Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-178/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və cərimənin tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1200/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 23.965,92 manat əsas borc, 17.922,15 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 41.918,07 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və müqavilənin ləğv edilərək, lizinq obyekti olan 52 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2012-ci il 06 noyabr tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı müqavilələr (bundan sonra-“104-LD/12 və 50-LD/13 saylı müqavilə”) üzrə yaranmış 23.965,92 əsas borc, 40.189,63 manat cərimə və 30 manat məbləgində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar arasında bağlanmış 104-LD/12 və 50-LD/13 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 52 baş cins damazlıq heyvanı lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 45.318,55 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilələr üzrə 2020-ci il 4 fevral tarixinədək 23.965,92 manat əsas borc, 40.189,63 manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilələrin həmin bəndləri ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“Mülki Məcəllə”) 427.3, 445.2.1, 748-1.12.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra - “Mülki Prosessual Məcəllə”) 40.2-ci maddələrinə istinad edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-104/2020 saylı 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin) xeyrinə cavabdehdən 23.965,91 manat əsas borc, 4000 manat dəbbə pulu, cəmi 27.965,92 manat borc və 30 manat dövlər rüsumu olmaqla, ümumilikdə 27.995,92 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4062/2021 saylı 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə şikayətin təmin edilməməsi və Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişidir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4873/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10842/2021 saylı 1 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, Sabunçu rayon məhkəməsinin 2(008)-104/2020 saylı 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1200/2022 saylı 3 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 23.965,92 manat əsas borc, 1000 manat dəbbə pulu, cəmi 24.965,92 manat pul və 11,40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, 18,60 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-yə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləgin 60 manat məbləğinin cavabehdən, 90 manat məbləğinin isə "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqaviləyə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, onun iddiaçıya olan borcu 23.965,93 manat, hesablanmış cərimə isə 17.922,15 manat olsa da, əsas borca münasibətdə həmin məbləğ tənasübsüz surətdə yüksək məbləğ olduğundan məhkəmə tərəfindən azaldılaraq 1000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 467, 747.1, 748-10.1-ci, Mülki prosessual məcəllənin 14.2, 80, 119.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək iddianın təmin edildiyi hissədə ləğv olunması və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İş hələ Sabunçu rayon Məhkəməsində olarkən tərəfindən ekspertiza təyin olunması barədə vəsatət verilmiş, həmin vəsatətə ödənilmiş pullarla bağlı kassa mədaxil qəbzləri əlavə etmişdir. Lakin həmin qəbzlər ekspertin rəyində öz əksini tapmamış və məhkəmə həmin kassa mədaxil qəbzlərinə hüquqi qiymət verməmişdir. İş Sabuncu rayon Məhkəməsinin icraatında olarkən düzgün hesablanma aparılmadığından təkrarən ekspertiza keçirilməsi barədə xx.xx.2020-ci il tarixdə vəsatət vermiş, lakin vəsatət təmin olunmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli 286552 №-li kassa mədaxil qəbzdən görünür ki, o, 1498,35 manat, xx.xx.2013-cü il tarixli 286665 №-li kassa mədaxil qəbzdən görünür ki, 8000 manat, xx.xx.2013-cü il tarixli 288798 №-li kassa mədaxil qəbzdən görünür ki, 7000 manat, xx.xx.2013-cü il tarixli 357220 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 3525 manat ödənilmişdir. Göründüyü kimi əlavə ödənilmiş 20023,35 manat nəzərə alınmamışdır. Məhkəmə tərəfindən 1000 manat dəbbə pulun tutulması qət edilmişdir. Məhkəmə düzgün hesablama aparmadığından, iddiaçıya borc qalmadığından dəbbə pulu da tutula bilməz. Onun Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, guya sığorta ilə bağlı 4785, 62 manat məbləğində sığorta ödənişi təmin edilmiş həmin məbləğ onun ərizəsi əsasında borcuna silinmişdir. Göstərilmiş 4785,62 manat məbləğ iddiaçı tərəfindən silinməsi göstərilsə də ekspertin rəyində öz əksinin tapmamış və ümumiyyətlə silinmə ilə bağlı onun ərizəsi məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, məhkəmə yalnız iddiaçının məhkəməyə sığorta ilə bağlı təqdim etdiyi məktubla kifayətlənməməli idi, 3-cü şəxsin mövqeyini nəzərə almalı idi. Həmin məktubda göstərilmişdir ki, 13 baş damazlıq heyvandan dördü ilə bağlı sığorta pulu alınıb, 7 heyvanla bağlı ( 12 301,43 manat) imtina olunması göstərilmiş, 1 baş heyvanla bağlı (1745,66 manat) "xxxx" ASC ləğv olunması ərəfəsində olduğundan cavabsız qalmış, 1 baş heyvanla bağlı sənədlərin sahibkar tərəfindən təqdim edilmədiyi göstərilmişdir. Lakin göstərilən dəlillərlə bağlı iddiaçı tərəf heç bir sənəd təqdim etməmişdir, çünki həmin heyvanlarla bağlı iddiçı tərəf pul almışdır. Həmçinin sığorta şirkətinin ləğv olunması imtina üçün əsas ola bilməz. Mülki iş materiallarda olan müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və həlli 30 gün müddətində danışıqlar yolu ilə, mümkün olmadıqda məhkəmə müraciət olunacaq. Göründüyü kimi tərəflər məhkəmədən əvvəl pretenziya ilə müraciət etməlidirlər. Lakin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl 23 965, 92 manat əsas və sair tələbdən bağlı ona müraciət etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-471/2022 saylı 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Kommersiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-695/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 7 iyul 2022-ci il tarixli 2-2(103)-471/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bununla bağlı hazırki işə apellyasiya qaydasında yenidən baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə qətnaməsinin elan edilməsi isə 17 mart 2023-cü il tarixə təxirə salınmışdır. Apellyasiya baxışı zamanı iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında qoyulan “3-cü şəxs "xxxx" ASC-nin iştirakının təmin edilməsi” barədə olan göstərişin icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilsə də, həmin 3-cü şəxsin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. İşdə iştirak edən şəxslər hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə həmin 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, kassasiya instansiyası məhkəməsinin qərarında da qeyd olunan qəbzlərlə edilmiş ödənişlər məhkəmələr tərəfindən nəzərə alınmamış, həmin ödənişlər mütləq qaydada məhkəmə tərəfindən nəzərə alınmalı idi. Bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdi ki, cavabdehin tərəfin təqdim etdiyi 4 qəbzdəki pul vəsaitləri lizinq ödənişlərinə aid edilə bilməz, çünki onlar sığorta haqqı və damazlıq heyvanların saxlanmasına iddiaçının çəkdiyi xərclərdir ki, bu da cavabdeh tərəfindən ödənilməlidir. Bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi iddianın təmin edilmədiyi hissələrdə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2012-cı il tarixli 104-LD/12 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə bağlanmış, lizinq verən "xxxx" ASC 50 faiz güzəştdən sonrakı ümumi dəyəri 3622.80 manat olan Holştin-friz cinsindən olan 2 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 1816,90 manatı əvvəlcədən lizinq verənə ödənilmiş, qalan 1816,90 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sonuncu ödəniş 2015-ci ilin İV rübü həyata keçirilməli idi. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC ümumi dəyəri 87003.29 manat olan Holştin-friz cinsindən olan 50 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 43501.65 manatı əvvəlcədən lizinq verənə ödənilmiş, qalan 43501,64 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sonuncu ödəniş 2015-ci ilin İV rübü həyata keçirilməli idi. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Borcla bağlı cavabdehə xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli pretenziya məktubları göndərilmiş, borc ödənilmədiyindən iddiaçı xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının Sabunçu rayon Məhkəməsinə ünvanlanmış 2020-ci il 5 fevral tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehə lizinqə verilmiş və tələb olmuş 22.745,06 manat dəyərində 13 baş damazlıq heyvandan 4 baş heyvana görə "xxxx" ASC tərəfindən 4.785,61 manat məbləğində sığorta ödənişi ödənilmiş, həmin məbləğ cavabdehin ərizəsi əsasında borcuna yönəldilmişdir. 12.301,43 manat məbləğində 7 baş heyvanın sığorta hadisələri "xxxx" ASC tərəfindən araşdırılaraq baxımsızlıq və təsərrüfatsızlıq səbəbindən sığorta ödənişlərindən imtina edilmiş, 1.745,66 manat məbləğində 1 baş heyvanın tələb olması barədə sənədlərin cavabdeh tərəfindən sığorta hadisəsindən uzun müddət (6-8 ay) keçdikdən sonra "xxxx" ASC-nin sığorta şirkətinə müraciəti cavabsız qalmış, 1.769,25 manat məbləğində 1 baş heyvanın tələf olması barədə sənədlər isə sahibkar tərəfindən ümumiyyətlə təqdim edilməmişdir. İddiaçı lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən cavabdehdən öhdəliyin ödəniş qrafikinə uyğun həyata keçirilməməsinə görə dəbbə pulu tələb etməyə haqlı olsa da, öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehin ödəməli olduğu dəbbə pulunun məbləği 40.189,63 manat deyil, ekspert rəyinə əsasən 17.922,15 manat müəyyən olunduğundan və bu məbləğ borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, azaldılaraq 1000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2019-cu il tarixli 31369 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan sənədlər (maliyyə arayışı məlumatları) 06 noyabr 2012-ci il tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2017-ci il tarixinə "xxxx" ASC-yə olan əsas borcu 23965,93 manat, cərimə borcu 17922,15 manat olmaqla, ümumi borcu 41888,08 manat müəyyən edilir. Rəyə əsasən cavabdeh tərəfindən iki müqavilə üzrə ödəniş qrafikləri əsasında ödənilməli olan məbləğdən 21352,62 manat ödəniş həyata keçirilmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-695/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarında göstərilmişdi ki, “məhkəmələr qətnamə qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini sübut kimi qəbul etsələr də, ekspertin rəyindən tədqqiqat aparılarkən cavabdeh tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərinin hamısının nəzərə alınmadığı aydın olur. Cavabdehin apelyasiya və kassasiya şikayətlərində qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş 2013-cü il 27 mart tarixli 286552 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 1.498, 35 manat, 2013-cü il 28 mart tarixli 286665 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 8.000 manat, 2013-cü il 8 aprel tarixli 288798 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 7.000 manat, 2013-cü il 8 may tarixli 357220 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 3525 manat, cəmi 20.023,35 manat ekspert tədqiqatı aparılarkən nəzərə alınmamışdır. Apelyasiya məhkəməsi tərəfindən isə həmin dəlillərə müfəssəl və adekvat hüquqi qiymət verilməsi təmin edilməmiş, həmçinin rəydən ekspertin cavabdehin borcunu hansı qaydada və hansı sənədlərə əsasən hesabladığını da müəyyən etmək olmur. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı və digər sübutlarla birlikdə məhkəmələr tərəfindən qiymətləndirilməli olduğu nəzərə alınarsa, həmin rəyin mötəbərliyi işdəki digər sübutlarla da təsdiq edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan qəbzlər ksero surətdir və məhkəmələr tərəfindən işə baxılarkən onların əsillərinə baxış keçirilibkeçirilmədiyi iş materiallarından aydın olmur. Bundan əlavə cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş, sığorta ilə bağlı 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən silinməsi göstərilsə də, ekspertin rəyində öz əksini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericiliyin (MM 748-10.1-ci maddəsi) tələblərinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir və lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İş materiallarına əsasən isə hər iki müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği (3.622,80 + 87.003,29) 90.626,09 manat təşkil edir və sadə riyazi toplama aparan zaman məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 2013-cü il 13 mart tarixində 15.000 manat, 2013-cü il 27 mart tarixində 28.501,65 manat, 2013-cü il 27 mart tarixində 1.498,35 manat, 2013-cü il 28 mart tarixində 8.000 manat, 2013-cü il 8 aprel tarixində 7.000 manat, 2013-cü il 8 may tarixində 3.525 manat, 2013-cü il 9 iyul tarixində 3.500 manat, 2013-cü il 13 avqust tarixində 604 manat, 2013-cü il 4 oktyabr tarixində 4.105 manat, 2013-cü il 4 noyabr tarixində 4.103 manat, 2014-cü il 27 yanvar tarixində 4.105 manat, cəmi 79.942 manat vəsait ödənilmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, kassa mədaxil qəbzlərinin əslləri, yaxud onların lazımi qaydada təsdiq edilmiş surətləri əldə olunaraq iş materiallarına əlavə edilməli, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASCnin iştirakı təmin edilərək, işin halları (aparılmış sığorta ödənişləri) barədə mövqeyi, edilmiş sığorta ödənişlərinin məbləği dəqiqləşdirilməli, cavabdehin apardığı ödənişlər isə Mülki Məcəllənin 748-10-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməklə, mübahisənin qanuni həlli təmin edilməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan işə təkrar apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlər nəzərə alınmaqla müvafiq araşdırmalar aparılmış, iş üzrə 3-cü şəxs "xxxx" ASCnin iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilsə də, tərəflərin bildirdiyi məlumata əsasən həmin ASC-nin ləğv edilməsi səbəbindən onun iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası işə həmin 3-cü şəxsin iştirakı olmadan baxılıb qərar qəbul edilməsini mümkün sayarkən onu da nəzərə almışdır ki, aşağıda qeyd olunan araşdırmaların aparılması hazırki vəziyyətdə məhkəmə kollegiyasının iş üzrə müvafiq qənaətə 3-cü şəxsin iştirakı olmadan da gəlməsi üçün yetərli olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında 2 müqavilə olmuş və müqavilənin dəyərinin ilkin olaraq 50% ödənildikdən sonra ödəniş qrafiki açılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən iş üçün əhəmiyyətli sayılan kassa mədaxil orderlərinin qəbzlərinin (4 sayda) əslləri məhkəməyə təqdim olunmuşdur. Həmin kassa mədaxil orderlərinin qəbzləri nəzərdən keçirilərkən müəyyən olundu ki, 2013-cü il 27 mart tarixli 286552 №-li kassa mədaxil qəbzi üzrə 1.498, 35 manat, 2013-cü il 28 mart tarixli 286665 №-li kassa mədaxil qəbzi üzrə 8.000 manat, 2013-cü il 8 aprel tarixli 288798 №-li kassa mədaxil qəbzi üzrə 7.000 manat, 2013-cü il 8 may tarixli 357220 №-li kassa mədaxil qəbzi üzrə 3525 manat olmaqla, ümumilikdə cavabdeh tərəfindən 20023,35 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaitlərinin iddiaçının tələb etdiyi lizinq ödənişlərinə aid edilməli olması barədə məsələ araşdırılarkən müəyyən olundu ki, təqdim olunan ÇBÜ/2 seriyalı 288798 saylı xx.xx.2013-cü il və ÇBÜ/2 seriyalı 357220 saylı xx.xx.2013-cü il tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən cavabdeh tərəfindən müvafiq olaraq 7000 manat və 3525 manat məbləğində pul vəsaiti həmin qəbzlərin özündə də qeyd olunduğu kimi, “damazlıq heyvanların sığorta haqqı” təyinatı üzrə ödənilmişdir. İddiaçı tərəf həmin ödənilmiş pul vəsaitinin həqiqətən də sığorta haqqına aid olduğu üçün lizinq ödənişlərinə aid edilməsinin qeyri-mümkünlüyünü bildirmişdir. Cavabdeh tərəf isə həmin pul vəsaitinin ödəniş təyinatının qəbzlərdə iddiaçı tərəfindən göstərildiyini və həmin pul vəsaitinin də lizinq ödənişlərinə aid edilməli olduğunu bildirmişdir. Məhkəmə araşdırmaları zamanı məlum oldu ki, tərəflər arasında xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli sığorta haqqının ödənilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən lizinq alan 10022,78 manat və 418,61 manat məbləğində olmaqla, cəmi 10441,39 manat sığorta haqlarını Lizinq verənə tam ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçı cavabdeh tərəfin hər iki müqavilə üzrə ÇBÜ/2 seriyalı 288798 saylı xx.xx.2013-cü il tarixli və ÇBÜ/2 seriyalı 357220 saylı xx.xx.2013-cü il tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən müvafiq olaraq 7000 manat və 3525 manat olmaqla, cəmi 10525 manat məbləğində pul vəsaitini haqlı olaraq ödənilmiş sığorta haqqı kimi qəbul etmiş və həmin məbləğləri lizinq ödənişlərinə aid etməmişdir. Cavabdeh tərəf isə həmin pul vəsaitinin məhz tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı deyil, lizinq ödənişləri ilə bağlı ödənildiyini əsaslandıra bilməmişdir. Buna görə də Kollegiya hesab edir ki, adı çəkilən hər iki qəbz üzrə ödənilmiş 10525 manat pul vəsaiti lizinq müqaviləsi üzrə müəyyən edilmiş ödənişlərə aid edilə bilməz. Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim etdiyi digər iki- ÇBÜ/2 seriyalı 286552 saylı xx.xx.2013-cü il tarixli və ÇBÜ/2 seriyalı 286665 saylı xx.xx.2013-cü il tarixli kassa mədaxil orderlərinin qəbzlərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin qəbzlərdə ödənişin təyinatı olaraq “damazlıq heyvanların saxlanma və üstəlik xərci” göstərilmişdir. Hər iki qəbzə əsasən müvafiq olaraq 1498.35 manat və 8000 manat olmaqla, cəmi 9498,35 manat məbləğində vəsait ödənilmişdir. Həmin vəsaitin iddiaçı tərəfindən tələb olunan lizinq ödənişlərinə aid edilməli olması barədə məsələ araşdırılarkən müəyyən olundu ki, tərəflər arasında bağlanmış Lizinq müqavilələrinin 2.2.1-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların daşınma, saxlanma, boşaltma və digər xərclərinin ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, damazlıq heyvanların saxlanması və digər- hər iki qəbzdə göstərilən “üstəlik xərcləri” həmin müqavilələr üzrə tərəflər arasında ödənilməsi müəyyənləşdirilmiş ümumi lizinq ödənişinin tərkibinə daxildir. Belə olan halda cavabdeh tərəfin müqavilə üzrə razılaşdırılmış qrafikə əsasən hər dəfə iddiaçıya ödədiyi ümumi lizinq ödənişi həm də lizinq predmetinin saxlanması və digər xərcləri də əhatə etmişdir. Odur ki, iddiaçının hazırda cavabdehdən tələb etdiyi lizinq ödənişindən ekspert rəyi əsasında müəyyənləşdirilmiş 23.965,92 manat əsas borc məbləğindən cavabdehin hər iki- ÇBÜ/2 seriyalı 286552 saylı xx.xx.2013-cü il tarixli və ÇBÜ/2 seriyalı 286665 saylı xx.xx.2013-cü il tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən ödədiyi 1498.35 manat və 8000 manat olmaqla, cəmi 9498,35 manat pul vəsaiti çıxılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəf bu ödənişin lizinq ödənişinə aid edilməli olduğunu nəzərə alıb onu tələb etdiyi borc məbləğindən çıxmalı idi, lakin bunu etmədiyi üçün həmin ödənişlər lizinq ödənişi olaraq nəzərə alındığından iddiaçının həmin pul vəsaitini tələb etməsi əsassızdır. Kollegiya onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəf sözügedən sonuncu iki qəbzlə ödənilmiş 9498,35 manat pul vəsaitinin lizinq ödənişlərinə aid edilməsinin qeyrimümkünlüyünü əsaslandıra bilməmişdir. Əksinə, məhkəmə araşdırmaları zamanı həmin qəbzlərin, o cümlədən ödənişin təyinatının, yəni qəbzdəki “nə üçün” qrafasının iddiaçının səlahiyyətli şəxsi (mühasibi) tərəfindən doldurulduğu müəyyən edilməklə yanaşı, tərəflər arasında bağlanmış lizinq müqavilələrin 2.2.1-ci bəndinə əsasən damazlıq heyvanların saxlanması və s. xərclərinin Lizinq alanın üzərinə qoyulduğu və bu xərclərin də tərtib olunan qrafik üzrə ümumilikdə ödənilməli olan lizinq ödənişlərinin tərkibində olduğu təsdiq olunmuşdur. Həmçinin iddiaçı tərəfindən damazlıq heyvanların saxlanması və s. ilə bağlı ayrıca xərclərin çəkildiyi və bunun lizinq ödənişlərinə aid olmadığı halı da sübuta yetirilməmiş, bu barədə müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1200/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsi qismən, cavabdehdən 9498,35 manat əsas borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin il tarixli 2-2(113)-1200/2022 saylı 03 mart 2022ci il tarixli qətnaməsi qismən, cavabdehdən 9498,35 manat əsas borcun tutulması hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-2(103)-178/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-178/2023
17.03.2023 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver