Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-171/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh AR Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul vəsaitinin hesabdan köçürülməsi və cərimənin ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 59520 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" ASC-nin hesabından Rusiya Federasiyasının "xxxx" Şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi xx.xx.2020-ci il tarixindən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59520 ABŞ dolları məbləğində vəsaitin 0,01%-i miqdarında cərimənin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Rusiya Federasiyasının "xxxx" Şirkəti arasında ümumi dəyəri ******* ABŞ dolları məbləğində olan 3,4-cü sinif buğdanın ölkəyə idxal olunması məqsədilə xx.xx.2019-cu il tarixində P07/2019 nömrəli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə və ona xx.xx.2020-ci il tarixdə edilmiş 2№-li Əlavə Razılaşmaya əsasən 4-cü sinif 525 ton, bir tonun dəyəri 195 ABŞ dolları olmaqla, ümumi dəyəri 102375 ABŞ dolları təşkil edən buğda ölkəyə idxal olunmuşdur. Razılaşmada pul vəsaitinin ödənilməsi müddəti xx.xx.2020-ci ilə qədər müəyyən edilmiş və eyni zamanda ödəmənin tam və ya qismən əvvəlcədən aparılmasının mümkünlüyü də qeyd edilmişdir. Bununla bağlı Rusiya Federasiyasının "xxxx" Şirkəti 14 aprel 2020-ci il tarixli 6 nömrəli ödəmə fakturası təqdim etmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasənçatdırılan malların ödənişi gecikdirildiyi təqdirdə, alıcı satıcıya gecikdirilən hər gün üçün ödənilməmiş malın dəyərinin 0,01%-i miqdarında cərimənin ödənilməsi öhdəliyini qəbul etmişdir. İddiaçı idxal olunan buğda məhsulunun dəyərinin bir hissəsinin Rusiya Federasiyasının "xxxx" Şirkətinə ödəməsini həyata keçirmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan cari USD hesabından 59520 ABŞ dolları məbləğində vəsaitin köçürülməsinə dair 22 aprel 2020-ci il tarixində ödəniş tapşırığı vermiş və tapşırıq həmin tarixdə "xxxx" ASC-nin “Çıraq” şöbəsi tərəfindən icraya qəbul edilmiş və ştampla təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Tərəflərindən "xxxx" ASC ilə dəfələrlə köçürmə barədə əlaqə saxlanılmış və 59520 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi barədə məlumat verərək bildirilmişdir ki, vəsait Mərkəzi Bank tərəfindən saxlanılmışdır. Bu məsələlərə aydınlıq gətirilməsi və pulun köçürülməsinə köməklik üçün İddiaçı xx.xx.2020-ci il tarixində rəsmi qaydada Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və "xxxx" ASC-yə müraciət etmişdir. Bundan başqa Əmanətlətin Sığortalanması Fondunun (ADİF) Himayəçilik şurasının sədri, Mərkəzi Bankın baş direktoru Toğrul Əliyevə xx.xx.2020-ci il tarixində müraciət edilərək "xxxx" ASCdən xx.xx.2020-ci il tarixində Rusiya Federasiyasının "xxxx" Şirkətinə köçürülən 59520 ABŞ dolları məbləğində vəsaitin çatdırılmasının təmin edilməsi istiqamətində müvafiq köməkliyin göstərilməsi xahiş edilmişdir. Bununla yanaşı Rusiya Federasiyasının "xxxx" Şirkəti İddiaçınə 05 may 2020ci il tarixində məktub ünvanlayaraq, 59520 ABŞ dolları pul vəsaitinin onların transit hesabına daxil olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.6, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən "xxxx" ASCnin lisenziyası ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı cari USD hesabından xx.xx.2020-ci il tarixində 59520 ABŞ dolları pul vəsaitinin köçürülməsinə sərəncam verilən anda cavabdeh "xxxx" ASC tam fəaliyyətdə olmuşdur. Cavabdeh "xxxx" ASC-nin fəaliyyət göstərməsi üçün verilmiş bank lisenziyasının xx.xx.2020-ci il tarixindən ləğv edildiyi üçün bu tarixə qədər aparılan bank əməliyyatları tam qanuni hesab edilməlidir. Belə ki, cavabdeh "xxxx" ASC-nin idarə olunması üzrə idarəetmə orqanlarının bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri qüvvədə olmuşdur. Bu səlahiyyətlər xx.xx.2020-ci il tarixində cavabdeh Mərkəzi Bank tərəfindən təyin olunan müvəqqəti inzibatçıya keçmiş və bununla belə Bankın lisenziyasına uyğun fəaliyyəti xx.xx.2020-ci il tarixinə qədər qüvvədə olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı 59520 ABŞ dolları məbləğində pul vəsaitinin Rusiya Federasiyasının "xxxx" Şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi xx.xx.2020-ci il tarixindən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59520 ABŞ dolları məbləğində vəsaitin 0,01%-i miqdarında cərimənin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(113)-596/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-500/2021-ci il tarixli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(113)-596/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixdə ödəniş tapşırığı verildiyi və iddiaçının "xxxx" ASC-də olan cari USD hesabından 59.520 ABŞ dolları məbləğdə vəsaiti olduğu halda, "AGRO EM” MMC-nin həmin hesabından bu vəsaitin hansı səbəblərdən köçürülmədiyinə, bu sərəncamın nə üçün və hansı səbəblərdən icra edilmədiyini araşdırmağa hər hansı təşəbbüs göstərməmiş, yalnız mübahisənin prosessual tərəflərinə istinad etməklə müvafiq qərar qəbul edilməsinə üstünlük vermişdir. Məhkəmələr eyni zamanda Mülki Məcəllənin 954, 958, 959 və 973-cü maddələrində müəyyən edilmiş müddəalara fəaliyyətdə olan bank tərəfindən riayət edilmədiyinə adekvat hüquqi qiymət verməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 oktyabr tarixli protokol qərardadı ilə iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək, "xxxx" ASC əsl cavabdeh, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini də nəzərə almamışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh AR Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırki iddia tələbi kreditor tələbi olduğundan iddiaçı tələbinin qeydiyyata alınması üçün bankın ləğvetmə proseduruna nəzarət edən apelyasiya instansiyası məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmişdir. Sözügedən qərara əsasən ləğv prosesində olan banklara qarşı tələblər irəli sürüldüyü təqdirdə iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir, yəni, "xxxx" ASC-yə (ləğv prosesində) qarşı birinci instansiya məhkəməsində kreditor tələblə bağlı iddialara baxıla bilməz. Lakin,İddiaçı tələbini əsl cavabdeh olan "xxxx" ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyündən iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı hüquq normalarına istinad edərək əsaslandırır. “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraat prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Qanunun: 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. “Bankın müflis elan olunmasının nəticələri” adlı 72.1-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbindən göründüyü kimi iddiaçının pul vəsaitinin onun "xxxx" ASC-də olan hesabından üçüncü şəxsin bank hesabına köçürülməsi tələbinin qanuni əsasını MM-in 973.1-ci maddəsi təşkil etsə də, bu norma ləğv prosesində olan banklara, o cümlədən iş üzrə "xxxx" ASC-yə tətbiq oluna bilməz. Çünki, qanunverici bankların iflas proseduruna xüsusi hüquqi rejimin tətbiq olunmasının tələb etmiş, bu məqsədini “Banklar haqqında” Qanunun 72.1-ci maddəsində açıq bildirmişdir. Bu baxımdan, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hər nə qədər bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirsə də, onun bu səlahiyyətlərinin dəqiq siyahısı “Banklar haqqında” Qanunun 71.7-ci maddəsində əks olunmuşdur ki, bunlar da əsasən iflas prosesinin qısa müddətdə və uğurla başa çatdırılmasına yönəlmişdir. Eyni əsaslarla, Mərkəzi Bankın hər hansı qaydada tələbə cavab verməli olan subyekt kimi iddiaçı qarşısında məsuliyyət daşımasının əsasları işdən müəyyən edilmir. X6 tərəfindən saxlanılması barədə dəlilinə dair isə heç bir mötəbər sübut təqdim olunmamışdır. İş materiallarında hazırkı mübahisə üzrə, konkret olaraq xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icra edilməməsi ilə bağlı Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə hər hansı göstəriş və ya tapşırıq verildiyi təsdiq edilmir, buna dair zəruri sübutlar işdə olmadığından iddiaçının buna dair dəlilləri hazırkı halda qeyri müəyyəndir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, müştərinin pul vəsaiti üzərində verdiyi sərəncamı icra etmək Mərkəzi Bankın deyil, məhz onunla müqavilə münasibətlərində olmuş "xxxx" ASC-nin vəzifəsi idi. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan LPO "xxxx" ASC-nin qəbul edilmiş kreditor tələblərin siyahısından görünür ki, İddiaçı MMC ( VÖEN ********) 130411,18 ABŞ dollar və 38000,90 manat məbləğində tələbi 08 iyun 2020-ci il tarixində qeydə alınmışdır. İddiaçı apellyasiya şikayətində , İddiaçı MMC-nin cari hesabında 20 aprel 2020-ci il tarixində pul vəsaitinin köçürlüməsinə sərəncam verilən anda "xxxx" ASC tam fəaliyyətdə olduğundan hüquqlarının həm də bankın idarə olunmasını həyata keçirən idarəetmə orqanlarını təmsil edən şəxslər və Mərkəzi Bankın təyin etdiyi inzibatçı tərəfindən pozulduğunu göstərmişdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə həmin tarixdən sonra banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməli idi. Belə ki, "xxxx" ASC-yə (ləğv prosesində) qarşı birinci instansiya məhkəməsində kreditor tələblə bağlı iddialara baxıla bilməz. Ancaq İddiaçı hazırki tələbi Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyünə görə birinci instansiya məhkəməsində məhz sözügedən cavabdehlərə qarşı kreditor tələbi ilə bağlı iddialara baxıla bilər, lakin, İddiaçı tələbini əsl cavabdeh olan "xxxx" ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbini əsl cavabdeh olan "xxxx" ASCyə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyündən iddia təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-2(113)-220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-171/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-171/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver