Məhkəmə qərarları › İş №2-2(103)-164/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-164/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-164/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X2 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı sığorta hadisəsi üzrə pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qətnaməsindən və xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı LPO "xxxx" ASC cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində sığorta ödənişi tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6500 manat məbləğində sığorta ödənişi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi, cavabdehlər "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 200 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində poçt xərci və 0,4 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 210,4 manat müştərək qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələblərinin “xahiş etdi” hissəsinin 1-ci bəndinin “cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində sığorta ödənişi və 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişini məbləğinin 0,1% həcmində dəbbə pulu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi” kimi oxunmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-382/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 3775 manat məbləğində sığorta ödənişi, Cavabdeh1 isə 6500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəmə xərclərinin əvəzi olaraq cavabdeh "xxxx" ASC-dən 70 manat, Cavabdeh1 isə 120 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 15 manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 30 manat hissəsi isə Cavabdeh1, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi və qalan hissədə və Cavabdeh3 qarşı olan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X5 qarşı iddia ərizəsi cavabdeh "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1% həcmində dəbbə pulunun tutularaq İddiaçı "xxxx" ASC-yə ödənilməsi tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır.

5. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-862/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 saylı qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-382/2024 nömrəli, 29 oktyabr 2024cü il tarixli əlavə qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişini məbləğinin 0,1% həcmində dəbbə pulunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

9. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-382/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı "xxxx" ASC əlavə qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-382/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli nömrəli əlavə qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

11. Əsas qətnamədən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə heç bir mötəbər sübuta istinad etmədən cavabdeh "xxxx" ASC-nin iddiaçıya ödəməli olduğu sığorta ödənişinin məbləğinin 3775 manat olduğu qənaətinə gəlmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərər məbləğləri üzrə heç bir ödəniş olmadığı halda məhkəmə mütənasiblik qaydasında zərərin ödənilməli olduğunu müəyyən etmişdir. Bununla da məhkəmə qanunvericiliyin qeyd edilən normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin cavabdeh "xxxx" ASC-dən mütənasiblik qaydasında sığorta ödənişinin tutulmalı olmasına dair gəldiyi nəticə işdə olan sübutlarla öz təsdiqini tapmır.

12. Əlavə qətnamədən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Mülki Məcəllənin 463.1-ci maddəsinə istinad edərək, dəbbə pulu haqqında razılaşmanın yazılı formada bağlanmamasını əsas gətirmiş və iddianı rədd etmişdir. Hesab edir ki, məhkəmə işə baxarkən Mülki Məcəllənin 934.2-ci maddəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərini Mülki Məcəllənin 463.1-ci maddəsi ilə əlaqəli şəkildə təhlil etməklə yekun nəticəyə gəlməli olduğu halda, mübahisəni səthi araşdırmış və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 934.2-ci maddəsi sığortaçının sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyi halda, hər gecikdirilmişgün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməli olduğunu təsbit edir. Normanın məzmunundan da göründüyü kimi sığorta münasibətlərində dəbbə pulunun tərəflər arasında yazılı qaydada razılaşdırılması mütləq şərt kimi nəzərdə tutulmamışdır. Belə olduğu halda Mülki Məcəllənin 463.1-ci maddəsi ilə 934.2-ci maddə arasında ziddiyyət yaranır. Mülki Məcəllənin 463.1-ci maddəsi həmin Məcəllənin ümumi hissəsinin normalarından biridir və öhdəliklərin icrasının təmini üsullarından biri kimi dəbbə pulunun ödənilməsinin yazılı qaydada razılaşdırılmasını nəzərdə tutur. Bundan fərqli olaraq Mülki Məcəllənin 934.2-ci maddəsi xüsusi hissənin normalarından biri olmaqla spesifik olaraq sığorta münasibətlərini tənzimləyir və göstərilən halda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələbləri baxımından (eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir) hazırkı mübahisəyə 934.2-ci maddə tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulmasına dair hissədə tam əsaslıdır və təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmuşdur.

14. Etiraz belə əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair sığorta məbləğ üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat təşkil edir. Həmin Qanunun 20.4-cü maddəsinə uyğun olaraq, mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Göstərilən Qanunun 58.3-cü maddəsinə müvafiq olaraq, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunla müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli, Q-20 saylı Qərarının 40.4cü maddəsinə əsasən eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçı müəyyən edilmiş sığorta məbləğini (5000 manatı) aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, avtonəqliyyat vasitəsi icbari qaydada sığorta edildikdə bir hadisəyə görə ödəniləcək sığorta məbləğinin yuxarı həddi 5000 (beş min) manatdır və əmlaka dəyən zərər 5000 (beş min) manatı aşırsa bu zaman zərərlər mütənasib bölüşdürülməlidir. Beləliklə aydın olur ki, sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında bir hadisə görə 5000 (beş min) manat öhdəliyi vardır. Əgər tərəflərə ödənilmiş sığorta ödənişi faktiki olaraq dəymiş ziyan qarşılamasa belə tərəflər (sığorta ödənişi almaq hüququna malik şəxslərin) məhkəmə qaydasında sığorta hadisə zamanı zərərvuran şəxsdən ziyanın digər hissəsini tələb etmək hüququna malikdir. İrəli sürülmüş iddianın qiyməti barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş və ona AR MPM-in 53-cü maddəsində nəzərdə tutulmuş qaydada iddianın qiymətinin dəyişdirilməsinin məqsədəuyğun olması izah edilmişdir. İddiaçı apellyasiya şikayətində zərərlərin mütənasib qaydada hesablanmasını düzgün hesab etməməsi səbəbi kimi "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin ödənilməsini təsdiq edən sənədlərin olmamasını göstərmişdir. "xxxx" ASC iddia edir ki, həmin sığorta hadisəsi nəticəsində bir neçə sığorta ödənişi almaq hüququ olan şəxs olsa da, bütün sığorta ödənişi (5000 manat) ona ödənilməlidir. Hər bir halda məhkəməyə aydın olmalıdır ki, həmin sığorta hadisəsi nəticəsində sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin olunub-olunmamasından asılı olmayaraq bütün sığorta ödənişinin (5000 manat) "xxxx" ASC-yə ödənilməsi yolverilməzdir. Həmin sığorta hadisəsi nəticəsində "xxxx" ASCyə və digər sığorta ödənişi almaq hüququ olan şəxsə (azadolmaya münasibətdə "xxxx" ASC-də sığortalı olmuş Məmmədova İlhamə Ramiz qızı) tərəfindən sığorta ödənişi ödənilsə də, birinci instansiya məhkəməsindəki icraat zamanı bu nüanslar nəzərə alınmamışdır. Hər bir halda "xxxx" ASC kimi həmin sığorta hadisəsi nəticəsində sığorta ödənişi almaq hüququ olan şəxslər bu halı məhkəmə qaydasında mübahisələndirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə olmalı və həmin müqavilə üzrə cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmalıdır. Hər bir halda məhkəmə hazırki mübahisənin həllinə obyektiv nail omaq üçün mülki hüquq münasibətlərinin əsasını düzgün qiymətləndirməlidir. Hazırkı mübahisənin tərəfləri sığortaçı ilə vurulmuş zərərin ödənilməsi nəticəsində reqres tələbinin yönəldiyi cavabdeh digər sığortaçıdır və mübahisənin predmeti reqres tələbindən irəli gələn məbləğin tutulmasıdır. Buna görə də hüquqi dəyərləndirmənin mülki qanunvericilik və icbari sığortalar haqqında qanunvericiliyin normaları əsasında aparılması zəruridir. Beləliklə aydın olur ki, hazırki mübahisənin əsasını sığorta müqaviləsindən əmələ gələn öhdəliklər deyil, mülki hüquq (delikt) pozuntularından əmələ gələn öhdəliklər təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsinə cavabdeh qismində iştirak etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3086/2023 saylı Qərarını təqdim etmişdir. Həmin Qərara əsasən cavabdeh "xxxx" ASC-dən iddiaçı X1 xeyirinə sığorta ödənişindən əlavə AR MPM-in 934.2-ci maddəsində nəzərdə tutulmuş dəbbə pulunun da ödənilməsi qərara alınmışdır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş həmin mübahisənin mahiyyətini sığorta müqaviləsindən əmələ gələn öhdəliklər təşkil etmişdir və tərəflər arasında mövcud olan sığorta münasibəti nəticəsində sığortalı İsgəndər İsrafilov sığortaçı "xxxx" ASC-dən sığorta ödənişi tələb etmiş və "xxxx" ASC sığortalı qarşısında öhdəliyini vaxtında icra etmədiyi üçün sığortalının dəbbə pulu (AR MPM-in 934.2-ci maddəsində nəzərdə tutulmuş qaydada) tələb etmək hüququ meydana gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş 2(102)-3086/2023 saylı iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-1277/2024 saylı işlə zahiri cəhətdən oxşarlıq (anolojilik) təşkil etsə də hər iki mülki mübahisənin əsasını nəzərə alındıqda aydın olur ki, bu işlərin hüquq münasibətləri fərqlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş mülki işin əsasını sığorta müqaviləsindən əmələ gələn öhdəliklər təşkil etdiyi halda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki işin əsasını mülki hüquq (delikt) pozuntularından əmələ gələn öhdəliklər təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli apellyasiya şikayətində məhkəmə işə baxarkən Mülki Məcəllənin 934.2-ci maddəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərini Mülki Məcəllənin 463.1-ci maddəsi ilə əlaqəli şəkildə təhlil etməklə yekun nəticəyə gəlməli olduğu halda, mübahisəninin səthi araşdırılmasını və düzgün olmayan nəticəyə gəldiyini qeyd etmişdirdir. Əlavə olaraq o, Mülki Məcəllənin 934.2-ci maddəsi sığortaçının sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyi halda, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməli olduğunu təsbit edir. Normanın məzmunundan da göründüyü kimi sığorta münasibətlərində dəbbə pulunun tərəflər arasında yazılı qaydada razılaşdırılması mütləq şərt kimi nəzərdə tutulduğunu qeyd etmişdir. Belə olduğu halda Mülki Məcəllənin 463.1-ci maddəsi ilə 934.2-ci maddə arasında ziddiyyət yaranır. Mülki Məcəllənin 463.1-ci maddəsi həmin Məcəllənin ümumi hissəsinin normalarından biridir və öhdəliklərin icrasının təmini üsullarından biri kimi dəbbə pulunun ödənilməsinin yazılı qaydada razılaşdırılmasını nəzərdə tutur. Bundan fərqli olaraq Mülki Məcəllənin 934.2-ci maddəsi xüsusi hissənin normalarından biri olmaqla spesifik olaraq sığorta münasibətlərini tənzimləyir və göstərilən halda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələbləri baxımından (eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir) hazırkı mübahisəyə 934.2-ci maddə tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulmasına dair hissədə tam əsaslıdır və təmin edilməlidir. İddiaçının xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti ona görə əsassızdır ki, AR MM-in 934.2-ci maddəsində nəzərdə tutulmuş dəbbə pulu sığorta münasibətləri əsasında sığortaçının sığortalı qarşısında nəzərdə tutulmuş öhdəliyini qanunda nəzərdə tutulmuş müddətdə icra etmədiyi təqdirdə tətbiq edilə bilər. AR MM-in 934.2-ci maddəsinin mahiyyətinin dərk edilməsi üçün AR MM-in 934.1-ci maddəsinə diqqət yetirmək zəuridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Bu zaman tərəflər (sığortalı və sığortaçı) arasında bağlanılmış sığorta müqaviləsində nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq sığortalının sığortaçıdan həmin dəbbə pulunun tələb edilməsi müqavilə əsasında deyil, AR MM-in 462.1-ci maddəsində nəzərdə tutulduğu kimi qanun əsasında yaranır. Beləliklə aydın olur ki, AR MM-in 462.1-ci maddəsi ilə həmin Məcəllənin 934.2-ci maddəsi arasında heç bir ziddiyyət yoxdur. Hazırkı iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı olan mübahisənin predmetini ödənilmiş sığorta məbləğinin reqres qaydasında (mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər) tutulması olduğundan və qeyd olunan maddi hüquq normalarının hazırkı tələbə tətbiq edilməsi nəzərdə tutulmadığından hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasını xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

16. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

19. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

20. Həmin Məcəllənin 926.1.-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

21. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

23. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

24. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər.

25. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. “İcbari sığortalar haqqında” AR Qanunun 20.4-cü maddəsinə görə mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.

28. Həmin Qanunun 20.6-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.

29. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

30. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində əlavə qətnamənin əsaslılığı isə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

37. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2013-cü il tarixdə cavabdeh "xxxx" ASC-də nəqliyyat vasitəsi sahiblərinin icbari sığotası növü ilə sığortalanmış Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində iddiaçı "xxxx" ASC-də kasko sığortası növü üzrə sığortalanmış cavabdeh Məmmədova İlhamə Ramiz qızının mülkiyyətində olan **-CT-*** dövlət qeydiyyat nömrəli, “Kia Sportage” markalı avtomobilə və "xxxx" ASC-də kasko sığortası növü üzrə X7 mülkiyyətində olan **- NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilə zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən **-CT-*** dövlət qeydiyyat nömrəli, “Kia Sportage” markalı avtomobilə dəymiş zərər 12.000 manat məbləğində qiymətləndirilmiş və sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat məbləğində azadolma məbləği çıxılmaqla 11.500 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs Məmmədova İlhamə Ramiz qızına ödənilmişdir.

38. Hazırda iddiaçı "xxxx" ASC sığorta ödənişinin 5000 manat hissəsinin “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalamış "xxxx" ASC-dən, qalan 6500 manat hissəsinin isə müştərək qaydada həmin avtomobilin mülkiyyətçisi Cavabdeh3 və avtomobili idarə edən şəxs Cavabdeh1 tutulmasını tələb etmişdir.

39. Məhkəmə qeyd etmişdir ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 “Mercedes Benz E 200” markalı, 90- NX-041 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində zərərçəkmiş şəxs Məmmədova İlhamə Ramiz qızına məxsus “Kia Sportage” markalı avtomobilinə maddi zərər vurulduğundan zərərçəkmiş şəxsin zərərvuran şəxs Cavabdeh1, eləcə də onun mülki məsuliyyətini sığortalamış "xxxx" ASC-yə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. “Kia Sportage” markalı avtomobili kasko növü üzrə sığortalamış iddiaçı "xxxx" ASC tərəfindən hadisə nəticəsində həmin avtomobilə dəymiş zərərin əvəzi olaraq Məmmədova İlhamə Ramiz qızına sığorta ödənişi ödənildikdən sonra sonuncunun zərərvuran şəxsə, eləcə də onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı tələb hüququ sığorta ödənişi həddində subroqasiya qaydasında iddiaçı "xxxx" ASCyə keçmişdir.

40. "xxxx" ASC-yə subroqasiya qaydasında keçmiş tələb hüququnun həcminə gəldikdə məhkəmə qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı avtomobilə dəymiş zərərin məbləği cavabdeh "xxxx" ASC tərəfindən mübahisələndirildiyindən həmin məbləği müəyyən etmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə hadisə zamanı “Kia Sportage” markalı avtomobilə dəymiş zərər 11.951 manat məbləğində müəyyən edilmişdir. Odur ki, "xxxx" ASC ilə Məmmədova İlhamə Ramiz qızı arasında bağlanmış “kasko”sığorta müqaviləsində 500 manat azadolma məbləği müəyyən edildiyindən iddiaçının sığorta hadisəsi üzrə ödəməli olduğu sığorta ödənişi məbləği və belə olan halda hazırda tələb etmək hüququna malik olduğu məbləğ 11.451 manat təşkil edir.

41. Məhkəmə cavabdeh "xxxx" ASC-dən 3775 manat məbləğində sığorta ödənişi, Cavabdeh1 isə 6500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini qət etmişdir.

42. İddiaçı apellyasiya şikayətində cavabdeh "xxxx" ASC-dən 5000 manat pulun tutulmasını xahiş etmişdir.

43. İddiaçının irəli sürdüyü pul tələbinin “Mercedes Benz E 200” markalı avtomobilinin sahibinin mülki məsuliyyətini sığortalamış "xxxx" ASC-yə qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin avtomobilin sürücüsünün törətdiyi delikt nəticəsində “Kia Sportage” markalı avtomobilə 11.951 manat məbləğində dəymiş zərərdən əlavə “Volkswagen Tiguan” markalı avtomobilə də zərər dəymişdir. Həmin avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 3220 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına sığorta məbləğini (5000 manat) aşan məbləğdə zərər vurulduğundan, “İcbari Sığortalar haqqında” AR Qanunun 20.4-cü maddəsinin tələblərinə əsasən "xxxx" ASC tərəfindən sığorta ödənişi üçüncü şəxslərə sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilməli idi.

44. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair sığorta məbləğ üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat təşkil edir.

45. Həmin Qanunun 20.4-cü maddəsinə uyğun olaraq, mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.

46. Göstərilən Qanunun 58.3-cü maddəsinə müvafiq olaraq, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunla müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

47. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014cü il tarixli, Q-20 saylı Qərarının 40.4-cü maddəsinə əsasən eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçı müəyyən edilmiş sığorta məbləğini (5000 manatı) aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

49. Qanunvericiliyin tələblərindən aydın olur ki, avtonəqliyyat vasitəsi icbari qaydada sığorta edildikdə bir hadisəyə görə ödəniləcək sığorta məbləğinin yuxarı həddi 5000 (beş min) manatdır və əmlaka dəyən zərər 5000 (beş min) manatı aşırsa bu zaman zərər məbləğləri mütənasib bölüşdürülməlidir. Beləliklə aydın olur ki, sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında bir hadisə görə 5000 (beş min) manat öhdəliyi vardır. Əgər tərəflərə ödənilmiş sığorta ödənişi faktiki olaraq dəymiş ziyanı qarşılamasa belə tərəflər (sığorta ödənişi almaq hüququna malik şəxslərin) məhkəmə qaydasında sığorta hadisə zamanı zərərvuran şəxsdən ziyanın digər hissəsini tələb etmək hüququna malikdir.

50. İddiaçı apellyasiya şikayətində zərər məbləğlərinin mütənasib qaydada hesablanmasını düzgün hesab etməməsi səbəbi kimi "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin ödənilməsini təsdiq edən sənədlərin olmamasını göstərmişdir.

51. Hadisə nəticəsində “Kia Sportage” markalı avtomobilə dəymiş zərərin 11.951 manat, “Volkswagen Tiguan” markalı avtomobilə dəymiş zərərin isə 3220 manat olması əsas götürülməklə Azərbaycan Sənaye Sığorta” ASC-nin "xxxx" ASC-nin 11.451 manat məbləğində tələbinə mütənasib olaraq ödəməli olduğu sığorta ödənişinin məbləği aşağıdakı qaydada müəyyən edilir. Hadisə nəticəsində üçüncü şəxslərin əmlakina dəymiş ümumi zərər - 11.951+3220=15.171 manat. Həmin zərərin "xxxx" ASC-yə aid hissəsi - 11.451 manat, ümumi zərər məbləğinin 75,5 %-i (11.451manat/15.171manatx100%) təşkil edir. Odur ki, 5000 manat həcmində sığorta ödənişinin "xxxx" ASC-yə ödənilməli olan hissəsi – 3775 manat (5000x75,5%) təşkil edir.

52. "xxxx" ASC iddia edir ki, həmin sığorta hadisəsi nəticəsində bir neçə sığorta ödənişi almaq hüququ olan şəxs olsa da, bütün sığorta ödənişi (5000 manat) ona ödənilməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən həmin sığorta hadisəsi nəticəsində sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin olunub-olunmamasından asılı olmayaraq bütün sığorta ödənişinin (5000 manat) "xxxx" ASC-yə ödənilməsi yolverilməzdir. Məhkəmənin qətnaməsinin bu hissəsi işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğundur.

53. İddiaçı "xxxx" ASC-nin digər tələbi cavabdeh "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişinin (5000) məbləğinin 0,1% həcmində dəbbə pulunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsindən ibarətdir.

54. Məhkəmənin əlavə qətnaməsi dəbbə pulunun tutulması ilə bağlı çıxarılmış və iddia rədd edilmişdir.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

56. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə olmalı və həmin müqavilə üzrə cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmalıdır. Halbuki işin hallarında sadalan halların olması faktı da məhkəmə araşdırması zamanı müəyyən edilmir. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, hazırkı mübahisənin tərəfləri sığortaçı ilə vurulmuş zərərin ödənilməsi nəticəsində reqres tələbinin yönəldiyi cavabdeh digər sığorta firmasıdır və mübahisənin predmetini reqres tələbindən irəli gələn məbləğin tutulmasıdır.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının bu tələbi qeyri-müəyyəndir. Çünki iddiaçı dəbbə pulunu 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününə qədər tələb etmişdir. Halbuki qətnaməni qəbul edən məhkəmə qətnamədən sonrakı tarixi müəyyən edə bilməz. Ona görə kollegiya hesab edir ki, dəbbə pulunun cəmi, yəni bu iddianın qiyməti tələbə dəqiqləşmə barədə ərizə verilən günə qədər hesablanaraq müəyyən edilməlidir.

58. 2015-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin dekabr ayının 1-nə qədər hər gün 5 manatdan hesablayarkən (1 il=1825 manat) cəmi 16425 manat dəbbə pulu məbləği edir. Göründüyü kimi dəbbə pulu əsas məbləğdən bir neçə dəfə böyükdür. Həmçinin yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən 5000 manat sığorta ödənişi qismən təmin edildiyindən (3775) 16425 manat dəbbə pulunun tutulması ağlabatan deyil. Digər tərəfdən işin hallarından 3775 manat sığorta ödənişinin cavabdeh tərəfindən gecikdirilməsi müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, dəbbə pulu barədə iddia tələbi əsassızdır.

59. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə və əlavə qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin və əlavə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

60. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə və xx.xx.2024-cü il tarixli, e-2-2(113)-382/2024 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar