Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-190/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 3631/2020 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən 8585 manat məbləğində əsas borcun, 10302 manat cərimə-dəbbə pulunun, 3000 manat məbləğində əldən çıxmış fayda haqqının, 6,5 faiz məbləğində hesablanmaqla 558 manat məbləğində bank uçot dərəcəsinin və 31 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin icraatı yekunlaşana qədər iddianı təmin etmək üçün tədbir kimi bank və digər kredit təşkilatlarındakı Cavabdeh ASC-yə məxsus hesablarda olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3631/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh ASC-nin (VÖEN: **********) “xxxx” ASC-də olan bank hesabındakı pul vəsaitinin üzərinə (əmək haqqı ödənişlərinə mane olmadan) iddia tələbi həcmində, yəni 22476 (iyirmi iki min dörd yüz yetmiş altı) manat həcmində həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edən zaman ümumiyyətlə ərizəni hansı səbəbdən qismən təmin etdiyini əsaslandırmamışdır. İşə baxan məhkəmə nəzərə almamışdır ki, cavabdehin hər hansı bank və ya digər pul-kredit təşkilatında hesabının olub-olmaması barədə məlumat iddiaçının bilavasitə özünün əldə edə biləcəyi informasiya olmadığından, həmin məlumatın iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi özlüyündə mümkünsüz olacaqdır. Belə ki, cavabdehin hər hansı bank və ya digər pul-kredit təşkilatında hesabının olub-olmaması barədə məlumat qanunvericiliyə əsasən əldə edilməsi məhdudlaşdırılan, yəni sirr (kommersiya, bank və vergi sirri olmaqla) təşkil edən məlumat kateqoriyasına aid olduğundan, qeyd edilən halı təsdiq edən sübutu əsaslı olaraq məhkəməyə təqdim edə bilməmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3631/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onların nümayəndələri məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 3631/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmə tədbiri kimi məhkəmə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırkı halda məhkəmə tərəfindən görülmüş tədbir iddia tələbinə mütənasib olmuş və qətnamənin icrasını təmin etmək məqsədi daşımışdır. Şikayət ərizəsinin dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ərizəsi qismən təmin edərkən məhkəmə öz mövqeyini kifayət qədər əsaslandırmış və ərizəyə baxarkən hər hansı prosessual pozuntuya yol verilmədiyini bildirmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsas borc üzrə ödəniş həyata keçirildiyindən iddianı təmin etmə tədbirinin qüvvədə qalmasına zərurət qalmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən ərizədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3631/2020 nömrəli qərardadından verilmiş şikayətdən imtina etdiyini və şikayət üzrə icraata xitam verilməsini xahiş etmədiyindən apelyasiya instansiya məhkəməsi tərəfindən şikayətin dəlillərinə hüquqi qiymət verilməsı zəruridir. Belə olan halda məhkəmə izah edir ki, tərəflər arasında mübahisə aradan qalxmışsa iddiaçı müvafiq prosessual hərəkətlərin edilməsi üçün iddiadan imtina etməsi və iddianın təmin edilməsi üçün görülmüş tədbirlərin ləğv edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməyə haqlıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3631/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3631/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-190/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-190/2021
11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver