Məhkəmə qərarları › İş №2-2(103)-171/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-171/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-171/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh2 qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6708/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:

1. “Daşıyıcı” və “İstifadəçi” arasında bağlanmış istifadəçi razılaşmasının: -3.1-ci bəndinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərir. -4.15-ci bəndinə əsasən əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "xxxx" MMC-yə ödəməlidir. -4.15.1. nömrəli bəndinə əsasən: Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər İstifadəçinin öz məsuliyyətindədir. -4.16.1. Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir. İstifadəçi tərəfindən sistemə yüklənmiş bağlamanın invoysundan göründüyü kimi malın dəyəri 153,60 ABŞ dolları qeyd olunmuşdur. Bağlama haqqında məlumata əsasən bağlamanın işləmə kodu KLİ1596045, çəkisi 13.96 kq, çatdırılma qiyməti 248,94 manat və göndərildiyi ölkə Çin kimi qeyd olunmuşdur.

2. Risklər və gömrük dəyərinin elektron qaydada təhlili, sayım və ümumi məntiqi və texniki yoxlama üzrə və malların təyinatının fiziki baxış qaydasında yoxlanılmasına dair bildirişə əsasən məhsulun qaiməsinin nömrəsi KLİ1596045, çəkisi 13.9 kq qeyd olunmuş və məhsulun gömrük orqanı tərəfindən göndərişin saxlanılması barədə qərar qəbul edilərək saxlanca verildiyi qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Cavabdeh2 tərəfindən qəbul edilmiş istifadəçi razılaşmasına uyğun olaraq "xxxx" MMC tərəfindən göstərilmiş xidmət müqaviləsində yaranmış 248, 94 manat və ödənilmiş dövlət rüsumuna uyğun olaraq 30 manat olmaqla cəmi 278,94 manat məbləğinin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkətin əsas fəaliyyətini “koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. İstifadəçilər platformadan qeydiyyatdan keçib, istifadəçi razılaşmasını qəbul edərək, xidmətdən istifadə etməyə başlayırlar. Platforma istifadəçiyə müxtəlif xarici ölkələrdə bağlamalarını qəbul etmələri üçün ünvan təmin edir. Həmin ünvana göndərilən bağlamalar platformaya daxil edilir və Azərbaycana göndərilir. Azərbaycana göndərilən istifadəçilərə aid bağlamalara görə isə platformada göstərilən tariflərə uyğun (bağlamaların çekisinə və ya ölçüsünə) olaraq ödəniş olunur. İstifadəçi daşınmaya uyğun olaraq hesablanmış borcunu kart, köçürmə və ya nağd yolu ilə şirkətə ödəyir. Şirkətin gəlirini daşınma haqlarından yığılan ödənişlər təşkil edir. Şirkət də, xaricdə anbar xidməti göstərən partnyorları və daşınma şirkətləri ilə buna müvafiq olaraq hesablaşır. Fərdi Sahibkar Cavabdeh2 tərəfindən xx.xx.2024 tarixində 13.96 kq çəkiyə məxsus bağlama İddiaçı MMC vasitəsilə Çindən Azərbaycana çatdırılsa da, bağlamaya dair 248,94 manat dəyərində daşınma haqqı müəssisəyə ödənilməmişdir. Cavabdeh şəxsə borcun ödənilməsi barədə bir neçə dəfə müraciət olunmuş, sonuncu müraciətdə (xx.xx.2024-cü il tarixli pretenziya məktubunda) müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə xəbərdar edilmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh də öz növbəsində borcunun olmaması barədə etirazını bildirirək müqavilə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Odur ki, hazırda iddiaçı tərəf olaraq məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Belə ki, “Daşıyıcı” və “İstifadəçi” arasında bağlanmış isifadə razılaşmasının; 3.1-ci maddəsinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərir. 4.15-ci maddəsinə əasən əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "xxxx" MMC-yə ödəməlidir. 4.15.1. nömrəli maddəsinə əsasən: Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər istifadəçinin öz məsuliyyətindədir. 4.16.1. Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərinin öz məsuliyyətindədir.

5. İddia ərizəsinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 406.1, 406.2, 406.3, 407.1, 425.1, 445.2.1, 445.1, 445.7, 448.1, 850.1, 851-ci maddələri göstərilmişdir.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə olaraq onlayn şəkildə müraciət etmiş və Çindən bir bağlama gətirilməsi məsələsi danışılmışdır. Heç bir məlumatı onlar tərəfindən dəqiqləşdirilmədən, aralarında bağlanmış razılığa əsasən malı Bakı şəhərinə gətirərək, onların anbarından təhvil alacaqdı. Lakin sonuncu dəfə iddiaçı ilə xx.xx.2024-cü il tarixdə əlaqə saxlayıb. Bundan sonra məlum mal gömrükdə iddiaçı tərəfindən düzgün malın adı tərtib edilməmədiyi üçün malı onlara təhvil verilməmişdir. Artıq 5 aydan çox bir müddətdir ki, malın ödənişini etmiş, lakin iddiaçının birbaşa öhdəliyini icra etmədiyi üçün həm malını əldə edə bilmir, həm də ki, mala görə ödədiyi pul da əldən çıxmışdır. İddiaçının bütün bu hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6708/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi iddiaçı daşıma xidmətini həyata keçirmiş və məhsulun gömrüyə təhvil verilməsi anına qədər olan öhdəliyini yerinə yetirmişdir. Lakin, məhsul gömrük orqanı tərəfindən saxlanılaraq saxlanca təhvil verilmiş və həmin saxlama riski xərcləri də müqavilə üzrə müştəriyə (cavabdehə) aid edilmişdir. İddiaçı tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh fərdi sahibkar bugünə qədər daşıma xərlcərinin ödəməsindən əsassız olaraq yayınmışdır.

9. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində o malından olmuş və müştərilərinin etibarını itirmişdir. Belə ki, o iddiaçıya arxayın olub qeyd etdiyi zamanda əmlakını əldə edəcəyinə əmin olub, öz müştərilərinə vədlər vermişdir. Lakin ona məlum olmayan səbəblərdən mal (internet üzərində) depo–anbara çatmaması və ona təhvil verilməməsini məhkəmənin nəzərinə çatdırmış və əldə etmədiyi əmlaka görə nədən ödəniş etməyini anlamadığını bildirmişdir. İddiaçının nümayəndələri ilə mütəmadi telefon vasitəsi ilə ünsiyyətdə olmuş və bunları təsdiq edən yazışmanı məhkəməyə təqdim etmişdir. Bütün bu müddət ərzində o bildirmişdir ki, malın dəyərin ancaq təhvil aldığı zaman verəcək. Belə ki, internet resursu üzərində kliklədiyi “razılaşma xanasında” və qaydalarda təhvil aldığı təqdirdə ödəniş etməli olması qeyd olunub. Əgər qeyd olunduğu kimi və iddiaçının özü yazdığı qaydalara uyğun olaraq mal ölkəyə idxal olunmalı və sonradan depodan anbardan ona təhvil verilməlidirsə və bu həyata keçmədiyi təqdirdə, nə səbəbdən o həmin malın ödənişini etməlidir. Onsuz da iddiaçının hərəkətinə görə kifayət qədər ziyan çəkib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Cavabdeh2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh izahatında həmçinin bildirdi ki, İddiaçı MMC 2024-cü ilin iyul ayında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb. Onun müqavilə bağladığı şirkətin adı isə "xxxx" olmuşdur.

13. İddiaçı MMC-nin nümayəndəsi məhkəmədə verdiyi izahatında İddiaçı MMC ilə "xxxx" MMC arasında müqavilə imzalandığını və həmin müqaviləyə əsasən "xxxx" MMC-nin bağladığı müqavilələr üzrə öhdəliklərinin və tələblərin İddiaçı MMC-yə verildiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. -194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. -850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. -851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

16. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələdirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh2 sifarişi ilə yük daşımanı həyata keçirərək yükü AR Gömrük sərhədinə gətirməklə müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmiş, Cavabdeh2 isə yük daşımanın razılaşdırılmış dəyərini ödəməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur.

20. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü onunla daşınma müqaviləsinin İddiaçı MMC ilə deyil, "xxxx" MMC ilə bağlanması və belə olan halda iddiaçının iddianı irəli sürməyə dair subyektiv hüququn olmaması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, İddiaçı MMC tələb hüququnun "xxxx" MMC tərəfindən ona güzəşt edilməsinə təsdiq edən xx.xx.2024-cü il tarixli müqaviləni məhkəməyə təqdim etmişdir. Məhkəmə yuxarıda göstərilən dəlillərin cavabdeh tərəfindən yalnız apellyasiya baxışı gedişində irəli sürüldüyünü, yəni müvafiq sübutun təqdim edilməsinə zərurətin apellyasiya baxışında yarandığını nəzərə alaraq çəkişmə prinsipini təmin etmək məqsədilə həmin sübutun qəbul edilməsini mümkün hesab etmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin tələb hüququ İddiaçı MMC-yə güzəşt edildiyindən iddiaçı hazırkı tələbi irəli sürməyə dair subyektiv hüquqa malikdir.

21. Daşınması "xxxx" MMC tərəfindən həyata keçirilmiş yükün gömrük orqanları tərəfindən saxlanması nəticəsində həmin yükü indiyədək təhvil ala bilməməsi barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli yük daşınması müqaviləsinin şərtlərindən də göründüyü "xxxx" MMC sifariş edilmiş yükü gömrük sərhədinədək həyata keçirməyi öhdəsinə götürmüş, malın gömrükdə saxlanılması və ya müsadirə edilməsi riski xərcləri isə cavabdehə aid edilmişdir. Belə olan halda cavabdehin öz risk dairəsinə aid hallarla bağlı öhdəliyini icra etməkdən imtina etməsi əsaslı hesab edilə bilməz.

22. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı MMC Mülki Məcəllənin 194.2 və 850.1-ci maddələrinin tələblərinə əsasən daşımanın dəyəri olan 248,94 manat məbləğində pul vəsaitininin Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır.

23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

24. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6708/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar