Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7215/2024 26.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sərmayə qoyuluşu və pay ortaqlığına dair müqavilə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı1, Cavabdeh2 iştirakları ilə, İddiaçı1 Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı1 (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Qaradağ Rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən sözdə aldığı torpağın rəsmi ödəniş qəbzini iddiaçıya verməsi və ya ona verdiyi 195000 ABŞ dolları pulun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2008-ci ilin oktyabr ayında ortaq tanışları vasitəsi ilə Bakı şəhəri 8 saylı notariat ofisinin xususi notariusu X1 ilə tanış olmuşdur. Tanış olan zaman Vəsilə xanım ona 8 saylı Notariat ofisinin xususi notariusu olduğunu ve əlinin uzun olduğunu, işləri ilə bağlı komək lazım olarsa ona hər mövzuda kömək edə biləcəyini demişdir. İddiaçı Vəsilə xanıma logististika işləri etdiyini və özünə uyğun münasib bir ərazidə torpaq lazım olduğunu və həmin torpaq üstündədə beynəlxalq işləyən tırlara avto dayanacaq və həmin tırların təmir işləri üçün təmir boksları tikmək istədiyini bildirmişdir. Vəsilə xanım həyat yoldaşı Cavabdeh2 bu işlərdə çox yaxşı olduğunu və istərsəm bizi tanış edəcəyini, həmin torpaq tələbi ilə bağlı həyat yoldaşı Cavabdeh2 ona kömək edəcəyini dedi. Vəsilə xanım iddiaçını həyat yoldaşı Cavabdeh2 ilə təxminən 2008ci ilin oktyabr ayının sonlarında tanış etmiş və həmin bu tanışlıqda o Cavabdeh2 həmin torpaq tələbini yəni uyğun və munasib bir ərazidə torpaq lazım olduğunu və həmin torpaq üstündədə beynəlxalq işləyən tırlara avto dayanacaq və həmin tırların təmir işləri üçün təmir boksları tikmək istədiyini bildirmişdir. Cavabdeh2 tələbini çox yaxşı anladığını və qısa bir zamanda araştırıb ona məlumat vərəcəyini demişdir. Təxminən 2008-ci ilin noyabr ayının ortalarında Cavabdeh2 onunla görüşərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan- Xocəsən yolunun kənarında yərləşən 0,50 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin onun işi ilə bağlı tələblərinə də uyğun olduğunu və qiymətinin də 200000 ABŞ dolları olduğunu, razı olarsa əgər bütün sənədləşmə işlərini öz öhdəliyinə götürəcəyini, həmçinin iddiaçının tələbi ilə, rəsmi sənədlərdə, ödəniş qəbzlərində, sərəncamlarda, torpağın kupça ilə bağlı sənədlərini də iddiaçının həyat yoldaşı X2 adına edəcəyini öz öhdəliyinə götürəcəyini demişdir. İddiaçı Cavabdeh2 həmin torpaq ilə bağlı bütün sənədləşmələrin mütləq rəsmi olmalı olduğunu ,həmçinin ödəniş olaraq vərəcəyi hər bir pulun mütləq aidiyyatlı organlardan rəsmi qəbzinin olması şərti ilə və ikisinin razılığı ilə qəbul etmiş və razılaşmışlar. 2008-ci ilin noyabr ayının 27-ci gunu Bakı şəhərində Azneft dairəsi olaraq bilinən bölgədə əlbəəl 195000 ABŞ dolları Cavabdeh2 sözü gedən torpaq sahəsini razılaşdırılmış şərtlərlə alması üçün vermişdir. Həmçının həmin pulu vərəndən sonra uşağı dünyaya gəlmiş və Cavabdeh2 oğluna kirvə olub bu münasibətlə də bir sözlə ailəvi gədiş gəlişləri möhkəmlənmişdir. Cavabdeh2 2008-ci ildə pulu iddiaçıdan alsa da 2014-cü ilə qədər həmin torpağı razılaşdırılmış qaydada ona təhvil verə bilməyərək və bugün sabah edib yubatmışdır. 2014-cü ilin ortalarında iddiaçı Cavabdeh2 ilə danışaraq artıq gözləyə bilməyəcəyini və ya torpağın sənədi və rəsmi ödəniş qəbzlərini ya da pulunu qaytarmasını ona demişdir. O isə iddiaçıya həmin ərazinin artıq 200000 ABŞ dolları yox 400000 ABŞ dolları olduğunu demiş, iddiaçı pulunun olmadığını və pulunu qaytarmasını tələb etsə də Cavabdeh2 pulu artıq məmurlara payladığını və qaytarmanın qeyri mümkün olduğunu həmçinin təklif olaraq 200000 ABŞ dolları da özünün qoymaq istədiyini və 400000 ABŞ dollarını tamamlayacağını, sözü gedən torpağı alacağını, sənədləşməyi iddiaçının həyat yoldaşı X2 adına edəcəyini, ödənilən hər bir pulun da rəsmi qaydada ödəniş qəbzlərini də razılaşdırılan kimi təqdim edəcəyini demişdir. İddiaçı 2008-ci ildə əlbəəl verdiyi 195000 ABŞ dollarını itirməmək adına razılaşdırılan şərtlərlə məcburi təklifi qəbul etmişdir. Cavabdeh2 həmin torpağı almışdır. Lakin sənəd ortaya çıxdıqda Cavabdeh2 öz adına sənədləşdirdiyi müəyyən olunmuşdur. Cavabdeh2 bu vəziyyəti soruşduqda isə, o narahat olmamağını, belə lazım olduğunu, irəlidə onun həyat yoldaşının adına keçirəcəyinə dair söz vərib. Torpağın sənədləşməsi ilə bağlı 400000 ABŞ dolları ödədiyinə dair rəsmi ödəniş qəbzini tələb ədəndə isə təz bir zamanda iddiaçıya vərəcəyini və narahat olmamasını demişdir. İddiaçı və Cavabdeh2 arasında Bakı şəhəri 12 sayli notariat ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış pay ortaqlığı müqaviləsi **********043 saylı nömrə ilə qeydə alınmışdır. Bu pay ortaqlığı müqaviləsinə əsas Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun kənarında yərləşən 0,50 ha torpaq sahəsi ilə bağlı istifadə hüququ və 0,50 ha torpaq sahəsi ərazisində hal hazırda mövcud olan bütün tikili və tikilməkdə olan qeyri yaşayış sahələri üzərində və həmçinin bu ərazidə fəaliyyət göstərən bütün obyektlərin verdiyi və gələcəkdə də verəcəkləri bütün gəlirlər ilə bu obyektlərin işlədilməsi və gəlir xərclərinin bölünməsi qaydası həmin müqavilənin müvafiq bəndlərində müəyyən edilmişdir. Cavabdəh Cavabdeh2 iddiaçının sərmayə olaraq qoyduğu pulları ilə öz adına aldığı və xəyali olaraq sərmayə olaraq qoyduğu 200000 ABŞ dolları və sərəncamını da öz adına qeyd ettirdiyi bu torpağın, alınan zamanı iddiaçıya söz verdiyi kimi alış qəbzlərini və ya rəsmi 400000 ABŞ dolları ödəniş qəbz/qəbzlərini bugünə kimi bütün səylərə baxmayaraq iddiaçıya və yaxud muhasibatlığa təqdim etməmiş, həmçinin təhvil vərməyərək şübhələrində haqlı olduğunu və korrupsiya yaratdığının vəya dələduzluq edərək iddiaçıya külli miqdarda ziyanlıq vurduğunun ən böyük sübutudur. İddiaçı bu səbəbdən məhkəməyə müraciət edərək hüquqlarını bərpa etmək qərarına gəlmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən ona vurulmuş 195000 ABŞ dolları maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh2 qarşı “ödəniş qəbzinin verilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsinin alınması və birgə qazanc əldə edilməsi məqsədilə 2008-ci ildə cavabdehə 195000 ABŞ dolları vəsait vermiş, daha sonra cavabdehdən uzun müddət məlumat ala bilməmiş, 2014-cü ildə onun təkidi ilə torpaq sahəsi alınmış, lakin bu günə qədər ona həmin topraq sahəsinin hansı qiymətə alınmasını sübut edən hər hansı ödəniş qəbzini təqdim etməmişdir. Tərəflər arasında bununla bağlı mübahisə yarandıqda xx.xx.2023-cü il tarixdə notariusda sərmayə qoyuluşu və pay ortaqlığına dair müqavilə bağlamışlar. Hazırda həmin müqavilə qüvvədədir, o, həmin müqavilənin ləğvini istəmir. Sadəcə tələbi torpağın alınması barədə qəbzin ona təqdim edilməsi, 195000 ABŞ dolları vəsaitin qaytarılmasından ibarətdir.
6. Məhkəmə iclaslarında Cavabdeh2 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. 2008-ci ildə iddiaçı ilə tanış olmuş, ondan birgə qazanc əldə edilməsi məqsədilə 220000 manat pul almış (halbuki pulun alınmasını təsdiq edən hər hansı bir sənəd yoxdur), həmin pulun üzərinə özü də vəsait qoymuş, tərəfindən Qaradağ rayonu ərazisində torpağın ayrılması barədə sərəncam alınmışdır. Həmin sərəncam iddiaçı xarici ölkə vətəndaşı olduğu üçün onun adına rəsmiləşdirilmişdir. Torpaq sahəsi alındıqdan sonra orada avto park tikilmiş, hazırda torpaq sahəsinin yarısından çoxu iddiaçının özünün təşəbbüsü ilə naturada ayrılmış, hazırda hər ikisinin faktiki sahiblik və istifadəsindədir. İddiaçı özü orada qazanc əldə edir. Torpaq sahəsinin sənədləşməsinə çəkdiyi xərcləri təsdiq edən sənədlər hazırda onda yoxdur. Hazırda iddiaçının özünün birgə sahibkarlıq fəaliyyətləri ilə bağlı mühasibatlıqlarına 13000 manat (notarial ərizəsi var) borcu vardır. Tərəflər arasında bağlanmış müqavilə iddiaçının xeyrinə bağlanıb, o, həmin müqavilə ilə razı deyildir, müqavilənin ləğvi ilə bağlı iddia verəcəkdir. İddiaçı ondan pulun (195000 ABŞ dolları) mənimsənilməsi ilə bağlı əvvəlcə Qaradağ Rayon Polis İdarəsinə müraciət etmiş, daha sonra material baxılması üçün ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə göndərilmiş, sonuncu tərəfindən müddət keçdiyi üçün cinayət işinin başlanması rədd edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli sərmayə qoyuluşu və pay ortaqlığına dair müqavilənin 1.2-ci bəndinə görə tərəflər etiraf edərək bəyan edirlər ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun kənarında 0,50 ha torpaq sahəsinin ayrılması, həmin ərazidə tikinti obyektinin layihələndirilməsi və tikintisinə icazə alınması işləri ortaq həyata keçirilmişdir. Bu səbəbdən onlar tikinti obyekti üzərində (əmlaklara və hüquqlara) bərabər paylara sahib (50%+50%) ortaqlar hesab olunurlar.
9. Müqavilənin 1.1-ci bəndinə görə tikinti obyekti - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun kənarında 0,50 ha torpaq sahəsi ərazisində yük avtomobilləri üçün avtoservis binası və 3 mərtəbəli inzibati binadır.
10. Müqavilənin 1.3-cü bəndinə görə tərəflər etiraf edirlər ki, layihələndirilmə və tikintiyə icazə alınması işləri də daxil olmaqla bu müqavilənin bağlanması anına kimi 0,50 ha ərazidə tikilmiş və hal-hazırda fəaliyyət göstərən, həmçinin tikilməkdə olan, amma tamamlanmamış bütün bina və qurğular onların nəğd şəkildə ortaq qalaraq qoyduqları pul vəsaiti hesabına-hər biri 250000 ABŞ dollarının manatın mövcud kursuna uyğun ekvivalenti ilə 425000 manat olmaqla ümumilikdə 850000 manat nağd pul məbləğinin yatırılması və həmin tikililərin işlədilməsindən, fəaliyyətindən (istifadədən gələn gəlir, icarədən gələn gəlir və sairə) əldə edilmiş ortaq pul vəsaiti hesabına tikilmiş, tikinti obyektindəki obyektlərin faəliyyət göstərib gəlir gətirmələri təmin edilmişdir.
11. Müqavilənin 2.1-ci bəndinə görə tərəflər öhdəlik götürürlər ki, ortaq sərmayə qoyuluşu və tikinti obyektinin rəsmiləşdirilməsi ilə bağlı bütün sənədlərin surətlərini və zəruri məlumatları bir-birlərinə verməyə borcludurlar.
12. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 53 nömrəli sərəncamına görə Lökbatan Xocəsən yolunun kənarında Cavabdeh2 ofis binası və avtomobil vasitələrinə texniki xidmət üçün dayanacaqların tikintisinə icazə verilmişdir.
13. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
14. İşin məhkəmə tərəfindən sübutlar və izahatlar əsasında müəyyən edilmiş hallarından görünür ki, iş üzrə hər iki tərəf fərdi sahibkardır və birgə biznes fəaliyyətləri vardır. Belə ki, iddia ərizəsindən, iddiaçının, habelə cavabdehin izahatlarından məlum olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 2008-ci ildə 195000 ABŞ dolları vəsait ödənilmiş, həmin vəsait iddiaçı tərəfindən cavabdehə birgə qazanc əldə edilməsi məqsədilə verilmiş, həmin vəsaitin müqabilində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan- Xocasən yolunun kənarında 0,50 ha torpaq sahəsinin ayrılması, həmin ərazidə tikinti obyektinin layihələndirilməsi və tikintisinə icazə alınması işləri aparılmış, habelə yük avtomobillərin avtoservis binasının 2 ədəd təmir boksu inşa edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sərmayə qoyuluşu və pay ortaqlığına dair müqavilədə onların birgə biznesinin maya qoyuluşları, eləcə də bu fəaliyyət nəticəsində əldə ediləcək gəlirin və yaranacaq xərclərin bölüşdürülməsi qaydaları müəyyən edilmişdir.
15. İddiaçı həmin müqavilənin şərtləri ilə razılaşmış, iddia ərizəsində də həmin müqaviləni təsdiq etdiyini, hazırda həmin müqavilənin ləğvi ilə bağlı hər hansı iddia və tələbinin olmadığını göstərmişdir.
16. Məhkəmə sözügedən müqaviləyə biznes ortaqları olmuş sahibkarlar arasında bağlanmış və Mülki Məcəllədə nəzərdə tutulmuş hər hansı müqavilə növünə uyğun gəlməyən müqavilə kimi hüquqi qiymət verir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. İddiaçı məhkəmə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizəsində cavabdeh tərəfindən ona vurulmuş 195000 ABŞ dolları maddi ziyanın ödənilməsini tələb etmişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
23. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
24. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
25. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
26. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
27. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
30. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
31. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
34. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
35. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının tələb etdiyi pul məbləği iddiaçı tərəfindən cavabdehə birgə qazanc əldə edilməsi məqsədilə verilmiş, həmin vəsaitin müqabilində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun kənarında 0,50 ha torpaq sahəsinin ayrılması, həmin ərazidə tikinti obyektinin layihələndirilməsi və tikintisinə icazə alınması işləri aparılmış, habelə yük avtomobillərin avtoservis binasının 2 ədəd təmir boksu inşa edilmişdir.
36. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 624,06 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı1 Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 624,06 (altı yüz iyirmi dörd manat altı qəpik) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova