Məhkəmə qərarları › İş №2-2(103)-176/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-176/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-176/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: müqavilə üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4508/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 349/ATM/20 nömrəli “Şəxsi marka istehsalı müqaviləsi” əsasən (podrat və alqısatqı müqaviləsinin elementlərini birləşdirən) iddiaçı cavabdehin sifarişi ilə müxtəlüf ətirlər hazırlayaraq satış üçün cavabdehə təqdim etmiş, cavabdeh tərəfindən mallar satıldıqca dəyəri hissə-hissə ödənilmişdir.

2. Müqavilənin 7.1-ci bəndində sifarişçi bu müqaviləyə uyğun olaraq icraçı tərəfindən təhvil verilən malların dəyərini müqavilənin digər şərtlərini nəzərə almaqla, müqavilənin 1 saylı Əlavəsində göstərilən qaydada ödənilməsi, 7.4-cü bənddə icraçının qiymətə dair tərflərin təsdiq etdiyi aktı, elektron vergi hesab fakturasını, elektron qaimənisifarişçiyə təqdim etməyənədək sifarişçinin ödəniş öhdəliyi olmadığı nəzərdə tutulsa da, müəyyən edilmişdir ki, tərəflər arasında belə bir əlavə tərtib edilməmişdir. O cümlədən iddiaçı tərəfindən məhkəməyə malların təqdim edilmədiyinə dair təhvil-təslim aktları, elektron qaimə və vergi hesab fakturası təqdim edilməmişdir. İddaçı tərəfindən məhkəməyə əsli olmayan və üzərindəki yazılar dəqiq oxunmayan üzləşmə aktı təqdim edilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 21186,44 manat xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 808,47 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4491,53 manat, , ümumilikdə 34961,02 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, malların xx.xx.2023-cü il tarixinə olan 105535,58 manat ödənilməmiş dəyərinin ödənilməsindən imtina olunan 33944,4 manat hissəsinin; üzləşmə aktının tərtib olunduğu xx.xx.2023-cü il tarixdən qətnamənin çıxarıldığı tarixədək 33944,4 manat vəsaitin illik 11,0 faizi üzrə hər gün üçün 10,23 manatın; 1000 manat cərimə məbləğinin və vergi üzrə 132,88 manat faiz borcunun; mediasiya xidməti üçün ödənilmiş rüsumun əvəzi olaraq 200 manatın, 01 oktyabr 2023-cü il tarixə olan icarə haqqı üzrə 3710 manatın cavabdehdən tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 349/ATM/20 saylı şəxsi marka istehsalı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun gəlməyən bəndlərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərin bağladığı xx.xx.2020-ci il tarixli 349/ATM/20 saylı şəxsi marka istehsali müqaviləsinə əsasən Cavabdeh MMC malların hazırlanmasını (istehsalını) vaxtaşırı sifariş etməyi, İddiaçı MMC də malları sifarişə uyğun olaraq hazırlayıb (istehsal edib) Cavabdeh MMC-yə təhvil verməyi, sonuncu isə malların dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin Cavabdeh MMC-nin sifarişi ilə hazırlayıb (istehsal edib) Cavabdeh MMC-yə təhvil verdiyi nisyə satılmış malların ödənilməmiş dəyərinin xx.xx.2023-cü il tarixə 105538,58 manat təşkil etmiş və bu barədə xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Nisyə satılmış malların dəyərini ödəməsi tələb olunan Cavabdeh MMC hər birinin dəyəri 4,20 manat olmaqla, cəmi 33944,4 manat dəyərində 8082 ədəd ətirin dəyərlərini ödəməkdən imtina etmiş, bunu həmin dəyərdə Malların “qüsurlu” olması ilə əsaslandırmışdır. Malların xx.xx.2023-cü il tarixə olan 105538,58 manat ödənilməmiş dəyərinin 65209,4 manat hissəsini isə ödəyəcəyini vəd etmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı mal zəmanət müddəti ərzində zəmanət şərtlərinə uyğun olmadıqda bu cür mallar “qüsurlu” hesab edilir. Müqavilənin 6.3-cü bəndinə əsasən mallara dair zəmanət müddəti aşağıdakı kimi müəyyən olunur: (a) sifarişçi malların qutularında və ya üzərində mallar təhvil alınan zaman açıqca görünə bilən zədələrə və digər qüsurlarla bağlı - sifarişçi bu müqavilənin 3cü maddəsində göstərilən qaydada malları təhvil alandan əvvəl və ya alan zaman; (b) qida və digər istehlak və ya istifadə müddəti olan malları üçün həmin malların istifadəyə və ya istehlaka dair zəmanətlər üçün - bütün istifadə və ya istehlak müddətində; (c) mallarda olan digər qüsurlarla bağlı - əgər malın üzərində və ya ona dair sənədlərdə daha uzun müddət göstərilməyibsə, və ya sifarişçi ilə İcraçı arasında digər müddət razılaşdırılmayıbsa, sifarişçi tərəfindən malın bu müqavilənin 3-cü maddəsinə müvafiq olaraq təhvil alınmasından 90 (doxsan) gün ərzində. Mallara dair zəmanət müddətində qeyd edilən bənddə nəzərdə tutulan hər hans qüsur aşkar edilməmişdir. 4.2-ci bəndinə əsasən əgər sifarişçinin araşdırması ilə müəyyən etdiyi məlumatlar əsasında sifarişçi qənaətə gələrsə ki, mallar icraçının təqsiri səbəbindən (hazırlanması (istehsalı), daşınması qüsurları və s. bunun kimi) hər hansı şəxs üçün təhlükə yaradır və ya malların mağazada satışı qanunvericiliyin tələblərinə ziddir və ya malların satışı Sifarişçi tərəfindən qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarır, həmçinin mala dair müştərilərdən şikayətlər Sifarişçiyə daxil olduğu hallarda sifarişçi malların mağazalardan satışını dayandıra, malları mağazadan yığışdıra və malları icraçıya geri qaytara bilər. Sifarişçi hər hansı belə bir hal barədə, o cümlədən müştərilərin şikayətlərinin araşdırılması məqsədi ilə mümkün qədər tez müddətdə İcraçıya məlumat verməyə çalışacaqdır. 3.8-ci bəndinə əsasən geri qaytarmalara nəzarət etmək və minimallaşdırmaq məqsədi ilə sifarişçi malları icraçıdan qəbul etməzdən əvvəl və ya edərkən malların sayını, onların yararlıq müddətini və digər halları müəyyən etməli və İcraçıya məlumat verməlidir. Geri qaytarmalara nəzarət etmək və minimallaşdırmaq məqsədi ilə malları qəbul etməzdən əvvəl və ya edərkən malların sayını, onların yararlıq müddətini və digər halları müəyyən etmək və icraçıya məlumat vermək cavabdehin öhdəliyi olmuş və mallar təhvil verilərkən, onların qüsurlu olması olması aşkar edilməmiş, icraçıya bildiriş verilməmişdir. Əksinə xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərib olunmuş və həmin aktda cavabdeh malların nisyə alqı- satqısı üzrə iddiaçıya 105538,58 manat ödəməli olduğunu qəbul etmişdir. Odur ki, cavabdehin sonradan həmin vəsaitin hər birinin dəyəri 4,20 manat olmaqla, cəmi 33944,4 manat dəyərində 8082 ədəd ətirin dəyərlərini “qüsurlu” olması əsası ilə ödəməkdən imtina etməsi qanunsuzdur.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4508/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbləri üç hissədən ibarətdir: 1. tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi; 2. iddiaçıya dəymiş zərərin ödənilməsi; 3. xx.xx.2020-ci il tarixli müqavilənin qanunvericiliyə zidd olan müddəalarının etibarsız hesab edilməsi.

8. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 349/ATM/20 nömrəli şəxsi marka istehsalı müqaviləsi imzalanmış, iddiaçı həmin müqavilə üzrə ətir istehsal edib cavabdehə satmağı, cavabdeh həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 34961,02 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehin iddiaçı qarşısında icra edilməli olan digər öhdəliklərinin olmasını, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, lakin dəyəri ödənilməmiş malların dəyərinin tələb edilən borcdan artıq olmasını bildirsə də, məhkəməyə iddia tələbinin bu hissəsi ilə bağlı (iddiaçıya əlavə zəruri sübutların – təhvil aktları, qaimələr və sairə təqdim edilməsi dəfələrlə məhkəmə tərəfindən təklif edilmişdir) iddia tələbi ilə bağlı sübutlar qismində yalnız müqaviləni təqdim edə bilmişdir.

9. Məhkəmə iddia tələblərinin ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində ona maddi zərər dəydiyini bildirsə də, borcun gecikdirilməsi faktı işin materialları ilə müəyyən olunmur, iddiaçı tərəfindən də bu barədə hər hansı sübut təqdim edilməmişdir.

10. Məhkəmə iddia tələblərinin üçüncü hissəsi ilə bağlı qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4508/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, cavabdeh pul vəsaitini qanunsuz olaraq özündə saxlayır, iddiaçıya qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə edir faydalanır. Cavabdeh borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək, gecikdirilmiş vaxt üçün faiz ödəməyə borcludur. Cavabdeh MMC nisyə satılmış malların ödənilməmiş dəyərinin xx.xx.2023-cü il tarixinə olan 105535,58 manat dəyərinin 33944,4 manatını ödəməkdən imtina etdiyindən, həmin vəsait, eləcə də, həmin vəsaitə üzləşmə aktının tərib olunduğu xx.xx.2023-cü il tarixdən Mərkəzi Bankın müəyyən etdiyi 9,0 uçot faiz dərəcəsinin üzərinə 2 faiz bəndi də əlavə etməklə, illik 11 faizin bir gün üçün təşkil edən 10,23 manatı (33944,4 X 11% / 365 gün) qətnamənin çıxarıldığı tarixədək, eləcədə hazırıkı iddianın qaldırılması ilə əlaqədar ödədiyi dövlət rüsumu və mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh MMC aldığı malların dəyərini ödəməkdən yayındığına görə İddiaçı işçilərinin əmək haqqını vaxtında ödəyə bilməmiş və bunun nəticəsində İddiaçı İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuşdur. Həmçinin Cavabdeh MMC aldığı malların dəyərini ödəməkdən yayındığına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi üzrə əsas borcu, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə aylıq ödənişləri ödəyə bilmədiyi üçün əsas məbləğlərə xx.xx.2023-cü il tarixə kimi ümumilikdə 132,88 manat faiz borcu hesablanmışdır. Göründüyü kimi Cavabdeh MMC İddiaçı MMC-dən aldığı malların dəyərini vaxtında ödəməməklə İddiaçı MMC-yə maddi zərər vurmuşdur. Malların xx.xx.2023-cü il tarixinə olan 105535,58 manat ödənilməmiş dəyərinin ödənilməsindən imtina olunan 33944,4 manat hissəsinin; üzləşmə aktının tərtib olunduğu xx.xx.2023-cü il tarixdən qətnamənin çıxarıldığı tarixədək 33944,4 manat vəsaitin illik 11 faizi üzrə hər gün üçün 10,23 manatın; 1000 manat cərimə məbləğinin və vergi üzrə 132,88 manat faiz borcunun; mediasiya xidməti üçün ödənilmiş rüsumun əvəzi olaraq 200 manatın, 01 oktyabr 2023-cü il tarixə olan icarə haqqı üzrə 3710 manatın cavabdehdən tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 349/ATM/20 saylı şəxsi marka istehsalı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun gəlməyən bəndlərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilsə də məhkəmə nədənsə əsaslı iddianı təmin etməmişdir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçıya borcu mövcuddur, malların xx.xx.2023-cü il tarixinə olan 105535,58 manat ödənilməmiş dəyərinin ödənilməsindən imtina olunan 33944,4 manat hissəsinin; üzləşmə aktının tərtib olunduğu xx.xx.2023-cü il tarixdən qətnamənin çıxarıldığı tarixədək 33944,4 manat vəsaitin illik 11 faizi üzrə hər gün üçün 10,23 manatın; 1000 manat cərimə məbləğinin və vergi üzrə 132,88 manat faiz borcunun; mediasiya xidməti üçün ödənilmiş rüsumun əvəzi olaraq 200 manatın, 01 oktyabr 2023-cü il tarixə olan icarə haqqı üzrə 3710 manatın cavabdehdən tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 349/ATM/20 saylı şəxsi marka istehsalımüqaviləsinin qanunvericiliyin tələblərinə uyğun gəlməyən bəndlərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməli olduğu halda bu edilməmişdir. İddiaçı özündə olan sənədləri təqdim etmişdir, məhkəmə digər sənədlərin cavabdehdən alınmasını təmin etməmişdir, məhkəmə iddiaçının dəlillərini araşdırmamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır. 1. Müqavilədə qarşılıqlı haqlar a)mal istehsalçının hüququ pozuldugu ücün huquq bərabərliyinin səviyyəsinin vəziyyətini müəyyən etmək ücün ədliyyə nazirliyinin huquq idarəsini b)satilan malların satılma vaxtı və ödəmə sənədlərinin normal qaydası barədə normaların səviyyəsi ücün iqtisadiyyat nazirliyinin ticarət qaydaları haqq ücün Hər iki nazirliyin məhkəməyə dəvət edilməsi zərurəti yaranmışdır. Məqsəd həqiqətən hansi müddətdə satilan malın ödəmə qaydaları bilinsin. Məhkəmə həmçinin nəzərə almamışdır ki, xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərib olunmuş və həmin aktda cavabdeh malların nisyə alqı- satqısı üzrə iddiaçıya 105538,58 manat ödəməli olduğunu qəbul etmişdir. Məhkəmə həmin sənədin sübut kimi qəbul edilməsindən əsassız imtina etmişdir. Halbuki həmin sənəd qanuni və mötəbər bir sənəddir və cavabdeh borcun olmasını etiraf edir. Məhkəmə isə bu hallara lazımi hüquqi qiymət verməmişdir, bu məsələni ümümiyyətlə araşdırmamışdır. Cavabdeh malların iddiaçının təqsiri səbəbindən (hazırlanması(istehsalı), daşınması qüsurları və s. bunun kimi) hər hansı şəxs üçün təhlükə yaratmasını, malların mağazada satışının qanunvericiliyin tələblərinə zidd olmasını və ya malların satışı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarmasını müəyyən etməmiş, mala dair müştərilərdən şikayətlər daxil olmamış, eyni zamanda cavabdeh keyfiyyətin pozulmasına dair bildiriş verməmişdir. Əksinə malların nisyə alqı-satqısı üzrə iddiaçıya 105538,58 manat ödəməli olduğunu qəbul etmişdir. Məhkəmə müqaviləyə istinad etmişdir, müqavilədə isə ödəmə qaydaları əlavələrlə müəyyənləşdirirlir. Əlavələr iş materiallarında yoxdur, cünki müqavilə bağlanan zamanı əlavələr sonra cavabdeh tərəfindən maraqlarını təmin edən müqavilənin konfidensiallıq normalarını pozaraq birtərəfli qaydada özbaşına dəyişdirilmişdir. Bunu təsdiq edən “Araz market şirkətinin ərazisində 1-ci qeyri qida qəbul şöbəsinin müdiri Elçin Qurbanovun audio səs yazıları məhkəməyə təqdim edilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.4-cü maddə-tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddə-əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə-öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddə-zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 449.1-ci maddə-özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddə-bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 21.1-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddə-əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddə-bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.3-cü maddə- yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4508/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında həm podrat, həm alqı-satqı müqaviləsinin ünsürlərini özündə birləşdirən xx.xx.2020-ci il tarixli 349/ATM/20 saylı şəxsi marka istehsalı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə cavabdehin ona 33944,4 manat ödənilməmiş borcu olduğunu iddia etmiş, təqdim edilmiş qəbzlər əsasən müəyyən edilmişdir ki, 2023-cü ilin avqust və sentyabr aylarında cavabdeh tərəfindən iddiaçının hesabına ümumilikdə 34961,02 manat məbləğində ödəniş edilmişdir.

19. İddiaçının qanuni təmsilçisi işə apellyasiya qaydasında baxılarkən məhkəməyə bildirmişdir ki, cavabdeh ödənişin təyinatını qeyd etmədiyindən həmin ödənişi əsas borc üzrə ödəniş kimi qəbul etmir və əsas borcun tutulmasını xahiş etmir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh tərəfindən iddiaçıya olan əsas borc qalığının tam ödənildiyi bank sənədləri (ödəniş tapşırıları) təsdiq edildiyindən və ödəniş tapşırıqlarında ödənişin təyinatı kimi xx.xx.2020-ci il tarixli müqavilə qeyd edildiyindən əsas borc tələbi ilə bağlı hissədə iddianın rədd edilməsi qanuni və əsaslıdır.

21. Pul öhdəliyinin icrasının gecikdirilməsinə iddiaçı tərəfindən tələb edilən faiz və zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, işdə malların cavabdehə hansı tarixdə təhvil verildiyi və malların dəyərini ödəmək öhdəliyinin hansı vaxtdan yarandığına dair sübutlar olmadığından cavabdeh tərəfindən öhdəliyinin icrasının gecikdirildiyi təsdiq edilmədiyi üçün faiz və zərərin tutulması barədə tələb təmin edilə bilməz. İddiaçı iddia ərizəsində faizlərin tərəflər arasında üzləşmə aktı tərtib edildiyi tarixdən hesablanmasını xahiş edir. İddiaçının məhkəməyə təqdim etdiyi əsli olmayan üzləşmə aktı ilə bağlı məhkəmə qeyd edir ki, bu sənədin mövcudluğu cavabdeh tərəfindən qəbul edilmədiyindən və iddiaçı qeyd edilən sənədin əslini məhkəməyə təqdim edə bilmədiyindən MPM-nin 89.3-cü maddəsinə əsasən qeyd edilən aktın mötəbər sübut kimi qəbul edilməli olmadığına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.

22. İddiaçı iddia tələbinin artırılması barədə ərizədə xx.xx.2020-ci il tarixli 349/ATM/20 saylı şəxsi marka istehsalı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun gəlməyən bəndlərinin etibarsız hesab edilməsi barədə tələb irəli sürsə də, müqavilənin hansı bəndlərinin iddiaçı tərəfindən mübahisələndirildiyi, həmin bəndlərin hansı qanuna və hansı normaya uyğun olmadığı əsaslandırılmadığından qeyd edilən hissədə də iddianın rədd edilməsi qanuni və əsaslı hesab edilir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4508/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4508/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar