Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-183/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2-2(113)-7885/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə olan 7008,54 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 269 manat, İşsizlikdən Sığorta Fonduna olan 45,26 manat, İcbari Tibbi Sığorta Fonduna olan 195,58 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2-2(113)-7885/2024 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.
3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, məhkəmə qətnaməsində qeyd etmişdir ki, Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə ƏDV üzrə cari bəyannamə təqdim edilmiş, həmin bəyannamə ilə maraqlı şəxsin dövlət büdcəsinə olan borcunda 54601,51 manat azalma olmuş, 45616,33 manat artıq ödəmə yaranmış, kameral yoxlanılmalı məbləğ 8741,26 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən kameral yoxlanılmalı məbləğ 0 manat təşkil etmiş, beləliklə maraqlı şəxs tərəfindən edilən ödənişlər və təqdim edilən bəyannamələr əsasında sonuncunun dövlət büdcəsinə borcu qalmamışdır. Lakin, vergi ödəyicisi olan Maraqlı şəxs tərəfindən 2024-cü ilin oktyabr ayını əhatə edən əlavə dəyər vergisi üzrə cari bəyannəmə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Şəxsi hesab vərəqəsindən görünür ki, hələki əlavə dəyər vergisi üzrə cari bəyannaməyə vergi orqanı tərəfindən münasibət bildirilməmişdir. Maraqlı şəxsin borcu dövlət büdcəsinə ödəniş etdiyinə görə yox, hesabatlarında xx.xx.2024-cü il tarixində azalma verdiyi üçün həmin məbləğ sistemdə və şəxsi hesab vərəqəsində avtomatik olaraq azalmış görünməkdədir. Həmin hesabatlardakı azalmalar isə vergi orqanı tərəfindən təsdiqlənmədikcə, maraqlı şəxsin dövlət büdcəsinə olan borcu qalmaqdadır. Vergi ödəyicisinin verdiyi hər bəyannamə üzrə kameral vergi yoxlaması başa çatmadığı müddətcə həmin bəyannamənin göstəriciləri əsas götürülə bilməz. Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanının vergi ödəyicisinin öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulları vergi orqanının hüquq kimi göstərilmişdir. Həminüsullara vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakın, habelə daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması üçün məhkəməyə müraciət etmək nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan hansından istifadə edibetməmək isə vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Bu nöqteyi-nəzərdən vergi orqanıtərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və tədbirlərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılmasıməqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməməsi ilə bağlı sənədlərin ərizəyə əlavə edilməməsi məsələsinə münasibətdə qeyd etmək lazımdır ki, məhdudlaşdırcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Məhdudlaşdırıcı tədbirlərdən bu və ya digərinin seçilməməsi ilə bağlı vergi orqanının rəsmi sənəd təqdim etməsinə dair qanunverici tərəfindən imperativ norma müəyyən edilməmişdir. Vergi orqanı mövcud vergi borcunun alınması üçün ən effektiv olan və məqsədəmüvafiq hesab etdiyi üsulu seçmək hüququna malikdir. Belə olan halda da məlumdur ki, borcun alınması istiqamətində ən təsirli və tez nəticə verən tədbir məhz maraqlı şəxsin ölkədən getmək hüquqununun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkdir. İşin faktiki hallarından da göründüyü kimi vergi ödəyicisi vergi borcunun mövcudluğunu aylar öncədən bilməsinə baxmayaraq onun ödənilməsi istiqamətində hər hansı addım atmamış, yalnız vergi orqanıməhkəməyə müraciət etdikdən sonra məhdudlaşdırıcı tədbirdən yayınmaq məqsədiilə vergi borcunun azalmasına yönələn bəyannamə təqdim etmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmənin ərizəni təmin etməsi vergi ödəyi ci si ni n borcunun ödənilməsi istiqamətində əhəmiyyətli təsirə malik olacaqdı. Lakin məhkəmə ərizəni təmin etməyərək dolayısı ilə vergi ödəyicisinə vergi borcunu ödəməməyə imkan yaratmış, vergi orqanını vergi borcunun ödənilməsi üçün təsirli vasitələrinin birindən və ən vacibindən məhrum etmişdir. Beləliklə, məhkəmə ətraflı araşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cüil tarixli e-2-2(113)-7885/2024 nömrəli qətnaməsi qanuni və əsaslı deyildir. Məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalı olduğu halda ərizəçinin dəlillərinə lazımi hüquqi qiymət verməyərək vergi ödəyicisinin azalma ilə verdiyi bəyannaməni əsas götürmüş, iş üzrə faktiki halları nəzərə almayaraq məhkəmə baxışının prinsiplərinin pozuntusuna yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
9. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
14. İşdə olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2008-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti kafelərin fəaliyyətidir. Vergi orqanı tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 8838,83 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 2007,84 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 69,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 322,91 manat təşkil edir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 manat (kameral yoxlanılmalı məbləğ 8741,26 manat), Dövlət Sosial Müdafiə Fonduna olan borcu 2007,84 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 69,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 322,91 manat təşkil edir. Həmçinin görünür ki, xx.xx.2024-cü il tarixdə ƏDV üzrə cari bəyannamə təqdim edilmiş, həmin bəyannamə ilə maraqlı şəxsin dövlət büdcəsinə olan borcunda 54601,51 manat azalma olmuş, 45616,33 manat artıq ödəmə yaranmışdır. Şəxsi hesab vərəqəsinin sonunda kameral yoxlanılmalı məbləğ 8741,26 manat kimi göstərilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 manat (kameral yoxlanılmalı məbləğ 0 manat) təşkil edir. Həmçinin görünür ki, Dövlət Sosial Müdafiə Fonduna olan borca görə 2069,27 manat ödəniş edildikdən sonra 127,76 manat, İşsizlikdən Sığorta Fonduna olan borca görə 62,44 manat ödəniş edildikdən sonra 14,04 manat, İcbari Tibbi Sığorta Fonduna olan borca görə 348,65 manat ödəniş edildikdən sonra 5,18 manat borc qalmışdır.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi və müvafiq fondlara ödəmələr üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və müvafiq fondlara borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğinin tam ödənilməsi təmin edilməmişdir. Ərizə məhkəmənin icraatında olarkən maraqlı şəxs tərəfindən ödənişlər edilmiş, xx.xx.2024-cü il tarixdə ƏDV üzrə cari bəyannamə təqdim edilmiş, həmin bəyannamə ilə maraqlı şəxsin dövlət büdcəsinə olan borcunda 54601,51 manat azalma olmuş, 45616,33 manat artıq ödəmə yaranmış, kameral yoxlanılmalı məbləğ 8741,26 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən kameral yoxlanılmalı məbləğ 0 manat təşkil etmişdir. Maraqlı şəxs tərəfindən edilən ödənişlər və təqdim edilən bəyannamələr əsasında sonuncunun dövlət büdcəsinə borcu qalmamış, Dövlət Sosial Müdafiə Fonduna 127,76 manat, İşsizlikdən Sığorta Fonduna 14,04 manat, İcbari Tibbi Sığorta Fonduna 5,18 manat borcu qalmışdır.
16. Məhkəmə 06 noyabr 2024-cü il tarixdə ərizəçiyə müraciət ünvanlayaraq göstərmişdir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə çap edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə ƏDV üzrə cari bəyannamə təqdim edilmiş, həmin bəyannamə ilə maraqlı şəxsin dövlət büdcəsinə olan borcunda 54601,51 manat azalma olmuş, 45616,33 manat artıq ödəmə yaranmışdır. Həmçinin şəxsi hesab vərəqəsinin sonunda kameral yoxlanılmalı məbləğ 8741,26 manat kimi göstərilmişdir.
17. Həmin məktubda qeyd edilən məsələlərinin aydınlaşdırılması və vergi ödəyicisinin hazırkı tarixə borcunun olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci və 184.1-ci maddəsinə uyğun olaraq sübutların təqdim edilməsi, ərizəçinin mövqeyinin (müvafiq yoxlamanın həyata keçirilibkeçirilməməsi, vergi ödəyicisinin borcunun nə qədər təşkil etməsi) bildirilməsi təklif olunmuşdur. Lakin ərizəçi müvafiq təklifə dair hər hansı mövqe bildirməmiş, maraqlı şəxsin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə çap edilmiş şəxsi hesab vərəqələrini təqdim etmişdir. Həmin şəxsi hesab vərəqələrində isə maraqlı şəxsin dövlət büdcəsinə olan borcu 0 manat (kameral yoxlanılmalı məbləğ 0 manat) göstərilmişdir.
18. Göründüyü kimi, vergi orqanı xx.xx.2024-cü il tarixdə ƏDV üzrə cari bəyannamə üzrə müvafiq yoxlamanın həyata keçirilib-keçirilməməsi, vergi ödəyicisinin borcunun nə qədər təşkil etməsi ilə bağlı mövqeyini ifadə etməmiş, maraqlı şəxsin dövlət büdcəsinə borcunun olmamasını təsdiq edən şəxsi hesab vərəqələrini təqdim etməklə kifayətlənmiş, həmin vərəqələrə əsasən borcun olmadığı təsdiq edilmişdir.
19. Digər tərəfdən, maraqlı şəxs mülkiyyətində 2012-ci il buraxılışı “Kia Sorento” minik markalı 99EL011 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olmasını təsdiq edən qeydiyyat şəhadətnaməsini məhkəməyə təqdim etmişdir.
20. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
23. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.
24. Bu mənada nəzərə alınmalıdır ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və tədbilərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Əksinə, maraqlı şəxs mülkiyyətində daşınar əşyanın olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir.
25. Maraqlı şəxs vergi orqanının bildirişlərinə biganə qalmayaraq ərizədə göstərilən müvafiq fondlara olan borcları tam ödədiyindən, qalıq borclar ərizə məhkəmənin icraatında olarkən hesablanmış borclar olduğundan, vergi orqanı tərəfindən vergi borcunun olmasını təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən, həmçinin qalıq borc məbləği cüzi həcmdə olduğundan və vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər üzrə məhkəmə tərəfindən qanuni və əsaslı şəkildə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkəmənin arqumentləri ilə razılaşaraq hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasiblik meyarına cavab vermədiyindən məhkəmə düzgün nəticəyə gəlmişdir.
27. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2-2(113)-7885/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.