Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-187/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3913/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 04 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı 2-ci maddədə göstərilən ərzaq və qeyri ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4098,53 (dörd min doxsan səkkiz manat, əlli üç qəpik) manat borc məbləğinin, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 60 manatın olmaqla, cəmi 4158,53 (dörd min yüz əlli səkkiz manat, əlli üç qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, 06 dekabr 2021-ci il tarixdə tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh MMC-nin müqavilə üzrə İddiaçı MMC-yə 4098,53 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. "xxxx" MMC ilə 04 oktyabr 2021-ci il tarixli müqavilənin bağlanılmasından 8 aydan artıq müddət keçməsinə baxmayaraq hələ də üzləşmə aktında göstərilən 4098,53 manat məbləğində borc sonuncu tərəfindən ödənilməmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3913/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan alınmış salfetkalar keyfiyyətsiz olmaqla bağlamalara az sayda qablaşdırıldığı aşkar olunduğundan mallar iddiaçının özünə qaytarılmış və bununla bağlı iddiaçıya olan borcunun silinməsi iddiaçı tərəfindən vəd edilmiş, lakin iddiaçı həm ona qaytarılmış malı qəbul etmiş, həm də borcu silməmişdir. Həmçinin məhkəmə iclasın vaxtı və yeri barədə onu xəbərdar etmədən işə baxmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
11. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
16. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
17. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş malların təhvil-qəbul aktına əsasən 19 oktyabr 2021-ci il tarixində 4098,53 manat məbləğində mallar Cavabdeh MMC-nə təhvil verilmiş, qeyd olunan malları cavabdeh MMC-nin direktoru Amil Məmmədov təhvil almış və aktı imzalamışdır.
18. 06 dekabr 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçınə 4098,53 manat məbləğində borcu vardır. Həmin akt iddiaçı MMC-nin baş mühasibi və cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmışdır.
19. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ təhvil-təslim və üzləşmə aktları ilə təsdiq olunur, eyni zamanda cavabdeh də bu halları mübahisələndirmir.
20. Malların keyfiyyətsiz olması ilə bağlı cavabdeh dəlilləri isə əsassızdır.
21. Belə ki, cavabdeh alınmış malın qüsurlu (keyfiyyətsiz) olmasını, o cümlədən malın ehtimal olunan qüsurunun iddiaçının malı alıcıya təhvil verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Məcəllənin 588.1-ci maddəsi, o cümlədən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
22. Eyni zamanda iddiaçıdan alınmış malların bağlamalara az sayda qablaşdırılması və bu səbəbdən iddiaçının özünə qaytarılması da hər hansı sübutla öz təsdiqini tapmır.
23. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 4158,53 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
24. Apellyasiya şikayətində göstərilən digər dəlillərə dair kollegiya qeyd edir ki, məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3913/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn