Məhkəmə qərarları › İş №2-2(103)-167/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-167/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-167/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-548/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında 12 may 2011-ci il tarixli 12-LA/11 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 280.200 manat olan 15 hissəli gündəlik məhsuldarlığı 20 ton olan paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və emalı avadanlıqları dəyərini ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 2021-ci ilin 3-cü rübünədək lizinq alana lizinqə verməsini öhdəsini götürmüşdür.

2. Lizinq obyektini xx.xx.2011-ci il tarixdə cavabdehə təhvil verilmişdir.

3. Lizinq alan tərəfindən 28.000 manat ilkin, 3.500 manat qrafik üzrə ödəniş olmaqla, ümumilikdə 31.500 manat ödəniş edilmişdir.

4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli 12- LA/11 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 248.700 manat gecikdirilmiş borcun, 533.051,91 manat cərimə borcunun və hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə adıçəkilən lizinq müqaviləsi üzrə 248.700 manat gecikdirilmiş əsas borc və 533.051,91 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Müqaviləyə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, lizinq obyekti olan avadanlıq Çin istehsalı olmuşdur. Halbuki Avropa istehsalı olan və hər gün 20-25 ton istehsal gücünə malik olan avadanlıqla təchiz edilməli idi. Onu aldatmışlar, dəfələrlə bununla bağlı müraciət etmişdir. Avadanlıq qiymətləndirilsə, iddianın əsassız olduğu müəyyən olunar. Belə ki, ona təhvil verilən avadanlığın dəyəri 28.000 manatdır, dəyərini artıqlaması ilə ödəmişdir. Bununla bağlı etirazını şifahi qaydada bildirmiş, ona avadanlığı növbəti ildə dəyişəcəklərini bildirmişlər, lakin dəyişməmişlər. Bundan sonra müraciət etməmişdir. xx.xx.2017-ci il tarixdə avadanlığın istismarı qadağan olunduqdan sonra avadanlıqdan istifadə etməmişdir. Avadanlıq tanımadığı üçüncü şəxsin tikilisində qalmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-548/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, ekspertiza xərci olaraq 245 manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə əlavə edilmiş ödəniş qrafiki üzrə son ödəniş tarixi 2021-ci ilin 3-cü rübü müəyyənləşdirilmişdir. Göründüyü kimi 12 may 2011-ci il tarixdə 12-LA/11 nömrəli lizinq müqaviləsinə münasibətdə 3 illik iddia müddəti ötürülməmişdir. Həmçinin iddiaçı xx.xx.2017-ci il tarixdə iddia ərizəsi müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etsə də, sonradan məhkəmə proseslərinə getməməklə və Cəlilabad Rayon Məhkəməsinin 2(073)-289/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanıldıqda həmin qərardaddan şikayət verməməklə müqavilənin ləğvinə maraqlı olmadığını göstərmişdir. Bu səbəbdən də, Bakı Kommersiya Məhkəməsinin tərəflər arasında bağlanmış 12 may 2011-ci il tarixdə 12-LA/11 nömrəli lizinq müqaviləsinin xx.xx.2017-ci il tarixdən ləğv edilmiş hesab edilməsi ilə bağlı gəldiyi nəticə yanlış olmuşdur. Mülki Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsində göstərilən əsas isə lizinq müqaviləsinin ləğv edilməsi üçün məcburi əsas deyil, lizinq verənin hüququdur. Bu səbəbdən məhkəmənin həmin qanunvericilik aktına istinad etməsi əsassız olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz etdi.

13. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.

18. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

19. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Mülki Məcəllənin 748-1.2-ci maddəsinə əsasən lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 21.Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 22.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

25. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

26. Hazırki işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur.

27. Belə ki, iddiaçı 12 may 2011-ci il tarixdə 12-LA/11 nömrəli lizinq müqaviləsi üzrə 248.700 manat gecikdirilmiş əsas borc və hesablanmış 533.051,91 manat cərimə borcunun cavabdehdən tutulmasını xahiş edir.

28. Cavabdeh iddiaya etirazının əsası kimi əvvəlcə lizinq obyekti kimi razılaşdırılmış obyektin deyil, başqa obyektin təhvil verildiyini, həmin obyektin dəyərini ödədiyini, məhkəmənin qərarı ilə istifadəsinə qadağa qoyulduğu xx.xx.2017-ci il tarixdən lizinq obyektindən istifadə etmədiyini bildirmişdir.

29. Kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh lizinq obyektini xx.xx.2011-ci il tarixdə akta imza edərək qəbul etmiş, istinad etdiyi hal ilə bağlı akta hər hansı qeyd verməmişdir. Həmçinin lizinq obyektini qəbul etdikdən dərhal sonra müraciət etdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir.

30. Halbuki, Mülki Məcəllənin 748-1.2-ci maddəsinə əsasən lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.

31. Eyni zamanda, iddiaçı lizinq müqaviləsinin bütün müddəti üçün hesablanmış borcun və cərimənin tutulması tələbini irəli sürmüşdür.

32. Kollegiya qeyd edir ki, lizinq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 38-ci fəslinin müddəalarına görə qanunverici lizinq ödənişlərinə anlayış verərkən ona məhz lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər kimi qiymət vermişdir.

33. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.1-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.

34. Göründüyü kimi həm lizinq münasibətlərini tənzimləyən qanunvericilik normalarında, həm də tərəflər arasında bağlanmış müqavilə şərtlərində lizinq ödənişlərinin məhz lizinq obyektindən istifadəyə görə ödənilməli olduğu qeyd edilmişdir.

35. Hazırki işin halları isə ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixdən etibarən lizinq predmeti olan avadanlıqlar cavabdehin istifadəsində deyil.

36. Belə ki, texnoloji avadanlıqların lizinqi şöbəsinin aparıcı mütəxəssisi Orxan Qasımlı, lizinq alan Maşallah Əliyev və Muğan kənd sakini Xanlar Abbasov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cəlilabad rayonu ərazisində Cavabdehha lizinqə verilmiş bir dəst bitki yağı emalı avadanlıqlarına texniki baxış keçirildi. Hal-hazırda avadanlaqlar sökülmüş vəziyyətdə Cəlilabad rayonunun Muğan kənd sakini Abbasov Xanlara məxsus tam hazır olmayan tikilidə saxlanılır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-4312/2014 saylı qərardadına əsasən avadanlıqların istismarına qadağan qoyuldu və plomblandı.

37. Bu mənada kollegiya hesab edir ki, iddiaçının iddia tələbi qismən, yəni lizinq predmeti olan avadanlıqların cavabdehin istifadəsində olan xx.xx.2017-ci il tarixə qədər hesablanmış borcun tutulması hissəsində əsaslı hesab edilə bilər.

38. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.

40. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Cəlilabad Rayon Məhkəməsindən daxil olan 2(073)-289/2019 nömrəli mülki iş materiallarından müəyyən olunur ki, iddiaçı "xxxx" ASC xx.xx.2017-ci il tarixdə Cavabdehh Şirinalı oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 12 may 2011-ci il tarixli 12-LA/11 nömrəli lizinq müqaviləsinin ləğv olunması, lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikilini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması, müqavilə üzrə 132.500 manat əsas, 107.034 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Həmin işdən müəyyən olunur ki, Cavabdehh Şirinalı oğlu ərizə ilə müraciət edərək mülki işin Cəlilabad Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4312/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizə rədd olunmuş, həmin qərardaddan cavabdeh şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8806/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4312/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ləğv olunmuş, işin baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-3122/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, "xxxx" ASC-nin vəsatəti əsasında Cəlilabad Rayon Məhkəməsinin 2(073)-3122/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə icraat təzələnmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-289/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, cavabdehin vəsatəti əsasında Cəlilabad Rayon Məhkəməsinin 2(073)-289/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə icraat təzələnmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-289/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən yenidən baxılmamış saxlanılmışdır.

42. Göründüyü kimi həmin iş üzrə "xxxx" ASC hüquq və öhdəlikləri ötürülməmişdən əvvəl lizinq müqaviləsinin ləğvi və lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikilini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbini irəli sürərək iradə ifadəsini lizinq alana bildirmiş, iddianın təmin etmə tədbirinin tətbiqi barədə ərizə verərək hüququnun müdafiəsini qeyd olunan prosessual icraat çərçivəsində də həyata keçirmiş və lizinq obyektinin istismarına qadağa qoyulmuşdur. Lizinq alan qeyd olunan tədbirin görülməsi barədə qərardaddan şikayət verməmiş, tədbirin ləğvi ilə bağlı müraciət etməmişdir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

44. Birinci instansiya məhkəməsi də bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi, bir qayda olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar baş verir. İradə isə müxtəlif formalarda – hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və s. ifadə oluna bilər. Hazırkı iş üzrə lizinq verən iddia tələbini irəli sürməklə və lizinq obyektinin istismarını qadağan etdirməklə iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilə müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Lizinq alan isə lizinq verənin müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini mübahisələndirməmiş, lizinq obyektini geri tələb etməmişdir. Lizinq alan hazırkı iş üzrə izahatında da qeyd olunan halı mübahisələndirməmiş, xx.xx.2017-ci il tarixli akt tərtib olunduqdan sonra lizinq obyektindən istifadə etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili lizinq obyektinin geri götürülüb-götürülmədiyi barədə məhkəməyə dəqiq məlumat verə bilməmiş, bununla bağlı sənədin onlara təqdim olunmadığını bildirmişdir.

45. Mülki Məcəllənin 421.2, 748-1.12-ci maddəsinin tələbləri və tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 5.2-ci bəndinin şərtləri baxımından lizinq verənin xx.xx.2017-ci il tarixdə iddia ərizəsi verməklə lizinq müqaviləsinin ləğvi ilə bağlı iradəsini lizinq alana çatdırması növündə iradə ifadəsi qanuni olmuşdur. 2(073)- 289/2019 nömrəli mülki iş materiallarından iddia ərizəsinin lizinq alana xx.xx.2017-ci il tarixli reyestrlə göndərildiyi görünsə də, alınması tarixini müəyyən etmək mümkün olmur. Mülki iş materialları əsasında lizinq alanın ilk dəfə mülki iş barədə məlumatlı olmasını müəyyən edən rəsmi sənəd xx.xx.2017-ci il tarixli məhkəmə bildirişinin kötüyüdür (lizinq alan imzası ilə təsdiq etmişdir). Belə olan halda lizinq verənin müqavilənin ləğvi ilə bağlı iradəsinin lizinq alana çatdığı tarix xx.xx.2017-ci il hesab olunmalı və lizinq müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab olunmalıdır. Həmçinin, mülkiyyətçi kimi lizinq verənin lizinq müqaviləsi ləğv olunduqdan və lizinq obyektinin istismarına qadağa qoyulduqdan sonra öz sahiblik, istifadə, sərəncam hüquqlarını realizə etməməsi lizinq müqaviləsinin ləğv edilməsi faktını istisna edən hal kimi çıxış edə bilməz.

46. Göründüyü kimi yuxarıda qeyd olunan hallarına əsasən müəyyən olundu ki, tərəflər arasındakı lizinq müqaviləsi xx.xx.2017-ci il tarixdən ləğv edilmişdir.

47. Belə olan halda isə lizinq müqaviləsi üzrə lizinq ödənişinin ödənilməsini tələb etmək hüququ üçün 3 illik iddia müddəti də xx.xx.2017-ci il tarixdə başlamış və xx.xx.2020ci il tarixdə bitmişdir.

48. Lakin iş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/8-00205 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixdə keçirilmiş, hazırki iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə verilmişdir.

49. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülmüşdür.

50. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2017-xx.xx.2020-ci il tarixlərdə ödənişlərin aparıldığını və ya digər borcun etirafı ilə bağlı hərəkətlərin edilməsini təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 380-ci maddəsində göstərilən iddia müddətinin axımının kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

51. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddia müddətinin ötürülməsi ilə bağlı kollegiyanın mövqeyi yuxarıda qeyd olunanlarla əsaslandırılmışdır. Digər dəlillərə dair kollegiya qeyd edir ki, qanunun rəsmi şərhini verən Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyində birmənalı şəkildə müəyyən olunmuşdur ki, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Bundan əlavə, lizinq verənin əməkdaşı tərəfindən müvafiq akt tərtib edilərək cavabdehin lizinq obyektindən istifadəsinə qadağa qoyulması və üçüncü şəxsə məxsus ərazidə plobmlanması təsdiq edir ki, iddiaçı Mülki Məcəllənin 748- 1.12-ci maddəsində təsbit olunmuş hüququndan istifadə edərək lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmişdir. Eyni zamanda, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş və həmin akt tərtib edildikdən sonra lizinq obyektinin yenidən cavabdehin istifadəsinə verilməsi ilə bağlı sübutları təqdim etməmişdir. Ona görə də, tərəflər arasında baş tutan digər iş üzrə iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürdükdən sonra məhkəmə iclaslarına getməməsi və bu səbəbdən də işin baxılmamış saxlanılmasının, habelə lizinq müqaviləsi üzrə son ödəniş tarixinin 2021-ci ilin 3-cü rübünün müəyyənləşdirilmisinin mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur.

52. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-548/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar