Məhkəmə qərarları › İş №2-2(103)-180/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-180/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-180/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi) “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4079/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" MMC ilə Cavabdeh MMC arasında 18 dekabr 2020-ci il tarixdə, 045-20/AGN saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə “Kənd təsərüffatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, satıcı kənd təsərrüfat texnikalarını yerli istehsalat olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinə 40% həcmində güzəşt tətbiq etməklə alıcıya satmağı, alıcı isə həmin güzəşt tətbiq edildikdən sonra texnikanın qalıq dəyərini əvvəlcədən ödəməklə onu qəbul etməyi öz öhdəsinə götürmüşdür. Satılan texnika TT-RMK 6 markalı 2 tərəfə boşaldan 6 ton düyü qoşqusu olmuşdur ki, onun satış qiyməti 12800 manat təşkil etmiş, satışdan güzəşt edilən dəyər 4811,11 manat olmuş, qalıq dəyər isə 7988,89 manat olmuşdur.

2. Cavabdeh tərəfindən iddiaçıya cəmi 7988,89 manat ödənilmiş və alqı-satqının predmeti olan texnika cavabdehə təhvil verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 4811,11 manat məbləğində pul vəsaiti, mediasiya xərci kimi 60 manat pul vəsaiti, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil bürosuna ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi 8,20 manat olmaqla ümumilikdə 5579,31 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, müqavilə bağlandıqdan və əmlak rəsmi şəkildə alıcıya təhvil verildikdən sonra AKİA (Aqrar kredit və İnkişaf Agentliyi) tərəfindən 40% güzəşt məbləğinin ödənilməsindən imtina edilmişdir. İmtina belə əsaslandırılmışdır ki, “Alıcının” kənd-təsərrüfat təyinatlı əkin sahəsi yoxdur. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə yazılı qaydada 31 avqust 2022-ci il tarixdə 01/034/22 saylı məktubla məlumat verilmiş, lakin cavabdeh tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamışdır.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəşt tətbiq edilməyəcəyi təqdirdə həmin hissədə malların qalıq dəyərinin Alıcı Cavabdeh MMC tərəfindən qarşılanmalı olması və ya güzəşt tətbiq edilməyəcəyi təqdirdə müqavilə münasibətlərinə xitam verilməsi barədə müddəa nəzərdə tutulmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4079/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, tərəflər arasındakı müqaviləni etibarsız hesab edilməklə əvvəlki vəziyyətin bərpası məqsədilə yeni qətnamə qəbul etməyinizi xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, müqavilənin 1.1-ci bəndində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”na əsasən bağlanmış olduğu qeyd olmağına baxmayaraq, həmin Qaydalar, xüsusilə Qaydaların 4-cü maddəsində nəzərdə tutulmuş müddəalar gözlənilməyərək bağlanmışdır. Burada uyğunsuzluq AKİA-ya edilmiş müraciətlərdən daha əvvəl iddiaçının cavabdehi xx.xx.2020-ci il tarixdə müqavilə imzalanmağa təşviq etməsi, müraciətə dair (müsbət və ya mənfi) qərar əldə edilməmiş bağlanmasından ibarətdir. Göründüyü kimi bu hərəkəti ilə (cavabdehə güzəştin veriləcəyinə əmin etməklə onu vaxtından əvvəl müqavilə bağlamağa sövq etməklə) “Aqronaft" MMC (iddiaçı) güzəştin AKİA tərəfindən deyil, özü tərəfindən verildiyi şəraitini yaratmış və bununla da, cavabdehlə vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdin bağlanılmasına nail olmuşdur. Dolayısı ilə cavabdeh 7988,89 manat məbləğə avadanlıq almalı olduğu halda buna görə 5579,31 manat ödəməli olmuşdur. Həmçinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, güzəştin tətbiq edilməməsi halı ilə bağlı müqavilədə ümumiyyətlə hər hansı şərt nəzərdə tutulmamış və güzəştin tətbiq edilməyəcəyi təqdirdə cavabdehin hansı öhdəlik daşıyacağı göstərilməmişdir. Belə olan halda məhkəmənin müəyyən etdiyi həmin hal, yəni tərəflər arasında müqavilədə güzəşt tətbiq edilməyəcəyi təqdirdə cavabdehin iddiaçı qarşısında öhdəliyinin yerinə yetiriləcəyi və ya yetirilməyəcəyi barədə hər hansı müddəanın olmaması cavabdehin ziyanına dəyərləndirilə bilməz. Bundan başqa mübahisə predmetinin obyektiv araşdırılmasını təmin etmək məqsədilə 3-cü şəxs qismində cəlb olunmuş Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin məsələ ilə bağlı mövqeyi dinlənilmədən yekun qərar çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxsin nümayəndəsi X4 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

16. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

19. Belə ki, tərəflər arasında 18 dekabr 2020-ci il tarixdə, 045-20/AGN saylı alqı-satqı müqaviləsinin bağlanılması, ümumi dəyəri 12800 manat təşkil edən kənd təsərrüfat təyinatlı texnikanın cavabdehə təhvil verilməsi və sonuncu tərəfindən cəmi 7988,89 manat məbləğində ödənişin edilməsi işin mübahisəsiz hallarını təşkil edir.

20. İddiaçı ödənilməmiş 4811,11 manat məbləğində ödənişin həyata keçirilməsini tələb edir.

21. Cavabdeh isə bildirir ki, müqaviləyə əsasən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəşt tətbiq edilməyəcəyi təqdirdə həmin hissədə malların qalıq dəyərinin alıcı tərəfindən qarşılanmalı olması və ya güzəşt tətbiq edilməyəcəyi təqdirdə müqavilə münasibətlərinə xitam verilməsi barədə müddəa nəzərdə tutulmamışdır.

22. Kollegiya qeyd edir ki, ilk olaraq tərəflər arasında bağlanmış müqavilənin şərtləri təfsir edilməli və tərəflərin üzərinə düşən vəzifələr müəyyən edilməlidir.

23. Belə ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

24. Müqavilənin pretmeti ondan ibarətdir ki, “Kənd təsərüffatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, satıcı kənd təsərrüfat texnikalarını yerli istehsalat olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinə 40% həcmində güzəşt tətbiq etməklə alıcıya satır, alıcı isə həmin güzəşt tətbiq edildikdən sonra texnikanın qalıq dəyərini əvvəlcədən ödəyir və onu qəbul edir.

25. Müqavilənin 2.1.1-ci bəndinə görə Satıcı bu müqaviləyə əsasən müqavilənin 1.2-ci bəndində göstərilən məbləğ (7988,89 manat) ödənildiyi təqdirdə, texnikaları Alıcıya saz və komplektləşmiş şəkildə təhvil verir.

26. Müqavilənin 2.2.1-ci bəndinə görə Alıcı texnikanın güzəşt tətbiq edildikdən sonra 7988,89 manat məbləğində qalıq dəyərinin Satıcının hesabına tam ödənilməsini, təhvil-təslim aktı əsasında texnikanın qəbul edilməsini və Azərbaycan Respublikası ərazisində təyinatı üzrə istifadə edilməsini öz üzərinə götürür.

27. Müqavilənin qeyd olunan şərtlərini təfsir edərək kollegiya hesab edir ki, alqı-satqı müqaviləsinin predmeti olan texnikaya güzəştin tətbiq edilməsi ilə bağlı hərəkətlərə görə cavabdeh məsuliyyət daşıyır. Çünki o, texnikanın güzəşt tətbiq edildikdən sonra 7988,89 manat məbləğində qalıq dəyərini ödənilməsini və təyinatı üzrə istifadə edilməsini öz üzərinə götürmüşdür.

28. Hazırki işin mübahisəsiz halları isə ondan ibarətdir ki, alqı-satqı müqaviləsinin predmeti olan texnikanın əldə edilməsi ilə bağlı 40% güzəşt nəzərdə tutulsa da, araşdırılma zamanı cavabdehin kənd təsərrüfatı təyinatlı əkin sahəsinin olmaması səbəbindən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 40% güzəştin ödənilməsindən imtina olunmuşdur.

29. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini pozmuş və bunun nəticəsində iddiaçıya ödənilməli olan 4811,11 manat məbləğində pul vəsaiti ödənilməməklə sonuncuya zərər dəymişdir.

30. Belə olan halda isə iddiaçı Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. 31.Belə ki, həmin maddəsyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 32.Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının tələbləri əsaslıdır.

33. Cavabdehin iddiaya etirazında ifadə olunan dəlilləri isə əsassızdır. Belə ki, iddianın əsasını müqavilə üzrə öhdəliyin icrası deyil, öhdəliyin pozulmasına görə zərərin əvəzinin ödənilməsi təşkil edir. İddia ərizəsində də iddiaçı Mülki Məcəllənin alqısatqıya dair müddəalarına deyil, zərərin əvəzinin ödənilməsinə dair 21 və 443.1-ci maddələrinə istinad etmişdir.

34. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, cavabdeh birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsinin vacib əhəmiyyətli yanılma ilə bağlanması halına ümumiyyətlə istinad etməmişdir. Hazırda isə cavabdeh müqavilənin etibarsızlığı ilə bağlı yeni hallara istinad edir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır. Üçüncü şəxsin nümayəndəsinin birinci instansiya məhkəməsində iştirak etməməsi isə mübahisənin həlli baxımından əhəmiyyətli deyil. Eyni zamanda, apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsinin mövqeyi ondan ibarət oldu ki, cavabdeh əldə etdiyi texnikanı kənd təsərrüfatı məqsədləri üçün istifadə etmədiyi üçün 40% güzəşt tətbiq edilməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

36. Eyni zamanda, iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4079/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar