Məhkəmə qərarları › İş №2-2(103)-18/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-18/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-18/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi X1, cavabdeh X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X2rşı lizinq müqaviləsi üzrə əsas borcun və cərimənin tutulmasına dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)534/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən (hakim Etibar Mustafayev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82) 534/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilərək cavabdeh X3 xx.xx.2012-ci il tarixli 37-LA/12 saylı və xx.xx.2014-cü il tarixli 07-LA-14 saylı müqavilələrə əsasən 1.228.324 manat əsas borcun, 902.911 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 2.131.265 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə hansı məbləğdə ödəniş edildiyini araşdırmamış, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən borcla bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilməmişdir. Cərimə borcu əsas borcun yarısı həcmində tutulmuş, gecikdirilən günlərin sayı araşdırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, ödənişlər hər rübün sonu həyata keçirilməli idi, bəzi rüblər üzrə ödəniş olsa da məhkəmə nəzərə almamışdır. Borcun məbləğinin dəqiqləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Cavabdeh Boqatırov Tofiq Məhəmmədoviç məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82) 534/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən- cərimə tutulması hissəsində ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə 122.832 manat cərimə tutulmalı, cərimə tələbi qalan hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında iki lizinq müqaviləsi bağlanmışdır. xx.xx.2012-ci il tarixli 37-LA/12 saylı lizinq müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 2.153.800 manat, tutumu 5000 ton olan Atmosfer kontrollu kartof saxlama anbarı üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh tərəfindən avadanlığın dəyərindən 229300 manat əvvəlcədən ödənilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən ödənişlər hər rübün sonunda qrafikdə qeyd edilən məbləğlərdə həyata keçirilməli idi. Müqavilənin 5.5-ci bəndində lizinq alanın ödənişi gecikdirilən borca görə gecikdirilmiş məbləğin 0,1 faizi məbləğində cərimə ödəməli olduğu nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixli 07-LA/14 saylı lizinq müqaviləsinin şərlərinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 408430 manat, tutumu 5000 ton olan Atmosfer kontrollu kartof saxlama anbarı üçün əlavə avadanlığın quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh tərəfindən avadanlığın dəyərindən 50000 manat əvvəlcədən ödənilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən ödənişlər hər rübün sonunda 9960 manat olmaqla həyata keçirilməli idi. Müqavilənin 5.5-ci bəndində lizinq alanın ödənişi gecikdirilən borca görə gecikdirilmiş məbləğin 0,1 faizi məbləğində cərimə ödəməli olduğu nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə lizinqə verilmiş avadanlıqlara görə lizinq ödənişləri qrafik üzrə həyata keçirilmədiyindən iddiaçı borcun ödənilməsi barədə cavabdehə pretenziya göndərmiş, gecikdirilmiş borcun ödənilməsi təmin edilmədiyindən xx.xx.2018-ci il tarixədək ödənilməli olan borcun və cərimənin tutulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, sonradan xx.xx.2018-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək xx.xx.2018-ci il tarixədək yaranmış borcun və cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının tələbini təkzib edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyinə istinad edərək və qeyd edilən normaların tələblərini nəzərə alaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfindən tutulmuş borc məbləğini mübahisələndirdiyindən məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1719 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixədək iddiaçıya olan əsas borcu 1.228.324 manat, cərimə borcu 902.911 manat təşkil edir. Ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən lizinq müqavilələri üzrə iddiaçıya cəmi 279300 manat ilkin ödəniş edilmiş, ödəniş qrafikləri üzrə xx.xx.2018-ci il tarixədək 1.512.980 manat ödənilməli olduğu halda ümumilikdə 284.656 manat ödənilmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə bağlanmış lizinq müqavilələri üzrə cavabdehdən 1.228.324 manat əsas borcun tutulması hissəsində iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə tutulmuş 902.911 manat cərimə məbləğini əsas borca nisbətdə tənasübsüz şəkildə yüksək məbləğ hesab edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, həmin hissədə qətnamə ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borcun 10%-i məbləğində-122.832 manat cərimə tutulmalı, cərimə borcu ilə bağlı tələb qalan hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82) 534/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən-cərimə tutulması hissəsində ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə 122.832 manat cərimə tutulmalı, cərimə tələbi qalan hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Boqatırev Tofik Məhəmmədoviçin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82) 534/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən-cərimə tutulması hissəsində ləğv edilsin. Cavabdeh X3 İddiaçı ASC-nin xeyrinə 122.832 manat cərimə tutulsun. Cərimə tələbi qalan hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X3 Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 50 manat ekspertiza xərci tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar