Məhkəmə qərarları › İş №2-2(103)-166/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-166/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-166/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli e-2-2(113)- 1680/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sığorta hadisəsi nəticəsində vurulmuş 634.391,50 manat maddi zərərin və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun 25.02.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli e-2-2(113)- 1680/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən AS seriyalı, 007703 nömrəli, 03.06.2019-cu il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 432.000 manat, 03.06.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə 132.222 manat olmaqla ümumilikdə 564.222 (beş yüz altımış dörd min, iki yüz iyirmi iki manat) manat məbləğində sığorta ödənişinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 13.12.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinə baxılması mümkün hesab olunaraq icraata qəbul edilmişdir. İş apelyasiya icraatında olan zaman cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün kommersiya işinin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli məktubu daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçının apellyasiya şikayətinin mümkün sayılması barədə e-2-2(103)- 1489/2021 saylı 13.12.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçının apellyasiya şikayətinin mümkün sayılması barədə e-2-2(103)-1489/2021 saylı 13.12.2021-ci il tarixli qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə e-2-2(103)-166/2022 saylı iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar