Məhkəmə qərarları › İş №2-2(103)-170/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-170/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-170/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MTK və Cavabdeh1 ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4211/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. X1 (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında xx.xx.2010-cu il tarixli qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 1-ci mərtəbənin sahəsi 1064 m2 olan və 2-ci mərtəbənin sahəsi 1035 m2 olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyəverən tərəfindən icarəçiyə istifadə üçün icarəyə verilmişdir.

2. Əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə AZ seriyalı 050293 nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" adlı mebel mağazasında olan (yataq, qonaq, yumşaq) mebel dəstləri sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 50.000 manat, sığorta haqqı məbləği 200 manat müəyyən edilmişdir. Sığortalı "xxxx" MMC-dir.

3. xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazaya subasma hadisəsi baş vermiş və nəticədə "xxxx" ASC tərəfindən 2700 manat sığorta ödənişi həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MTK və Cavabdeh1 ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK və Cavabdeh1 ASC-dən 2.700 pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı hesab edir ki, ödənilmiş 2.700 məbləğində pul vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

6. Cavabdeh1 ASC iddiaya etiraz edir və bildirir ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində müxtəlif vaxtlarda müxtəlif ünvanlarda baş vermiş su basma hadisələri ilə bağlı sığorta ödənişlərini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisələri ilə bağlı ümumi məlumat versə də, həmin hadisələrin "xxxx" ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. "xxxx" ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də hesab edirlər ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur. "xxxx" ASC-nin sözügedən iş üzrə cavabdeh qismində cəlb edilməsi üçün heç bir əsas yoxdur.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4211/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

9. İddiaçı ”Azsığorta” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyatı dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh1 ASC-nin balansındadır. Mənzil-tikinti kooperativi öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Göründüyü kimi, qeyd edilən işdə baş vermiş subasma hadisəsi Cavabdeh1 ASC-nin və "xxxx" MTK-nın nəzarətsizlikləri səbəbindən baş vermişdir. Cavabdeh1 ASC və "xxxx" MTK su təchizatı tələbatının etibarlı və keyfiyyətli təminatını həyata keçirməmişlər və sığortalı obyektdə sığorta hadisəsi baş vermişdir. Hazırki hadisədə də səlahiyyətli qurum kimi Cavabdeh1 ASC və Kəpəz-F” MTK məsuliyyət daşımaqdadırlar. Belə ki,"xxxx" Mənzil Tikinti Kooperativinin (MTK) aktı ilə təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən hündür mərtəbəli binanın içməli su ilə təmin edən boru sistemində qəza baş verdiyinə görə həmin binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən "xxxx" mebel mağazasına külli miqdarda su axmış və orada yerləşən mebellərə və mağazanın döşəməsinə və tavanına ziyan dəymişdir. Göründüyü kimi, Cavabdeh1 ASC-nin və "xxxx" MTK-nın nəzarətsizlikləri nəticəsində subasma hadisəsi baş vermişdir. Zərərvuran şəxslər Cavabdeh1 ASC və "xxxx" MTK-dır. Subroqasiya qaydasına əsasən, zərərin əvəzini ödəmək bilavasitə səlahiyyətli qurumların üzərinə düşür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh1 ASC-nin nümayəndəsi X7 isə apellyasiya şikayətinə etiraz etdi.

13. Digər işdə iştirak edən şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

17. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

18. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci bəndlərinə görə su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. 24.Həmin Qaydaların 1.2.8-ci bəndinə görə balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

27. Belə ki, Mülki Məcəllənin 936.1, 936.2, 936.5-ci maddələrindən müəyyən edilir ki, sığortaçının subroqasiya hüququ sığortalıya zərərvuran şəxs və ya zərərin vurulmasına görə məsuliyyət daşıyan şəxsə qarşı yaranır.

28. Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə isə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

29. Eyni zamanda, Mülki Məcəllənin 1097.3-cü maddəsində zərərvuranın təqsirsiz məsuliyyəti müəyyən edilmişdir. Lakin həmin madənin tələblərinə görə obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət qanunla müəyyən edilməlidir.

30. Beləliklə, hazırki iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, sığorta hadisəsi (xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazadakı subasma hadisəsi) cavabdehlərin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş vermiş və ya həmin hadisənin baş verməsinə görə cavabdehlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

31. Lakin həmin hadisənin cavabdehlərin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

32. Eyni zamanda, mülki və ya mənzil qanunvericiliyində Mənzil Tikinti Kooperativinin belə hadisə nəticəsində vurulmuş zərərə görə obyektiv surətdə məsuliyyət daşımasını müəyyən edən müddəa mövcüd deyil.

33. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1ci bəndlərində müəyyən edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. 34.Həmin Qaydaların 1.2.8-ci bəndində isə göstərilmişdir ki, balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.

35. Lakin sığorta hadisəsinin (subasmanın) Cavabdeh1 ASC-nin balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularındakı nasazlıqlara görə baş verməsini təsdiq edən sübutlar da təqdim edilməmişdir.

36. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MTK-nın aktı isə bu halı təsdiq etmir.

37. Belə ki, həmin aktda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən hündür mərtəbəli binanın içməli su ilə təmin edən boru sistemində qəza baş vermiş və nəticədə həmin binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən "xxxx" mebel mağazasına külli miqdarda su axmış və orada yerləşən mebellərə və mağazanın döşəməsinə və tavanına ziyan dəymişdir.

38. Göründüyü kimi həmin akt əsasında qəzanın kooperativ binanın ümumi istifadədə olan sahəsində və ya üçüncü şəxslərin mülkiyyətinə verilmiş yaşayış sahələrinin daxilində baş veməsi və yaxud ümumiyyətlə qəzanın binanın daxilində və ya xaricində yerləşən su xəttində baş verməsi və belə olan halda baş vermiş qəzaya görə Cavabdeh1 ASC-nin məsuliyyət daşımalı olması barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür.

39. Belə olan halda isə iddianın təmin edilməsi üçün əsaslar mövcüd deyil.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ”Azsığorta” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4211/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar