Məhkəmə qərarları › İş №2-2(103)-178/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-178/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-178/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-ə qarşı lizinq müqaviləsi üzrə borcun, cərimənin, hüquqi yardımla bağlı xərcin tutulması barədə Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)-3719/2021 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27.12.2013-cü il tarixli 36-LA/13 nömrəli lizinq müqaviləsi üzrə 336264 manat gecikdirilmiş borcun, hesablanmış 76669,81 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manatın, cəmi 413433,81 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.12.2013- cü il tarixli 36-LA/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə istixana avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-2(113)-3719/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 27.12.2013-cü il tarixli 36-LA/13 nömrəli müqavilə üzrə 336264 manat gecikdirilmiş borc, 12000 manat cərimə və vəkilin göstərdiyi yardıma görə 400 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-2(113)-3719/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə bu günədək Cavabdeh MMC tərəfindən ödənişlər olmuşdur. Daha sonra "xxxx" ASC Cavabdeh MMC-yə qarşı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldıraraq yuxarıda qeyd olunan müqavilə üzrə nəzərdə tutulan avadanlıqların alınmasını məhkəmədən xahiş etmiş, məhkəmə iddianı qiyabi qətnamə ilə təmin etmişdir. Bundan sonra Cavabdeh MMC-nin ərizəsinə əsasən qeyd olunan qiyabi qətnamə ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. Bundan sonra "xxxx" ASC ilə Cavabdeh MMC arasında 2017-ci il tarixdə barışıq sazişi bağlanmış və həmin barışıq sazişi 2020-ci il tarixdə icra olunaraq, 12.02.2020-ci il tarixli, D-36-LA/13 nömrəli razılaşmaya əsasən yeni qrafik tərtib olunmuş və yeni qrafiklə ödəniş olunması barədə razılaşdırılmışdır. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki,məhkəmə qətnamənin təsviri hissəsində qeyd etmişdir ki, guya cavabdehi xəbərdar etmiş, lakin cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ümumiyyətlə həmin işlə bağlı heç bir məhkəmə bildirişi almamış, ancaq Nərimanov rayon İcra şöbəsinin məktubundan sonra bilmişdir ki, məhkəmədə iddia olmuşdur. Məhkəmə işə baxarkən hesab edirəm ki, işi tam mövcud vəziyyətinə əsasən araşdırmamışdır. Məhkəmə ekspertiza təyin edə və həqiqi borcun nə qədər olmasını müəyyən edə bilərdi. Məhkəmə qətnamədə vəkil üçün hüquqi yardıma görə tələb olunan 500 manatdan 400 manatı hissəsində təmin etmişdir. Əsas olaraq isə hüquqi yardım barədə müqaviləni qeyd etmişdir. Hesab edirəm ki, bu yanaşma da düz deyil. Çünki müqavilədə istənilən məbləğ yazıla bilər, əsas həmin müqavilə əsasında köçürülmüş pulun çekidir. Həmin çek məhkəmə tərəfindən tələb olunmamış və iş materiallarına əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən iddianı təmin etmiş, cavabdehin borcunun nə qədər olmasını, mübahisənin mahiyyəti üzrə araşdırılması nəticəsində iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. İşə apellyasiya qaydasında baxılması 09.02.2022-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli, e-2-2(113)-3719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 27.12.2013-cü il tarixli 36- LA/13 nömrəli lizinq müqaviləsindən görünür ki, "xxxx" ASC cavabdehə ümumi dəyəri 2.288.000 manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının dəyərini lizinq ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verməyi, cavabdeh avadanlığın dəyərindən 15000 manat məbləği əvvəlcədən "xxxx" ASC-yə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında 12.02.2020-ci il tarixdə razılaşma imzalanmış, həmin razılaşma əsasında yeni ödəniş cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən, lizinq alan tərəfindən 31.12.2023-cü il tarixədək cəmi 2.288.000 ödəniş həyata keçirilməli idi. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 27.12.2013-cü il tarixli 36-LA/13 nömrəli müqavilə üzrə 336.264 manat gecikdirilmiş borc və hesablanmış 76.669,81 manat cərimə borcu təşkil etmişdir. Eyni zamanda maliyyə arayışından və əlavə edilmiş cədvəldən görünür ki, lizinq alan tərəfindən 1.211.975 manat (15.000+1.196.975) ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci, 748-10.1-ci maddələrinə istinad edərək iddia tələbi qismən-əsas borc hissəsində tam, cərimə və hüquqi xidmət xərci hissəsində qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, məhkəmənin prosessual pozuntuya yol verərək cavabdehi məhkəmə iclaslarının vaxtı barədə xəbərdar etməməsi barədə mülahizəsi əsassızdır. Belə ki, işdən görünür ki, məhkəmə iclaslarının vaxtı barədə məhkəmə bildirişləri kağız daşıyıcıda cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş, lakin cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyindən çatmamışdır. Cavabdehin digər mülahizəsi bundan ibarətdir ki, borcun məbləğinin araşdırılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf ö tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdeh tərəfindən tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə həyata keçirilmiş ödənişlərin iddiaçının qəbul etdiyi məbləğdən-1.211.975 manatdan artıq olması barədə sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, mübahisənin həlli üçün işdə hesablanması xüsusi bilik tələb edən rəqəmlər olmadığından, cavabdeh tərəfindən məhkəməyə ekspertiza qarşısında hansı sualın qoyulmalı olduğuna dair yazılı əsaslandırılmış vəsatət təqdim edilmədiyindən iş üzrə ekspertiza təyin edilməsinə hər hansı zərurət yoxdur. Borcun gecikdirilməsinə görə cavabdehdən cərimə tutulması müqavilənin 4.2-ci bəndinin tələbinə uyğun olduğundan və tutulmuş cərimənin məbləği tələb olunan borc məbləğinə mütənasib olduğundan cərimə tutulması hissəsində qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsaslar müəyyən olunmur. O cümlədən məhkəmə hesab edir ki, cavabdehdən vəkilin göstərdiyi xidmətə görə iddiaçının xeyrinə tutulmuş 400 manat hüquqi xidmət xərci ilə bağlı hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, işdən görünür ki, işə birinci instansiya qaydasında baxılarkən iddiaçının Ş.Hüseynov adlı vəkili olmuş, Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosu ilə iddiaçı arasında bağlanmış 08.06.2021-ci il tarixli müqavilədə Bakı Kommersiya Məhkəməsində iddiaçıya hüquqi xidmət göstərilməsi üçün vəkilə 500 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, bu məbləğ müqavilə bağlandığı vaxtda ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqı ödənişi ilə bağlı MPM-nin 121-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxış üçün təqdim edilmiş hesab təqdim etməsə də, hüquqi xidmət haqqında müqavilə və vəkilin faktiki olaraq iddiaçıya həmin müqavilə əsasında birinci instansiya məhkəməsində xidmət göstərməsi təsdiq edir ki, həmin xərc iddiaçı tərəfindən çəkilmişdir. Cavabdehin apellyasiya şikayətində hüquqi xidmət xərcinin tutulması üçün həmin xərcin həqiqətən çəkildiyini təsdiq edən çek təqdim edilməli olduğuna dair mülahizələri əsassızdır. Belə ki, MPM-nin 121-ci maddəsində nəzərdə tutulmuş “çıxış üçün hesab” ödənişi təsdiq edən sənəd yox, hüquqi xidmətin hansı instansiyada və neçə saat göstərildiyinə dair məlumatları özündə əks etdirən sənəddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli, e-2- 2(113)-3719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)-3719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdiyi gündən) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar