Məhkəmə qərarları › İş №2-2(103)-185/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-185/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-185/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması . Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4414/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 2021-ENYU- 0029 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 68244,53 manat dəyərində mallar (tikinti materialları) cavabdehə təhvil verilmiş, cavabdeh malların dəyərindən 10410,18 manat hissəsini ödəmişdir.

2. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, EBBM seriyalı 538677 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 28753,54 manat, EBBN seriyalı 274962 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 6653,43 manat, EBBN seriyalı 300926 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 10864,72 manat, EBBO seriyalı 651792 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 2076,69 manat, EBBP seriyalı 029404 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 2652,81 manat, EBBP seriyalı 944180 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 6501,80 manat, EBBN seriyalı 783030 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 10741,54 manat dəyərində mal təhvil verilmiş, elektron qaimələr cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsi əsasında yaranmış 57834,34 manat əsas borc, həmin borca illik beş faiz hesablanmaqla 2172,10 manat faiz məbləği və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslanmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 2021-Enyu-0029 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə və qiymət razılaşma protokollarına əsasən iddiaçı tərəfindən cavabdehə 68244,53 manat (əlavə dəyər vergisi daxil) dəyərində mal verilməsi nəzərdə tutulmuş və həmin mallar elektron qaimə əsasında cavabdehə təhvil verilmişdir. Cavabdeh yalnız mallarının dəyərinin əlavə dəyər vergisini təşkil edən 10410,18 manat hissəsini ödəmiş, hal-hazırda isə 57834,34 manat əsas borcu qalmışdır. Müəyyən məbləğin ödənməsi cavabdeh tərəfindən malların təhvil alındığını göstərir, lakin cavabdeh malların dəyərini tam ödəməli olduğu halda öhdəliyin icrasından boyun qaçırır. Həmçinin cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçıya ziyan dəymiş, bunun nəticəsi olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz həcmində olmaqla cavabdehin 2172,10 manat faiz məbləği ödəmək öhdəliyi yaranmışdır.

5. Cavabdehin qanuni təmsilçisi Duman Sinan məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, sözügedən müqavilə və borcu qəbul edir. Cavabdeh mallarının dəyərinin əlavə dəyər vergisini təşkil edən 10410,18 manat hissəsini ödəmiş, lakin pandemiya, maddi çətinliklər səbəbindən qalan 57834,34 manat borcu ödəyə bilməmişdir. Borcun bir hissəsinin naturada ödənilməsi məqsədi ilə cavabdeh öz anbarından müəyyən malları 15 iyul 2022-ci il tarixdə iddiaçıya təhvil vermişdir, lakin əvəzləşmə hələ də yekunlaşmamışdır. Məhkəmənin sualına cavab olaraq isə bildirmişdir ki, müəyyən malların təhvil verilməsi anbardarların imzası ilə təsdiq olunmuş, sənədləşmə lazımi qaydada həyata keçirilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4414/2022 saylı qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutu qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə təqdim etməmişdir. Məhkəmənin baxış iclasında isə malın verilməsi ilə bağlı olduğunu qeyd etdiyi qəbz təqdim etmiş, lakin qəbzi elektron kabinet vasitəsi ilə təqdim etməmişdir. Elektron kabinet vasitəsi ilə təqdim olunmadığından və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutun təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığından məhkəmə qeyd olunan qəbzi sübut kimi qəbul etməmişdir.

8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya müəyyən malların təhvil verildiyi, həmin malların məhz hazırkı iş üzrə tələb olunan pul vəsaitinin bir hissəsinin əvəzləşdirilməsi üçün tərəflərin razılaşması ilə verildiyi mötəbər sübutlarla təsdiq olunmur. İddiaçı isə belə bir halın mövcudluğunu, ümumiyyətlə, qəbul etmir. Belə olan halda, cavabdehin etirazı əsaslı hesab oluna bilməz.

9. Pul öhdəliyinin gecikdirilməsinə görə faiz tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, müqavilə üzrə pul öhdəliyinin icrasını gecikdiridiyinə görə (malların 7 qaimə üzrə təqdim olunduğu və ƏDV-nin ödənildiyi nəzərə alınmaqla) illik 5 faiz olmaqla 2172,10 manat ((24367,41x5%):100% (1 illik 1218,37 manat) :365 gün (1 gün 3,338 manat) x290=968 manat; ((5638,5x5%):100% (1 illik 282 manat) :365 gün (1 gün 0,772 manat) x276=213 manat; ((9207,39x5%):100% (1 illik 460,37 manat) :365 gün (1 gün 1,26 manat) x276=348,11 manat; ((9103x5%):100% (1 illik 455,15 manat) :365 gün (1 gün 1,24698 manat) x269=335,43 manat; ((1759,9x5%):100% (1 illik 88 manat) :365 günx254=61,23 manat; ((2248,14x5%):100% (1 illik 112,40 manat) :365 gün (1 gün 0,30795 manat) x246=75,75 manat; ((5510x5%):100% (1 illik 275,5 manat) :365 gün (1 gün 0,75479) x226=170,58 manat; 170,58+75,75+61,23+335,43+348,11+213+968=2172,10 manat) pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4414/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında danışıqlar gedib və bəzi mallar təqdim edilərək əvəzləşmə aparılmışdır. Lakin iddiaçı bu halı danır. Belə ki, elə məhkəmə qətnaməsində hakim özü də qətnamənin İV-cü hissəsinin sübutların tədqiqi və məhkəmənin mövqeyi bölməsinin 19-cu bəndində bildirir ki, cavabdeh etirazın əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutu qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə təqdim etməmişdir. Məhkəmənin baxış iclasında isə malın verilməsi ilə bağlı olduğunu qeyd etdiyi qəbz təqdim etmiş, lakin qəbzi elektron kabinet vasitəsilə təqdim etməmişdir. Elektron kabinet vasitəsilə təqdim olunmadığından və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutun təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığından məhkəmə qeyd olunan qəbzi sübut kimi qəbul etməmişdir. Deməli məhkəmə özü belə dolayı faktı görür, sadəcə prossesual olaraq sübut kimi qəbul etmir. Malları cəmiyyətin anbardarı vəzifəsində işləyən X1 şəxsən təhvil vermişdir. Cavabdeh onu şahid qismində məhkəməyə dəvət edə bilər. 20000 manat məbləğində mallardır. Eyni zamanda 17000 manat başqa şəxs bizim borca görə iddiaçıya ödəmişdir. Sadəcə cavabdehə akt verməyi söz veriblər. Cavabdeh sübutu e-məhkəmə portalından keçirməməsinin və hazırlıqda təqdim etmədiyi səbəblərdən birincisi elə məhkəmənin vaxtında cavabdehə tərcüməçi verməməsi olmuşdur. Cavabdehin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları nəzərə almamış ümumiyyətlə qəbul etməkdən imtina etmişdir.İddiaçı tərəfindən göstərilənlərlə sübutları tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, xx.xx.2023-cü il tarixə təxirə salınmış, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir.

13. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddə-alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddə-alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə-əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi:

77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. [112] 78.1-1-ci maddə- “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 217.5-ci maddə- bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-4414/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 2021-ci ilin noyabr və dekabr aylarında 68244,53 manat dəyərində mal almış, malların dəyərindən 10410,18 manat hissəsini ödəmiş, 57834,34 manat borc ödənilməmişdir.

18. Cavabdehin apellyasiya şikayətinin bir dəlili bundan ibarətdir ki, cavabdehin qanuni təmsilçisi Azərbaycan dilini başa düşmədiyi halda hazırlıq iclasında məhkəmə prosessual pozuntuya yol verilərək onu tərcüməçi ilə təmin etmədiyindən o sübutları həmin mərhələdə təqdim etməli olduğunu bilməmişdir. Apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehin qanuni təmsilçisi Sinan Dumana məhkəmə tərəfindən tərcüməçi dəvət edilməsinə zərurət olub olmadığı soruşulmuş, Qanuni nümayəndə tərcüməçiyə ehtiyac olmadığını, azərbaycan dilini başa düşdüyünü bildirmişdir. Bundan əlavə işdəki məhkəmə iclas protokolundan görünür ki, işə birinci instansiya instansiya məhkəməsində baxılarkən xx.xx.2022-ci il tarixli hazırlıq iclasında Qanuni nümayəndə hakimin tərcüməçiyə ehtiyacı olub-olmadığı ilə bağlı sualına azərbaycan dilini bildiyi və başa düşdüyü üçün tərcüməçiyə ehtiyac olmadığını bildirmişdir.

19. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, borcun əvəzinə iddiaçıya 20000 manat məbləğində mal vermiş, 17000 manat məbləğində vəsait isə üçüncü bir şəxs tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh bu dəlillərlə bağlı birinci instansiya məhkəməsinə elektron məhkəmə sisteminə yüklənməklə hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin baxış iclasında borc əvəvzinə verilmiş mallara dair üzərində zəruri rekvizitləri olmayan qaimə təqdim etmiş, lakin sübut elektron kabinet vasitəsi ilə təqdim edilmədiyindən və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra təqdim edildiyindən qəbul etməmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi MPM-nin 78 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş və hər hansı pozuntuya yol verilməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsinin apellyasiya şikayətinə əlavə etdiyi adi yazılı sənəd formasında tərtib edilmiş həmin qaimələr sübut kimi qəbul edilmiş olsaydı belə, cavabdehin dəlillərini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməzdi. Belə ki, qaimələrin üzərində iddiaçının möhürü olmadığından malları təhvil almış “Rövşən” adlı şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olduğu müəyyən olunmur. 21 İşə baxmış məhkəmə tərəfindən qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-4414/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4414/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar