Məhkəmə qərarları › İş №2-2(103)-19/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-19/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qiymətli kağızlar üzrə öhdəliklər haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-19/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə6 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-418/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr bağlanmışdır.

2. xx.xx.2019-cu il tarixli “İstiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında” müqaviləyə əsasən iddiaçı 20.000 manat, xx.xx.2019-cu il tarixli “İstiqrazların alqısatqısına dair ilkin razılıq haqqında” müqaviləyə əsasən iddiaçı 40.000 manat məbləğində pul vəsaitini cavabdehə istiqrazların alınması üçün ödəməyi, cavabdeh isə bu müqavilənin 1.2-ci bəndində qeyd olunan istiqrazların Azərbaycan Respublikasının müvafiq qanunvericilik toplusuna uyğun buraxılmasına və iddiaçının adına Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində rəsmiləşdirməyi öhdələrinə götürmüşlər.

3. Həmin müqavilələrin 1.2-ci bəndinə əsasən istiqrazlar üzrə gəlirlilik illik 14% faiz təşkil edir. Hər bir istiqrazın nominal dəyəri 500 manat təşkil edəcək.

4. Həmin müqavilələrin 2.1.1-ci bəndinə əsasən, Emitent bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə istiqrazları “Qiymətli Kağızlar haqqında” Qanuna uyğun olaraq “Alıcı”nın adına rəsmiləşdirmək, istiqraz rəsmiləşdirilməsi gecikdiyi halda “Alıcı”ya məbləğin illik 14%-nin dəbbə pulunu ödəməyi öhdəsinə götürür.

5. İddiaçı tərəfindən cavabdehə istiqraz alqı-satqısına görə xx.xx.2019-cu il tarixdə 20.000 manat və xx.xx.2019-cu il tarixdə 40.000 manat olmaqla, ümumilikdə 60.000 manat nağd pul ödənilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

2 İddiaçı ilə Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə iddiaçının, cavabdehin hesabına ödədiyi 60000 manat pulun və xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış 24336,66 dəbbə pulunun, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 150 manat məbləğində haqqın və mediasiyaya ödədiyi 400 manat haqqın əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3 İddiaçı bildirir ki, o, xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərərək, xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə cavabdehin hesabına ödədiyi 60000 manat pulu və xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 24336,66 manat məbləğində dəbbə pulunun ona ödənilməsini tələb etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə alınmış 60.000,00 manat məbləğinin hesablanmış faizləri iddiaçının "xxxx" ASC-də olan hesabına və Bank Respublikada olan kart hesabına köçürülmüşdür. İddiaçının cavabdehdə olan 60.000 manat məbləğində istiqrazı və həmin məbləğin hesablanmış 1196,89 manat məbləğində faizi xx.xx.2020-ci il tarixdə kassa məxaric orderinə əsasən ona qaytarılmışdır. Cavabdehin cavab məktubunda qeyd etdikləri həqiqəti əks etdirmir, heç bir məxaric orderinə imza etməmiş və 60.000 manat məbləğində istiqraz və onun faizini almamışdır. 4 Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının cavabdehdə yerləşdiridiyi ümumilikdə 60000 manat dəyərində olan istiqraz məbləği xx.xx.2020-ci il tarixdə kassadan nağd şəkildə iddiaçının özü tərəfindən alınmışdır. Mərkəzi Bank tərəfindən təsdiq olunmuş qaydalar var, həmin qaydalara əsasən kassa məxaric orderinə möhür vurulması nəzərdə tutulmur, bu səbəbdən heç bir iş üzrə kassa məxaric orderinə möhür vurulmur. Vətəndaş hər dəfə faizi almaq üçün banka gəlməsinə ehtiyac olmadığı üçün yalnız əsas məbləğin tam olaraq kassadan alınmasını təmin edirlər. Kassa məxaric orderləri iddiaçının özü tərəfindən icra olunmuşdur. 5 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-418/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə İddiaçı, Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinin hesabına ödədiyi 60000 manat pul və 3000 manat dəbbə pulu, vəkilin göstərdiyi yardıma görə 150 manat məbləğində haqq və mediasiya xərcinə görə 313,22 manat Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6 Cavabdeh BOKT ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri 7 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istiqrazlar üzrə hesablanmış faizlər iddiaçının müxbir hesabına və kart hesabına hər ay köçürülmüşdür. Hər iki müqavilə üzrə ümumilikdə 60000 manat təşkil edən istiqraz vəsaiti isə iddiaçı tərəfindən yeni şəxsiyyət vəsiqəsi təqdim edilməklə kassa məxaric orderinə imza etməklə alınmışdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli ittiham aktındakı cavabdehin əməkdaşları olmuş şahidlərin verdiyi ifadələrlə müəyyən etmişdir ki, cavabdeh tərəfindən pul vəsaitləri kassadan birbaşa verilməmiş, müxtəlif banklarda hesablar və ya “Azərpoçt” adsız kartları vasitəsilə verilmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli ittiham aktındakı cavabdehin əməkdaşları olmuş şahidlərin belə məzmunlu ifadələri yoxdur, sadəcə şirkət tərəfindən vətəndaşlara verilən kreditlərin hansı formada verilməsi barədə araşdırmanın nəticəsi olaraq şirkət işçilərinin izahatları qeyd edilmişdir. Ümumi izahat üzrə qeyd edilən mübahisəyə görə sübut qismində belə məzmunlu ifadənin məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan başqa kassa məxaric orderində iddiaçının öz əlyazması ilə aldığı məbləği izahlı şəkildə yazmasını baxmayaraq, məhkəmə bu halı araşdırmadan iddiaçının sadə izahatına əsasən qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 8 Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçının "xxxx" ASC-də olan müxbir hesabından çıxarışdan görünür ki, "xxxx" BOKT ASC tərəfindən istiqrazların faizi kimi iddiaçının hesabına cəmi iki dəfə 700 manat faiz köçürülmüşdür. "xxxx" ASC-də isə iddiaçının hesabı olmamış və oradan hər-hansı bir məbləğdə faiz almamışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixində 60.000 (altmış min) AZN məbləğində istiqraz vəsaiti və hesablanmış 1196,89 AZN məbləğində istiqraz faizi ödənilməmişdir. Həmin təqdim edilmiş kassa məxaric orderindəki yazı və imza da iddiaçıya məxsus deyildir. Bundan başqa iş materiallarında olan və 1-ci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 2844/19 nömrəli kredit müqaviləsi və eyni tarixli 2844/19/G/1 nömrəli Girov müqaviləsindən görünür ki, "xxxx" BOKT ASC ona biznesin inkişafı məqsədilə 34 ay müddətinə, 33 ay güzəşt müddəti verilməklə 15000 (on beş min) manat pul krediti vermişdir və Girov müqaviləsinə 1 saylı əlavədə əks etdirilmiş Faizli sənədsiz adlı təmin edilməmiş 60000 (altmış min) manat dəyərində olan istiqraz iddiaçı tərəfindən girov qoyulmuşdur. Yəni belə olduğu təqdirdə 34 ay müddətinə girov qoyulmuş 60000 manat dəyərində olan istiqraz vəsaitinin xx.xx.2020-ci il tarixində götürülməsi mümkün deyildir. Bundan başqa, iş materiallarında Azərbaycan Kredit Reyestri Bürosundan Çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli, 2844/19 nömrəli kredit müqaviləsi və eyni tarixli 2844/19/G/1 nömrəli Girov müqaviləsi üzrə 60000 manat istiqraz vəsaitini girov qoyub götürdüyü 15000 (on beş min) manat pul kreditini xx.xx.2020-ci il tarixində BOKT-a ödənildiyi bildirilsə də, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində Cavabdeh BOKT ASC-nə 15000 manat kredit borcu ödənilməmişdir. Həmin borc girovda olan 60000 manat istiqraz məbləği ilə əvəzləşdirilmişdir. Belə olan halda cavabdeh BOKT-un iddiaçıya 60000 manat deyil 45000 manat vəsait ödəməli olduğu təqdirdə hər hansı bir ödəniş edilməmişdir. Həmçinin, cavabdeh "xxxx" BOKT ASC tərəfindən məhkəməyə BOKT-un əməliyyatlar üzrə hesabından rəsmi çıxarış təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 9 Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə6 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10 Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 11 Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 12 Həmin Məcəllənin 1070-ci maddəsinə əsasən istiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır. 13 Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 14 Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və mübahisənin predmetinin bölünməz olduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 15 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. 16 Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “İstiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında” müqavilələrin bağlanması və qeyd olunan müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə alınan istiqrazlara görə 60.000 manat məbləğində ödəniş edilməsi işin mübahisəsiz hallarını təşkil edir. 17 Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay üçün 700 manat məbləğində istiqraz faizləri iddiaçının kart hesabına ödənilmişdir. 18 Hazırda iddiaçı cavabdehin hesabına ödədiyi 60000 manat pulun geri qaytarılmasını tələb edir. 19 Cavabdeh isə həmin məbləğdə pul vəsaitinin iddiaçıya ödənildiyini bildirir. 20 Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli 2.4.1-cü bəndlərində müəyyən edilmişdir ki, alıcı (iddiaçı) istiqrazların müddəti bitdiyi zaman nominal dəyərinin emitentdən (cavabdehdən) tam geri almaq hüququna malikdir. 21 Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilələrdə müəyyən edilən 36 aylıq müddət bitmiş, lakin cavabdeh tərəfindən istiqrazların nominal dəyəri olan 60000 manat pul vəsaiti iddiaçıya geri qaytarlmamışdır. 22 Müəyyən edilməli olan birinci hal (tərəflər arasında bağlanmış müqavilələrdə müəyyən edilən 36 aylıq müddətin bitməsi) işin mübahisəsiz halıdır. 23 İkinci halın mövcüdluğu isə təsdiq olunmur. 24 Belə ki, xx.xx.2020-ci il tarixli 04/09 saylı və 05/09 saylı kassa məxaric orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya istiqrazların qaytarılması üzrə 60000 manat və istiqraz faizi üzrə 1196,89 manat məbləğində pul vəsaitləri ödənilmişdir. 25 Apellyasiya icraatı zamanı iş üzrə 2 dəfə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 sentyabr 2023-cü il tarixli və 30 aprel 2024-cü il tarixli ekspert rəyləri verilmişdir. 26 Həmin rəylərə əsasən xx.xx.2020-ci il tarixli, 04/09 nömrəli kassa məxaric orderində “Aldım” qrafasında “altmış min manat” əlyazmaları və “imza” qrafasındakı imza; 02 sentyabr 2020-ci il tarixli 06/09 nömrəli kassa məxaric orderində “Aldım” qrafasındakı “Bir min bir yüz doxsan altı manat 89 qəpik” əlyazmaları və “İmza” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. 27 İş üzrə birinci məhkəmə-xətşünaslıq ekspertizası rəyi daxil olduqdan sonra iddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh "xxxx" BOKT ASC məhkəməyə BOKT-ın əməliyytlar üzrə hesabından rəsmi çıxarışı təqdim etməmişdir. Ona görə də, "xxxx" BOKT ASC-nin xx.xx.2020-ci il tarixinə əməliyytlar üzrə hesabından rəsmi çıxarışın məhkəməyə təqdim olunmasının təmin edilməsini xahiş etmişdir. 28 Cavabdehin nümayəndəsi vəsatətə cavab olaraq bildirdi ki, "xxxx" BOKT ASC-nin xx.xx.2020-ci il tarixinə əməliyytlar üzrə hesabından rəsmi çıxarışın məhkəməyə təqdim olunması mümkün deyil. Bununla yanaşı, əməliyyat sisteminə baxış keçirilməklə həmin tarixdə aparılan əməliyyatların, o cümlədən iddiaçıya 60.000 və 1196,89 manat məbləğində pulun ödənilməsini izləmək mümkündür. 29 Qeyd olunanlar nəzərə alınaraq iş üzrə kompleks məhkəmə kompüter-texniki və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 30 "xxxx" MMC-nin X1 Məhsul inkişaf şöbəsinin rəisi Heydər Şükürov tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" BOKT ASC-nin məlumat bazasında aşağıdakı çatışmazlıqlar mövcuddur: 1) Var olan məlumat bazasına İT əməkdaşının girişi var, 2) Məlumat bazasının Aktivlik qeydiyyatı yoxdur (Activity log) (Bu bazaya qoşulan istifadəçinin əməliyyatlarını saxlayır). İstifadəçinin müştəri kodu FN/07809 olaraq bəlirlənmişdir. İstifadəçinin hesab kodu isə **********100001 olaraq bəlirlənmişdir. Yuxarıdakı iki identifikasiya koduna əsasən baza üzrə araşdırma aparılmışdır və əldə olunan nəticə xx.xx.2019 tarixində **********1100001 hesab üzrə 60000 AZN əməliyyat olunduğu görülür. Sonradan sistemdə təqdim olunan məlumatda eyni tarixdə fərqli əməliyyatın olduğu görülür. Belə ki, sistemdə xx.xx.2019-20000 AZN Credit əməliyyatı olub, xx.xx.2019-40000 AZN Credit əməliyyatı olub, xx.xx.2020- 60000 AZN Credit əməliyyatı olub. Bu nəticələr hansı bazadan necə gəlib amma tapıla bilmədi. Bunun iki səbəbi ola bilər: 1) Baza quruluşunda bu məlumatlar fərqli formada saxlandığı və bazanın təlimatı olmadığı üçün tapıla bilməməsi, 2) Həmin məlumatlar araşdırmaya verilmiş bazadan fərqli bazada saxlanılır. Bunu əsas tutaraq təqdim olunmuş məlumatların çatışmazlığı və məlumat bazasının dəyişilməzliyi təminatının olmaması əsas verir ki sistemdə olan məlumatlar yetəri qədər həqiqəti əks etdirməyə və ya dəyişdirilə bilər. 31 Beləliklə, qeyd olunan sübutlarla təsdiq olunur ki, xx.xx.2020-ci il tarixdə istiqrazların nominal dəyəri olan 60000 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılmışdır. 32 Həmin rəyin sonunda göstərilənlər isə 60000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməməsi nəticəsinə glmək üçün kifayət etmir. Çünki əməliyyat sistemindəki məlumatların dəyişdirilməsinə şübhə olsa da, xx.xx.2020-ci il tarixli, 04/09 nömrəli kassa məxaric orderində “Aldım” qrafasında “altmış min manat” əlyazmaları və “imza” qrafasındakı imzanın iddiaçıya məxsus olması ekspert rəyləri ilə təsdiq olunmuşdur. 33 Birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar (iddiaçının istiqrazların dəyərinin ödənilməməsi ilə bağlı cavabdehə pretenziya irəli sürməsi, istiqraza görə faizlərin bank hesablarına köçürülməsi, orderlərin cavabdehin müvafiq möhürü ilə təsdiq edilməməsi və işdə olan ittiham aktındakı cavabdehin əməkdaşları olmuş şahidlərin ifadələri) və iddiaçının apellyasiya şikayətinə qarşı etirazda istinad etdiyi sübutlar (kredit və girov müqavilələrinin bağlanması) əsasında əldə olunan məlumatlar hallar isə istiqrazların alınmasına ödənilmiş 60.000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmaması nəticəsinə gəlməyə əsas vermir. 34 Çünki həmin pul vəsaitinin iddiaçıya ödənilməsini birbaşa sübut olan kassa məxaric orderi təsdiq edir. Ona görə də, məhkəmənin və iddiaçının istinad etdiyi dolayı sübutlar bibaşa sübut olan kassa məxaric orderi əsasında təsdiq edilən faktın təkzib edilməsi üçün yetərli deyil. 35 Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş istiqrazlara görə 60000 manat məbləğində pulun tutulması barədə iddia rədd edilməlidir. 36 Eyni zamanda, cavabdeh tərəfindən öz öhdəliyinin pozulması halı müəyyən edilmədiyinə görə Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cavabdehdən cərimə pulunun tutulması barədə iddia da rədd edilməlidir. 37 Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir. 38 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-418/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İddiaçının çəkdiyi məhkəmə xərcləri onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 200 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq cavabdeh "xxxx" BOKT ASC-yə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 124 və 138 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar