Məhkəmə qərarları › İş №e-2-2(113)-1994/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1994/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qiymətli kağızlar üzrə öhdəliklər haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1994/2024 01.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istiqrazlar üzrə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may 2017-ci il tarixli istiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında müqavilə üzrə 2018-ci ilin mart ayından 2023-cü ilin dekabr ayınadək ümumilikdə 44667,70 manat faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh istiqrazların alınması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı müqavilə bağlanmışdır. Müqavilədəki öhdəliyə əsasən iddiaçı tərəfindən 100 000 manat vəsait ödənilmiş, bunun müqabilində cavabdehə məxsus hər birinin dəyəri 500 manat olan 200 ədəd faizli istiqraz iddiaçının adına rəsmiləşdirilmişdir. Müqavilə üzrə illik gəlirlilik 23% təşkil etsə də, sonradan müqaviləyə xx.xx.2018-ci il tarixdə əlavə edilmiş və bu rəqəm 18%-ə endirilmiş və cavabdeh həmin məbləğləri hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandıqdan və onlara əlavələr edildikdən sonra istiqrazların nominal dəyərindən hesablanmış faizlər üzlə aylıq ödənişlər sonuncu dəfə 2018-ci ilin dekabr ayında ödənilmişdir. İstiqrazların nominal dəyərindən hesablanmış faizlərin aylıq ödənilməsi ilə bağlı hər hansı məhdudiyyətin olmadığı halda 2018-ci ilin dekabr ayından sonrakı müddət üzrə cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, öhdəsinə götürülənlər icra edilməmiş və 2018-ci ilin mart ayından 2023-cü ilin dekabr ayınadək cəmi 44667,70 manat məbləğində faizlər ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra Qərar) 11 və 12-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı vergi uçotuna alınmamış, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsdir. Mübahisə isə iddiaçı ilə cavabdeh arasında imzalanmış 08 may 2017-ci il tarixli istiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında müqavilə irəli gəlmişdir. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 19-cu bəndinə əsasən, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Qərarın 26-cı bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Göründüyü kimi, Qərarda müqavilədən irəli gələn mübahisələr və korporativ mübahisələr subyekt tərkibi baxımından fərqləndirilmiş, müqavilədən irəli gələn mübahisələr üçün tərəflərin hər bir halda sahibkarlıq fəaliyyəti subyekti olması tələbi müəyyən olunduğu halda, kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyətindən irəli gəldiyi, həmin mübahisələrin kommersiya məhkəmələrinin müstəsna baxış predmeti olduğu nəzərə alınaraq, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakının mövcud olmasına baxmayaraq, işin kommersiya məhkəməsi aidiyyəti müəyyən olunmuşdur. Bu mənada məhkəmə qeyd edir ki, hazırda aydınlaşdırılmalı məqam iddiaçı ilə cavabdeh arasında 08 may 2017-ci il tarixli istiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında müqaviləsinə əsaslanan münasibətin korporativ münasibət yoxsa müqavilədən irəli gələn münasibət olduğunun müəyyənləşdirilməsidir. Yuxarıda qeyd edildiyi kimi, korporativ tələblər təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan 1) hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya 2) səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər olmaqla mübahisə tərəflərinin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrdən doğurlar. Göründüyü kimi, təsisçinin hüquqi şəxsə və ya əksinə olan yalnız o tələbləri korporativ tələblər hesab olunur ki, onlar hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət olsun. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Lakin onlar fəaliyyət qabiliyyətlərini öz orqanları vasitəsilə realizə edirlər. Bu orqanlar hüquqi şəxsin iradəsini yaradır, formalaşdırır və ifadə edir. Hazırkı tələb isə hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, yəni hüquqi şəxsin iradəsinin yaradılması, həyata keçirilməsindən irəli gəlməmişdir. Bu mənada hazırkı mübahisəni “hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından” irəli gələn mübahisə kimi korporativ mübahisə hesab etmək olmaz. Digər tərəfdən, mülki qanunvericilikdə istiqraza verilən anlayışdan görünür ki, istiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1070-ci maddəsi). Mülki Məcəllənin 1077.1-ci maddəsinə əsasən isə səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Göründüyü kimi, səhmdən fərqli olaraq istiqraz mülkiyyətçisinə səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququ vermir, mülkiyyətçisinin cəmiyyətinin nizamnamə kapitalında iştirakını təmin etmir. Bu mənada istiqraz mülkiyyətçisini hüquqi şəxsin təsisçisi, üzvü, iştirakçısı, idarəetmə orqanlarının nümayəndəsi kimi qəbul etmək də mümkün deyildir. Bu isə mübahisənin “səhmlərin, təsis və iştirak paylarının alqısatqısından ibarət tələb” kimi də korporativ mübahisə olmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istiqrazlar üzrə faizlərin ödənilməsi” tələbi nə hüquqi şəxsin fəaliyyəti, nə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısı ilə bağlı olmayıb, müqavilədən irəli gələn tələblər kateqoriyasına aiddir. Bu isə onu tələb edir ki, həmin mübahisənin kommersiya məhkəməsinə aid olması üçün ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti zəruri şərtdir. Qeyd edildiyi kimi, hazırkı işdə kreditor sahibkarlıq fəaliyyəti subyekti olmamaqla fərdi sahibkar statusuna malik deyildir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, hazırkı iş ümumi məhkəmələrin aidiyyətidir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə ümumi məhkəmələrin aidiyyəti olduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, MPM-in 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, ********** nömrəli qəbzlə ərizənin verilməsi üçün 105 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 105 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 24-26, 31, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istiqrazlar üzrə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 105 (bir yüz beş) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, “istiqrazlar üzrə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müarciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar