Məhkəmə qərarları › İş №2-2(103)-170/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-170/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-170/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3330/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə öhdəliklərinin pozulmasına görə 7308 manat məbləğində cərimə məbləğinin, həmçinin 110 məbləğində mediasiya xərcinin və ödənilmiş 93,08 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3330/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli PC 08/2021 nömrəli sözügedən müqavilənin dövlət satınalması müqaviləsi olması nəzərə alınmamışdır. Belə ki, dövlət satınalmaları müqaviləsinə dair münasibətlərin dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tənzimlənməli olması Mülki Məcəllənin birbaşa tələbidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan bu maddi hüquq norması tətbiq edilməmişdir. xx.xx.2024-cü il tarixədək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən satınalma müqaviləsinin nümunəvi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2003-cü il 34 nömrəli qərarı ilə tənzimlənir. xx.xx.2024-cü i tarixədək qüvvədə olan qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri, 28 fevral 2003-cü il 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin cərimələri tənzimləyən 20.1-ci bəndində də məhz “müqavilə qiyməti” ifadəsindən istifadə edilmişdir. Göründüyü kimi, iddiaçı tərəf cərimələri nümunəvi formaya uyğun şəkildə tətbiq etmişdir. Belə ki, müqavilənin 15-ci bəndinə əsasən icraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1%-i həcmində icraçıya cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olunmaqla) tətbiq edə bilir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10%-dən çox olmamalıdır. Göründüyü kimi, cavabdeh öz öhdəliyini pozmuş, yəni müqavilədə göstərilən müddətdə icra etməmişdir. Buna görə də iddiaçı tərəf cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilməlidir ki, cərimə - dəbbə pulu nəinki tənasübsüz surətdə yüksək olmamışdır, hətta yuxarı həddi 10 faizi keçməməklə günlük 0.1 faiz cərimənin tətbiqinin nəzərdə tutulması, 203.669,37 manatlıq müqaviləyə münasibətdə 7308 manat məbləğində cərimənin hesablanması kifayət qədər aşağı məbləğdir. Belə ki, burda söhbət təxminən iki yüz üç min manatlıq öhdəliyin icrasının təminindən gedir. Hesab edilir ki, məhkəmə yekun qərar qəbul edərkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, ə tərəflərin bərabərliyi prinsipini pozmuş, faktlara düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

9. Həmin Məcəllənin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

10. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli dəftərxana mallarının satınalma müqaviləsinin bağlanması, həmin müqavilənin icrası müddətinin xx.xx.2021-ci il tarixinədək müəyyənləşdirilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 24461,40 manat dəyərində malların cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, həmçinin xx.xx.2021-ci il tarixli qarantiya məktubuna əsasən 4074 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi işin mübahisələndirilməyən hallarıdır. Tərəflər arasında göndərmə müqaviləsində irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, cavabdeh müqavilə əlavəsi olan xx.xx.2021-ci il tarixli qiymət razılaşma protokolunda razılaşdırılmış qaydada və məbləğdə iddiaçıya satınalınan malların ünvanlara çatdırılmasını, boşaldılmasını, təhvil verilməsini öhdəsinə götürmüş, lakin öhdəliyini vaxtında icra etməmişdir. Tərəflərin arasında bağlanmış müqavilənin 15-ci bəndinə əsasən müqavilənin icrasının gecikdiriməsinə görə müqavilə dəyərinin 0,1 %-i həcmində icraçıya cərimə hesablanması nəzərdə tutulmuşdur.

17. İddiaçı tərəf müqavilənin 15-ci bəndinə istinad edərək müqavilə üzrə cavabdehin öhdəliyi icra etməməsi nəticəsində hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1 %-i həcmində cərimə sanksiyası tətbiq olunmaqla 7308 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən müqavilənin icrasının gecikdirməsi ilə bağlı 36 günlük müddət üçün 0,1 faiz cərimə məbləğinin müqavilənin ümumi dəyərinə, 203669,37 manata nisbətdə hesablamaqda haqlı olmamışdır. Belə ki, müqavilə şərtləri təfsir edilərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır. Bu baxımdan məkhəmə hesab etmişdir ki, Müqavilənin 15-ci bəndində “Sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1 %-i həcmində İcraçıya cərimə sanksiyaları tətbiq edə bilər” şərti, müqavilənin hansı hissədə icra olunmasından və nə qədər hissəsinin qalmasından asılı olmayaraq gecikdirilmiş gün üçün ümumi müqavilə dəyərinin 0,1% həcmində cərimə hesablanması kimi təfsir olunmamalıdır.

19. Müqavilənin ümumi məzmununu, işgüzar adətləri və praktikanı nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, ümumi qəbul olunmuş praktikaya əsasən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində cərimə faizi icra olunmamış öhdəliyin həcminə uyğun hesablanır. Buna görə də, cavabdehin malların böyük hissəsini, 179207,96 manatını xx.xx.2021-ci il tarixədək müqavilə üzrə nəzərdə tutulmuş müddətdə, yerdə qalan 24461,40 manat dəyərində malları isə hissə-hissə olmaqla xx.xx.2021-ci il tarixədək 36 gün gecikdirməklə iddiaçıya təhvil verdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 24461,40 manat məbləğində öhdəliyin 36 gün gecikdirilməsi üçün günə 0,1% cərimə olmaqla (24461,40x0,1%x36=881) 881 manat cərimə borcu hesablana bilər. Bununla belə cavabdehin bank hesabından çıxarışından görünür ki, müqavilənin vaxtında icra edilməməsinə görə xx.xx.2021-ci il tarixli qarantiya məktubuna əsasən 4074 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilmişdir. Lakin iddiaçı, hətta qarantiya məktubuna əsasən ona ödənilmiş 4074 manat məbləği də nəzərə almayaraq, tələb olunan cərimə məbləğində azalma aparmadan, müqavilənin ümumi dəyərinə nisbətdə cərimə məbləğini hesablayaraq 7308 manatın ödənilməsini tələb etmişdir.

20. Apellyasiya şikayətində iddiaçı dövlət satınalınma qanunvericiliyinə əsasən müqavilə qiymətinin nümunəvi formaya uyğun olmasını qeyd etmişdir.

21. Apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, müqavilə qiyməti və müqavilə dəyəri məna baxımından eyni hüquqi məna kəsb edir. İddiaçının qeyd etdiyi dəlil işin həlli baxımından hüquqi əhəmiyyət kəsb etmir. İşin hallarından görünür ki, cavabdeh müqavilə dəyərinin az hissəsini gecikdirmişdir. Bu hissəni də iddiaçıya ödəmişdir. Belə vəziyyətdə cərimə məbləği hesablanarkən müqavilə qiymətinin bütün məbləği nəzərə alına bilməz. Kollegiya məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşır və iddianın hüquqi əsasının olmadığı qənaətinə gəlir. Ona görə şikayətin dəlilləri əsassızdır.

22. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3330/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar