Məhkəmə qərarları › İş №2-2(103)-179/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-179/2023

17.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-179/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4987/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4987/2022 saylı 2 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, maraqlı şəxsin ölkədən getmək hüququ 2022ci il 22 avqust tarixə dövlət büdcəsinə olan ümumilikdə 186,97 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3.646,48 manat, İşsizlikdən sığorta fonduna olan 145,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 297,14 manat məbləğində borc tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qətnamədən narazı qalan Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o, elektron kabinet vasitəsilə bu ərizəyə qarşı öz etirazını bildirmiş və həmçinin “X5” MMC-nin direktorluğu vəzifəsindən azad edilməsi barədə bu MMC-nin təsisçisinin xx.xx.2022-ci il tarixli qərarını da məhkəməyə təqdim etmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən ümumiyyətlə təsisçinin bu qərarına hüquqi qiymət verilməmiş və həmin qərar barədə bir kəlmə də olsun bu qətnamədə göstərilməmişdir. Təbii ki, bu da həmin qətnamənin əsassız və qanunsuz olduğunu sübut edir. Faktiki olaraq o, “X5” MMC-nin direktoru olmadığı halda, məhkəmə heç bir hüquqi əsas olmadan onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul etmişdir. Bununla da onun hüquqlarını kobudcasına pozmuşdur. İşin hallarından da görünür ki, ərizəçinin məhkəməyə təqdim etdiyi sənədlərdə “X5” MMC-nin dövlət büdcəsinə 4276 manat borcu olduğu göstərilir. Lakin həmin borcun onun fəaliyyətilə əlaqədar olduğunu sübut edən heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdi. Yalnız onun adının müvəqqəti olaraq bu MMC-nin direktoru kimi yazılmasından istifadə edərək onun barəsində əsassız bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Əfsuslar olsun ki, məhkəmə də heç bir araşdırma aparmadan, heç bir dəlillərə və faktlara istinad etmədən belə bir qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-i maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qanunun bu normasına görə məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi şərait yaratmalı idi. Amma əfsuslar olsun ki, o, bu iddiaya qarşı öz etirazını məhkəməyə təqdim etsə də, adının yalnız rəsmiyyət xatirinə bu MMC-nin direktoru kimi göstərildiyini bildirsə də, məhkəmə tərəfindən bununla əlaqədar heç bir araşdırılma aparılmamış və yalnız ərizəçinin göstərdiyi dəlillərə istinad edərək qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2-2(103)-1049/2022 saylı qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli;məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavəyə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-779/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2-2(103)-1049/2022 saylı qərardadının ləğv edilməsi işin apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bununla bağlı hazırki işə apellyasiya qaydasında yenidən baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə hazırki işə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin və Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnamənin nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər. Bununla bağlı hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi 17 mart 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, vergi öhdəliklərini yerinə yetirməyən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Hazırkı işdə isə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********042200 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" Biznes Konsaltinq MMC-nin xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 167.78 manat borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********862800 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" Biznes Konsaltinq MMC-nin xx.xx.2022-ci il tarixinə ümumilikdə 239.14 manat borcu vardır. "xxxx" Biznes Konsaltinq MMC-nin 18 iyun 2022-ci il tarixli qərarından görünür ki, Maraqlı şəxs barəsində 2022-ci ildə qəbul edilmiş MMC-nin direktoru təyin edilməsi haqqında qərarı ləğv edilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün Maraqlı şəxs tərəfindən 18 iyun 2022-ci il tarixdən sonra elektron imza vasitəsilə dövlət orqanları, o cümlədən vergi orqanları ilə elektron yazışmaların aparılıb-aparılmadığına dair məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq elktron kabinet vasitəsilə daxil olmuş məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktubunda ƏDV bəyannaməsinin hesabatı səhvən may ayı 2022-ci il üçün boş bəyannamə göndərildiyi, bunun etibarsız sayılması və xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci ilə qədər fəaliyyətinin dayandırılması qeyd edilmişdir. Həmin mürcaiət xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin sənədlərdə direktor qismində Lalə Rəcəblinin adı göstərilmiş və sənədlərin məhz elektron qaydada Maraqlı şəxs tərəfindən imzalanması müəyyən olunmur. Bununla yanaşı, yuxarıda da qeyd olunduğu kimi, Maraqlı şəxs MMC-nin direktoru təyin edilməsi haqqında qərar "xxxx" Biznes Konsaltinq MMC-nin 18 iyun 2022-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Bütün bu hallar birinci instansiya məhkəəsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları və X2 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin hüquqi şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X6 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilməməlidir. Hazırda müəssisənin büdcəyə müvafiq məbləğdə vergi borcunun olması faktı isə ərizənin təmin edilməsi üçün yeganə dəlil kimi əsas ola bilməz. Çünki həm ölkədən çıxışına məhdudiyyət qoyulması tələb olunan şəxsin direktorluqdan çıxarılması barədə müəssisənin qərarı mövcuddur, həm də ərizəçi Vergi Məcəlləsinin 65-ci maddəsində müəyyən edilən vergilər üzrə borcların alınması qaydasına riayət etdikdən sonra yeni ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4987/2022 saylı 02 sentyabr 2022-ci il qətnaməsi ləğv edilməli və ərizə rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4987/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar