Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-166/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-840/2020 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 9242,94 manat borc məbləğinin, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi 12784,89 manatın, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 22057,83 manat pul məbləğinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 4.1- ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 10 (on) iş günündən gec olmayaraq aparmalıdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı avtonəqliyyat vasitəsinə xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə göstərilmiş xidmətlərin dəyəri, ƏDV daxil ümumilikdə 9242,94 manat təşkil etmişdir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2016- cı il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-840/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli, 28/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə üzrə yaranmış 9242,94 manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə 257,06 manat cərimə borcunun cəmi 9500 manat və dövlət rüsumu kimi ödənilmiş 12,94 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-840/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2016-cı il 09 sentyabr tarixli 28/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilənin 1.1-ci bəndinə əsasən, “İcraçı” öz üzərinə sifariş əsasında “Sifarişçi”nin avtonəqliyyatına servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürür, “Sifarişçi” isə görülmüş işi qəbul edir və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. İddiaçı iddia ərizəsində qeyd etdiyi xidmətləri həyata keçirməmişdir. Belə ki, iddiaçı müqavilənin 1.1-ci bəndində qeyd edilməsinə baxmayaraq “İcraçı”nın servis və texniki xidmət göstərməsini və “Sifarişçi”nin isə görülmüş işi qəbul etməsini əks etdirən heç bir fakt, sənəd təqdim etməmişdir. Qeyd edilir ki, iddiaçının məhkəməyə təqdim etdiyi təmir kartları, aktlar və elektron qaimələr birtərəfli tərtib edilmiş və “Sifarişçi”nin həmin sənədləri təsdiq etməsini göstərən heç bir sübut yoxdur. Müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında avtomobilə texniki baxış keçirib qüsurlar barəsində “Sifarişçi”yə məlumat verməlidir. Lakin avtonəqliyyat vasitəsinə müvafiq təmir xidmətinin göstərilməsi ilə bağlı “İcraçı” tərəfindən “Sifarişçi”yə məlumat verilməmiş, heç bir qüsur aktı təqdim edilməmiş və “Sifarişçi”nin məlumatı və razılığı olmadan birtərəfli qaydada özbaşına sənədlər tərtib olunmuş, həmçinin təmir işləri avtonəqliyyat vasitəsinin faktiki texniki vəziyyətinə uyğun aparılmamışdır. Belə ki, avtonəqliyyat vasitəsinin porşenində qüsurların olmasının iddiaçı tərəfindən qeyd edilməsinə baxmayaraq, sonradan ehtiyac olmadığı halda onun mühərrikinin bir çox hissələri dəyişdirilməklə təmir olunması bildirilmişdir. Eyni zamandaAgentlik tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli AXA-41/01-07-811 nömrəli məktub ilə “İcraçı”ya “Volkswagen passat” markalı, 10AC003 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə müvafiq təmir xidmətinin göstərilməsi ilə bağlı “İcraçı” tərəfindən “Sifarişçi”yə qüsur aktının təqdim edilməməsi, həmçinin təmir işləri ilə əlaqədar yararsız olan və yenisi ilə əvəz edilən detalların “İcraçı”dan istənilməsinə baxmayaraq, həmin detalların “Sifarişçi”yə təqdim olunmaması bildirilmiş və “İcraçı” tərəfindən dəyişdirilmiş detalların və real təmir xərclərinin təqdim edilməsindən sonra müvafiq ödənişlərin aparılmasının mümkünlüyü qeyd edilmişdir. Həmçinin avtonəqliyyat vasitəsinin təmiri ilə bağlı hesablanmış qiymətlərin real bazar qiymətlərindən artıq olması müəyyən edilmişdir. Adıçəkilən müqavilənin 5.1-ci maddəsində qeyd edilir ki, tərəflər hazırkı müqavilədə nəzərdə tutulmuş hallarda, həmçinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Elektron qaimə e-qaimə altsisteminə daxil olunduqda qarşı tərəf həmin qaiməni “təsdiq etmə” düyməsini sıxmaqla təsdiq edə və ya “düzəlişə göndər” düyməsini sıxmaqla düzəlişə göndərə bilər və ya 5 gün ərzində heç bir əməliyyat aparılmadıqda qaimə sistem tərəfindən avtomatlaşdırılmış qaydada təsdiq edilir. Agentliyin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə yaradılmasını, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə onun Əsasnaməsinin və Kənd Təsərrüfatı Nazirliyi üzrə xx xxxx 2019-cu il tarixli 83 nömrəli əmrlə onun strukturunun təsdiq edilməsini və həmin dövrlərdə faktiki olaraq maliyyə-təsərrüfat sahəsində struktur bölmənin əməkdaşlarla yenidən komplektləşdirilməsini nəzərə alaraq, qurumda yenidən təşkilin həyata keçirilməsi səbəbindən e-qaimə altsisteminə baxılmamış və sistem avtomatlaşdırılmış qaydada elektron qaiməni təsdiq olunmuş hesab etmişdir. Eyni zamanda iddiaçı cavabdehin həmin sənədlərlə razı olduğunu və onu təsdiq etdiyini sübut edən heç bir fakt (sənəd) təqdim etməmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildir ki, İddiaçı MMC ilə imzalanmış müqavilədən sonra iddia tərəfindən cavabdehə təmir kartı təqdim edilib. Təmir kartı 329.20 manat məbləğində olub və hər iki tərəf imzalayıb. Həmin təmir kartı üzrə 82.60 manat ödəniş edilib, 246.62 manat borc qalıb. Qarşı tərəf pretenziya məktubu ilə cavabdehə müraciət edəndə cavab məktubunda qeyd olunub ki, 246.62 manat qısa müddət ərzində ödəniləcək, dəyişdikləri ehtiyat hissələri təqdim etsinlər. Qarşı tərəf məhkəməyə 9000 manat əsas borc olduğunu bildirib. Məhkəmənin izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-840/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 28/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilədən görünür ki, İddiaçı MMC sifarişçiyə - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinə (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) məxsus avtonəqliyyat vasitələrinə sifarişə uyğun olaraq texniki xidmət göstərməyi, müqavilənin 4.1-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəməyi, müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 10 (on) iş günündən gec olmayaraq aparmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin və digər xidmətlərin bazasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. “İddiaçı MMC tərəfindən göndərilmiş və təsdiq edilmiş EAAN seriyalı, 220326 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 703865 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAU seriyalı, 677500 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 491387 nömrəli, xx.xx.2019-cu il tarixli və EAAV seriyalı, 028365 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı MMC-nin alıcı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təhvil verdiyi malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 9325,54 manat məbləğində təşkil edir. İddiaçı MMC ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında olan qalıqların və dövriyyələrin qarşılıqlı hesablaşmasından görünür ki, yuxarıda qeyd olunan qaimələr üzrə dəyəri 9325,54 manat məbləğində olan mallara və görülmüş işlərə və ya xidmətlərə görə ümumilikdə 82,60 manat ödəniş edilmişdir (9242,94 manat qalıq qalmışdır). İş materiallarına əlavə edilmiş təmir kartlarından görünür ki, “Volkswagen Passat” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə xidmət göstərilmiş, ehtiyat hissələri dəyişilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Volkswagen Passat” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir işlərinə görə borc qalığının 246,62 manat olduğu, tələb olunan qalan borc məbləği ilə bağlı dəyişdirilmiş detallar və real təmir xərcləri təqdim edildikdən sonra ödəniş həyata keçiriləcəkdir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək mallara və görülmüş xidmətlərin (işlərin) qarşılığına görə əsas borc olan 9242,94 manat məbləğində pul ödənilməmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara və aşağıdakı normalara əsasən hesab etmişdir ki, iddia əsas borc tələbi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı tərəfindən tələb edilən 12784,89 manat məbləğində dəbbə pulu MM-nin 467-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən azaldılaraq 257,06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətinin dəlillərini isə əsassız hesab edir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sifarişçi ödənişləri “icraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında həyata keçirir. Müqavilənin 2.1..2-ci bəndində nəzərdə tutulmuşdur ki, sifarişçinin sifarişi əsasında avtomobilə texniki baxış keçirib qüsurlar barəsində məlumat vermək, təmir başa çatdıqda texniki xidmət göstərilməsini və ehtiyat hissələrinin dəyişdirilməsini təsdiq edən təmir kartını sifarişçiyə təqdim etmək icraçının vəzifələrinə aid edilmişdir. İş materiallarından görünür ki, iddiaçı öz vəzifəsini icra edərək müqavilədə nəzərdə tutulmuş qaydada təmir kartlarını tərtib etmiş, cavabdeh həmin kartları təsdiq etməsə də xidmətin göstərilməsi bağlı elektron qaydada göndərilmiş qaimələrə heç bir etiraz bildirməməklə həmin qaimələrdə öz əksini tapmış xidmətlərin iddiaçı tərəfindən göndərildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 1.2-ci bəndinə görə elektron qaiməfaktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun xidmətin göstərilməsini elektron qaimə ilə rəsmiləşdirdiyindən və cavabdeh tərəfindən həmin qaimələrin ləğv edilməsi üçün hər hansı tədbir görülmədiyindən xidmətlərin icra edilməsi və onların dəyəri qəbul edilmiş hesab olunur. Buna görə də, iddiaçı tərəfindən iddia tələbinin əsasları ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyinə dair cavabdehin mülahizələri əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 840/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-840/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-166/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-166/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver