Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-187/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilə öhdəliyi üzrə borc" tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 11.11.2021ci il tarixli e-2-2(113)-3232/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 16.07.2021-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək cavabdehdən 161065,56 ABŞ dolları əsas borc, 7543,23 ABŞ dolları faiz borcu və 212211,1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 380819,89 ABŞ dolları və 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “21 aprel 2020-ci il tarixdə İddiaçı MMC ilə "xxxx" ASC Gürcüstandakı Filialı - “Akkord Georgia” arasında 0228/20 saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əlavə qismində çıxış edən hesabat sənədində qeyd olunmuşdur ki, malların ümumi dəyəri 252.565 ABŞ dolları təşkil edir və 19 fevral 2021-ci il tarixədək alıcı həmin məbləğin 91.500 ABŞ dolları hissəsini ödəmişdir. Alıcının bu günədək ödəmədiyi və ödəməkdən boyun qaçırdığı məbləğ 161.065,56 ABŞ dolları təşkil edir. Müqaviləyə əlavə qismində tərtib edilmiş hesabat sənədində əks olunmuş qrafikdən də göründüyü kimi, müqavilə üzrə razılaşdırılmış bütün mallar 07.08.2020-ci ilədək satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən qəbul edilmişdir. Halbuki, təchiz edilən malların dəyərinin əsas hissəsi alıcı tərəfindən hələ də ödənilməmiş qalır. Müqavilənin 5.1.1 -ci maddəsinə əsasən, əgər Satıcı Malları ayın 25-dək Alıcıya çatdırarsa, ödəniş növbəti ayın 20-dək Satıcıya ödənilməli, əgər Satıcı Malları ayın 25-dən sonra Alıcıya çatdırarsa, Alıcı növbəti 45 təqvim günü ərzində ödənişi Satıcıya ödəməlidir. Müqavilənin 3.4.3-cü maddəsinə görə, Alıcı bu Müqavilənin 3.4.1-ci maddəsinin tələblərini icra edənədək keçən hər bir gün üçün ödəniş gecikdirilən Malların dəyərinin 0.5 %-i məbləğində Satıcıya cərimə ödəməlidir. Buna müvafiq olaraq, Alıcıya 30.04.2020 tarixində 16,880.29 USD dəyərində mal göndərilmişdir, Alıcı bu məbləği 45 gün ərzində, yəni 14.06.2020 tarixinə qədər ödəməli olduğu halda, 20.06.2020 tarixində 9000 USD hissəsini, 04.07.2020 tarixində isə yerdə qalan 7880.29 USD hissəsini ödəmiş müqavilənin 4.3.4. Maddəsinə əsasən, 16,880.29 USD (on altı min səkkiz yüz səksən ABŞ dolları və 29 sent) üçün 6 günlük, günlük ( olmaqla ümumilikdə 3%, yəni 506.40 USD, 7,880.29 USD üçün 14 günülük, günlük 0.5% olmaqla ümumilikdə 7%, yəni 551,62 USD cərimə; Alıcıya 14.05.2020 tarixində 16,900.86 USD dəyərində mal göndərilmişdir. Alıcı bu məbləği 20.06.2020 tarixində ödəməli olduğu halda 119.71 USD hissəsini 04.07.2020 tarixində, 9781.15 USD hissəsini isə 10.07.2020 tarixində ödəmişdir. 16,900.86 USD üçün 14 gü ümumilikdə 7% olmaqla 1183.06 USD, 9781.15 USD üçün 6 günlük, ümumilikdə 3% olmaqla 293.43 USD Cərimə; Alıcıya 23.06.2020 tarixində 15,327 USD Dəyərində məhsul göndərilmişdir, Alıcı bu məbləği 20.07.2020 tarixindən əvvəl ödəməli idi, bu məbləğin 11,417.13 USD hissəsini vaxtında ödəmiş, yerdə qalan 3,909.87 USD məbləğin 3000 USD hissəsini 19.11.2020 tarixi qalanını isə 02.12.2020 Tarixində ödəmişdir. Alıcının bu məbləği 20.07.2020 tarixində ödənilməli olduğunu nəzərə alaraq, 3,909.87 USD üzrə 22 günlük, günlük 0.5% olmaqla, ümumilikdə 61%, yəni 2385.02 USD, 909.87 USD üçün 13 günlük, ümumilikdə 6.5%, yəni 59.14 USD Cərimə; Alıcıya 09.07.2020 tarixində 17,034.33 USD Dəyərində məhsul göndərilmişdir. Bu məbləğ 20.08.2020 tarixinə qədər ödənilməli olsada, Bu məbləğin 3090.13 USD hissəsi 02.12.2020 tarixində, 3000 USD hissəsi 09.12.2020 tarixində, 2500 USD hissəsi 29.12.2020-ci tarixində ödənmişdir. Yerdə qalan 8444.31 USD isə bu günə (17.06.2021) qədər ödənməmiş olaraq qalır. Buna görə də 17,034.33 USD günlük, ümumilikdə 52%, yəni 8857.8 USD, 13,944.20 USD üçün 7 günlük, ümumilikdə 3.5%, yəni 488.04 USD, 11,444.20 USD üçün günlük, ümumilikdə 10%, yəni 1,144.42 USD və 8444.31 USD üçün 301 günlük (17 iyun 2021 etibarı ilə), ümumilikdə 150.5%, yəni 12,708 ABŞ dolları cərimə; Alıcıya 17.07.2020 Tarixində 17,093.73 USD dəyərində, 22.07.2020 tarixində 51,310.90 USD dəyərində, 29.07.2020 tarixində 33,86 SD dəyərində, 29.07.2020 tarixində 16,272.50 USD dəyərində, 07.08.2020 tarixində 34,083.50 USD dəyərində mal göndərilmişdir. Alıcı məbləğləri uyğun olaraq 20.08.2020, 20.08.2020, 12.09.2020, 12.09.2020, 20.09.2020 tarixlərində ödəməli olduğu halda, bu günə qədər hələ də ödəməmişdir, buna görə də 17093.73 USD üçün 301 günlük - 150.5% olmaqla 25,726 USD, 51310.90 USD üçün günlük - 150.5% olmaqla 77,222.90 USD, 33860.74 USD üçün 278 günlük - 139% olmaqla 47,066 USD, 16272.50 USD üçün 278 günlük 39% olmaqla 22,618.77 USD, 8444.31 USD üçün 270 günlük - 135% olmaqla 11,399.81 USD cərimə; ümumilikdə 212,211.1 USD cavabdeh tərəfindən əsas borca əlavə olaraq iddiaçıya ödənməlidir.” Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-2(113)-3232/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 161.065,56 ABŞ dolları əsas borc, 7543,23 ABŞ dolları faiz borcu və 2122 ABŞ dolları cərimə borcu olmaqla cəmi 170730,79 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 11.11.2021-ci il tarixli 2-2(113)-3232/2021 saylı qətnaməsinin qismən –iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin 212,211.1 ABŞ dolları cərimə borcu hissəsində tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3232/2021 saylı, 11.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.5,6.1.8-ci,6.2-ci maddəsinə əsasən Mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi prinsipləri müəyyən edilmişdir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdeh özü hesabatda malları təhvil aldığını, hansı tarixdə aldığını, hansı tarixdə və nə qədər ödədiyini özü təsdiq etmişdir. Bu işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Cavabdehin aldığı malların dəyərini ödədikdə gecikdirmə halları nəticəsində ümumilikdə 212,211.1 ABŞ dolları cərimə ödəməlidir. O, bu öhdəliyini icra etməkdən yayınmışdır. Faktiki olaraq 252565,57 ABŞ dolları dəyərində malları alıb, cəmi 91500 ABŞ dolları ödəmiş, 161065,57 ABŞ dolları məbləğində isə borclu qalmış, bu günə qədər də öhdəliyini icra etməmişdir. Məhz tələb olunan 212,211.1 ABŞ dolları məbləğində cərimə borcunun tələbi müqavilə şərtlərinə uyğundur, öhdəliyin alıcı tərəfindən kobud dərəcədə pozulmanın nəticəsidir, heç də alıcının əmlak mənafeyinə zidd deyildir. Həmin məbləğin yalnız 1%-nin tutulması heç də ədalətlilik və tənasübüblülük əlaməti deyildir. Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən 21.04.2020-ci il tarixli, 0228/20 saylı alqı-satqı müqaviləsinin mətnindən aydın olur ki, müqaviləni alıcı qismində "xxxx" ASC-nin Gürcüstandakı Filialının direktoru Məzahir Abdullayev imzalamışdır. Eyni zamanda iş materiallarında olan borcu təsdiq edən hesabatda eyni şəxsin adı Məzahir Abdullayev kimi qeyd edilmişdir. Lakin, Məzahir Abdullayevin müqavilədə olan imzası ilə hesabatda olan imzasında fərq mövcuddur. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli hesabat nə Korporasiyanın Bakı ofisində, nə də ki Gürcüstan ofisində aşkar edilməmişdir. Mühasibatlıq departamentindən bildirilmişdir ki, "xxxx" MMC ilə borcun təsdiqi ilə bağlı hər hansı üzləşmə aktı imzalanmamışdır. Həmçinin, birtəfəli qaydada belə bir hesabatın tərtib edilməsi ciddi şübhələr yaradır. Cavabdehlərin nümayəndəsinin iştirakı təmin edilmədiyindən qanunvericiliyin bu prinsipi pozulmuş və ədalətsiz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur. İşə apellyasiya qaydasında baxılması 09.02.2022-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı barədə elektron kabinetinə bildiriş yerləşdirilməklə İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfin verdiyi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11.11.2021-ci il tarixli e-2-2(113)-3232/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə "xxxx" ASC Gürcüstandakı Filialı - “Akkord Georgia” arasında bağlanmış 21 aprel 2020-ci il tarixdə 0228/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən, iddiaçı cavabdehə İran istehsalı olan armatur (BS 4449 & BS 4483 və ya GOST B500B markalı və ölçüsü 12 mm-dən 32 mm-ə qədər olan) Asfalt üçün bitum: alt qat - Orijinal 40/60 penetrasiya bitumundan polimer bitum, bağlayıcı qat - adi bitum 40-50 penetrasiya; yuxarı təməl qat - adi bitum 60-70 penetrasiya Körpü tirləri üçün dəmir tros (Tip K-7 Super Strand 1860 diaınetr 15.2 mm) malları satmağı, cavabdeh malların müqavilədə və ya onun əlavəsində razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1.-ci maddəsinə əsasən, əgər satıcı malları ayın 25-dək alıcıya çatdırarsa, ödəniş növbəti ayın 20-dək satıcıya ödənilməli, əgər satıcı malları ayın 25-dən sonra alıcıya çatdırarsa, alıcı növbəti 45 təqvim günü ərzində ödənişi satıcıya ödəməlidir. Müqavilənin 3.4.3-cü maddəsinə görə, alıcı bu müqavilənin 3.4.1-ci maddəsinin tələblərini icra edənədək keçən hər bir gün üçün ödəniş gecikdirilən malların dəyərinin 0.5 %-i məbləğində satıcıya cərimə ödəməlidir. Tərəflər arasında imzalanmış və iş materiallarının 22-ci vərəqinə əlavə edilmiş tərəflər arasına olan hesabat adlı sənəddən görünür ki, “Akkord Georgia” iddiaçıdan tarixə kimi ümumilikdə 252565,57 ABŞ Dolları dəyərində tros, contayner və borular alınmış, qarşılığında isə 91500 ABŞ dolları ödəniş edilmiş, 19.01.2021-ci il tarixinə 161065,57 ABŞ dolları borcu qalmışdır. Sənəd cavabdeh "xxxx" ASC-nin Gürcüstan fililının direktoru Məzahir Abdullayev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edərək, 161065,56 ABŞ dollar borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi işdəki sübutlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icra edildiyi sübutlarla təsdiq edildiyi halda cavabdeh tərəfindən alınan malların dəyərinin ödənildiyi təsdiq edilmədiyindən iddia əsas borc hissəsində tam, cərimə borcu hissəsində MM-nin 467-ci maddəsinə əsasən qismən təmin etmişdir. Belə ki, iddiaçı tərəfindən 212211,1 ABŞ dolları cərimə tələb edilmiş, məhkəmə həmin məbləği 1%-i həcmində 2122 ABŞ dolları məbləğində cərimə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hazırkı halda cavabdehin icrası gecikdirimiş pul öhdəliyinin xarici valyuta (ABŞ dolları) ilə icra edilməli olduğunu və borcun gecikdirildiyi dövrü nəzərə alaraq hesab edir ki, cərimə borcu ilə bağlı hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə ədalətli və qanuna uyğundur. Cavabdeh apellyasiya şikayətində iş materiallarının 22-ci vərəqinə əlavə edilmiş hesabat adlı sənəddəki imzanın şirkətin Gürcüstan filialındakı direktoru Məzahir Abdullayevə məxsus olduğuna əsaslı şübhələr olduğunu qeyd etsə də, apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, nümayəndəsi mhkəmə iclasında gəlməmiş, o cümlədən hesabatdakı möhür əksi mübahisələndirilməmişdir. Apellyasiya şikayətində iş üzrə xətşünaslıq ekspertizası təyin edilməsi xahiş olunsa da bu növ ekspertizanın həyata keçirilməsi üçün Məzahir Abdullayevin sərbəst və eksperimental xətt nümunələri məhkəməyə təqdim edilməmiş, həmin şəxsin şahid qismində dindirilməsi üçün cavabdeh tərəfindən vəsatət verilməmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, həmin hesabat Korporasiyanın Bakı ofisində və Gürcüstan ofisində aşkar edilmədiyinə görə həqiqiliyi şübhə yaradır. Məhkəmə qeyd edilən hesabatın əslinin mövcud olduğunu (həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən əslinə baxış keçirilmişdir) nəzərə alaraq hesab edir ki, cavabdehin əsaslı sübutlarla təsdiq edilməyən və yalnız şübhələr əsasında formalaşan mülahizələri formal xarakter daşımaqla iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11.11.2021-ci il tarixli e-2-2(113)-3232/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11.11.2021-ci il tarixli e-2-2(113)-3232/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-187/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-187/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver