Məhkəmə qərarları › İş №2-2(103)-185/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-185/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-185/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” X5rşı «sığorta ödənişinin gecikdirilməsi nəticəsində dəymiş zərərin, dəbbə pulunun cavabdehdən tutulması» tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-252/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sığorta ödənişinin gecikdirilməsi nəticəsində vurulmuş ziyan qismində 5.275,96 manat, dəbbə pulu qismində 17.506,61 manat pulun və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 22.812,57 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh “xxxxxxxxxxxxx” ASC ilə xx xxxx 2014-cü il tarixdə nəqliyyat vasitələrinin kompleks sığortası haqqında müqavilə bağlamış və bunun əsasında sığorta şəhadətnaməsi almışdır. xx xxxx 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin sığorta şəhadətnaməsi ilə sığortalanmış iddiaçıya məxsus “Nissan Navara” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız hala düşmüşdür. Baş vermiş hadisə ilə bağlı “xxxxxxxxxxxx” ASC-yə dərhal müraciət edilmiş, lakin cavabdeh avtomobilin real bazar dəyərini ödəməkdən imtina etdiyindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMC cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı “sığorta haqqı məbləğinin müəyyən edilməsi və ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı İnzibati-İqtisad Məhkəməsi 2-2(82)-258/2016 saylı iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə “xxxxxxxxxxxxx” ASC-dən cəmi 18370 manat tutularaq İddiaçı MMC-yə ödənilməsini qət etmişdir. Cavabdeh qət olunmuş məbləğin ödənilməsini gecikdirmək məqsədilə bu qətnamədən bütün mümkün instansiyalara müraciət etmiş, lakin digər instansiyalarda da 1-ci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qətnaməyə əsasən Nərimanov rayon İcra Şöbəsində icraata başlamaq haqqında xx xxx 2017-ci il tarixli qərar qəbul edilmiş və cavabdehə qətnaməni könüllü icrası üçün 10 gün müddət verilmişdir. Lakin cavabdeh “xxxxxxxxxxxxx” yenə də mülki prosessual qanunvericiliyin bütün imkanlarından sui-istifadə edərək ödənişi həyata keçirtməyi ləngitmişdir. Nəhayət, xx xxxxxx 2018-ci il tarixində Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx/xx-1647xx/xx-1827/11 saylı qərarı ilə cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin bank hesablarına inkasso sərəncamları qoyulduqdan sonra “xxxxxxxxxxxxx” ASC məcburiyyət qarşısında qalıb xx xxxxxx 2018-ci il tarixində ödənişi həyata keçirmişdir. Lakin hesab edilir ki, sığorta ödənişinin ödənilməsi tərəflərin arasında bağlanmış sığorta müqaviləsi ilə cavabdehin üzərinə düşən öhdəliklərin tam icrası ilə nəticələnmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə görə, sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Sığorta Şəhadətnaməsinə əlavə edilən Nəqliyyat vasitələrinin (Kasko) sığortası Qaydalarının 10.5-ci bəndinə görə isə, sığortaçı sığorta ödənişi tələb olunan sənədlərin təqdim olunması tarixindən 10 iş günündən gec olmayaraq faydalanan şəxsə ödəməlidir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh sığorta ödənişini gecikdirərək 3 il sonra həyata keçirmiş, bununla da, özünün tərtib etdiyi və tərəf olduğu müqavilənin, həmçinin qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MM-in 390 və 399.1-ci maddələrinə əsasən, müqavilə ilə müəyyənləşdirilmiş şərtlər tərəflər üçün məcburi - imperativ xarakter daşıyır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması, yaxud lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, müqavilə üzrə digər şərtləri pozmaqla icra etməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü müəyyən edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı gecikdirmiş sayılır. İddiaçının sığorta hadisəsinin baş verməsi ilə bağlı sənədlərin sığortaçıya təqdim edilmə gününün xx.xx.2015-ci il olduğu nəzərə alınarsa, sığorta ödənişinin köçürülməsi üçün son iş günü xx.xx.2015-ci il tarixidir. Bu tarixə qədər cavabdeh öz müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə öhdəliyin icrasını gecikdirmiş hesab edilir. Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2018-ci il tarixində 11% illik uçot faiz dərəcəsi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər uçot faiz dərəcəsi hesablandıqda, illik 18,370.00 manat x 11% = 2,020.70 manat, 2 il 7 ay 7 günə görə 5,275.96 manat faiz ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü bəndinə, “Sığorta haqqında” Qanunun 35-ci maddəsinə görə, sığortaçı sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.2 faizi miqdarında dəbbə pulu (cərimə) ödəməlidir. Bu səbəbdən də, cavabdeh müqavilə üzrə sığorta ödənişi üçün sonuncu gündən, yəni xx.xx.2015-ci il tarixindən etibarən xx.xx.2018-ci il tarixinə qədər ödənişi gecikdirdiyi hər gün üçün 18,370.00 manatın 0.1 faizini, yəni 18,37 manat olmaqla 953 gün x 18,37 manat = 17,506.61 manat dəbbə pulunu iddiaçıya ödəməlidir. Beləliklə, cavabdeh iddiaçıya 5,275.96 manat faiz və 17.506,61 manat dəbbə pulu olmaqla 22.782,57 manat məbləğində pul ödəməlidir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddia ərizəsinin məhkəmə tərəfindən əsassız olaraq təmin edilmədiyi göstərilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-493/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-252/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh “xxxxxxxxxxxxx” X11 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2 (102)- 573/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-493/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2 (82)-252/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə xx.xx.2014-cü il tarixdə bağlanmış sığorta müqaviləsi əsasında sığortalanmış “Nissan Navara” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyana görə cavabdeh tərəfindən təklif olunan sığorta ödənişi məbləği ilə bağlı yaranmış, sığorta şirkəti sığorta hadisəsi nəticəsində vurulmuş ziyana görə 10.000 manat sığorta ödənişi təklif etmiş, iddiaçı sığorta ödənişinin məbləği ilə razı olmadığından “xxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, 2 saylı İnzibati- İqtisad Məhkəməsinin 2-2(82)-258/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “xxxxxxxxxxxxx” ASC-dən İddiaçı MMC-nin xeyrinə 17.850 manat məbləğdə sığorta ödənişi, 500 manat hüquqi xidmət göstərilməsi ilə əlaqədar xərcin əvəzi, 20 manat dövlət rüsumunun tutulması qət edilmiş, apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlamışdır. İş materiallarına əlavə edilmiş 60 saylı xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2 saylı İnzibati- İqtisad Məhkəməsinin 2-2(82)-258/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə icra edilmişdir. İddiaçı hazırkı iddia ilə sığorta ödənişinin qanunla müəyyən edilmiş müddətdə ödənilməməsinə görə dəbbə pulu və dəymiş zərərin ödənilməsini tələb edir. İddianın hüquqi əsası kimi aşağıdakı normalara istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsi əsasında xx.xx.2018-ci il tarixdə iddiaçıya ödənilmiş pul məbləğinə (17.850 manat məbləğdə sığorta ödənişi, 500 manat hüquqi xidmət xərci) xx.xx.2015-ci il tarixdən dəbbə pulu və MM-nin 449.1-ci maddəsinə əsasən faiz hesablanması və tutulmasına dair iddiaçının tələbi əsassızdır. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul edilmiş 2-2 (102)-573/19 saylı, xx.xx.2019-cu il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə qətnaməsi əsasında iddiaçının xeyrinə tutulmuş 500 manat hüquqi xidmət xərcinə MM-nin 934.2-ci maddəsinə əsasən dəbbə pulu hesablanması ümumiyyətlə əsassızdır. Həmin normaya əsasən dəbbə pulu yalnız vaxtında ödənilməmiş sığorta ödənişi məbləğinə hesablana bilər. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, “xxxxxxxxxxxxx” ASC iddiaçıya baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin ödənilməsindən imtina etməmiş, iddiaçı təklif edilən məbləğlə razı olmadığı üçün həmin ödənişi qəbul etməmiş və cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında sığorta ödənişin məbləği ilə bağlı mübahisə üzrə yekun məhkəmə qərarı xx.xx.2017-ci il tarixdə icraya yönəldilmişdir.(iş. mat. 10-cu vərəq) İşdən eyni zamanda görünür ki, “xxxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmış avtomobilin qalıqlarının kimdə qalmalı olması məsələsinin həll olunması üçün qətnamənin izah olunması barədə ərizə verildiyindən Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 8-2(82)- 23 8/2017 saylı qərardadı ilə təqdimat təmin edilmiş və icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilmişdir. Həmin qərardaddan “xxxxxxxxxxxxx” ASC kassasiya şikayəti vermiş və xx xxxxxx 2018-ci il tarixdə Ali Məhkəmənin 2-2( 102)- 87/2018 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Sığorta ödənişinin ödənilməsi ilə bağlı icra sənədi təzələnən tarixdə yəni, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı qəbul edildiyi vaxtda sözügedən sığorta ödənişi artıq İddiaçı MMC-nin hesabına köçürülmüşdü. Göründüyü kimi, cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə sığorta ödənişinin ödənilməməsi tərəflər arasında ödənişinin məbləği barədə razılaşmanın əldə edilməməsi və mübahisə üzrə məhkəmə icraatının həyata keçirilməsi ilə əlaqədar olduğundan cavabdehin öhdəliyin icrasının gecikdirilməsində təqsirli olduğu müəyyən olunmur. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə kollegiyası iş üzrə qəbul edilmiş qətnaməni, cavabdehdən MM-nin 449-cu maddəsinə əsasən 5,275.96 manat faiz tutulmasına dair tələbin rədd edilməsi hissəsində də əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449- cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında deyilir ki, «həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama». Sözügedən qərarda daha sonra göstərilmişdir ki, «Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni, təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər». İş araşdırılan halları ilə cavabdeh tərəfindən sığorta ödənişinin qanunsuz gecikdirdirildiyi və sığorta şirkətinin həmin məbləğdən faydalandığı müəyyən olunmur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 385.2.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)- 252/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-252/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar