Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-174/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2366/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən borc 16.617,76 manat pul məbləğini, ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 16.647,76 manat həcmində müqavilə üzrə məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 16.617,76 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən 50 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olumasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər birtərəfli qaydada təsdiq edilərək məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarının bir hissəsi cavabdeh tərəfindən təsdiq edilməmişdir. Digərləri isə cavabdehə məlum olmayan şəxslər tərəfindən imza edilmiş, həmin aktlarda imza edən şəxslərə dair məlumat qeyd olunmamışdır (adı, soyadı, vəzifəsi və sair). Həmiçinin, cavabdehin möhürü ilə təsdiq edilmiş sənəd mövcud deyil. Məhkəmə prosesi zamanı iddaçı sübut kimi elektron qaimələri təqdim etmişdir. Bu qəbulolunmazdır. Belə ki, elektron qaimələr malların tam cavabdehə təhvil verilməsi sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, satıcı iddiaçı ilə alıcı cavabdeh arasında bağlanmış 02.04.2018-ci il tarixli 810/18M nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırlması protokolu ilə müəyyən edilir. İddiaçı tərəfindən cavabdehə EAAR 183723 nömrəli 04.03.2019-cu il tarixli elektron qaiməyə əsasən 27.398,09 manat, EAAQ 108165 nömrəli 07.02.2019-cu il tarixli elektron qaiməyə əsasən 19.512,10 manat, EAAP 238665 nömrəli 16.01.2019-cu il tarixli elektron qaiməyə əsasən 5.570,54 manat, EAAS 814007 nömrəli 09.04.2019-cu il tarixli elektron qaiməyə əsasən 6.740,16 manat, EAAP 209149 nömrəli 15.01.2019-cu il tarixli elektron qaiməyə əsasən 27.865,94 manat, EAAP 200020 nömrəli 15.01.2019-cu il tarixli elektron qaiməyə əsasən 27.832,90 manat məbləğdə malların təhvil verilməsi haqqında elektron qaimələr təqdim olunmuş, qeyd olunan bütün qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir. "xxxx" ASC-nin ödəniş tapşırıqlarına əsasən, cavabdeh tərəfindən iddiaçıya 06.02.2019, 19.02.2019, 21.08.2019, 23.08.2019 və 10.12.2019-cu il tarixlərdə cəmi 80.000 manat, cavabdehin sub-uçot hesabından çıxarışa görə isə, 20.02.2019, 19.03.2019, 05.12.2019 və 12.12.2019-cu il tarixlərdə cəmi 18.301,97 manat ƏDV ödənilmişdir. Beləliklə, cavabdehə ƏDV daxil cəmi 114.919,73 manat dəyərində mal verilmiş, sonuncu tərəfindən isə ƏDV daxil cəmi 98.301,97 manat məbləğdə ödəniş olunmuş, nəticədə ƏDV daxil 16.617,76 manat məbləğdə borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının cavabdehə malları təqdim etməsi, sonuncunun malları qəbul etməsi, aldığı mallara görə qismən ödəniş etməsi, elektron qaimələri özü təsdiq etdiyi üçün qaimələrin qüvvəyə minməsi iş materiallarında olan alqı-satqı müqaviləsi, malların təhvil-qəbul aktları, satış fakturaları, bank çıxarışları, ödəniş tapşırıqları və elektron qaimələrlə tam təsdiq olunur. Cavabdeh şikayətində malları aldığını və borcunun olduğunu mübahisə etmir, o, təhvil-təslim aktlarının bir hissəsinin onun tərəfindən təsdiq edilmədiyini, aktlarda imza edən şəxslərə dair məlumatların qeyd olunmadığını və möhürü ilə təsdiq edilmiş sənədin mövcud olmadığını bildirir ki, bu dəlillər də formal xarakterli olmaqla, borcun ödənilməməsinə haqq qazandırmağa və onu ödəməkdən yayınmağa yönəlmiş mülahizələrdir. Belə ki, onun ümumi borc məbləğindən cəmi 98.301,97 manat məbləğdə ödəniş etməsi sözügedən dəlilləri əhəmiyyətsiz edir. Şikayətin elektron qaimələrin malların cavabdehə təhvil verilməsinin sübutu kimi qəbul edilə bilməməsi barədə dəlili də əsaslı deyil. Belə ki, həmin qaimələrdə malların çeşidi və dəyəri göstərilmiş, cavabdeh isə qaimələri özü təsdiq etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2366/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-174/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-174/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver