Məhkəmə qərarları › İş №2-2(103)-170/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-170/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-170/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı «borcun silinməsi tələbin dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1820/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MTK Cavabdeh İB-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Birliyin ******* saylı xx.xx.2020-ci il tarixli aktına əsasən hesablanmış 2020-ci ilin aprel ayı üzrə 29765,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı “Azərçin” TMİ müəssisəsindən sonuncuya məxsus Salyan rayonu, Çuxanlı kəndində yerləşən, ümumi sahəsi 5000 kv m olan kərpic zavodunu icarəyə götürmüş və cavabdehlə aralarında bağlanmış AMX-5693/19 saylı təbii qazın alqı-satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. Cavabdehin nümayəndələri tərəfindən iddiaçının istifadə etdiyi qaz xəttinin üzərində quraşdırılmış G-400 markalı 80081092 saylı qaz sayğacına texniki baxış keçirilərək qüsurla işləməsi göstərilməklə çıxarılaraq sayğac G-250 markalı, 75099017 saylı müvəqqəti sayğac quraşdırılmışdır və xx.xx.2020-ci il tarixində ******* saylı laboratoriya rəyinə əsasən xx-xx.2020-xx.xx.2020-ci il tarixindək olan dövr üzrə müəssisəyə müəssisəyə 02276121 saylı xx.xx.2020-ci il tarixli akt tərtib olunmuş və müəssisəyə saat qaz sərfi hesabı ilə 29 765,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona qanunvericilyin tələblərinə müvafiq yoxlama aparılmamış, qanunsuz və əsassız olaraq ona əlavə sərfiyyatı hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1820/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uygun olmamışdır. Məhkəmə iş üzrə tərəfimizdən təqdim olunmuş, işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış, cavabdehin mülahizələrinə əsaslanaraq səhv qətnamə qəbul etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində Birliyin Salyan RQİİ-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus kərpic zavodunda istismarda olan Turbin tipli G-400 markalı, 80081092 nömrəli qaz sayğacı işləmədiyi üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt əsasında istismardan çıxarılmış, əvəzinə müvəqqəti olaraq G-250 markalı, 75099017 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sayğac çıxarılıb, üzəri plomblanmış daşınan qutuda X1 Sayğacların müayinəsi laboratoriyasında ona baxış keçirilmiş və bu zaman sayğacın daxilinin çirkli olması, pərinin ağır fırlanması, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.16 bar, P=1.01325, T=20 C. Korreksiya olunmamış qaz həcmi 259 m olması müəyyən edilmişdir. Sayğac arxivlərinə əsasən xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020 tarixlər intervalında elektron hissənin qaz həcmini qeydə almaması, xətdə təzyiqin 1.02-3.16 bar civarında dəyişməsi, təzyiq borusunda sızmanın olmaması, temperatur və təzyiq çevricilərinin normal olması barədə xx.xx.2020-ci il tarixli SS 29/1640-00212 nömrəli rəy verilmişdir. Həmin rəy əsasında sayğacın elektron hissəsinin qaz sərfini qeydə almadığı dövrlər üzrə (xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020) 2019-cu ilin dekabr ayının orta saatlıq sərfiyyatı 308 kub m olduğu nəzərə alınaraq hesabat aparılmışdır. Hesabat aşağıda göstərilən qaydada aparılmışdır: 700 saat (sayğacın arxiv məlumatında olan, lakin elektron hissəsinin qeydə almadığı qaz sərfinin müddəti) X 308 m3 (2019-cu ilin dekabr ayının orta saatlıq sərfiyyatı) = 215600-719 (qaz sayğacının qeydə aldığı sərfiyyat) - 66052 m3 (razılaşma əsasında hesablanan aldığı qaz sərfi) = 148829 m3 x 0,20 manat (1 m3 qaz sərfinin dəyəri) = 29765,80 manat. Həmin məbləğ abonentin hesabına işlənməsi üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib olunmuş və 2020-ci ilin aprel ayı üçün iddiaçının hesabına daxil edilmişdir. Məhkəmənin qətnamədə sayğacın daxilinin çirkli olması, pərinin ağır fırlanmasının zərərin hesablanması arasında hansı səbəbli əlaqənin olmasının cavabdeh tərəfindən əsaslandırılmaması və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməməsini qeyd etməsi əsassızdır.Çünki, sayğacın mexaniki hissəsi keçən qaz sərfini qeydə aldıqdan sonra təzyiq nəzərə alınmaqla korreksiya olunaraq elektron hissədə qaz sərfi öz təsdiqini tapır. Sayğacın pərinin ağır fırlanması sayğacın keçən qaz sərfinin mexaniki hissədən keçən qaz sərfinin düzgün qeydə almamasına səbəb olur ki, buda eyni zamanda elektron hissədə qaz sərfinin dügün qeydə alınmaması ilə nəticələnir. Bundan əlavə, iddiaçıya məxsus kərpic zavodunun qaz sayğacının arxiv məlumatlarında qaz sərfiyyatının qeydə alınmaması öz təsdiqini tapmışdır.Tərəfimizdən bu faktları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmuş, lakin məhkəmə tərəfindən bu sübutlara qiymət verilməmişdir. Məhkəmənin qətnamədə iddia tələbinin təmin edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında “Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırması da əsassızdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının xx xxxx 1998-ci il Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş"Qazdan istifadə Qaydaları"nın tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.". Qeyd olunan normativ aktlarının tələblərindən müəyyən olunur ki, iddiaçının kərpic zavodunda istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının xx xxxx 1998-ci il Qanununun 4-cü maddəsinin 2ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Məhkəmə qətnamə qəbul edərkən qeyd edilənləri nəzərə almamış və nəticədə maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməyərək səhv qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işdə olan sənədlərə (aktlara, tələbnaməyə və s) əsasən müəyyən edilir: -xx.xx.2019-cu il tarixdə tərəflər arasında təbii qazın alqı-satqısına dair AMX-5693/19 saylı müqavilə bağlanmış və qaz xəttinin üzərində G-400 markalı 80081092 saylı qaz sayğacı quraşdırılmış; - cavabdehin nümayəndələri tərəfindən həmin sayğaca texniki baxış keçirilməsi nəticəsində həmin sayğac qüsurlu işləməsi əsası ilə müvəqqəti olaraq xx.xx.2020-ci il tarixində G-250 markalı sağac ilə əvəz olunmuş; -cavabdeh X1 Sayğacların müayinəsi laboratoriyasında çıxarılaraq sayğaca baxış keçirilmiş və xx.xx.2020-ci il tarixli SS 29/1640-00212 nömrəli akt (rəy) tərtib edilmişdir. Həmin aktida (rəydə) təsbit olunanlara əsasən: “1. Sayğacın daxili çirklidir, pər ağır fırlanır. Ekranda “A” işarəsi var.

2. Sayğac yuyuldu. Təmizləndi, hava vuruldu. Pəri kiplənib.

3. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.16 bar, P=1.01325, T=20 C. Korreksiya olunmamış qaz həcmi 259 m olması müəyyən edilmişdir. Sayğac arxivlərinə əsasən xx.xx.2019-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020 tarixlər intervalında elektron hissənin qaz həcmini qeydə almayıb...” -daha sonra, həmin akt (rəy) əsasında cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixdə ******* saylı digər bir akt əsasında istehlakçıya qeyd edilə tarixlərə görə 148829 kub m əlavə qaz sərfiyyatı hesablanmaqla (1 kub m 0,20 manat olmaqla) 29765,80 manat ziyan məbləğinin ödənilməsi barədə xx.xx.2020-ci il tarixli bildiriş verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məbləğdə əlavə sərfiyyatın iddiaçıdan tələb olunması tamamilə əsassızdır. Birincisi ona görə ki, iddiaçının istifadə etdyi sayğacın plomlarıının tamlığı pozulmadığı halda, daxili hissəsinin çirkli olması, pərinin kiplənməsi və ağır fırlanması bütün bu kimi qüsurların sayğacın elektron hissədə qaz sərfiyyatının göstəricisinin qeydə alınmasına mənfi təsir etməsi istehlakçının təqsiri kimi yozula bilməz. Çünki, ən azından, qeyd olunan halda iddiaçının sayğacın daxili mexanizmlərinə hər hansı hüquqazid şəkildə müdaxiləsi yoxdur və həmin qüsurların əmələ gəlməsi onun iradəsindən asılı olmamışdır. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək qaz təchizatçısının üzərinə düşən bir vəifəsidir. Qaydaların qeyd olunan müddəasının mənası baxımından, cavabdehin qeyd edilən qüsurlara görə iddiaçını mülki məsuliyyət cəlb etməsi əsassızdır. Digər tərəfdən, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, şəxsin hüquqa zidd hərəkət və hərəktsizliyi sübuta yetirilməyincə onun üzərinə mücərrəd bir ziyanın əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi kərpic zavodunda quraşdırılan qaz sayğacına keçirdiyi texniki baxış qanunvericiliyin tələblərinə də uyğun olmamışdır. Belə ki, hüquqi şəxs yaratmaqla, sahibkarlıqla məşğul olur. Belə olan halda, «Qazdan istifadə Qaydalarının» 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Azərbaycan Respublikasının Qanununda, o cümlədən, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, konkret halda qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlama da məhz –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin etdikdən sonra həyata keçirə bilərdi. Lakin, iş materiallarına əsasən cavabdeh qanununvericiliyin qeyd olunan tələblərinə riayət etdiyi müəyyən olunmur. Başqa sözlə, yoxlama (baxış) əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən isə göründüyü kimi, bu cür yoxlamanın (baxışın) isə hüquqi nəticələri mövcud ola bilməz, etibarsızdır. Bu baxımdan da, məhz, iddiaçıya hesablanmış 29 765,80 manat manat borc məbləği qanunsuzdur. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunması və həmin borc məbləğinin iddiaçının hesabından silinməsinin qət olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan bir nəticədir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini və gəldiyi nəticənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1820/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1820/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar