Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-188/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-667/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 735 (yeddi yüz otuz beş) manat və əldən çıxmış fayda kimi 200 (iki yüz) manat, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli 2-2(113)-667/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən 735 manat və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, istehsalçı "xxxx" MMC ilə geyim rəssamı İddiaçı arasında 05 avqust 2019-cu il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən geyim rəssamı müqavilənin şərtləri əsasında və müddəti ərzində istehsalçının 200 seriyadan ibarət olan “bir qadın” adlı serialının (sonradan “məhsul” adlanacaq) hazırlanmasında geyim rəssamı kimi xidmət göstərməyi və məhsulun çəkilişində iştirak etməyi, istehsalçı isə geyim rəssamına hər ay (istehsal olunmuş və təhvil verilmiş ən azı 22 seriyaya görə) 735 manat məbləğində xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, müqavilənin şərtlərinə görə serial başa çatmış və serialın çəkilişində hər hansı bir gecikməyə yol verilməmiş, yəni müqavilənin şərtlərinə görə bütün öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin cavabdeh tərəf müqavilədə göstərilən məbləği ödəməkdən imtina etmişdir. Belə ki, serial 5 ay müddətinə çəkilib başa çatmış, hər ay 735 manat əmək haqqı almalı olduğu halda, cəmi 4 ay üzrə haqq ödənilmişdir. Sonuncu ayın haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı bir neçə dəfə mühasibatlıqdan pulu tələb etsə də, müxtəlif bəhanələrlə pul ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.7 və 5.8-ci bəndlərinə əsasən “Geyim rəssamı” hər hansı bir səbəbdən serialdan imtina edərsə, istehsalçıya 1000 manat məbləğində cərimə ödəməlidir; “Geyim rəssamı” çəkiliş meydançasının qaydalarına riayət etmədikdə, iş qrafıkində nizam-intizamı pozduqda, kollektivin hər hansı üzvünə qarşı etikadan kənar hərəkət etdikdə 1000 manat məbləğində cərimə ediləcəkdir. Lakin İddiaçı müqavilə üzrə öhdəliklərini birtərəfli qaydada pozaraq çəkiliş meydançasını tərk etmiş və çəkiliş meydançasına geri dönməmişdir. O, çəkiliş meydançasını heç bir xəbər vermədən tərk etməsinə baxmayaraq müqavilə üzrə qeyd olunmuş cərimə məbləğini ödəməmişdir. 14 yanvar 2020-ci il tarixində İddiaçı ilə imzalanmış müqaviləyə xitam verilmiş və serialın çəkilişlərinin dayanması səbəbi ilə 15 yanvar 2020-ci il tarixində yeni geyim rəssamı ilə müqavilə bağlanılmış və serialın çəkilişləri yenidən davam etdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, o, 5 ay xidmətlər göstərmiş, lakin cavabdeh 4 ay üçün xidmətlərin dəyərini ödəmiş, sonuncu ay üçün isə xidmət haqqını ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, İddiaçı tərəfindən 5 ay müddətində müqavilə üzrə xidmətlərin göstərilməsi mübahisəsizdir. Çünki cavabdeh həmin hallara etiraz etməmiş, yalnız bildirmişdir ki, iddiaçı serial çəkilişləri zamanı çəkiliş yerini özbaşına tərk etmişdir. Ona görə də, iddiaçı onlara müqavilə şərtinə uyğun olaraq cərimə ödəməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin hallar cavabdeh "xxxx" MMC tərəfindən irəli sürülmüş qarşılıqlı iddia ərizəsinin predmeti olmuş, lakin həmin iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Ona görə də, həmin hallar hazırki mübahisənin predmetinə daxil deyildir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı xidmət göstərdiyi sonuncu (beşinci) ay üzrə ödənilməyən 735 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin iddia tələbi əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-667/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.10.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-188/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-188/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver