Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-173/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair kommersiya işi Açar söz: müqavilənin ləğv edilməsi və borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)- 4382/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, təəflər arasında 11 oktyabr 2021-ci il tarixli, AB-11/10 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə latex əlcəklər satılmışdır. Müqavilə şərtlərinə görə hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında alıcıya təhvil verməli idi.
2. 14 oktyabr 2021-ci il tarixli qaiməyə və 25 oktyabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 12500 manat məbləğində, 25 oktyabr 2021-ci il tarixli qaiməyə və 25 oktyabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 2880 manat məbləğində, 02 noyabr 2021-ci il tarixli qaiməyə və 09 noyabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 4600 manat dəyərində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
3. Müqavilə 11 oktyabr 2021-ci il tarixdə bağlanmış və 4.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı gündən qüvvəyə minir və imzalandığı tarixdən 1 il müddətində etibarlı hesab edilir. Tərəflərin etirazı olmadıqda müddəti eyni şərtlərlə 1 il daha uzadıla bilər.
4. Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh MMC məhsullar təhvil verildikdən 15 iş günü ərzində dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
5. Satış qaimələrinə əsasən ümumilikdə 19.980 manat dəyərində mal Cavabdeh MMC-yə verilmiş, satış qaimələri həm İddiaçı MMC, həm də Cavabdeh MMC tərəfindən imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağlanmış 11 oktyabr 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında ödənilməmiş 19980 manat məbləğində əsas borc, 1998 manat məbləğində penya, eyni zamanda, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində rüsumun və vəkil xidmətləri üçün ödənilmiş 300 manat, ümumilikdə 22478 manat məbləğində pul vəsaitinin sonuncudan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 oktyabr 2021-ci il tarixli, AB-11/10 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı MMC ona məxsus malları Cavabdeh MMC-nin yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş qaimə əsasında sonuncuya təhvil verməyi, Cavabdeh MMC isə malları qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilə əsasında 25 oktyabr 2021-ci il tarixli, EBBL seriyalı, 281349 №-li elektron qaimə ilə yekun dəyəri 12500 manat olan 1000 paket əlcək, 25 oktyabr 2021-ci il tarixli, EBBL seriyalı, 301439 №-li elektron qaimə ilə ümumilikdə 2880 manat dəyərində olan 240 paket əlcək, 19 noyabr 2021-ci il tarixli, EBBM seriyalı, 627655 №-li elektron qaimə ilə yekun dəyəri 4600 manat olan 400 paket əlcək cavabdehə təhvil verilmişdir. Müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq malların dəyəri təhvil verildikdən sonra 15 təqvim günü ərzində ödənilməli idi. Cavabdeh MMC-nin İddiaçı MMC-yə elektron qaimələr üzrə ümumilikdə 19980 manat məbləğində borcu qalmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən ödəmə şərtləri pozulduqda, alıcı satıcıya 1 həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0.1%-i həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərtiilə cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin iddiaçıya 12500 manat məbləğində əsas borca görə 1250 manat penya, 2880 manat məbləğində əsas borca görə 288 manat penya, 4600 manat məbləğində əsas borca görə 460 manat penya borcu yaranmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4382/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia qismən təmin edilmiş, 19980 manat məbləğində əsas borc və 500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 20480 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hsab etmişdir ki, tərəflər arasında müqavilənin müddəti uzadılmadığından müddət 11 oktyabr 2022-ci il tarixdə bitdiyi üçün iddia müqavilənin ləğvi hissəsində təmin oluna bilməz.
10. Məhkəmə eyni zamanda hesab etmişdir ki, ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etmədiyindən və bununla bağlı öz etirazını bildirmədiyindən malların qəbul edildiyi müəyyən edilir. Cavabdeh tərəfindən məhkəməyə təhvil alınmış malların dəyərinin ödənilməsi barədə sübutlar təqdim edilmədiyindən əsas borcla bağlı hissədə iddia əsaslı hesab edilmişdir.
11. Tərəflər arasında bağlanmış müqavilələrin 2.4-cü bəndində qeyd olunmuşdur ki, alıcı satıcının haqqını vaxtında ödəmədikdə, məbləğin 0,1 %-i həcmində, lakin ümümi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir.
12. Lakin məhkəmə 19980 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış 1998 manat məbləğində dəbbə pulu tutulmasını əsaslı hesab etməmişdir. Hesablanmış 1998 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla 500 manat məbləğində müəyyən edilmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4382/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb edilən xx.xx.2021-ci il tarixli müqavilə üzrə alınmış əlcəklər keyfiyyətsiz olduğundan satılmamış və iddiaçı malı geri qəbul etməkdən imtina etmişdir. Bununla yanaşı "xxxx" MMC-dən iddiaçının xeyrinə 500 manat cərimənin və 300 manat hüquqi yardım xərclərinin tutulmasını da qanunsuzdur. Ona görə ki, müqavilənin bağlanmasından bir-neçə gün sonra iddiaçıya satdığımalın keyfiyyətsiz olduğu və satılmadığıməlum olmasa da, o, satdığımalı qəbul etməkdən nəinki imtina etmiş, hətta qanunsuz olaraq cərimə hesablamaq üçün bir ildən artıq müddət gözlədikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə isə işin qeyd olunan hallarına qiymət verməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 581.1-ci maddə-satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddə-alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
587.2-ci maddə-əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1-ci maddə-əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 589.1-ci maddə-əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddə-əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4382/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Cavabdehin apellyasiya şikayətinin məzmundan aydın olur ki, cavabdeh tərəflər arasında alq-satql müqaviləsi bağlandığını və iddiaçıdan 19980 manat dəyərində mal aldığını mübahisələndirmir.
21. Cavabdeh apellyasiya şikayətində iddia edir ki, cavabdeh tərəfindən satılmış mallar keyfiyyətsiz olmuş, cavabdeh malları geri qaytarmaq istəsə də iddiaçı qəbul etməmişdir.
22. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq etmək üçün məhkəmə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut (satılmış malın keyfiyyətsiz olması barədə qüsur aktı, qarşı tərəfə keyfiyyətsiz mal satılması ilə əlaqədar həmin malın qaytarılması ilə bağlı pretenziya məktubu, göndərilmiş elektron qaimələrin ləğv edilməsi üçün müraciət və s) təqdim etməmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı barədə göndərilmiş bildirişləri alsa da (iş materialları 27-ci vərəq, 35-ci vərəq) iddiaya hər hansı etiraz bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən mülahizələrlə bağlı sübutlar olmadığından həmin mülahizələr formal hesab edilərək qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
23. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4382/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4382/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.