Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-171/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı İmanquliyev Qədir Cəfərqulu oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 2049/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Fərrux Qasımov) Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cəfərqulu oğlu iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” ASC-nin Abşeron rayonu, Güzdək kəndində yerləşən ona məxsus olan Daş Karxanasında 20 iyul 2020-ci il tarixdə tərtib etdiyi akta əsasən hesablanmış 13700 manat borcun silinməsi vəzifəsinin “xxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında mişar daşı kəsib satmaqla məşğuldur. xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Daş Karxanasının ərazisinə daxil olaraq akt tərtib etmişlər və 13700 manat elektrik sərfıyyatı borcu yazmışlar, eləcə də istehsalat sahəsinə gələn elektrik xəttini kəsməklə işi tam dayandırmışlar. Akt iddiaçıya sonradan təqdim edilmişdir. Cavabdehin qayda qanunlara zidd hərəkətlərlə əmək kollektivinin işi dayandırılmış və ona külli miqdarda maddi zərər dəymişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2049/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, ki, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkilməhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2049/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin X3 Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, 007522 saylı NDQ aktından görünür ki, EEİQ-ya uyğun iddiaçıya məxsus obyektin elektrik enerjisi uçou sisteminə baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac və cərəyan transfarmatorlarının yerləşdiyi qutuya daxil olan tranfarmatorun OUKO-luq tərəfindən çıxan kabel xətti yuxarı və aşağı sürüşdürülmüşdür. Müdaxilə imkanları var. Sayğacın yenisi ilə əvəz edilməsi və çıxarılan sayğacın daxili yaddaşı laboratoriya şəraitində rəy verilməsi qərara alınmışdır. xx xxxx 2019-cu il tarixli “xxxx” ASC-nin akt komissiyasının sədrinin icra vərəqinə əsasən yoxlama zamanı sayğac və cərəyan transfarmatorlarının yerləşdiyi qutuya daxil olan transformatorun 0.4 kv-luq tərəfindən çıxan kabel xətti yuxarı və aşağı sürüşdürüldükdə sayğacı qidalandıran gərginlik komutasiya naqillərinin bağlandığı hissələr qutudan xaricə çıxdığı və müdaxilə imkanlarının olmasının məlum olduğu və 13703 manat ödənilməli olduğu qeyd olunmuşdur. 188554 №-li sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə protokolda qeyd olunmuşdur ki, sayğac normal buraxılan xəta ilə işləyir, müxtəlif vaxtlarda yük olmadığı aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya əlavə sərfiyyat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinə əsasən hesablanmışdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Hazırkı halda iş materiallarında iddiaçıya məxsus obyektdəki sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən hər hansı sübut yoxdur. İddiaçının nümayəndəsi tərəfindən işə apelyasiya qaydasında baxılarkən təqdim edilmiş Qaradağ rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, “xxxx” ASC-nin İddiaçı Cəfərqulu oğluna məxsus daş karxanasında elektrik enerjisinin talanması və əməldə CPM-nin 189-1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması ilə bağlı müraciəti əsasında cinayət işi başlanmış, aparılan araşdırma zamanı sayğaca müdaxilə edilməklə yükün qeyd olunmaması və elektrik enerjisinin talanması halı öz təsdiqini tapmamışdır. Məhkəmə təhlükəsiz texnikası ekspertizasının rəyinə əsasən X6 oğluna məxsus 02818267 nömrəli “VİKO” markalı elektron sayğacının gövdənin üzərində gözlə görünə bilən hər hansı bir müdaxiləyə oxşar izlərin (sınma, qopma, aralanma, deşilmə və s) olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qaradağ rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş qərarı ilə də təsdiq olunur ki, iddiaçı tərəfindən obyektində quraşdırılmış sayğaca elektrik enerjisinin talanması məqsədi ilə müdaxilə edilməsi halı baş verməmişdir. Bundan əlavə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “xxxx” ASC-nin X3 Nəzarət İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixli, 007522 saylı NDQ akt ilə nəticələri rəsmiləşdirilmiş yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.34-cü bəndinə görə, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qeyd edilən normaların tələbindən göründüyü kimi, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin hesablaşma elektrik sayğacına baxış keçirilməsi də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı olan yoxlama hesab edildiyindən hazırkı halda cavabdeh tərəfindən həyata keçirilmiş baxışın dövlət qeydiyyatından keçməməsi həmin baxış nəticəsində tərtib edilmiş aktın hüquqi qüvvəsinin tanınmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 2049/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2049/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-171/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-171/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver