Məhkəmə qərarları › İş №2-2(103)-191/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-191/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-191/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh Bünyad-zadə Nəzakət Kazım qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1050/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh Bünyad-zadə Nəzakət Kazım qızına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bünyad-zadə Nəzakət Kazım qızından 198.000 manat məbləğində əsas, 16.450,00 manat müddət sonuna olan faiz, 49.677,93 manat cərimə, 64.295,00 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 328.422,93 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 003 saylı kredit müqaviləsinə əsasən cavabdehə xx xxxx 2013-cü il tarixinədək illik 7% faiz dərəcəsi ilə 198.000,00 manat məbləğində sahibkarlıq krediti verilmişdir. Həmin müqavilənin 3.2.2ci maddəsinə əsasən borc alan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin, borc verən tərəfindən hesablanmış penya və cərimələri ödəməyi öz üzərinə götürmüş və 3.2.8-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi ilə əlaqədar borcverən tərəfindən öz hüquqlarının bərpası üçün çəkilmiş məhkəmə və digər xərcləri banka ödəməlidir. Lakin, borclu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1050/2019 xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Bünyad-zadə Nəzakət Kazım qızından 198.000,00 manat məbləğində əsas borc, 16.450 manat məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən hesablanmış 64.295,00 manat məbləğində faiz borcu, 4.900 manat məbləğində cərimə borcu, cəmi, 283.645 manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnaməni cərimə hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cərimə tələbində haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən borcalan tərəfindən bu müqavilənin 1.1-ci bəndində göstərilən xx.xx.2013-cü il tarixədək kreditin və ona borc verən tərəfindən hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda borcalan borc verənə vaxtı ötmüş borc məbləği üçün illik 14 faiz məbləğində cərimə ödəyir. Məhkəmə tərəfindən ekspert rəyi digər sübutlarla qarşılıqlı araşdırılmamış, təkrar ekspertiza təyin olunması zərurəti nəzərə alınmamışdır. MPM-in 385.1-ci məddələri baxımından, qətnamə ləğv olunmalı, 49.677,93 manat cərimə cavabdehdən tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək alınmış ekspert rəyinə müvafiq yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması cavabdehin iştirakı olmadan aparılmışdır. Qətnamə MPM-in 217-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, faktlar araşdırılmamış, birtərəfli mövqe nümayiş etdirmiş, tətbiq edilməli olan qanuni tətbiq etməmiş qanunsuz qərar qəbul etmiş, qanunla qorunan hüquqlarını pozmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalaının pozulması qətnamənin ləğv edilməsi üçün əsasdır. İşin apellyasiya mərhələsində cavabdehin apellyasiya şikayətində əlavə ekspertiza təyin olunması barədə dəlilləri nəzərə alınmaqla, məhkəmə iddiaçının borcuna faiz və cərimə məbləğləri hissəsində aydınlıq gətirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə MPM-in 102-ci maddəsinin tələbi nəzərə alınmaqla, əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert tədqiqatının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin qərardad icra olunmuş, aparılmış tədqiqatın nəticələrinə dair ekspert rəyi xx.xx.2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək, işə baxılması üzrə xx.xx.2020-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.8-ci və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarından və tərəflərin apellyasiya şikayətinin dəlilərindən görünür ki. tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixdə bağlanmış 003 saylı kredit müqaviləsinə əsasən cavabdehə sahibkarlıq məqsədləri ilə iddiaçı tərəfindən cavabdehə illik 7% faiz dərəcəsi ilə xx xxxx 2013-cü il tarixinədək (beş il müddətinə) 198.000,00 manat məbləğində kredit məbləği verildiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. İş materiallarına əlavə olunmuş ödəniş qrafikinə əsasən borcalan aldığı 198.000,00 kreditə görə xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixə olan 60 ay müddətinə əsas borcla bərabər banka qaytarmalı olduğu 49.769 manat faiz (7%) məbləği də nəzərə alınmaqla, ümumilikdə, borcu 247.789 manat təşkil edir. Hazhırkı mərhələdə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş materiallarında olan sənədlərə əsasən aparılmış tədqiqatın nəticələrinə verilmiş 9/995 saylı ekspert xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə borcalan X1 xx xxxx 20213-cü il tarixədək banka olan borcu 245.766,61 manat təşkil edir. O cümlədən: xx.xx.2013-cü il tarixinə (yəni kredit müqaviləsinin bitdliyi tarixə) əsas borc üzrə - 198.000 manat, faiz borcu üzrə 47.766,61 manat (Ekspert onun qarşısında qoyulan ödənişin gecikdirilməsinə görə cərimə (dəbbə) və illik 5 faizlə bağlı suallar iddiaçının hesabından çıxarış məlumatlarında müvafiq hesablamalar olmadığından cavablandırılmamışıdır) İddiaçı bank isə tələbində əsas borc üzrə 198.000,00 manat, faiz borcu üzrə isə 16.450,00 manat cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş və birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissələrdə iddia tələbləri tam təmin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin qeyd olunan rəyindən göründüyü kimi, kredit mübahisəli müqaviləsi üzrə cavabdehin əsas və faiz borcu müəyyənləşdirilərkən hərtərəfli ekspert tədqiqatı aparılmış, qrafik şəkilində onun müqavilə müddətinə, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək olan əsas və faiz borcu aylar üzrə araşdırılıb müəyyən ləşdirilmiş və borc alan tərəfindən banka, cəmi, 20.455,39 manat məbləğində ödəniş edildiyi və həmin məbləğin də onun faiz borcuna slinmiş və həmin ödəniş nəzərə alınmaqla, onun müqavilə müddətinin sonuna olan faiz borcu 47.766,61 manat müəyyən olunmuş, əsas borc isə ilkin ekspert rəyində olduğu kimi - 198.000,00 manat təşkil etdiyi təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bank tərəfindən cavabdehin ödənişləri üzrə aparılmış silinmənin faizə ai edilməsi mülki qanunvericilyin tələblərinə uyğundur. Belə ki, Mülki əcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Birinci instansiya məhkəməsi qətnaməsində əsas borc hissəsində iddia tələbini Məhkəmə Ekspertizası Mərkəzinin 25296 saylı xx xxxxxx 2019-cu il tarixli ilkin ekspert rəyinə uyğun şəkildə (yəni, 198.000,00 manat məbləğində) təmin etmiş, həmin göstərici isə hazırkı mərəhələdə əlavə məhkəmə ekspertizası üzrə verimiş ekspert rəyinin nətəicələri ilə eynilik təşkil edir. Qətnamədə müqavilə faizi (7%) hissəsində isə, məhkəmə, ilkin ekspert rəyində təsbit olunan 62.734,24 manat faiz borcunu nəzərə almamış, MPMin 218.3-cü maddəsinə uyğun olaraq iddia tələbi həddində iddiaçının malliyyə arayışı ilə müəyyən olunan 16.450,00 manat məbləğində iddianı təmin etməklə, maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Çünki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə qeyd olunanlar onu göstərir ki, cavabdehin şikayətinin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcu ilə bağlı ondan tutulması qət olunan pul məbləğləri ilə razılaşmayan dəlillərini əsassızdır. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dolayısı ilə, məhkəmənin Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən kredit müddəti bitdikdən sonra borcun qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 64.295,00 manat illik beş faizin tam məbləğdə ondan tutmasını mübahisələndirən dəlilləri qismən razılaşır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məcəllənin qeyd olunan norması baxımından, əsas borcdan hesablanmalı olan illik beş faiz məbləğinin hesablanması, adi riyazi üsulla hesablanması heç bir çətinlik doğurmur. Bu mənada, müqavilə müddəti bitdiyi 2013-cü ilin mart ayından 2018-ci ilin may ayındda məhkəmədə iddia qaldırıldırılana qədər ötən beş il üçün hesablama aparıldıqda, cavabdehin qeyd olunan 198.000,00 manat məbəlğində əsas borcundan hesablanan illik beş faiz 49.500 ((198.000x5%)x5) manat təşkil edir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi ilə illik 5 faizə görə 14.795 (64.295,00-49.500,00) manat məbləğində pulun tutulması əsassız olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin görünür ki, iddiaçının 49.677,93 manat məbləğində cərimə tələbi müqabilində, cavabdehdən Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edilməklə, həmin cərimə məbləği 4.900 manata qədər endirilmişdir. Məhkəmə kollegiyası məhkəmənin həmin gəldiyi həmin nəticə ilə də tam razılaşmayaraq hesab edir ki, həmin hissədə qətnamə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, tərəflər arasındakı müqavilənin 2.9-cu bəndi ilə tərəflər razılığa gəlmişlər ki, borc alan xx xxxx 2013-cü ilədək krediti və ona hesablanmış faizləri ödənilməsi öhdəlyini pozduqda borc verənə 14 faiz illik cərimə ödəyir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən olunur ki. cavabdeh tərəfindən ödəniş qrafiki üzrə üzərinə düşən öhdəliyini yerinə yetirmədiyinə görə müqavilə müddəti üçün ona 49.677,93 manat məbləğində cərimə hesablanmış və işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının həmin tələbi 10 dəfədən də çox, yəni, 4.900,00 manata qədər azadılmışdır. Halbuki, məhkəmənin istinad etdiyi, Mülki Məcəllənin 467-ci maddəsində nəzərədə tutulur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən həmin norma düzgün təfsir edilməmiş, iddiaçının, yəni, kreditorun həm əmlak, həm də əsaslı mənafeyi qətiyyən nəzərə alınmamışdır. Ən azından, məhkəmə nəzərə almalı idi ki, iddiaçı bank hal-hazırda ləğvetmə prosesindədir və bankın özünün borclu olduğu çoxlu sayda kreditorları mövcuddur. Həmin kreditorların tələblərinin təmin edilməsi baxımından, bankın aktivlərinin, o cümlədən, debitor borclarının yığılması onun əsaslı mənafelərinə toxunmaya bilməz. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qət olunan cərmə məbləğini mübahisələndirən dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, iddia tələbində tutulması tələb olunan 49.677,93 manat cərimə məbləğinin tənasübsüzlüyünə, həmin cərimə tələbinə münasibətdə deyil, cavabdehin 198.000,00 manat əsas borc tələbinə münasibətdə aydınlıq gətirilməli idi. Bu baxımdan, məhkəmə kollegiyası cərimə məbləğinin əsas borcun 10 faizi miqdarında, yəni 19.800 (198.000,00x10%) manat həddində müəyyənləşdirilməsini tərələrin əmlak və əsaslı mənafeyinə mütənasib hesab edir. Beləliklə də, tərəflərin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsinin qətnaməsinin işin hallarına, maddi və prosesual hüquq normalarına uyğun olmadığını mübahisələndiriən dəlillərinin qismən əsaslı oduğu sübuta ytirilir. Bu mənada, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir: -tərəflərin apellyasiya şikayətləri qismən təmin edilməli; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1050/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilməli; - iddia qismən təmin edilməli; cavabdeh Bünyad-zadə Nəzakət Kazım qızından 198.000,00 manat əsas borc, 16.450,00 manat faiz borcu, 19.800,00 manat cərimə borcuvə kredit müddəti bitdikdən sonrakı vaxt üçün Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən hesablanmış 49.500,00 manat illik beş faiz və MPM-in 119.1-ci maddəsinə müvafiq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 25 manat, cəmi, 283.775,00 manat pul vəsatinin iddiaçının xeyrinə tutulmalı; -qalan hissədə iddia rədd edilməli; -MPM-in 117.1-ci maddəsinə müvafiq, cavabdeh tərəfin vəsatətləri nəzərə alınmaqla təyin edilən məhkəmə ekspertizalarına görə 345 manat məbəlğində ekspertiza xərci (ilkin ekspertiza üzrə 145 manat + əlavə ekspertiza üzrə 200 manat) cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Agentliyi üzrə hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392,393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin və cavabdeh Bünyad-zadə Nəzakət Kazım qızının apellyasiya şikayətləri qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1050/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh Bünyad-zadə Nəzakət Kazım qızından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə - 198.000,00 (bir yüz doxsan səkkiz min) manat əsas borc, 16.450,00 (on altı min dörd yüz əlli) manat faiz borcu,19.800,00 (on doqquz min səkkiz yüz) manat cərimə borcu, 49.500 (qırx doqquz min beş yüz) manat məbləğində illik beş faiz və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat, cəmi, 283.775 (iki yüz səksən üç min yeddi yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. 345 (üç yüz qırx beş) manat məbləğində ekspert tədqiqatının dəyəri cavabdeh Bünyad-zadə Nəzakət Kazım qızından alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Agentliyindəki hesabına ödənilsin. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar