Məhkəmə qərarları › İş №2-2(103)-172/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-172/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-172/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması Açar söz: alqı-satqı müqaviləsi üzrə tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli e-2- 2(113)-4003/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 17 dekabr 2019cu il tarixli 202 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya ofis, dəftərxana və təsərrüfat mallarını satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir.

2. İddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi barədə sadə yazılı formada tərtib edilmiş qaimələr verilmişdir.

3. Apellyasiya şikayətinə əlavə edilmiş elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAF seriyalı 029191 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə ilə 1194,16 manat, EBAE seriyalı 638961 saylı xx.xx.2019-cu il tarixli qaimə əsasənda 5917,70 manat, EBAE seriyalı 022519 saylı xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 4689,32 manat, cəmi 11801,18 manat dəyərində mal verilmiş, Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş elektron vergi sistemindən çıxarışa əsasən elektron qaimələr sistem tərəfindən təsdiq olunmuş, ləğv edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ММC-dən İddiaçı MMCnin xeyrinə 9500 manat əsas borcun, pul öhdəliyinin ucrasının 6 ay gecikdirilməsinə görə illik 0,52 faizlə 296,40 manatın, 346,75 manat cərimənin, ümumilikdə 10143.15 (on min yüz qırx üç, 15 qəpik) manat borc, mediasiya xidmətinin göstərilməsinə görə ödənilən 100.00 (yüz) manat haqqın və 20.43 (iyirmi, 43 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış və cəmiyyətin adına müvafiq olaraq və müvafiq ƏDV bildirişi verilmişdir. İddiaçı MMC faktiki olaraq ofis dəftərxana, təsərrüfat mallarının topdansatışı fəalliyyət ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC ilə Cavabdeh ММC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 202 saylı alqı-satqı müqaviləyə əsasən iddiaçı cavabdehi ofis dəftərxana və təsərrüfat malları ilə təmin edir, cavabdeh isə müqavilənin 5.1-ci maddəsində göstərilmiş müddət ərzində aldığı malların dəyərini ödəyir. Lakin cavabdeh aldığı malların dəyərini əvvəlcədən ödəməyi gecikdirərək sonradan isə ödəməkdən imtina etmişdir. Bununla müqavilə ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin iddiaçıya 9500.00 (doqquz min beş yüz, 00 qəpik) manat əsas borc və (müqavilənin 5.2-ci maddəsinə əsasən əsasən hər gecikdirilən gün üçün ümumi məbləğin 0.01%-i cərimə ödəməlidir.) faiz üzrə 346.75 (üç yüz qırx altı, 75 qəpik) manat olmaqla, ümumilikdə 9846.75 (doqquz min səkkiz yüz qırx altı, 75 qəpik) manat borcu mövcuddur. xx.xx.2019-cu il tarixli 202 saylı alğı-satqı müqaviləsinə əsasən müqavilənin son qüvvədə olma tarixi xx.xx.2021-ci ildir. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz olduğunu nəzərə alaraq, cavabdehin müqavilə ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda) əvəzi olaraq, uçot dərəcəsini 6.25 faiz dəhlizi ilə xx.xx.2022- xx.xx.2022 tarixi aralıq (9500.00*0.52%* 6 ay) 296.40 (iki yüz doxsan altı, 40 qəpik) manat olmuşdur. İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq göstərilən borc məbləği cavabdeh tərəfindən hələ də ödənilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4003/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin olması iş materialları ilə öz təsdiqini tapsa da qeyd olunan müqavilə üzrə malların cavabdeh tərəfindən təhvil alınması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qaimlərdə təhvil alan şəxslərin adları qeyd olunsa da həmin şəxslərin cavabdeh MMC-nin əməkdaşları olması, qaimələrin tərəflər arasında imzalanmış və hazırda mübahisələndirilən 17 dekabr 2019-cu il tarixli 202 nömrəli alğı-satqı müqaviləsi üzrə tərtib edilməsi sübuta yetirilməmişdir. Eyni zamanda qanunvericiliklə elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunduğundan iddiaçı MMC tərəfindən bu tələbə əməl olunması və cavabdehə elektron qaimə-faktura göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ofis dəftərxana və təsərrüfat mallarının iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilməsinin sübuta yetirilməməsi, iddianın əsassız olması qənaətinə gəlməyə əsas verir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4003/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gətirdiyi əsaslar reallığı əks etdirmir. Belə ki, e-qaimələrin təqdim edilib edilməməsi, müqavilə üzrə öhdəliklərin yaranması üçün əsas hesab edilə bilməz. Belə ki, e-qaimə vermək vəzifəsinə əməl edilməməsi öz özlüyündə malların müqavilə əsasında təhvil verilib-verilməməsini təsdiq edən hal kimi hesab edilməməlidir. E-qaimələrin təqdim edilməməsi iddiaçı üçün inzibati məsuliyyət yaradır. Hazırkı tələblər üzrə iddiaçı tərəfindən e-qaimələr cavadehə təqdim edilmişdir. Məhkəmə həmin e-qaimələri sübut kimi cəmiyyətimizdən tələb etməmiş, iddiaçı tərəfindən e-qaimələrin müqavilə üzrə malların təhvil verilməsini sübut edən sənəd olaraq iş materillarına əlavə edilməmsi bu səbəbdən olmuşdur. Mülki qanunvericiliyin tələblərinə əsasən bağlanmış müqavilə əsasında mallar iddiaçıya məxsus anbardan cavabdehin nümayəndələrinə yazılı qaimələri imzalatmaq vasitəsi ilə təhvil verilmişdir Həmin qaimələrdə müqavilənin nömrəsinin qeyd edilib edilməməsi malların cavabdehin nümayəndəsinə təhvil verilməsini istisna etmir. Məhkəmə malların təhvil verilməsin sübut kimi qiymət vermədən, qaimədə müqavilə rekvizitinin olmamasını əsas göstərməsi heç bir normaya əsaslanmamışdır. Təqdim olunan malların 3974 manat hissəsini təsdiq edən qaimə "xxxx" MMC-nin rəhbəri tərəfindən alınmış və o özimzası ilə bunu təstiq etmişdir. Eyni zamanda digər qaimələrdə olan malların "xxxx" MMC tərəfindən alınmamasını təqzib edən hallar mövcud deyil. İşə baxan məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, eyni zamanda mövcud sübutların təqdim edilməsi iddiaçıdan qərəzli olaraq tələb edilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi lazım olacağı təqdirdə qeyd edilən qaimələri məhkəməyə təqdim edə biləcəyini qeyd etmiş lakin hakim həmin sənədlərə ehtiyac olmadığını bildirərək müşavirə otağına getmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndələri Nümayəndə1 və X2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilərək iddanın təmin edilməsini xahiş etmişdir.

11. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

12. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 465.2-ci maddə-Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə-alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 119.3-cü maddə-iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 385.1.4-cü maddə- birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

13. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-4003/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 9500 əsas borc, 346,75 manat cərimə, illik 5 %-lə faiz borcu olaraq 237,50 manat və 180 manat məhkəmə xərci tutulmalıdır.

15. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehə alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsinə dair mötəbər sübutlar təqdim edilməməsi əsası ilə rədd etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sadə yazılı formada tərtib edilmiş qaimələri şübhə ilə yanaşmış, malların təqdim edilməsi barədə elektron qaimələrin tərtib edilmədiyinə istinad etmişdir.

16. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, hakim malların təqdim edilməsi ilə bağlı elektron qaimələrin olub-olmadığını araşdırmamışdır. Əgər bu barədə sual verilsəydi bu qaimələr təqdim olunardı.

17. Malların təqdim edilməsi barədə elektron qaimələr apellyasiya şikayətinə əlavə edilmiş, həmin qaimələrə əsasən cavabdehə verilən malların ümumi dəyərinin ƏDV daxil 11801,18 manat olduğu müəyyən edilmişdir. (10001+1800,18 ƏDV).

18. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, malların dəyərindən 500 manat ödənilmişdir. Tələb edilən qalıq borc məbləği ƏDV-siz məbləğdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf malların təqdim edilməsi barədə elektron qaimələrin ləğv edilməsi ilə bağlı müraciət etmədiyindən və həmin qaimələr qüvvədə olduğundan iddia əsas borcla bağlı hissədə əsaslıdır.

19. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci maddəsinə əsasən müqaviləyə əsasən alıcı satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan 5 gün ərzində malın dəyərini köçürmə yolu ilə həyata keçirir. 5.2-ci maddəyə əsasən malın dəyərinin satıcıya ödənilməsinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün ümumi məbləğin 0,01 faizi miqdarında cərimə ödəyir.

20. Məhkəmə kollegiyası müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi cavabdehdən 346,75 manat cərimə, illik 5 %-lə 6 ay üçün faiz borcu olaraq 237,50 manat pulun tutulması hissəsində əsaslı hesab edilməli, qalan hissədə rədd edilməlidir.

21. İşdən görünür ki, iddiaçı tərəfindən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinə cəmi 180 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə MPM-nin 119.3-cü maddəsinə əsasən hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-4003/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 9500 əsas borc, 346,75 manat cərimə, illik 5 %-lə faiz borcu olaraq 237,50 manat və 180 manat məhkəmə xərci tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4003/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 9500 əsas borc, 346,75 manat cərimə, illik 5 %-lə faiz borcu olaraq 237,50 manat və 180 manat məhkəmə xərci tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar