Məhkəmə qərarları › İş №2-2(103)-180/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-180/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-180/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4022/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 011/2020 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə imzalanmış və müqaviləyə əsasən satıcı alıcıya nisyə borc olaraq ümumi dəyəri 5639,84 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satmağı və alıcı isə 5639,84 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 5639,84 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 5639,84 manat hissəsini bu günədək ödəməmişdir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC-də işlədiyi dövrdə ona həmin şirkətdə işləməyi davam etdirmək üçün sənədlərin imzalanması təklif edilmiş və o, bununla razılaşaraq borcla bağlı sənədlərə imza atmış, məhkəməyə təqdim edilmiş ərizədə, müqavilədə və təhvim-təslim aktında imzalar ona məxsus olsa da, 5639,84 manat məbləğində mallar ona təhvil verilməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4022/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən nəzərə almamışdır ki, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış uydurma əhəmiyyəsiz əqdir və həmin əqdə göstərilmiş müddəalar iddiaçı şirkətin xeyrinə yazılmış müddəalardır. Bundan başqa iddiaçı tərəfindən tərtib edilmiş təhvil-təslim aktında göstərilən mallar ona təhvil verilməmiş və iddiaçı ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməsinə baxmayaraq malların verilməsi ilə bağlı ona elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi təhvil-təslim aktında göstərilən malların qiymətləri real bazar qiymətlərinə uyğun olmamasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

11. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

16. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanılması yazılı qaydada tərtib olunaraq imzalanmış xx.xx.2020-ci il tarixli 011/2020 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə ilə təsdiq olunur.

17. Eyni zamanda iş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC müqavilə ilə müəyyən edilmiş məhsulları Cavabdeh təhvil vermişdir.

18. Həmçinin Cavabdeh İddiaçı MMC-yə yazdığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 5639,84 manat məbləğində olan borcunu etiraf etmiş və qeyd olunan borcu 24 aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

19. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması və həmin müqavilə üzrə malların cavabdehə təhvil verilməsi həm cavabdehin imzaladığını etiraf etdiyi müqavilə və təhvil-təslim aktı, həm də sonuncunun borcun etirafı ilə bağlı yazdığı ərizə ilə təsdiq olunur.

20. Kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh təhvil-təslim aktını imzalamaqdan imtina edər, ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirər, ərizəni isə ümumiyyətlə yazmazdı. Lakin hazırki işdə bu hallar mövcud deyil.

21. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən cavabdehdən borcun ödənilməsini tələb etməkdə haqlıdır.

22. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin etirazının qanuni əsasını Mülki Məcəllənin 340.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Lakin hazırki işdə mübahisələndirilən müqavilənin uydurma əqd olması təsdiq olunmur. Çünki cavabdeh qeyd olunan halları təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Təhvil-təslim aktında göstərilən malların qiymətlərinin real bazar qiymətlərinə uyğun olmaması ilə bağlı dəlillər də müqavilənin uydurma əqd olmasını təsdiq etmir. Çünki müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin qiyməti tərəflərin razılaşması ilə müəyyənləşdirilir.

23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4022/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar