Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-179/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya mübahisəsi Açar söz: borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8508/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsə ünvanlanmış xx.xx.2024-cü il tarixli **********524200, xx.xx.2022ci il tarixli **********013900 nömrəli bildirişə əsasən ümumilikdə 114626,44 manat məbləğində yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə və müvafiq fonda ödənilməmiş borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 114619,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 6,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxx 1984-cü il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 114619,65 manat məbləğində (o cümlədən, vergilər üzrə 105056,55 manat, faizlər üzrə 9563,1 manat), Dövlət Sosial Müdafiə Fonduna 6,79 manat olmaqla, ümumilikdə 114626,44 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********524200, xx.xx.2022-ci il tarixli **********013900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8508/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 114619,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 6,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) icra orqanının rəhbəri olan - Maraqlı şəxs (xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onlara vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində borcun ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə və müvafiq fonda olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
9. Məhkəmə hazırkı mübahisəyə AR Vergi Məcəlləsinin 16.1.1, 23.1, 15-3, 24.0.2-1, 77.3, 78.1, Mülki Prosessual Məcəllənin 355-5, 355-7.4-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8508/2024 nömrəli qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri təsis paylarını xx.xx.2024-cü il tarixində Gürcüstan Respublikasının vətəndaşı Gogiashvili Tsitsino-ya satmışdır. Məhkəmə qətnamə çıxaran zaman "xxxx" MMC-nin direktoru Gogiashvili Tsitsino idi. xx.xx.2024-cü il tarixli təsis payının alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən, Satıcı müəssisədəki paya (hissəyə) mülkiyyət hüququna malikdir və həmin payı (hissəni) Alıcının mülkiyyətinə ipoteka öhdəliyindən, habelə bütün öhdəliklərdən, üçüncü şəxslərin hüquqlarından azad şəkildə verir. Pay üzərinə həbs qoyulmamışdır. Alıcı şəxs Cəmiyyətin borcundan tam olaraq xəbərdar idi. Beləliklə aydın olur ki, Vergi Məcəlləsinin 16.1.1., 23.1.15-3, 24.0.2-1.-ci maddələri "xxxx" MMC-nin direktoru olmadığım üçün mənim barəmdə tətbiq edilə bilməz.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8508/2024 nömrəli qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.
19. İşin hallarından görünür ki, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onlara borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində fiziki və hüquqi şəxslər tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Lakin məhkəmə araşdırması zamanı taxes.gov.az saytından əldə edilmiş çıxarışdan müəyyən olunur ki, vergi öhdəliyi mövcud olan hüquqi şəxs "xxxx" MMC-nin qanunu təmsilçisi Gogiashvili Tsitsino adlı şəxsdir. Belə olan halda maraqlı şəxsin aidiyyatı olmayan hüquqi şəxs və onun öhdəliklərinə görə konstitusion hüququnun məhdudlaşdırılması yolverilməzdir. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış və sübutlara düzgün qiymət verməmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8508/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.