Məhkəmə qərarları › İş №2-2(103)-169/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-169/2024

17.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-169/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5591/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. . Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “X3” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

2. “X3” MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu 1539,45 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 508,71 manat təşkil edir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “X3” MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlərin surətindən görünür ki, “X3” MMC-dən Dövlət Sosial Müdafiə Fonduna olan 1348,80 manat və İcbari Tibbi Sığorta Fonduna olan 448,89 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

4. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixli bildirişlər “X3” MMC-nin elektron kabinetinə yerləşdirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9309/2023 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “X3” MMC-nin xx.xx.2023-cü il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1419,18 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1500 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin qərarla iddia təmin edilmiş, “X3” MMC-nin xx.xx.2023-cü il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1419,18 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1500 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən “X3” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1419,18 manat borcun tutulması, satışdan artıq qalan məbləğin “X3” MMC-yə qaytarılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 1539,46 manat, İcbari Tibbi Sığorta Fonduna olan 508,72 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “X3” MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1539,46 manat, İcbari Tibbi Sığorta Fonduna 508,72 manat olmaqla, ümumilikdə 2048,18 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********669100, xx.xx.2022-ci il tarixli **********668400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5591/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə rədd edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan “X3” MMC məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində “X3” MMC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi orqanı tərəfindən hüquqi şəxsin xx.xx.2023-cü il tarixə olan Dövlət Sosial Müdafiə Fonduna 1419,18 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1500 manat məbləğində əmlakı siyahıya alınmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9309/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir

10. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərin və həmin tədbirlərin (bank hesablarına dair sərəncam verilməsi, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmiş, eyni zamanda “X3” MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan borcuna görə də əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.

11. Məhkəmə son olaraq qeyd etmişdir ki, maraqlı şəxs barəsində Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə uyğun görülmüş ilkin xarakterli tədbirlərin nəticələri barədə iş materiallarında məlumat yoxdur. Belə ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna olan borcuna görə əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Hüquqi şəxsin bank hesabına sərəncam qoyulduğu, Dövlət Sosial Müdafiə Fonduna olan borcuna görə əmlakı siyahıya alındığı halda, həmin tədbirləri effektiv tətbiq etmədən (məsələn, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə iddia qaldırması), tükətmədən birbaşa hüquqi şəxsin icra orqanın rəhbərinin konstitusion hüququnun məhdudlaşdırılması üçün müraciət etmək anlaşılan deyil, həmin müraciətin gözləntisi qeyri-müəyyəndir. Halbuki ərizədə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının məhz borcun ödənilməsinə yönəlməsi barədə tutarlı dəlillər irəli sürülməli idi.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5591/2023 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə toxunmamışdır. Qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan hansından istifadə edib-etməmək isə vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Mövcud praktikada isə yaranmış vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasıdır. Lakin məhkəmə kollegiyası gəldiyi bu nəticə ilə vergi orqanına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan maraqlı şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmiş, vergi orqanının qeyd edilən hüquqlardan istifadə hüququnu pozmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən vergilərin dövlət büdcəsinə alınması vəzifəsini yerinə yetirmək üçün vergi orqanının qanunvericilikdə, daha dəqiq desək Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməsinə mane olan qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə ölkədəngetmə hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericilik normalarını nəzərə almamışdır, halbuki, fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədəngetmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1) Vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması; 2) Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası tərəfindən bu amillərə diqqət yetirilməmiş, maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün bütün şərtlər mövcud olsa da, ərizə təmin edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Ərizəçi və maraqlı şəxsə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, Konvensiyaya üzv dövlətlər vergilərin ödənilməsini təmin etmək üçün müvafiq fiskal siyasətin formalaşdırılması və həyata keçirilməsində azadlığa malikdir. Lakin bu azadlıq vergi borcunun olması ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi halda yolverilən hesab edən mütənasiblik prinsipi ilə müşayiət edilməlidir. Belə ki, bu məhdudiyyət vergi borcunu ödəmək qabiliyyəti olmayan şəxsə verilən de fakto cəza xarakterinə malik ola bilməz. Həmçinin hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstərib-göstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcun alınması imkanını azalda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkə daxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə keçirilməyib. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 119-128). Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı iş” üzrə qərarında isə göstərilmişdir ki, işin faktları ərizəçinin əvvəldən avtomatik xarakterli tədbirə məruz qaldığını göstərir. Sözügedən tədbir direktor tərəfindən ərizəçinin şəxsi vəziyyəti və hətta borclarının ödənilməməsi ilə bağlı hallar barədə izahat tələb edilmədən və qərarında bu məsələlərə baxılmadan təyin edilib. Qabaqlayıcı tədbirin effektivliyi çox vaxt onun icra sürətindən asılı olduğuna baxmayaraq, bu, müvafiq yerli orqanı tədbir tətbiq edildikdən sonra müvafiq məlumat toplamaq öhdəliyindən azad etmir. Hazırkı işdə direktor öz qərarlarını verməzdən əvvəl ərizəçiyə sadəcə olaraq onun kreditorlarına təminat veribvermədiyini bildirmək təklif etmişdir. Beləliklə, inzibati orqan ərizəçinin hərəkət azadlığının məhdudlaşdırılmasının işin halları baxımından əsaslı və mütənasib olmasını təmin etmək üçün bütün müvafiq məlumatları nəzərə almamışdır (Qoçev Bolqarıstana qarşı, № 34383/03, 2009-cu il 26 noyabr tarixli qərarı, §53). “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, §§ 93-94).

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5591/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, ərizənin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 9309/2023 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “X3” MMC-nin xx.xx.2023-cü il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1419,18 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1500 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə iddiası təmin edilmişdir. Hazırda hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan borcu artaraq 1539,46 manat təşkil etsə də, bu məbləğin 1419,18 manatının hüquqi şəxsin əmlakının açıq hərracda satılması hesabına tutulması barədə qanuni qüvvədə olan məhkəmə qərarı olduğundan həmin borcla bağlı qanuni təmsilçinin ölkədən çıxışına məhdudiyyət qoyulması Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərindən irəli gələn hüquqa müdaxilənin mütənasibliyi prinsipinə uyğun deyil.

19. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş (elektron işdə 19-ci sənəd) “X3” MMC-nin şəxsi vərəqəsinə əsasən hüquqi şəxsin məcburi dövlət sosial sığorta haqqı üzrə borc qalığının mövcudluğu müəyyən olunmur. Əksinə şəxsi vərəqədən görünür ki, hüquqi şəxsin artıq ödəmələri olmuşdur.

20. “X3” MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 508,72 manat borcu ilə bağlı məhkəmə düzgün olaraq hesab etmişdir ki, vergi orqanı bu ərizə ilə məhkəməyə müraciət etməzdən əvvək hüquqi şəxsin əmlakının siyahıya alınması, bunun üçün müvafiq tədbirlər görülməsi, əmlakının olmaması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Hüquqi şəxsin dövlət büdcəsinə olan borclarının və digər məcburi ödənişlərinin ödənilməsinin təmin edilməsi üçün vergi orqanı tərəfindən Vegi Məcəlləsində nəzərdə tutulmuş digər tədbirlər görülmədən hüquqi şəxsin icra orqanın rəhbərinin sərbəst hərəkət azadlığı kimi konstitusion hüququnun məhdudlaşdırılması hüququ müdaxilənin qanuniliyi meyarına uyğun olsa da, demokratik cəmiyyətdə zərurulik meyarına cavab vermədiyindən apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmur.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5591/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5591/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar