Məhkəmə qərarları › İş №2-2(103)-188/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-188/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-188/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-392/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «X2» MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla 450526,86 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-392/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təyin olunan ekspertiza ilə bağlı ekspert tərəfindən tələb olunan əlavə materiallar təqdim edilməmiş və bu səbəbdən məhkəmənin ekspertiza barədə qərardadı icrasız saxlanılmışdır. Bundan əlavə xx xxxx 2018-ci il tarixli saziş üzrə ödənilən məbləğ düzgün göstərilməmiş və nəticədə həqiqətə uyğun olmayan məbləğlər ortaya çıxmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, «X2» MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli 171102/11-1-408 saylı malların alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqavilənin qoşmalarında göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxx 2018-ci il tarixli sazişə əsasən cavabdeh iddiaçıya 543.026,86 manat məbləğində borcun olduğunu təsdiq etmiş hər ay 54.300 manat məbləğində, sonuncu ay isə 54.326,86 manat olmaqla, 10 ay müddətində ödənilməsi öhdəliyini götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh həmin saziş üzrə öz üzərinə düşən öhdəlikləri tam icra etməmiş və 450526,86 manat məbləğində vəsaiti ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Bundan sonra tərəflər arasında mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında müqavilə bağlanılmışdır. Lakin cavabdeh həmin müqavilə, yəni xx xxxx 2018-ci il tarixli sazişdə etiraf etdiyi və ödənilməsini öz üzərinə götürdüyü 543.026,86 manat məbləğində borcdan 450.526,86 manat məbləğində borcu ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən həmin məbləğdə borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli saziş mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində göstərilmiş mövcud borcun etirafı haqqında müqavilədir. Həmin Məcəllənin 882.2-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. İş üzrə təyin olunmuş məhkəmə ekspertizasının keçirilməməsi ilə bağlı kollegiya qeyd edir ki, borcun ödənildiyini və ya iddiaçının etiraf etdiyi məbləğdən əlavə ödəniş edildiyini sübut etmə vəzifəsi cavabdehə aiddir. Sonuncu isə bununla bağlı sübutlar təqdim etməmişdir. Ona görə də, hazırki mübahisə üzrə məhkəmə ekspertizanın keçirilməsinə zərurət yoxdur. Çünki borcun hesablanması üçün xüsusi bilik tələb olunmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-392/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar