Məhkəmə qərarları › İş №2-2(103)-176/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-176/2021

11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-176/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3436/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 104.490,44 manat məbləğində borcun və 10.449,44 manat məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 114.969,88 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, birinci növbədə 114.969,88 manat məbləğində cavabdehin bank hesabları və minik nəqliyyatları, ikinci növbədə isə daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitləri üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh MMC-yə məxsus əmlak üzərinə iddia tələbi həcmində, yəni 114.969,88 manat həcmində həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim iddianın təmini tədbiri barədə ərizəyə baxarkən maddi və prossesual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, hakim iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsində olan tələbindən kənara çıxaraq cavabdehin konkret olaraq hansı əmlakına həbs qoyulmasını göstərməmiş, ümumiyyətlə cavabdehin əmlakının nədən ibarət olmasını müəyyən etmədən və bu barədə iddiaçının hər hansı bir dəlilinin olmamasına baxmayaraq ərizəni təmin etməklə yanlışlığa yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (“MPM”) 157-ci maddəsinin mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. MPM-in 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Göstərilən növdə iddianı təmin tədbirnin tətbiqinə dair ərizə o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İşin hallarından aydın olur ki, iddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə maddi ziyan tələb etməkdədir; onun görülməsi istənilən iddianı təmin etmə tədbiri isə iddia tələblərinin müəyyən hissəsi ilə faktiki eyni olmaqla iddianın gələcəkdə təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə deyil, elə müvafiq iddia tələblərinin təmininə yönəlmişdir. Digər tərəfdən, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməli və məhkəmə, işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpaolunmaz şəkildə pozulmasın. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.8, 376.2 və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 158.1.1-ci maddəsində isə nəzərdə tutulur ki, məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddinı tədbiri görə bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsindən göründüyü kimi, eynilə, Qanunun qeyd olunan normasında sadlanan şəkildə və mətndə cavabdehin bank hesabları və minik nəqliyyatları, ikinci növbədə isə daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitləri üzərinə 114.969,88 manat məbləğində həbs qoyulmasını xahiş etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin olunaraq, cavabdehin əmlakı üzərinə həbs qoyulmuşdur. Belə çıxır ki, məhkəmə tərəfindən iddia tələbi həcmində cavabdehin bütün əmlakını - bank hesabları, minik nəqliyyatları, daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulmayan digər əsas vəsaitləri üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu formada iddianı təmin etmə tədbirinin görülməsi, birincisi, iddia tələbinə mütənasib hesab oluna bilməz. Çünki, cavabdehin prosessual qanunvericiliyin qeyd olunan normasında sadalanan bütün əmlakları üzərinə həbsin qoyulması, əslində, onun istehsalat failiyyətini iflic edir və faktiki olaraq onun fəaliyyətini dayandırmış olur. Belə olan halda, görülən iddianı təmini tədiri faktiki olaraq iddia tələbinin həcmi ilə uyğunsuzluğa təşkil etmiş olur. Halbuki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli Qərarında da məhz Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İkincisi, cavabdehin konkret əmlakı göstərilmədən, qeyri-müəyyən bir tərzdə, ümumi şəkildə onun əmlakı üzərinə həbsin qoyulması - həm də məhkəmənin qərardadının icrasını da çətinləşdirir və hüquqi müəyyənlik prinsipinə zidd olmaqla, tərəflərin qarşılıqlı münasibətlərindəki tarazlığı da əhəmiyyətli dərəcədə pozur. Üçüncü bir tərəfdən, məhkəmənin qərardadı ilə cavabdehin əmlakı üzərinə həbs qoyularkən, işçilərə əmək haqqı verilməsi, vergi və digər məcburi dövlət sosial ödənişləri ilə əlaqədar cavabdehin konstititusion vəzifələrini icra etmək öhdəliyi də nəzərə alınmamışdır. MPM-in 263.5-ci və 264.0.5-264.0.6-cı maddələrinin mənasından isə görünür ki, məhkəmə ayrıca akt şəklində qəbul edilən qərardadında gəldiyi nəticələrin səbəblərinə və rəhbər tutuduğu qanunlara istinad etməklə, gəldiyi nəticə konkret olaraq göstərilməlidir. İşə baxan Bakı Kommersiya Məhəməsi tərəfindən isə iddiaçının ərizəsinin təmin olunması barədə xx.xx.2020-ci il tarixli qərardad qəbul olunarkən, işin halları və prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymətləndirilmə aparılmamış, bu isə düzgün olmayan nəticəyə gətirib çıxarmışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin məhkəmə tərəfindən qərardad qəbul olunarkən cavabdehin konkret olaraq hansı əmlakına həbs qoyulmasının göstərilmədiyini, əmlakın nədən ibarət olmasını müəyyən etmədən iddiaçının ərizəsini təmin edilməsi barədə yanlış qərardad çıxarıldığını mübahisələndirən dəlilləri hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmalı, həmin qərardad ləğv olunmalı və iş, qeyd olunan nöqsanlar nəzərə alınmaqla, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3436/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar