Məhkəmə qərarları › İş №2-2(103)-192/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-192/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-192/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh1 ASC-nın nümayəndəsi X1 və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3897/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05.02.2019-ci il tarixli 1853-P/18 nömrəli müqaviləyə əsasən lizinqə verilmiş 1902 adda kənd təsərrüfatı texnikanın dəyərinin 30520809,60 manat məbləğində hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.10.2021-ci il tarixli e-2-2(113)-3897/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən Cavabdeh1 ASC ilə lizinqə alan İddiaçı MMC arasında kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 05.02.2019-cu il tarixli 1853-P/18 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 38151012 manat olan 1902 adda (7 adda 21700 manat məbləğində 2016-cı il buraxılışı, 1410 ədəd 29667699 manat məbləğində 2017-ci il buraxılışı və 485 ədəd ******* manat məbləğində 2018-ci il buraxılışlı) kənd təsərrüfatı texnikalarını müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verməsi şərti ilə lizinqə vermişdir. İddiaçı bildirir ki, cavabdehin təqdim etdiyi ödəniş cədvəli araşdırılarkən kənd təsərrüfatı texnikalarının işlənmə vəziyyəti nəzərə alınmadan ilkin alış qiyməti ilə lizinqə verildiyi müəyyən olunmuş və bu barədə cavabdehə müraciət edilmişdir. Cavabdeh1 ASC 28.10.2020-ci il tarixli ASC/2-1625 saylı cavab məktubu ilə müqavilə üzrə öhdəliyinə istinad edərək lizinqə verilən kənd təsərrüfatı texnikalarına işlənmə vəziyyəti nəzərə alaraq amortizasiya normaları tətbiq etməkdən imtina etmişdir. 1902 adda 38151012 manat dəyərində kənd təsərrüfatı texnikalarının buraxılış ilini və İddiaçı MMC-yə təhvil verilmə tarixini nəzərə almaqla amortizasiya normasını 20% tətbiq etməklə 7630202,40 manat məbləğində amortizasiya ayırmaları hesablanmalı və ümumi məbləğdən çıxılmalıdır. Bununla da, 1902 adda kənd təsərrüfatı texnikalarının dəyəri 38151012 manat deyil, 30520809,60 manat olmalıdır. Habelə, müqavilə 2019-cu ildə bağlansa da, lizinqə verilmiş 2016, 2017 və 2018-ci illərdə istehsal olunan kənd təsərrüfatı texnikalarının amortizasiyası nəzərə alınmadan ilkin satış qiyməti ilə İddiaçı MMC-yə təhvil verilmişdir. Cavabdeh1 ASC iddiaya etiraz edir və bildirir ki, müqavilənin 2019-cu il tarixdə bağlanmasına baxmayaraq, lizinqə verilmiş kənd təsərrüfatı texnikalarının buraxılış illəri 2016, 2017 və 2018 olsa belə, yürüşləri 0 (sıfır) olmuşdur. Bununla yanaşı lizinqə verilən dövriyyə vəsaiti olan lizinq obyektinə amortizasiyanın hesablanmır, dəyəri lizinq alan tərəfindən aparılan ödənişlərdən asılı olaraq azaldılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın mahiyyəti müqavilənin dəyişdirilməsindən ibarətdir. Müqavilənin dəyişdirilməsi əsasları, qaydaları və nəticələri isə Mülki Məcəllənin 421- 424-cü maddələrində müəyyən edilmişdir. Həmin maddələrdən müəyyən edilir ki, müqavilə tərəflərin razılaşması əsasında dəyişdirilə bilər. Habelə, tərəflərdən birinin tələbi ilə müqavilə aşağıdakı hallarda da dəyişdirilə bilər: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda; - şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Çünki iddiaçı qeyd olunan maddi hüquq normalarına və hallara istinad etməyib, ümumiyyətlə iddiaçının istinad etdiyi hallar həmin əsaslara uyğun gəlmir və heç bir halda müqavilənin dəyişdirilməsi əsası kimi qəbul edilə bilməz. Göründüyü kimi iddia tələbləri özü-özlüyündə əsassızdır və sübutlar araşdırılmadan rədd edilməlidir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3897/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar