Məhkəmə qərarları › İş №2-2(103)-185/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-185/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-185/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, pul tələbi, alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-6860/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında bağlanmış 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya yük avtomobilləri üçün ehtiyat hissələri, motor və sürtkü yağları və digər bu kimi mallar satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir (1.1). Malın növü, çeşidi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur (1.2). Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir (2.1). “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən sifariş edilmiş mal 10 (on) təqvim günü ərzində “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür (4.1). “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir (4.2). “Satıcı” Müqaviləyə əsasən sifariş edilmiş mallar üzrə sənədləri (hesabfaktura, qaimə faktura və digər zəruri sənədlər) “Alıcı”ya təqdim etməlidir. İlkin alqı-satqı əməliyyatlarında təqdim edilmiş mallara görə ödəniş öncədən həyata keçirilir. Növbəti əməliyyatlarda göstərilmiş məbləğ mallar təhvil verildikdən sonra növbəti 5 (beş) gün ərzində köçürmə yolu ilə ödənilir (5.1). Malların satış qiyməti üzərinə vergilər əlavə olunur və hesab faktura ilə birlikdə satıcıya təqdim edilir (5.2).

2. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarından görünür ki, xx.xx.2023-cü il tarixli 01/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 8337,88 manat, xx.xx.2023-cü il tarixli 02/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 3439,7 manat, xx.xx.2023-cü il tarixli 03/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 94,4 manat olmaqla ümumilikdə ƏDV daxil 11871,98 manat dəyərində mal cavabdehə təqdim edilmişdir.

3. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDJ 124916 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8337,88 manat, xx.xx.2023-cü il tarixli EBDM 248418 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3439,7 manat, xx.xx.2023-cü il tarixli EBDQ 890236 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 94,4 manat olmaqla ümumilikdə ƏDV daxil 11871,98 manat dəyərində malın verilməsi üçün tərtib edilmişdir.

4. İş materiallarına əlavə edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 29 may 2023-cü il tarixli 01 nömrəli üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 7119,26 manat borc mövcuddur.

Birinci instansiya məhkəməsində icraat

5. Kreditor İddiaçı (bundan sonra İddiaçı MMC) məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra "xxxx" MMC) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7119,26 manat əsas borcun və ödənilmiş 91,2 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor ilə borclu bağlanmış 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsinə əsasən borclu malları almağın əvəzində ödənişlər edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən borclu kreditordan yük avtomobilləri üçün ehtiyat hissələri və digər mallar satın almışdır. Satın alınan mallar müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş və borcluya təhvil verilmişdir. Sonuncu təhvil aldığı malların 7119,26 manatının ödənişini etməmiş və müxtəlif bəhanələr gətirmişdir. Bununla əlaqədar olaraq, hər iki tərəfin rəhbərlərinin (direktorlarının) iştirakı ilə xx.xx.2024-cü ildə üzləşmə aktı tərtib edilmişdir. Bununla belə, borclu yaranmış borc məbləğini hələ də ödəməmişdir. xx.xx.2024-cü ildə kreditor tərəfindən borcluya müvafiq dövlət orqanının kargüzarlıq bölməsi vasitəsilə pretenziya məktubu ünvanlanmış, bundan sonra borclu tərəfindən qısa müddətdə borcun ödəniləcəyi bildirilsə də, hələ də borc məbləği ödənilməmişdir. Ərizədə hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 442-ci və s. maddələri göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6860/2024 nömrəli məhkəmə əmri ilə borclu Cavabdeh MMC-dən 7119,26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91,2 manat məbləğində pul vəsaitinin tutularaq kreditor İddiaçı MMC-yə ödənilməsi əmr edilmişdir.

8. Borclu Cavabdeh MMC-nin etirazı əsasında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6860/2024 nömrəli qərardadı ilə xx.xx.2024-cü il tarixli e- 2-2(113)-6860/2024 nömrəli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materialların iddia icraatına keçirilməsi qərara alınmışdır.

9. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7119,26 manat əsas borc, 516,14 manat faiz məbləğinin və ödənilmiş 99,56 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin borclarının 2023-cü ildən qaldığını, həmin borc məbləğlərinin üzərindən 1 ildən artıq müddət keçdiyini nəzərə alaraq, borc məbləğinin üzərinə gecikdirilmiş məbləğə əsasən qanunvericiliyə uyğun olaraq faizlər də gəlinərək, cavabdeh tərəfindən əlavə olaraq ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Bankın rəsmi internet səhifəsinə əsasən sonuncu bank uçot dərəcəsi 7,25%-dir (xx.xx.2024). Göründüyü kimi, cavabdeh öz borcunu ödəməkdən boyun qaçırır və bunu gecikdirir. Belə olan halda, cavabdehdən 7119,26 manata əlavə olaraq 516,14 manat məbləğ də tutulmalıdır (7119,26 x 7.25% x 1 = 516,14). Bundan başqa, daha əvvəl iddiaçı əmr icraatı qaydasında işə baxılması üçün birbaşa olaraq məhkəməyə müraciət etmişdisə, işin iddia icraatına keçməsindən sonra vəkillə müqavilə bağlamaq zərurəti yaranmışdır. Vəkilə isə 320 manat məbləğində ödəniş edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6860/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7119,26 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 91,67 manat olmaqla ümumilikdə 7210,93 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,56 manat məbləğində pul, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı yük avtomobilləri üçün ehtiyat hissələri, motor və sürtkü yağları və digər bu kimi malları satmağı, cavabdeh isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli 01/23, xx.xx.2023-cü il tarixli 02/23 və xx.xx.2023-cü il tarixli 03/23 nömrəli aktlar əsasında ƏDV daxil olmaqla 11871,98 manat dəyərində malı cavabdehə təhvil vermiş, sonuncuya xx.xx.2023-cü il tarixli EBDJ 124916, xx.xx.2023-cü il tarixli EBDM 248418 və xx.xx.2023-cü il tarixli EBDQ 890236 seriya və nömrəli elektron qaimələr təqdim edilmişdir. Tərəflər adıçəkilən müqavilə üzrə xx.xx.2024-cü il tarixə borc məbləğini 7119,26 manat olaraq təsdiq etmişlər. İddiaçı 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 7119,26 manat pulun ödənilməsini tələb edir. Müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 5.1-ci bəndi ilə mallar təhvil verildikdən sonra dəyərinin növbəti 5 gün ərzində köçürmə yolu ilə ödənilməsinin şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi. Lakin tərəflər arasında bağlanmış 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsinin “ödəniş şərtləri” adlanan 5-ci hissəsində ilkin alqı-satqı əməliyyatlarının dəyərinin qabaqcadan, sonrakı əməliyyatların dəyərinin malların təhvil verilməsindən 5 gün müddətində ödənilməsi razılaşdırılsa da, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, xx.xx.2024-cü il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir. İddiaçının xx.xx.2024-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin həcminin artırıldığı və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər 94 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 91,67 manat (7119,26 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 94 gün (gecikdirilən gün sayı)) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 91,67 manat məbləğində pul Cavabdeh MMC- dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

13. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 443.1, 445, 448, 567, 568.1, 579.1, 600-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 6860/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərindən görünür ki, kreditor İddiaçı MMC ilə borclu Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya yük avtomobilləri üçün ehtiyat hissələri, motor və sürtgü yağları və s. mallar təqdim etmiş, borclu isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə təqdim edilmiş mallara görə borclunun kreditora 7119,26 manat məbləğində borcu yaranmışdır. Belə bir əsaslandırma ilə razı deyiləm. Kreditor tətəfindən təqdim edilmiş yük avtomobilləri üçün ehtiyat hissələrinin, motor və sürtgü yağlarının və s. siyahısını, habelə ödənilmiş və qalan borcun məbləğini mübahisələndirirəm. Məhkəmənin qanunsuz və əsassız qətnamə qəbul edib sadalanan prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara ziddir, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayıb, hakim sübutları düzgün qiymətləndirməyib, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını düzgün müəyyən etməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etraz edərək təmin olunmamasını xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı bağlı lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6860/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı yük avtomobilləri üçün ehtiyat hissələri, motor və sürtkü yağları və digər bu kimi malları satmağı, cavabdeh isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli 01/23, xx.xx.2023-cü il tarixli 02/23 və xx.xx.2023-cü il tarixli 03/23 nömrəli aktlar əsasında ƏDV daxil olmaqla 11871,98 manat dəyərində malı cavabdehə təhvil vermiş, sonuncuya xx.xx.2023-cü il tarixli EBDJ 124916, xx.xx.2023-cü il tarixli EBDM 248418 və xx.xx.2023-cü il tarixli EBDQ 890236 seriya və nömrəli elektron qaimələr təqdim edilmişdir. Tərəflər adıçəkilən müqavilə üzrə xx.xx.2024-cü il tarixə borc məbləğini 7119,26 manat olaraq təsdiq etmişlər. Müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 5.1-ci bəndi ilə mallar təhvil verildikdən sonra dəyərinin növbəti 5 gün ərzində köçürmə yolu ilə ödənilməsinin şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

23. Apellyasiya şikayəti konkret dəlillərlə əsaslandırılmamış, formal mülahizələrə əsaslandığı üçün kollegiya qətnamənin ləğvi üçün əsas müəyyən etmir. İddia tələbinin hüquqi və faktiki əsası birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmiş, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq onu qeyd edir ki, MM-nin 425.1-ci maddəsinin tələbinə əsasən müqavilə tərəfləri öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə birgə hərəkət etməlidirlər. Əqd mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlmiş birtərəfli və çoxtərəfli iradə ifadəsidir, cavabdeh müqavilə və üzləşmə aktına öz imzasını və möhürünü qeyd etməklə iradə ifadəsini açıq-aşkar bəyan etmiş, həmin sənədlərdən cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin yarandığı müəyyən edilir. Apellyasiya şikayətində isə hansı əsasla iddia ərizəsinin rədd edilməsinin zəruriliyi qeyd edilməmiş, cavabdehin etirazının əsası kimi istinad etdiyi formal hallar əsaslandırılmamaqla yanaşı sübut da edilməmişdir.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6860/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar