ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “Dia Butik” salonunun sosial şəbəkə hesabında absurd bəyanatları əks etdirən video-çarx yerləşdirilmişdir. Həmin videoda İddiaçı MMC-ni nüfuzdan salan və ona “yalançı” damğasının vurulmasına gətirib çıxaran böhtan xarakterli məlumatlar qeyd edilmişdir. Video-çarxda Cavabdeh2 xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin və “X8" MMC-nin nümayəndələri ilə keçirilmiş görüşdən bəhs edir. Həmin görüşdən bəzi kadrlar təhrif edilmiş formada, ümumi kontekstdən çıxarışlar edilərək verilmişdir. Belə ki, Cavabdeh2 videoda guya hər iki şirkətə İddiaçı MMC-yə və “X8" MMC-yə məxsus cihazların xarici görünüş baxımdan oxşarlığı, lakin texniki baxımdan sonuncunun daha üstün və orijinal olduğunu vurğulamışdır. Xüusilə Cavabdeh1 MMC-nin cihazlarının ikiqat gücə malik olduğunu bildirmişdir. Cavabdeh2 çəkilmiş videogörüntüləri özünə bəraət qazandıracaq şəkildə yerləşdirirək İddiaçı MMC-ni bu məsələdə haqsız olduğu nəticəsini formalaşdırmağa çalışmışdır. Videoda başlıqda “İddiaçı MMC öz cihazının mənşəyini göstərə bilmədi” qeyd edilmişdir. “Mən onların yerinə biabır oldum” deməyi ilə belə təəssürat yaratmışdır ki, guya İddiaçı MMC öz cihazlarını tanımır. Videonun sonunda isə Cavabdeh2 əhaliyə “Yalançılara inanmayın!” söyləyərək bu sahədə çalışan sahibkarlıq fəaliyyətinin subyektlərini İddiaçı MMC-nin əməllərinin qurbanı olmamağa və buna görə də ehtiyatlı olmağa çağırmışdır. İşin faktiki halları isə tamamilə fərqlidir. Belə ki, "Dia Butik” salonunda uzun müddət İddiaçı MMC-yə məxsus “WERTEX” əmtəə nişanından qanunsuz olaraq istifadə edilmişdir. Bu fakt aşkar edilən kimi Cavabdeh2 qanunazidd hərəkətlərin dayandırılması tələb edilmiş, “WERTEX” əmtəə nişanının həkk olunduğu lazer-epilyasiya cihazının necə əldə etdiyi soruşulduqda isə o, bu cihazı Cavabdeh1 MMC-dən müqavilə əsasında satın aldığını bildirmişdir. Təqdim edilmiş müqavilədə də cihazın sözügedən nişanla satıldığı öz təsdiqini tapmışdır. Məsələnin aydınlaşdırılması üçün qarşılıqlı razılıq əsasında İddiaçı MMC-nin və Cavabdeh1 MMC-nin nümayəndələrinin, Cavabdeh2, Xəyal Nəzərovun iştirakı ilə xx.xx.2023-cü ildə görüş keçirilmişdir. Görüşdə Cavabdeh2 “WERTEX” əmtəə nişanının əks olunduğu cihazı Cavabdeh1 MMC-dən aldığını bildirsə də, sonuncu bunu inkar etmişdir. Verilmiş şikayət üzrə araşdırma aparılmış, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh2 həyat yoldaşı Xəyal Nəzərovun "WERTEX” əmtəə nişanı olan “F2000” modelli Diod lazer cihazını Cavabdeh1 MMC-dən aldığı öz təsdiqini tapmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, Cavabdeh2 İddiaçı MMC-nin qanuni sahibi olduğu “WERTEX” əmtəə nişanından heç bir razılıq olmadan istifadəyə davam etmişdir. Qanun pozuntusuna yol verdiyini dərk etsə də, bundan çəkinməmişdir. Videoda yaranmış mübahisənin əsassız olması və sağlam rəqabət mühitinin pozduğu göstərilsə də, əslində bütün baş verənlər hüquq pozuntusunun qarşısının alınması fonunda, Cavabdeh1 MMC-nin qanunsuz əməlləri ilə bağlı yaranmışdır. Videoda bir neçə dəfə sual verilsə də, Cavabdeh1 MMC, “WERTEX” əmtəə nişanından istifadəni açıqlaya bilməmiş, diqqəti başqa məqamlara yönləndirməyə çalışmışdır. Cavabdeh2 Cavabdeh1 MMC-nin İddiaçı MMC-yə məxsus əmtəə nişanları altında məhsullarının satışını heyata keçirdiyi ilk müştəri deyildir. Buna bənzər hallar artıq kifayət qədərdir, daimi və kütləvi səciyyə daşıyır. Hazırda bu qanunsuzluğun qarşının alınması üçün aidiyyəti üzrə hüquq-mühazifə orqanlarına müraciət edilib və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Xidmətində araşdırma aparılır. Əmtəə nişanından qanunsuz istifadə faktının örtbasdır edilməsi üçün də “X8" MMC Cavabdeh2 ilə birlikdə biznes etikasından kənar və qeyri-qanuni yollara əl atmışdır. Həmin video başqa şəxslər tərəfindən də internet informasiya ehtiyatında yayılmışdır. Videonun yayılmasında Cavabdeh1 MMC intensiv iştirak etmiş, öz rəsmi “İnstagram", “Whatsapp” kimi sosial şəbəkə hesablarında videonun paylaşılmasında xüsusi canfəşanlıq göstərmişdir. Paylaşılmış videonun açıqlama hissəsində Cavabdeh1 MMC İddiaçı MMC-ni əsası olmayan arqumentlərlə ittiham edir, istifadə etdikləri nişanların İddiaçı MMC tərəfindən işgüzar və etik qaydalara zidd öz adına rəsmiləşdirildiyini göstərmiş, “Cavabdeh1 MMC şirkətinə güvənin, orijinal və zəmanətli, müasir kosmetik avadanlıqları bizdən əldə edin” ifadəsi ilə vəziyyətdən sui-istifadə etməyə çalışmışdır. Videoya 177.255 dəfə baxılmış, 1.075 izləyici tərəfindən bəyənilmişdir edilmişdir. Bu kampaniyasına böyük izləyici kütləsinə malik səhifələr də cəlb edilmişdir. Cavabdeh1 MMC ilə əlbir olan Cavabdeh2 heç bir əsası olmayan, tamamilə uydurulmuş məlumatları geniş kütlənin nəzərinə açıqca və ifşaedici şəkildə çatdırıraq İddiaçı MMC-nə qara yaxmaq yolunu tutmuşdur. Videoda təsbit edilmiş müqayisələrlə həm Cavabdeh2, həm də Cavabdeh1 MMC açıq-aşkar İddiaçı MMC-nin və onun məhsullarının “Qara PR”nı aparır, İddiaçı MMC-nin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə əhaliyə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədir. Cəmiyyətdə süni ajiotajın yaranmasına ve insanların İddiaçı MMC iİə əməkdaşlıqdan çəkinməyinə səbəb olan sözügedən qanunsuz hərəkətlərlərin Cavabdeh1 MMC-nin sifarişi ilə həyata keçirilməsi aşkardır. Bu çıxışlar İddiaçı MMC-nin birbaşa fəaliyyəti ilə bağlı olan və onun müsbət imicinə, qazandığı etibara ciddi ziyan vuran məsələdir. Həmin məlumatlar cəmiyyət və yaxud ayrı-ayrı qruplar və ya şəxslər arasında İddiaçı MMC barəsində mənfi rəy yaradaraq onun işgüzar nüfuzunu ləkələmiş, hüquqi məsuliyyətin yaranması üçün əsas kimi çıxış etmişdir.

4. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların cavabdehlərin rəsmi “İnstagram” (butik_diaa), “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından dərhal silinməsi, iddiaçı barəsində yayılmış işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların yazılı və şifahi formada iddiaçıdan üzr istənilməklə cavabdehlərə məxsus rəsmi “İnstagram”, “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarında video formatda təkzib edilməsi, işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 manat məbləğində kompensasiya və 240 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 50,240 manat pul vəsaitinin cavabdehlərdən (hər biri ½ hissədə) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia isə onunla əsaslandırmışdır ki, son iki ildir müvafiq sahədə kommersiya fəaliyyəti ilə məşğul olan cavabdeh rəqib şirkət olan İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh1 MMC-nin əleyhinə bazarda üstünlük əldə etmək və işgüzar nüfzuna zərər vurmaq üçün qanunazidd rəqabət əməllərinə yol vermişdir. Belə ki, Cavabdeh1 MMC 2019-cu ildən “CUATRO” və “WERTEX” əmtəə nişanları altında lazer-epillyasiya cihazlarını ölkəyə gətirib satmağa başlamışdır. Hələ o vaxtdan cavabdeh də onların gətirdiyi mallardan ara sıra gətirib istifadə etdikləri əmtəə nişanları altında satışlara cəhd edirdi. Lakin o zamanlar buna əhəmiyyət verməmişlər, çünki heç vaxt onlarla rəqabət apara biləcək dövriyyə və potensiala malik olmayıblar. Daha sonra cavabdeh bu tip işgüzar etikaya yaraşmayan hərəkətlərində irəli getdiyini görüb 2022-ci ilin fevral ayının 25-i sözügedən əmtəə nişanlarının qeydiyyata alınması üçün Əqli Mülkiyyət Hüquqları Agentliyinə müraciət etmək qərarına gəlmişlər. Müraciətlərinə imtina cavabı gəldiyində bəlli olmuşdur ki, onlardan 2 gün əvvəl fərqlə cavabdeh şirkətin hansısa üsullarla onların bu addımı atacağından əvvəl məlumat əldə edərək onlardan əvvəl həmin quruma müraciət etmiş və ilkin müraciət əsası ilə onlardan əvvəl artıq onun adına sözügedən nişanlar qeydiyyata alınmışdır. Beləliklə, həmin nişanlara dair qanunla qorunan üstünlük hüququ əldə etdikdən sonra İddiaçı MMC-nin həmin əmtəə nişanlarından istifadənin dayandırılmasına dair şirkətə ünvanladığı pretenziya məktubunun tələbinə əməl edərək, müvafiq əmtəə nişanından istifadəni dayandırmasına baxmayaraq, İddiaçı MMC-nin əməkdaşları “CUATRO” nişanlı lazer epilyasiya avdanlıqlarını Cavabdeh1 MMC-dən xx.xx.2022-ci il tarixindən əvvəl əldə edən alıcıları müəyyən etmiş, onlara qarşı həmin avadanlıqdan istifadəni dayandırmağı, əks halda avadanlıqları onlardan zorla alacaqlarını bildirərək hədə-qorxu gəlməyə başlamışlar. Bununla yanaşı bəzi müştərilərinə İddiaçı MMC şirkəti ilə əməkdaşlıq etmək təklifləri edilmiş, razı olmadıqları halda isə avadanlığın üzərindən “CUATRO” nişanını çıxarmaqla təhdid edilmişlər. Məsələ ilə bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edilmişdir. Müraciətə baxılmış və məsələnin mülki xarakterli olması vurğulunaraq mübahisənin məhkəmə qaydasında həllinin mümkünlüyü diqqətə çatdırılmışdır. Bundan başqa 2022-ci ilin dekabr ayının sonlarında özünü Cavabdeh1 MMC-nin texniki servis əməkdaşı kimi təqdim etmiş Pərviz adlı şəxs müştərinin biznes fəaliyyəti ilə məşğul olduğu ünvana gedərək "xxxx" şirkətinin rəhbərliyi tərəfindən göndərildiyini bildirmiş, bundan sonra müştəriyə satılmış avadanlığa müdaxilə etmişdir. Yasamal RPİ-nin 25-ci PB tərəfindən araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilsə də, iş Yasamal rayon Prokurorluğu tərəfindən Yasmal RPİ-nin Təhqiqat Şöbəsinə geri qaytarılmışdır. Hazırda müvafiq şöbədə araşdırma davam edir. Bənzər əməl həmin şirkətin Tərlan adlı digər əməkdaşı tərəfindən də törədildiyi üçün məsələ ilə bağlı aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinə müraciət edilmiş, nəticədə Tərlan adlı şəxsdən eyni hərəkətlərə yol verilməməsinə dair iltizam alınaraq xx.xx.2023-cü tarixli Qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qanunsuz və haqsız rəqabət hərəkətləri, yəni İddiaçı MMC-nin əməkdaşlarının özlərini Cavabdeh1 MMC-nin əməkdaşı kimi təqdim edərək avadanlıqlara müdaxilə etməsi, nəticədə avadanlıqları yararsız hala düşməsi, sonuncu barəsində alıcılar arasında mənfi rəyin formalaşmasına, təhrif olunmuş məlumatların bazarda və sosial şəbəkə hesablarına və cavabdehə (və ya onun rəhbərinə) məxsus YouTube kanalında yayılmasına, eləcə də 15 il ərzində qazanılmış işgüzar nüfuza əsaslı zərbə vurulmasına səbəb olmuşdur. Cavabdeh bütün bunlarla kifayətlənməyərək Cavabdeh1 MMC-yə aid olan kommersiya sirri təşkil edən məlumatları razılığı olmadan qanunsuz yolla əldə etmişdir. Belə ki, İddiaçı şirkətinin təsisçisi Nümayəndə1 müştəri ilə bağlanmış alqı-satqı müqaviləsini tanış olmaq adı altında əldə etmiş, həmin müqavilənin nüsxəsini çıxarmaqla kommersiya sirri hesab olunan məlumatları qanunsuz olaraq əldə etmişdir. İddiaçı MMC-nin haqsız rəqabət əməllərinin digər təzahürü reklam qanunvericiliyinin pozulması ilə müşahidə olunur. Belə ki, “Whatsapp” yazışma platformasında yaradılmış “Gold hands 2” adlı qrupa cavabdeh şirkətin əməkdaşı Tərlan Əhmədov tərəfindən yönləndirilmiş ismarıcla həmin ismarıcda vurğulanan əlamətə malik olan yeganə əmtəə olduğunu vurğulanmış, nəticədə haqsız və isteklaçıları çaşdıran reklam yayımlanmışdır. Cavabdeh indiyədək direktoru başda olmaqla öz əməkdaşları vasitəsi ilə sosial şəbəkə hesablarından Cavabdeh1 MMC və əməkdaşları haqqında təhqiredici və işgüzar etikaya ziddi davranışlar nümayiş etdirməyə davam edir. Sadalanan hərəkətlərin hər biri iddiaçının işgüzar nüfuzuna zərbə vurulmasına, nəticədə maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Haqsız rəqabət əməlləri nəticəsində Cavabdeh1 MMC-nin alıcılarla işgüzar münasibətləri pisləşmiş, potensial müştərilərin real alıcılara çevrilməsində, eləcə də cari dövr üçün işgüzar münasibətdə olduqları müştərilərin sonralar da bu növ münasibətləri davam etdirmək meyllərinin azaldığı müşahidə olunur. Qeyd olunan hallar mallarının və xidmətlərinin real satışlarından məhrum etməklə Cavabdeh1 MMC-yə hazırki iddia qaldırılan zamana qədər ən azından 130.000 manat məbləğində zərər dəyməsi ilə nəticələnmişdir.

6. Cavabdeh2 ilk iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci bəndinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və yan sifariş vermək məqsədi olan şəxsdir. Hər iki şirkətə münasibətdə istehlakçı sayılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən istehlakçı olaraq malların sərbəst seçilməsi, istehlak etdiyi malların lazımı keyfiyyətdə olması onun hüququdur. Yuxarıda qeyd olunan qanuna əsasən ona verilən məlumata və keyfiyyətə uyğun olan mal verilməlidir. İddiaçı tərəfindən işlədiyi salona bir qrup şəxslə qanunsuz olaraq daxil olunmuş, qanunsuz olaraq işlədiyi yerin və əməkdaşların video görüntüləri çəkilərək sosial şəbəkədə paylaşılmış, nəticədə həm işgüzar imicində, həm də şəxsi ailə həyatında bununla bağlı böyük problemlər yaranmışdır. İddiaçı tərəfindən ona lazer aparatının qanunsuz və 15000 manat bahasına satıldığı bildirilmişdir. Seriya nömrəsinə baxış keçirilərkən məlum olmuşdur ki, ona satılan cihazla İddiaçı MMC-nin eyni olduğunu və ona onların satdığından daha baha qiymətə satıldığını iddia etdiyi lazer cihazı eyni keyfiyyət və işləviliyə malik deyildir. İddiaçı iş yerinə qanunsuz, qərarsız daxil olmaqla Cavabdeh1 MMC tərəfindən aldadıldığını israr etmişdir. Cavabdeh şirkətlə satıcı-müştəri münasibətlərində olmaqla heç bir şəxsi çıxarı olmadan lazer aparatının keyfiyyətindən razı olduğunu bildirmişdir. İddia edilənin əksinə isə iddiaçı tərəfindən həm Cavabdeh1 MMC, həm də onun müştərisi olan müəssisələrin gözdən, nüfuzdan salınması üçün göstərilən səy aşkardır. İddiaçının işgüzar nüfuzuna xələl gətirici heç bir hərəkət və ya hərəkətsizliyi, həmçinin də belə niyyəti olmamışdır. İstehlakçı olaraq iddiaçı aldadıldığını bildirdiyi zaman bunun sübut edilməsini tələb etməklə nəticədə aldığı lazer cihazından razı olduğunu bildirmişdir. Cavabdeh1 MMC ilə aralarında olan lazer cihazının alqı-satqı müqaviləsində isə iddiaçıya məxsus olan əmtəə nişanının adı qeyd olunmamışdır. Bundan əlavə onda olan məlumata görə Cavabdeh1 MMC tərəfindən mübahisəli əmtəə nişanının qeydiyyatının ləğv edilməsinə dair Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına rəsmi müraciət olunmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 3675/2023 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.

8. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın tam təmin olunmasını xahiş etmişdir.

9. Cavabdeh1 MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh2 yaydığı məlumatların İddiaçı MMC-nin işgüzar nüfuzunu pozmadığı nəticəsinə gəlmiş, video-çıxışı isə söz-fikir azadlığının təcəssümü kimi qiymətləndirmişdir. Lakin məhkəmənin bu mövqeyi tamamilə əsassızdır və digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, video-çarxda Cavabdeh2 xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin və "xxxx" MMC-nin nümayəndələri ilə keçirilmiş görüşə əsaslanır. Lakin həmin görüşün əsl səbəbi gizlədilmiş, görüşdən bəzi kadrlar təhrif edilmiş formada, planlı şəkildə ancaq İddiaçı MMC-nin əleyhinə çıxarışlar edilərək verilmiş, heç bir istinad yeri olmayan natamam məlumatlar yayılmışdır. İddiaçı MMC barədə mənfi imic formalaşdırılması üçün xüsusi seçilmiş ifadələrdən istifadə edilmiş, birbaşa işgüzar nüfuza xələl gətirən ictimai çağırışlar edilmişdir. İşgüzar nüfuza xələl gətirən bu videonun geniş istehlakçı kütləsinə yayılmasında "xxxx" MMC-nin nəinki xüsusi canfəşanlıq göstərmiş, hətta birbaşa bu videonun təşəbbüskarı olmuşdur. Belə ki, “Butik Diaa” salonunda uzun müddət İddiaçı MMC-yə məxsus “WERTEX” əmtəə nişanından qanunsuz olaraq istifadə edilmişdir. Bu fakt aşkar edilən kimi Cavabdeh2 qanunazidd hərəkətlərin dayandırılması tələb edilmiş, “WERTEX” əmtəə nişanının həkk olunduğu lazer-epilyasiya cihazının necə əldə etdiyi soruşulduqda isə o, bu cihazı "xxxx" MMC-dən müqavilə əsasında satın aldığını bildirmişdir. Təqdim edilmiş müqavilədə də cihazın sözügedən nişanla satıldığı öz təsdiqini tapmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh2 İddiaçı MMC-nin qanuni sahibi olduğu “WERTEX” əmtəə nişanından heç bir razılıq olmadan istifadəyə davam etmişdir. Qanun pozuntusuna yol verdiyini dərk etsə də, bundan çəkinməmişdir. Cavabdeh2 "xxxx" MMC-nin İddiaçı MMC-yə məxsus əmtəə nişanları altında məhsullarının satışını həyata keçirdiyi ilk müştəri deyildir. Buna bənzər hallar artıq kifayətə qədərdir, daimi və kütləvi səciyyə daşıyır. Bu qanunsuzluğun qarşının alınması üçün aidiyyəti üzrə hüquqmühazifə orqanlarına müraciət edilmiş və məhkəmə qaydasında araşdırılmaqdadır. Lakin, məhkəmə bu faktları əsas götürərək işə qiymət verməyərək tamamilə qanunsuz qərar qəbul etmişdir.

11. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC hazırkı tarixədək direktor başda olmaqla öz əməkdaşları vasitəsilə sosial şəbəkə hesablarından şirkətləri və əməkdaşları haqqında təhqiredici və işgüzar etikaya zidd nümayiş etdirməyə davam edirlər. Hətta bu hərəkətləri açıqaşkar, qanunun aliliyindən çəkinməyərək, hər bir halda “cəzasız qalma” psixologiyası və etinasızlığı ilə həyata keçirirlər. Bu hərəkətlərin hər biri iddiaçının işgüzar nüfuzuna zərbə vurulmasına, nəticədə maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Haqsız rəqabət əməlləri nəticəsində Cavabdeh1 MMC-nin alıcılarla işgüzar münasibətləri pisləşmiş, potensial müştərilərin real alıcılara çevrilməsində, eləcə də cari dövr üçün işgüzar münasibətdə olduqları müştərilərin sonralar da bu növ münasibətləri davam etdirmək meyllərinin azaldığı müşahidə olunur. Bu isə öz növbəsində Cavabdeh1 MMC-nin maddi ziyana uğramasına səbəb olmuşdur. Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-nin pretenziyaları əsasında işgüzar etikayla bir araya sığmayan şəkildə əldə etdiyi “CUATRO” əmtəə nişanından istifadənin dayandırılmasına baxmayaraq, adı çəkilən şirkətin əməkdaşları “CUATRO” əmtəə nişanını aldığı tarixdən əvvəl Cavabdeh1 MMC tərəfindən alıcılara satılan “CUATRO” əmtəə nişanlı lazer avadanlıqlarını almış şəxslərin fəaliyyət göstərdiyi ünvanları müəyyən etmiş və həmin şəxslərə cihazların istifadəsinin dayandırılması üçün hədə-qorxu gəlmiş, cihazları zorla onların əllərindən alacaqlarını bildirmişlər. Alıcılarının bir hissəsinə isə əməkdaşlıq təklif edərək, razı olmadıqları təqdirdə avadanlığın üzərindən “CUATRO” nişanının çıxarılacağını bildirmişlər. İddiaçı MMC-nin haqsız rəqabət əməllərinin digər təzahürü reklam qanunvericiliyinin pozulması ilə müşahidə olunur. Cavabdeh tərəfindən iş üzrə əhəmiyyətli olan bütün faktlar məhkəmənin diqqətinə çatdırılmış və istinad edilən hər bir pozuntu üzrə müvafiq qanuni əsaslar göstərilmişdir. Bundan əlavə istinad edilən qanun pozuntularını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən sözegedən faktlar lazımi qaydada araşdırılmamış, təqdim edilmiş sübutlar hərtərəfli və tam tədqiq olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə5, Cavabdeh1 MMC-nin nümayəndələri Nümayəndə4 və Nümayəndə2 təmsil etdikləri şəxsin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər.

14. Məhkəmə iclasında Cavabdeh2 və onun vəkili Vəkil3 İddiaçı MMC-nin apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

17. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 18.Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

19. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən haqsız rəqabət - bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri. 22.Həmin Qanunun 3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. 23.Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.

24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir.

27. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 23.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

28. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində isə göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.

29. Lakin hazırki işdə bu hallar müəyyən edilmir.

30. Belə ki, tərəflərin izahatlarından mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh2 “Butik Diaa” estetik salonunda işləyir və o, həmin salonda istifadə etmək üçün Cavabdeh1 MMC-dən lazer aparatı əldə etmişdir. İddiaçı MMC-nin əməkdaşı qeyd edilən salona gələrək, həmin lazer aparatının baha qiymətə əldə etdiyini və onlarda həmin aparatın kfayət qədər ucuz qiymətə satıldığını bildirmişdir. Cavabdeh2 həyat yoldaşı X4 ilə birgə bu məsələ ilə bağlı həm İddiaçı MMC-də, həm də Cavabdeh1 MMC-də görüş keçirmişlər və nəticədə “Butik Diaa” estetik salonunda ümumi görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdur. Həmin görüşdə hər iki MMC-nin rəhbərləri və əməkdaşları, Cavabdeh2 və həyat yoldaşı X4 iştirak etmiş, habelə Cavabdeh1 MMC-nin Cavabdeh2 satdığı lazer aparatı və İddiaçı MMC-nin satış üçün təklif etdiyi lazer aparatı müqayisə edilmişdir. Tərəflərin razılığı ilə həmin görüşün videoyazısı aparılmışdır.

31. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 “Butik Diaa” estetik salonunun sosial şəbəkəsində video-çarx yerləşdirilmişdir. Həmin video-çarxda aşağıdakılar qeyd edilmişdir:

32. “Başıma gələn bir hadisəni sizlərlə bölüşmək istəyirəm. Təxminən bundan 4-5 ay öncə Azestetik qrupundan lazer cihazı əldə etdim və işimə başlamışdım ki, bir qrup şəxs içəri daxil olaraq bu cihazın məhz onlara aid olduğunu və mənə 15 min baha satıldığını iddia etdilər. İnanmağa başladım, rolları elə gözəl oynadılar ki, həqiqətən də bunların danışığlarını biraz həqiqət gördüm ki, yəni bəzi şeylər vurğulayırdılar öz aləmlərində və mənim də bunu sizin nəzərinizə çatdırmaq istəyirəm ki, investorum həyat yoldaşımdır və bu məsələ ilə bağlı mənim həyatımda böyük problemlər yarandı. Məsələni aydınlaşdırmaq üçün Azestetik qrupuna müraciət etdik və belə qərara gəldik ki, bizim obyektdə görüş təyin olunsun və bu görüş baş tutdu (1). Bu görüşdən məlum oldu ki, iki cihazlar xarici görünüşünə görə bir-birinə çox oxşar idi, lakin texniki cəhətdən çox fərqli idi. Bunu da bildirmək istəyirəm ki, Azestetikdən aldığım cihaz iki dəfə digər cihazın vatt gücünə görə daha güclü idi. Fabrikdən Azestetik üçün xüsusi istehsal olunub (2). Yalan danışanlar isə öz cihazının harda istehsal olunduğu haqda heç bir məlumat verə bilmədilər, biabır oldular, mən onların yerinə utandım (3). Mən bilirəm bu oxşar hadisələr çoxunuzun başına gəlir, istəyirəm ki, sizi də xəbərdar edim ki, bu yalançılara inanmayın (4)”.

33. Yuxarıda qeyd edilən mətndəki 1, 2, 3, 4 rəqəmləri hissələrində görüşdən görüntülər əks olunmuş, habelə 3 rəqəmi hissəsində “Mənşəyi bilinmir” yazısı, 4 rəqəmi hissəsində isə “Azestetik istehsalçı ilə birbaşa əlaqə qurmaq istəmədi” yazıları qeyd edilmişdir.

34. Məhkəmə iclasında tərəflərin iştirakı ilə ümumi görüşün video-yazısına baxış keçirildi və müəyyən olundu ki, həqiqətən də görüşdə müqayisə üçün təqdim olunmuş lazer aparatlarının başlıqları Vatt gücünə görə fərqli olmuşdur. Belə ki, İddiaçı MMC-nin təqdim etdiyi lazer aparatında 600 Vatt, Cavabdeh1 MMC-nin satdığı lazer aparatında isə 1200 Vatt olmuşdur.

35. Bundan başqa, Cavabdeh1 MMC-nin satdığı lazer aparatının üzərində onun seriya nömrəsi əks edilmiş və görüşdə həmin MMC-nin nümayəndəsi dəfələrlə bildirmişdir ki, aparatın istehsalçısı olan zavodun nümayəndəsi telefon əlaqəsindədir və həmin seriya nömrəsi ilə aparatın orijinal olması yoxlanıla bilər. İddiaçı MMC-nin təqdim etdiyi lazer aparatında isə seriya nömrəsi nümayiş etdirilməmiş (gizli saxlanılmış) və seriya nömrəsi ilə aparatın orijinal olmasının yoxlanılması mümkün olmamışdır.

36. Məhkəmə iclasında sonuncu ilə bağlı İddiaçı MMC-nin nümayəndəsi bildirdi ki, həmin görüşdən əvvəl Cavabdeh2 və onun həyat yoldaşı X2 aparatın seriya nömrəsi və onun zavod istehsalı olması ilə bağlı sənədləri nümayiş etdirmiş, bunu ümumi görüşdə də bildirmiş və X4 bu faktı təsdiq etmişdir.

37. Video-yazıdan da müəyyən edilir ki, görüşdə İddiaçı MMC-nin nümayəndəsi bu faktı bildirmiş və X4 da bunu təsdiq etmişdir.

38. Apellyasiya baxışında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ümumi görüşdən əvvəl İddiaçı MMC-də olmuş və ona satış üçün təqdim olunmuş aparatın seriya nömrəsi və hansısa sənədlər nümayiş etdirilmişdir. Lakin onların həqiqi olub-olmaması ona məlum deyil, ümumi görüşdə isə hər hansı sənəd təqdim edilməyib. Görüş başa çatdıqdan sonra isə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 “mən bu dueli uduzdum” ifadəsini işlətmişdir.

39. Məhkəmə iclasında sonuncu ilə bağlı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 bildirdi ki, həqiqətən həmin ifadəni işlətmişdir. Lakin, bu sözləri mövqeyinin səhv olmasına görə deyil, görüşün sonunda Cavabdeh2 Cavabdeh1 MMC ilə əlbir olduğunu və bu səbəbdən kifayət qədər məlumat verməsinə baxmayaraq görüş iştirakçılarını inandıra bilmədiyini anladığına görə bildirmişdir.

40. Qeyd olunan halları məcmu halında qiymətləndirərək kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən yayılmış məlumatların doğru olmaması nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil.

41. Çünki onun yaydığı məlumtlar tərəflərin birgə keçirdiyi görüş barəsində olmuşdur. Həmin görüşdə isə İddiaçı MMC-nin təqdim etdiyi lazer aparatının başlığının 600 Vatt, Cavabdeh1 MMC-nin satdığı lazer aparatının başlığının isə 1200 Vatt olması müəyyən edilmişdir.

42. Həmçinin, İddiaçı MMC-nin təqdim etdiyi lazer aparatında seriya nömrəsi nümayiş etdirilmədiyinə (gizli saxlanıldığına) görə seriya nömrəsi ilə aparatın orijinal olmasının yoxlanılması mümkün olmamışdır.

43. Göründüyü kimi Cavabdeh2 tərəfindən yayılmış məlumatların (aldığı cihazın iki dəfə digər cihazın vatt gücünə görə daha güclü olması və cihazının harda istehsal olunduğu haqda heç bir məlumat verə bilmədilər) həqiqətə uyğun olmayan məlumatlar kimi qiymətləndirilə bilməz.

44. Görüş başa çatdıqdan sonra İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 işlətdiyi ifadə isə Cavabdeh2 o nəticəyə gəlməyə əsas vermişdir ki, görüşdən əvvəl ona verilən məlumat, yəni eyni avadanlığın xeyli ucuz qiymətə əldə edə biləcəyi ilə bağlı məlumat həqiqətə uyğun olmamışdır.

45. Eyni zamanda, kollegiya nəzərə alır ki, Cavabdeh2 Cavabdeh1 MMC ilə əlbir olması hər hansı sübutla təsdiq olunmur.

46. Bu baxmdan kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən yayılmış məlumatların həqiqətə uyğun olmaması nəticəsinə gəlmək üçün əsaslar mövcüd olmadığına görə həmin məlumatlar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Ona görə də, ilk iddia rədd olunmalıdır.

47. Eyni zamanda, kollegiya hesab edir ki, qarşılıqlı iddia da rədd olunmalıdır.

48. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

49. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.

50. Belə ki, qarşılıqlı iddianın əsasını, yəni İddiaçı MMC tərəfindən törədilməsi bildirilən qanunsuz hərəkət onun haqsız rəqabət aparılması təşkil edir.

51. Haqsız rəqabətin anlayışı və haqsız rəqabətin formaları isə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 3-cü maddələrində göstərilmişdir. 52.Lakin cavabdeh həmin halları təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllə ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 53.Eyni zamanda, nəzərə alınır ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı həmin Qanunun pozulmasına görə bazar subyektləri barədə müvafiq qərar qəbul etmək səlahiyyətindədir.

54. İddiaçı MMC isə həmin Qanunun pozulmasına görə hər hansı məsuliyyətə cəlb edilməmişdir.

55. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3675/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar