Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1136/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dividentin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" A.S.C–dən 2002-ci il tarixindən bu günə qədər ona məxsus 11 ədəd səhm üzrə cəmiyyətin xalis mənfəətindən dividendin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci il tarixində "xxxx" A.S.C – nin 11 səhm əldə etmişdir. Lakin bu 20 il ərzində bir qəpik də belə olsa ona məxsus 11 səhm üzrə dividend almamışdır. Eyni zamanda 20 il ərzində bir dəfə də belə olsun "xxxx" A.S.C – nin ümumi yığıncağına onu dəvət etməmişdilər. Dəfələrlə "xxxx" A.S.C – dən əldə etdiyi 11 səhm üzrə dividend almaq üçün şifahi və yazılı qaydada müraciət etsə də, müraciətləri cavabsız qalıb. Lakin 20 ildən sonra xx.xx.2022-ci il tarixli 13 nömrəli məktuba əsasən “Müəssisənin zərərlə işləməsi ilə əlaqədar dividend verilmir” barədə məlumat verilmişdir. Odur ki, "xxxx" A.S.C – nin sədri tərəfindən 20 ilin müddətində cəmiyyətin fəaliyyətinə dair hesabatı və maliyyə hesabları barədə sübutları ilə əsaslandırmamışdır. Eyni zamanda A.R. İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********104100 nömrəli məktuba əsasən "xxxx" A.S.C-nin (VÖEN **********) üzrə 2002 – 2022 – ci illər ərzində ödənilmiş vergilər barədə məlumatını almaq üçün Məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli ******* nömrəli bildirişdən məlum olur ki, İddiaçı "xxxx" A.S.C-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 4 ədəd özəlləşdirmə çeki təqdim etmiş və nəticədə hər birinin dəyərinin 10.000 (on min) manat olan 11 (on bir) ədəd səhm əldə etmişdir. Bildiriş Respublika Auksion Mərkəzinin Baş direktoru tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2019-cu il tarixli məlumatından məlum olur ki, İddiaçı "xxxx" ASC-də hər birinin nominal dəyəri 2 manat olan 11 adi adlı səhmə malikdir. Hazırda, iddiaçı ona məxsus 11 ədəd səhm üzrə dividendin ödənilməsini tələb edir. Məhkəmə hazırkı mübahisənin həlli baxımından aşağıdakıları normaları nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 98.1-ci maddəsinə əsasən Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Sadalanmış normaların məzmunundan da, göründüyü kimi cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi məsələsi məhz ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. Bununla bağlı izah edilməlidir ki, cəmiyyətin üzvü mənfəətin bölüşdürülməsi və ümumi yığıncağının keçirilməsi üçün Cəmiyyətə müraciət etməlidir. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prossesual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ona görə də, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dividendin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1136/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1136/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qiymətli kağızlar üzrə öhdəliklər haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver