Məhkəmə qərarları › İş №2-2(103)-176/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-176/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-176/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3485/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 MMC-dən 50311,97 manat və 30,40 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2-2(113)-3485/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən (VÖEN: **********) ƏDV daxil 50311,97 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə iddia etdiyi malları satıbsa, buna dair təsdiqedici sənədləri üzləşmə aktlarını təqdim etməli idi. Lakin iddiaçı sübut kimi elektron qaimələri təqdim etmişdir. Həmin qaimələr isə sübut kimi qəbul edilə bilməz. Belə ki, bir neçə elektron qaimə elektron sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Cavabdeh MMC iddiaçıdan faktiki aldığı mallara görə ödəniş etmişdir. İddiaçı tərəfindən tələb edilən məbləğ şübhəlidir və qeyri-obyektiv hesablanmanın nəticəsində meydana gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 30.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı müqaviləyə əlavə razılaşdırma protokoluna əsasən malı və yaxud malları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qaydada dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh satılan mallara görə müəyyən ödənişlər etsə də, 42637,27 manat məbləğində borcu və ƏDV kimi hesablanmış 7674,70 manat cəmi ƏDV daxil 50311,97 manat məbləğində borcu ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan 26.09.2020-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 12000,10 manat, 21.10.2020-ci il tarixli təhviltəslim aktına əsasən 81194,29 manat və 06.01.2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən 5055,73 manat və 7387,50 manat məbləğində tikinti materialları və aksesuarları təhvil verilmişdir. Həmin aktlar iddiaçı və cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmçinin 26.09.2020-ci il tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 12000,10 manat ƏDV ilə birlikdə 14160,12 manat, 21.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 81194,29 manat ƏDV ilə birlikdə 95809,26 manat, 06.01.2021-ci il tarixli elektron qaimələrə əsasən isə 5055,73 manat ƏDV ilə birlikdə 5965,76 manat və 7387,50 manat əsas ƏDV ilə birlikdə 8717,25 manat məbləğində mallar təhvil verilmişdir. Həmin elektron qaimələr Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən avtomatik təsdiq edilmişdir. Cavabdeh həmin elektron qaimələrə etirazını bildirməmişdir. Göründüyü kimi tərəflərin imzaladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi həm təhvil-təslim aktları, həm də cavabdehin etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən ümumilikdə 50311,97 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və iddia tam əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3485/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar