Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-177/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) Cavabdeh2 iştirakı ilə İddiaçı "İddiaçı" şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh1nə (“MMC”) qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3282/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" şirkəti Azərbaycan Respublikasındakı Filialı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən alqısatqı müqaviləsinə əsasən Çin istehsalı KN 95 markalı tibbi maskalara görə 48 000 manat borcun, aylıq 5 faizlik uçot dərəcəsinə görə əldən çıxmış fayda olaraq 1200 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 2000 manat xidmət haqqı, eləcə də, məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 51230 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, yekun məhkəmə aktı qəbul edilənədək iddianı təmin etmə tədbiri kimi Cavabdeh1 MMC-nin “xxxx” ASC-nin Binəqədi filialında hesablaşma hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulması, həmin hesabdan və pul vəsaitlərindən istifadə edilməsi, hesab üzrə pul əməliyyatlarının aparılmasının cavabdehə və onun adından çıxış edən istənilən üçüncü şəxsə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdehin “xxxx” ASC-nin Binəqədi filialında olan AZ26NABZ******************** nömrəli bank hesabında 48000 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi barədə qərardad işin qabaqcadan həll etməməsi, müvəqqəti xarakter daşıması gələcəkdə iddia təmin edilərsə, onun icrasını asanlaşdırmaq məqsədi daşıması o anlama gəlmir ki, kimsə iddia qaldırdıqda və iddianın təmini barədə ərizə verdikdə məhkəmə iddianı ilkin araşdırma aparmamış və təmin barədə ərizədəki əsaslara ilkin hüquqi qiymət verməmiş qərardad çıxarmalı və əmlak üzərinə həbs qoymalıdır. Məhkəmə işi və iş üzrə sübutları, eləcə də iddianı təmin etmək barədə ərizəni araşdırmalı və buna uyğun qərar verməlidir. Qərar verərkən hər iki tərəfin mənafeyini və mövcud şəraiti nəzərə almalıdır. Müqavilə üzrə qalan 20 000 manat borcu mövcud pandemiya (Covid–19) səbəbindən geri ödəyə bilməmiş və bu pandemiya mülki qanunvericiliyin təhlili baxımından fors-major hesab edilir. Bu hala görə cavabdeh mülki məsuliyyətdən azad olunmalıdır. İddiaçı tibbi maskaları onsuz da onlara baha qiymətə satıb və hətda endirim qiyməti dediyi 4 manat da bu gün həmin maskalara görə ayrı-ayrı şirkətlər tərəfindən təklif edilən qiymətlərdən dəfələrlə çoxdur. Buna görə də bu maskaları sata bilməmişlər və aldıqları 10 000 tibbi maskanın 7500 ədədi hazırda anbarlardadır. Beləliklə, baha qiymətə aldıqları bu tibbi maskaları onsuz da sata bilmirlər və anbarda yığılıb qaldığı halda, əlavə olaraq dəyərinin iki qatı məbləğində hesablarındakı pul vəsaitinə həbsin qoyulması ədalətsizdir. İddiaçı hesabda pulun olmasına dair məhkəməyə sübut təqdim etməli idi və ya bu sübut məhkəmənin sorğusu əsasında əldə edilməli idi. Qeyd edilən bütün hallar nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixli qərardad ləğv edilməli, qoyulmuş həbs götürülməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) Cavabdeh2 öz izahatlarında tərəflər arsında məhkəmədən kənar barışıq əldə edilərək mübahisənin artıq çözüldüyünü və birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən iddiadan imtina edilməsi və iş üzrə icraata xitam verilməsi və cavabdehin bank hesabına qoyulmuş həbsin götürlməsi bu barədə ərizə ilə müraciət olunduğunu, lakin məhkəmə tərəfindən həmin ərizəyə münasibət bildirilmədiyini qeyd edərək, məhkəmənin iddianı təmin etmə tədbiri barədə qərardadının ləğv edilməsini məhkəmədən etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, tərəflərin nümayəndələrinin qeyd olunan izahatlarına və iddiaçının birinci instansiya məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, tərəflər barışaraq öz aralarındakı mübahisəni artıq sülh yolu ilə məhkəmədən kənar həll etmiş və iddiaçı iddiadan imtinabarədə ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsini və cavabdehin bank hesabına qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Göründüyü kimi, artıq tərəflər arasında heç bir mübahisə mövcud deyil və məhkəmənin, iddiaçının ərizəsinə əsasən qəbul edilmiş, iddianı təmin etmə tədbiri barədə qərardadı və ondan verilmiş şikayət faktiki olaraq öz əhəmiyyətini itirmişdir. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM“) 5-ci maddəsinin mənasından isə görünür ki, məhkəmə, fiziki və ya hüquqi şəxslərin öz hüquq və ya qanuni mənafeyinin müdafiəsi və təsdiqi haqqında ərizəsi və ya şikayəti əsasında, başqa sözlə, onlar arasında mübahisə mövcud olduqda iş başlaya bilər. Konkret halda isə tərəfər arasında artıq mübahisə mövcud deyil. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin şikayəti qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3282/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunmalı və iş, qeyd olunanlar nəzərə alınmaqla, baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3282/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-177/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-177/2021
11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver