Məhkəmə qərarları › İş №2-2(103)-184/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-184/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-184/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı1 MMC-nin (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı əmlakın təhvil verilməsi və sair tələblərə dair ilk, cavabdehin iddiaçıya qarşı pul tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1973/2021 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, müqavilə öhdəliyinin icra edilməsi və ona məxsus NEW HOLLAND D255 model buldozerin təmir edilərək təhvil verilməsinin cavabdehə həvalə edilməsi, 2019-cu ilin aprel ayından hazırkı müddətədək cavabdeh tərəfindən aparılmış təmir işləri üzrə hesablanmış usta pulu və ehtiyat hissələrinə çəkilmiş xərclərin cavabdehə aid edilməsi, 2019-cu ilin aprel ayından bu günədək ödənilmiş icarə haqqının əvəzi olan 90.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması, məhkəmə xərci (dövlət rüsumu və vəkilə ödənilmiş xərclər) və digər cari xərclərə görə 1.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 10.10.2016-cı il tarixli TXM-00034/16 nömrəli “Texniki xidmət müqaviləsi”nə əsasən 11.210 manat məbləğdə əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 1.876,5 manat cərimə məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi və ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsi ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçıdan “texniki xidmət” müqaviləsinə əsasən 3.845,28 manat əsas borcun və 384 manat cərimənin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı ilk iddia rədd edilən və qarşılıqlı iddia təmin edilən hissədə ləğv edilib, ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın tam rədd edilməsini, cavabdeh qarşılıqlı iddia rədd edilən hissədə ləğv edilib, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-260/2021 nömrəli iş üzrə 08.04.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 361/2021 nömrəli iş üzrə 09.09.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsi qismən qarşılıqlı iddia təmin edilməyən hissədə ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin 09.09.2021-ci il tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı Kommersiya Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsi də həmin andan ilk iddia rədd edilən və qarşılıqlı iddia qismən təmin edilən hissələrdə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız cavabdehin şikayəti təşkil edir. Cavabdehin şikayətinin dəlillərinə görə, məhkəmə qətnamədə iddiaçıya məxsus texnikanın təmirinə görə açılmış 25.04.2019-cu il tarixli GM11624 nömrəli Təmir aktına əsasən hesablanmış 3.845,28 manat hissədə iddianı təmin etmiş, 20.05.2019-cu il tarixli GM11804 nömrəli Təmir aktına əsasən hesablanmış 7.364,72 manat hissədə isə qarşılıqlı iddianı rədd etmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə yaranmış, təhvil verilmiş xidmət üzrə ödənilməmiş borcun tutulmasını tələb etməkdə haqlıdır. 20.05.2020-ci il təmir aktı üzrə isə təhvil verilmə həyata keçirilmədiyindən həmin hissədə cavabdehin tələbi təmin edilməməlidir. Lakin cavabdeh tərəf məhkəmə iclasında da bildirmişdir ki, texnika təmir edilsə də, onun təhvil verilməsi üçün qarşılıqlı iddia üzrə cavabdehə dəfələrlə şifahi və elektron poçt üzərindən müraciətlər edilmiş, cavabdeh isə hər dəfə müxtəlif bəhanələr gətirərək, texnikanı təhvil almamışdır. Bundan əlavə, 16.11.2020-ci il tarixdə texnikanın təhvil alınması üçün iddiaçıya rəsmi müraciət edilmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh yenə də texnikanı təhvil almamışdır. Beləliklə, cavabdeh öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, lakin iddiaçının öz texnikasını hələ də təhvil almaması onun öz laqeydliyi üzündən baş vermişdir və qarşılıqlı iddianın tam təmin olunmaması üçün əsas deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Cavabdehin iddiaçıya qarşı qaldırdığı qarşılıqlı iddianın əsaslarına görə, tərəflər arasında bağlanmış 10.10.2016-cı il tarixli TXM-00034/16 nömrəli Texniki xidmət müqaviləsinə əsasən iddiaçıya məxsus olan texnikalara cavabdehin servis mərkəzində xidmət göstərilmiş və bu xidmətlərə görə iddiaçı ayrı-ayrı vaxtlarda ödənişlər etmişdir. Lakin 20.05.2019-cu il tarixli GM11804 nömrəli təmir aktına əsasən iddiaçıya 7.364,72 manat dəyərində (edilmiş 50% endirim də nəzərə alınmaqla) xidmətlər göstərilsə də, adıçəkilən təmir aktları üzrə iddiaçı heç bir ödəniş həyata keçirməmişdir. Qeyd olunan müqavilənin 4.7-ci bəndində ödənişlərin gecikdirildiyi hər günə görə 0,1% cərimə nəzərdə tutulmuşdur. Bununla da, ödənişlərin gecikdirilməsinə görə, cavabdeh 1.876,50 manat məbləğdə cərimə ödəməlidir. Xidmət müqaviləsinin predmetinə görə, sifarişçi iddiaçının təyin etdiyi məsul şəxsin tapşırığına əsasən icraçı cavabdeh sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İşin mübahisələndirilən halları isə ondan ibarətdir ki, sifarişçi iddiaçı ona məxsus «NEW HOLLAND D255» modelli buldozeri təmir olunması üçün cavabdeh icraçıya təhvil vermiş, lakin sonuncu tərəfindən təmir işləri qüsurlu görülmüşdür. Ali Məhkəmənin 09.09.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “56. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, mübahisəli texnikanın təhvil alınması üçün ilkin iddiaçıya dəfələrlə yazılı müraciətlər edilmiş və bunu sübut edən məktublar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə sübutlara qiymət verərkən bu məktublara münasibət bildirməmiş, MM-in 756.1 və 770-ci maddələrinin tələblərini nəzərə almamışdır.

57. Cavabdehin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Lakin həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir.

58. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur (MPM-in 392-ci maddəsi).

59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (“İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarı)

60. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, «….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. ... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.”

61. Elektron işin materiallarından aydın olur ki, cavabdeh, mübahisəli texnikanın təhvil verilməyə hazır olması ilə bağlı ilkin iddiaçıya müraciətlərini apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, həmin sənədlər 2021-ci il 04 mart tarixində məhkəmə tərəfindən elektron qaydada təhvil alınmasına baxmayaraq, onların sübut kimi qəbul edilibedilməməsi məsələsi məhkəmə iclasında müzakirə edilməmiş, bununla da MPM-in 10-1.8, 88 və 372-ci maddələrinin tələblərinə əməl edilməmişdir.

62. Bundan əlavə, nəzərə alınmalıdır ki, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (MM-in 756, 770-ci maddələri).

63. Məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı qarşılıqlı iddianın təmin olunmayan hissəsinə MM-in 756, 770-ci maddəsinin dispozisiya şərtlərinin olub-olmaması müəyyən edilməklə qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının 56 və 57-ci bəndlərində şərh edilən göstərişlərin icrası bağlı bildirir ki, işin 115-ci vərəqində olan, cavabdehin iddiaçıya ünvanladığı 16.11.2020-ci il tarixli 1642 nömrəli bildirişdə “NEW HOLLAND D255” modelli buldozeri sınaqdan keçirmək və təhvil almaq üçün yerin və vaxtın təyin edilməsinə dair 10 gün ərzində məlumat verilməsi tələb edilmişdir. Elektron məhkəmə informasiya sistemindən müəyyən olunur ki, həmin bildiriş sistemə 15.12.2020-ci il tarixdə, yəni birinci instansiya məhkəmə tərəfindən 19.10.2020-ci il tarixdə qətnamə qəbul edildikdən sonra yüklənmişdir. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh 16.11.2020-ci il tarixli 1642 nömrəli bildirişin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, həmin bildiriş sübut kimi qəbul edilə bilməz. Digər bu qəbildən bildiriş və məktublar işdə mövcud deyil. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının 61-ci bəndində şərh edilən göstərişlərin icrası ilə bağlı da eyni mövqedən çıxış edərək, cavabdehin 04.03.2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 03-05.02.2021-ci il tarixli aktları sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının 62-ci bəndində şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur; Maddə 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır; Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşdən müəyyən edilir ki, cavabdeh 20.05.2019-cu il tarixli GM11804 nömrəli təmir aktına əsasən iddiaçıya 7.364,72 manat dəyərdə xidmətlər göstərmiş, sifarişi yerinə yetirmiş, lakin iddiaçı həmin işi qəbul etmək məqsədilə mübahisəli texnikanın saxlandığı yerə gəlib, sınaqdan keçirərək, əmlakı cavabdehdən götürməmişdir. Göstərilmiş xidmətlərin dəyəri işdə olan, cavabdehin iddiaçıya təqdim etdiyi EBAQ 447527 nömrəli 25.09.2020-ci il tarixli qüvvədə olan elektron qaimə ilə də təsdiq olunur, hansına ki, iddiaçı 5 gün ərzində etiraz edə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, öz materialları (ehtiyat hissələri) ilə icra edilən podrat müqaviləsinə əsasən razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı götürdüyü öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan iddiaçı (sifarişçi) müqavilə üzrə cavabdehə (podratçı) olan əsas borcunu ödəməlidir. Belə ki, iş materialları ilə təsdiq olunduğu kimi, cavabdeh (podratçı) xidmət göstərdiyi mübahisəli texnikanı iddiaçıya (sifarişçi) təhvil verməyə hazır olsa da, iddiaçı görülmüş işləri qəbul etməli olduğu halda, həmin işləri qəbul etməmişdir. Bu halda isə qanunvericiliyə əsasən iş qəbul edilmiş sayılır. Odur ki, məhkəmə kollegiyası qarşılıqlı iddianın göstərilmiş xidmətlərin dəyəri olan 7.364,72 manat hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Həmin məhkəmə iddianı bu hissədə rədd edərkən “20 may 2020-ci il təmir aktı üzrə isə təhvil verilmə həyata keçirilmədiyindən həmin hissədə Cavabdeh MMC-nin tələbi təmin edilməməlidir.” barədə qənaətə gəlsə də, onun bu mövqeyi təhvil verilmə sırf iddiaçının hərəkətsizliyi ilə bağlı olduğundan, doğru deyil. Qarşılıqlı iddia gecikdirilmiş günlərə görə hesablanmış 1.876,5 manat cərimə məbləği tələbinə dair hissədə isə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin qarşılıqlı iddia rədd edilən hissədə ləğv edilib, qarşılıqlı iddianın tam təmin edilməsi xahiş edilsə də, şikayət gecikdirilmiş günlərə görə hesablanmış 1.876,5 manat cərimə məbləği tələbi ilə bağlı hər hansı dəlil ehtiva etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamə yalnız qarşılıqlı iddia rədd olunan hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmışdır. MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia rədd edilən hissədə ləğv edilməli (MPM-in 385.1.4 və 390-cı maddələri), həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə olunan qaydada qismən təmin ediməli (MPM-in 384.0.2-ci maddəsi), cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1973/2021 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi yoxlanılan - qarşılıqlı iddia rədd edilən hissədə qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia qismən təmin edilsin. İddiaçı1 MMC-dən 7.364,72 manat (yeddi min üç yüz altmış dörd manat yetmiş iki qəpik) məbləğdə pul tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov İlham Kərimli Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar