Məhkəmə qərarları › İş №2-2(103)-193/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-193/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-193/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1758/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 19099,49 (on doqquz min doxsan doqquz manat qırx doqquz qəpik) manat borcun, nümunə kimi Qüllə Restoranında yerləşdirilmiş 8 qutu Gül buketlərinin dəyərini təşkil edən 5000 (beş min) avronun (qaytarılacağı gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan manatı ilə), məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 500 (beş yüz) manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə 14645 (on dörd min altı yüz qırx beş) manat 75 qəpik məbləğində vurduğu maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumu xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli e-2-2(113)-2076/2021 saylı qərardadı ilə "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı maddi ziyanın ödənilməsi barədə e-2- 2(113)-2076/2021 saylı iş İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı borcun ödənilməsi barədə e-2-2(113)-1758/2021 saylı işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli e-2-2(113)-1758/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-dən 2455,75 (iki min dörd yüz əlli beş manat, yetmiş beş qəpik) manat borc, 5 manat ödənilmiş dövlət rüsumu, 200 manat hüquqi yardım xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması, "xxxx" MMC-nin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC-dən 12190 manat məbləğində maddi ziyan, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMCnin xeyrinə tutulması qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, İddiaçı MMC-nin iddiasının tam təmin edilməsini, "xxxx" MMC-nin iddiasının isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız İddiaçı MMC-nin iddiasının təmin olunmamış hissəsində və "xxxx" MMC-nin iddiasının qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" arasında 25 iyun 2020-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı malları dövlət standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 25 iyun 2020-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə 1 №-li əlavəyə əsasən malların çeşidi aşağıdakı kimi müəyyən edilmişdir: Skandinaviya mamırı, 1 kv.m qiyməti 487,6 manat, miqdarı 50 kv.m, cəmi məbləğ 24.380 manat. Həmin əlavədə qeyd olunmuşdur ki, mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il. Zəmanət malların rənginə, fiziki vəziyyətinə aiddir. Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa, kənar təsirlər olunarsa, zəmanət keçərli olmayacaqdır. Ödəniş şərti 50 % avans, 50 % mallar təhvil verilib, qaimələr imzalandıqdan sonra elektron hesab-fakturanın təqdim edilməsi tarixindən sonrakı 15 gün ərzində satıcının hesabına köçürmə yolu ilə həyata keçirilir. 25 iyun 2020-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə 2 №-li əlavəyə əsasən malların çeşidi aşağıdakı kimi müəyyən edilmişdir: gül buketi – 250 yarpaqlı, 1 dəstin qiyməti 4911,5 manat, cəmi məbləğ 4911,5 manat. Həmin əlavədə qeyd olunmuşdur ki, mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il, zəmanət malların rənginə, fiziki vəziyyətinə aiddir. Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa, kənar təsirlər olunarsa, zəmanət keçərli olmayacaqdır. Ödəniş şərti 50 % avans, 50 % mallar təhvil verilib, qaimələr imzalandıqdan sonra elektron hesab-fakturanın təqdim edilməsi tarixindən sonrakı 15 gün ərzində satıcının hesabına köçürmə yolu ilə həyata keçirilir. "xxxx" MMC tərəfindən qeyd olunan məbləğlərin 50 faizi, yəni 14645,75 manat İddiaçı MMC-yə ödənilmiş və qeyd olunan mallar "xxxx" MMC-nin verdiyi sifariş əsasında Bakı şəhəri, “Alov Qüllələri” kompleksindəki ünvanında yerləşən Qüllə Restoranında quraşdırılmışdır. İddiaçı MMC-nin öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, qeyd olunan sifarişdən əlavə, 30 faiz endirim tətbiq edilməklə dəyəri 2750 manat təşkil edən Gül buketli yarpaq quraşdırılmış, lakin cavabdehin təqsiri ucbatından fiksasiya edilməmişdir. Həmçinin əldə edilmiş şifahi razılaşmaya əsasən quraşdırılmış yaşıllıqların üzərində loqolarının əks olunması şərti ilə ümumi məbləğə 3 faiz endirim edilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırda yaşıllıqların üzərində loqonun əks olunması üçün "xxxx" MMC tərəfindən şərait yaradılmadığından hazırkı borca endirim məbləği tətbiq edilmir. Hazırda "xxxx" MMC tərəfindən ödənilməli olan borc məbləği 19099,49 manat təşkil edir. Borcun ödənilməsi istiqamətində "xxxx" MMC-nin rəhbərliyi ilə aparılan danışıqlar, e-mail yazışmaları və rəsmi müraciət isə nəticəsiz qalmışdır. Cavabdeh "xxxx" MMC bütün sifarişlərinin tam olaraq yerinə yetirildiyinə baxmayaraq, yaşıllıqların sərtləşərək bərkiməsi bəhanəsi ilə malların qüsurlu olduğunu bildirərək borcun ödənilməsindən hər vasitə ilə yayınmağa çalışır. Hazırda nümunə kimi Qüllə Restoranında 8 qutu Gül buketləri yerləşdirilmişdir ki, həmin qutularda olan malın qiyməti 5000 Avro (10330,5 manat) təşkil edir. Restoranda quraşdırılmış mamırların bərkiməsi ilə əlaqədar daha əvvəl də Belçika Krallığının paytaxtı Brüssel şəhərində yerləşən baş ofislə bir neçə dəfə danışdıqlarına baxmayaraq, 21 yanvar 2021-ci il tarixdə yerindəcə video zəng vasitəsilə mövcud vəziyyəti göstərmək üçün əlaqə saxlanılmışdır. Vəziyyətin onlara göstərilməsinə baxmayaraq, nəticədə cavab eyni olmuşdur – “rütubət səviyyəsinin normativlərdən çox aşağı olması”. Mamır xarab olmayıb, sadəcə rütubətin qapalı məkanlarda normativ səviyyəsindən xeyli az olmasından bərkimişdir. Quru hava şəraiti normaya (minimum 30%) gəldiyində, mamır yenə əvvəlki yumşaq halını alacaqdır. 23 yanvar 2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı Vasif Şükürovun köməyi ilə əməkdaşları obyektdə olmuş və cihazı 30 dəqiqə saxlamaqla ilk göstəricini əldə etmişdir. Axşama doğru "xxxx" MMC-nin Fuad adlı əməkdaşı ilə şəxsən əlaqə saxlanılmış və həmin zaman üçün cihazda olan göstəricilərin şəklini göndərməyini xahiş etmiş, nəticə eyni olmuşdur - 10%. Qapalı məkanlarda hava normativlərini əks etdirən cədvəl ayrıca olaraq elektron məktuba əlavədə göstərilmişdir. Həmin cədvəldə göstərilir ki, 10% rütubətlik səviyyəsi çox aşağı göstərici sayılır. Hətta normal bitkilərin həmin şəraitdə quruma ehtimalı çox böyükdür. Havalar istiləşməyə doğru getdiyində, vəziyyət avtomatik olaraq dəyişəcək və mamır əvvəlki halına qayıdacaqdır. Bu məlumatı ehtimal olaraq deyil, yaşanmış bir çox təcrübədən sonra baş ofisdən bildirmişlər. Əlavə olaraq, mövcud narahatçılıqları (bərkimə və bəzi hissələrin əvəzlənməsi) nəzərə alaraq, obyektdə baxış keçirilməsi üçün Brüsseldən mütəxəssis dəvət edilmiş və onun iştirakı ilə keçirilən baxış zamanı da, havaların nisbətən istiləşməyə doğru getdiyində, vəziyyətin avtomatik olaraq dəyişəcəyi və mamırın əvvəlki halına qayıdacağı qənaətinə gəlinmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC-nin nümayəndələri ilə görüş zamanı divara quraşdırılmış mamırların normal rütubət səviyyəsi təmin olunduqdan sonra əvvəlki halına qayıdaraq yumşalacağına zəmanət verilmiş və bununla bağlı onlara ayrıca olaraq rəsmi zəmanət verilə biləcəyi bildirilmişdir. Lakin bu günədək "xxxx" MMC tərəfindən həmin məsələ ilə bağlı hər hansı cavab verilməmişdir. Alıcıya bundan əlavə 2 təklif də verilmişdir. Birincisi – eyni məhsulların quraşdırıldığı başqa ünvanlarda (şirkət, ictimai iaşə obyekti və s.) monitorinqin aparılmasına dəvət (həmin müştərilərdə rütubət normativi normal səviyyədə olduğu üçün bərkimə baş verməmişdir). İkincisi – qüllə restoranında quraşdırılmış bərkimiş hesab etdikləri mamırlardan kiçik bir nümunə götürülürək "xxxx" MMC-nin ofisində qısa müddətlik (3-5 gün) yerləşdirərək onun yumşalacağını izləmək. Bu səbəbdən də, yuxarıda qeyd edildiyi kimi mala dair zəmanət sənədini təqdim etməyə hazırdırlar. Eyni zamanda həmin zəmanət sənədində yaşıllıqların quraşdırıldığı məkanda rütubət səviyyəsinin normativlərə cavab verdiyi şəraitdə malın korlanması baş verdiyi təqdirdə heç bir haqq tələb etmədən yaşıllıqların öz hesablarına sökülməsini və "xxxx" MMC tərəfindən ödənilmiş pulun tam olaraq qaytarılmasını öhdələrinə götürdüklərini yazılı şəkildə bildirmişlər. Əlavə olaraq Skandinaviya Mamırı və Buket yarpaqları Brüssel şəhərindən dünyanın bir çox ölkəsinə ixrac olunmaqdadır, mənşə və keyfiyyət sertifikatları mövcuddur. Eyni zamanda ölkə ərazisində bir çox məntəqələrdə quraşdırılan yaşıllıqların keyfiyyəti barədə bu günədək sifarişçilərlə hər hansı mübahisə yaranmamışdır. Həmçinin “Qüllə Restoranı” layihəsi çərçivəsində bağlanmış yuxarıda qeyd olunan müqaviləyə əsasən İddiaçı MMC tərəfindən quraşdırılmış Skandinaviya Mamırı və Gül buketi yalnız görünüş xarakterlidir və həmin yaşıllıqların sərtləşərək bərkiməyəcəyi barədə İddiaçı MMC tərəfindən üzərinə hər hansı öhdəlik götürülməmişdir. Yaşıllıqların görünüşü – rəngi, təbiiliyi və təravətliliyi isə bu günədək özünün quraşdırıldığı gündə olduğu xassəsini qoruyub saxlamaqdadır. "xxxx" MMC həmin iddiaya etiraz edir və yeni iddia irəli sürərək, bildirir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş və quraşdırılmış malların tərkibi sərtləşərək bərkimiş, həmin yaşıllıqlar öz elastiklik xassəsini itirmişdir. Bu isə cavabdeh tərəfindən təqdim edilmiş malların qüsurlu olmasını təsbit edir və "xxxx" MMC tərəfindən bu işlər qəbul edilə bilməz. Belə ki, bütün çatışmazlıq və nöqsanların səbəbini araşdırmaq üçün ofisdə cavabdehlərin iştirakı ilə toplantı keçirilmiş, cavabdehin menecer işçi heyəti ilə görüş təşkil edilmişdir. Görüşdə cavabdehin yeganə istinad etdiyi səbəb sahənin normal 34%-35% rütubətliliyi təmin olunmalı halda sahənin rütubətliliyinin əsassız olaraq 10% olmasının qeyd edilməsi olmuşdur. Həmin görüşdə cavabdehə iradı olmuşdur ki, “rütubət” faktoru əsas amil olduğu təqdirdə, hansı səbəbdən onlar bu barədə onları məlumatlandırmayıblar və öncədən cavabdeh tərəfindən məlumatlandırmama faktını qəbul etmişdir. Nəticə etibarilə razılaşmışlar ki, bitərəf dövlət qurumu olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən “Qüllə Restoran” layihəsində daxili sahənin rütubətliliyinin ölçmə işləri aparılsın. 29.01.2021-ci il tarixində sözükeçən dövlət qurumu tərəfindən ərazidə VAİSALA PTB 330 TS və CENTER 311 ölçmə aparatları vasitəsilə ölçmə işləri aparılmış və araşdırma nəticəsi verilən məlumata əsasən həmin sahədə rütubətlilik gün ərzində 34,4%-dən 35,2%-dək dəyişir. Bu isə qüsurlu malların satıcısı kimi yeganə istinad mənbəyinin “rütubətlilik” faktının olmaması ilə öz təsdiqini tapdı. Qeyd olunan rütubətlilik barədə məlumat malların qüsurlu olmasını bir daha təsbit etdi və "xxxx" MMC tərəfindən öncədən İddiaçı MMC ilə razılaşdırıldığı kimi qüsur aktını tərtib etmiş və təsdiq olunması üçün xəbərnaməli məktub ilə 08.02.2021-ci il tarixdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən öncədən razılaşdıqları kimi qüsur aktının təsdiq edilməsi əvəzinə göndərdikləri məlumatlar nəzərə alınmadan əsassız pretenziya məktubu tərtib edilmiş və 18.02.2021-ci il tarixdə təqdim edilmişdir. Bu pretenziyada mallara normal rütubətliliyin 34-35% olmasının tələb olunması qeyd edilmişdir. Bu arada e-mail vasitəsilə qüsur aktının təsdiq edilərək, qüsurlu malların ərazidən sökülmə tələbi ilə cavabdehə müraciət edilmişdir. Mallar qüsurlu olduğu üçün və malların quraşdırması işləri "xxxx" MMC-nin korporativ məqsədlərinə cavab vermədiyi üçün cavabdehin malları və işləri alıcı kimi onu qane etməmiş və həmin işlər qəbul edilməmişdir. O səbəbdən avans olaraq ödənilmiş 14645 manat məbləğin geri ödənilməsini pretenziya qaydasında cavabdehdən tələb etmişdir. 25 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Eyni zamanda təqdim edilmiş malların fiziki vəziyyətinə dair 5 il müddətinə zəmanət müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə İddiaçı MMC-nin iddiası təmin edilməməli, "xxxx" MMC-nin iddiası isə təmin edilməlidirr. Belə ki, Greenmood” MMC-nin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC tərəfindən yuxarıda istinad olunan 1 və 2 saylı əlavələrdə göstərilən mallardan, yəni ümumi dəyəri 24380 manat təşkil edən Skandinaviya mamırı və dəyəri 4911,5 manat təşkil edən 1 dəst gül buketindən əlavə malların cavabdehə təhvil verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə "xxxx" MMC-nin ona təhvil verilməyən mallara görə pul məbləğini ödəmək öhdəliyi yaranmamışdır. Təhvil verilən ümumi dəyəri 24380 manat təşkil edən Skandinaviya mamırının dəyərinin ödənilməsi tələbi isə təmin edilə bilməz. Belə ki, İddiaçı MMC həmin malların dəyərinin ödənilməsi tələbini irəli sürmüş, "xxxx" MMC isə satılan həmin malların qüsurlu olması səbəbindən ödədiyi avansın geri qaytarılmasını tələb etmişdir. Göründüyü kimi mübahisənin həlli ilk növbədə satılan malların qüsurlu olubolmamasının müəyyən edilməsindən asılıdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə satıcı alıcıya təhvil verilən mallara bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə müəyyən edilmiş qaydada malın keyfiyyətinə görə zəmanət verir. Müqaviləyə aid 1 №-li əlavəyə əsasən mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il təşkil edir, zəmanət malların rənginə və fiziki vəziyyətinə aiddir. Hazırki işin də mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş və quraşdırılmış Skandinaviya mamırının tərkibi qısa müddətdə sərtləşərək bərkimiş, öz elastiklik xassəsini itirmişdir. Bu isə satılmış əşyanın keyfiyyətinə uyğun hesab edilmir. İddiaçı bunun səbəbini rütubət səviyyəsinin normativlərdən çox aşağı olması ilə əlaqələndirir və bildirir ki, məsələ mamırın xüsusi şərait tələb etməsindən ibarət deyil, o xarab olmayıb, sadəcə rütubətin qapalı məkanlarda normativ səviyyəsindən xeyli az olmasından bərkimişdir. Havalar istiləşməyə doğru getdiyində, vəziyyət avtomatik olaraq dəyişəcək və mamır əvvəlki halına qayıdacaqdır. Rütubətlik səviyyəsi minimum 30% olmalı olduğu təqdirdə, cavabdehin məkanında 10% olmuşdur. Cavabdeh həmin dəlilə etiraz edir və bildirir ki, rütubət faktoru əsas amil olduğu təqdirdə, iddiaçı onları bu barədə məlumatlandırmamışdır. Bundan başqa həmin sahədə rütubətlilik 10% deyil, gün ərzində 34-35 % olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən satıcı mal alıcıya müqavilənin 8.1-ci maddəsi əsasında təhvil verildikdən sonra malın istifadəsinə və saxlanmasına dair təlimatın alıcı tərəfindən pozulması, yaxud üçüncü şəxslərin hərəkətləri, yaxud qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəlmiş olmasını sübut etməsə, malın nöqsanlarına görə cavabdehdir. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 588.2-ci maddəsində isə təsbit edilmişdir ki, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Göründüyü kimi ilk növbədə malın istifadəsinə və saxlanmasına dair təlimatın satıcı tərəfindən alıcıya təqdim edilib-edilməməsi, daha sonra malın istifadəsinə və saxlanmasına dair təlimatın alıcı tərəfindən pozulub-pozulmaması halı araşdırılmalıdır. Eyni zamanda mallar keyfiyyət qarantiyası ilə verildiyi üçün bu halları sübutetmə vəzifəsi satıcının, yəni hazırki halda İddiaçı MMC-nin üzərinə düşür. Həmin halları sübut etmədiyi təqdirdə isə malın nöqsanlarına görə İddiaçı MMC cavabdehlik daşıyır. İşin hallarından müəyyən olunur ki, iddiaçı satılan malların xüsusi şəraitdə saxlanılmalı olması, yəni rütubətlik dərəcəsinin minimum 30% olması ilə bağlı alıcını əvvəlcədən məlumatlandırmamış, ona heç bir təlimat verməmişdir. Çünki o, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Müqaviləyə əlavədə isə “Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa” şərti qeyd olunsa da, bunun məhz rütubətlik dərəcəsi ilə bağlı olması hər hansı sübutla təsdiq olunmur. Bundan başqa, iddiaçının istinad etdiyi hallar bütövlükdə öz təsdiqini tapmır. Belə ki, tərəflərin nümayəndələrinin izahatları, iddiaçının təqdim etdiyi fotoşəkillər və hər iki tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilir ki, satılan mallarda dəyişikliklərin baş verməsi barədə məlumat aldıqdan sonra iddiaçı tərəfindən açıq satışda olan UNİ-T temperatur və rütubət ölçən cihaz ilə ölçmələr aparılmış və malların saxlanıldığı məkanda rütubətik dərəcəsinin 10% olması müəyyən edilmişdir. Apellyasiya baxışında iddiaçı tərəfindən həmin növ temperatur və rütubət ölçən cihaza dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidməti Texniki Xidmət, Metrologiya və Kalibrlənmə Mərkəzi tərəfindən verilmiş İdarətabeli Yoxlanış haqqında şəhadətnamə də təqdim edilmişdir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən 29.01.2021-ci il tarixdə “Qüllə Restoran” layihəsində daxili sahənin rütubətliliyinin VAİSALA PTB 330 TS və CENTER 311 ölçmə aparatları vasitəsilə ölçmə işləri aparılmış və nəticədə müəyyən olunmuşdur ki, həmin sahədə rütubətlilik gün ərzində 34,4%-dən 35,2%-dək dəyişir. Göründüyü kimi satılan malların saxlanıldığı məkanda rütubətik dərəcəsinin 10% olması faktı qəbul edilsə belə, rütubətlik dərəcəsi normaya, yəni minimum 30 faizə çatdıqdan sonra mallarda müəyyən olunan qüsurun aradan qalxacağı və malın əvvəlki vəziyyətinə qayıdacağı barədə dəlillər öz təsdiqini tapmır. Çünki iddiaçı tərəfindən satılan malların saxlanıldığı məkanda rütubətik dərəcəsi ilə bağlı ölçmələr aparıldıqdan sonra cavabdeh tərəfindən də həmin ölçmələr aparılmış və bu sahədə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən müəyyən olunmuşdur ki, həmin sahədə rütubətlilik gün ərzində 30 faizdən artıq olmuşdur. Bununla yanaşı, satılan mallarda müəyyən olunan qüsurlar aradan qalxmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən 05 fevral 2021-ci il tarixli qüsur aktı tərtib edilmiş və İddiaçı MMC-dən avans ödənişinin geri qaytarılması və qüsurlu malların sahədən sökülüb çıxarılmasını xahiş edilmişdir. Həmin qüsur aktı İddiaçı MMC-nin faktiki ünvanına – Bakı şəhəri, N.Rəfiyev küçəsi 14, X3 yaxınlığı ünvanına göndərilmişdir. Həmçinin "xxxx" MMC 3 gün ərzində yaşıllıqların sahədən sökülüb çıxarılması ilə bağlı İddiaçı MMC-nin elektron poçt ünvanına (mailto:sales@greenmood.azElektron ünvan ) xəbərdarlıq göndərmişdir. İddiaçı MMC isə bildirir ki, ona heç bir qüsur aktı göndərilməmişdir. Həmçinin "xxxx" MMC-nin istinad etdiyi elektron məktub daxil olmamışdır. Kollegiya hesab edir ki, İddiaçı MMC-nin həmin dəlilləri əsassızdır. Belə ki, hazırki iş üzrə iş materiallarında olan iddia ərizəsi, o cümlədən İddiaçı MMCnin adından olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin rəsmi elektron poçt ünvanı kimi “mailto:sales@greenmood.azElektron ünvan ”, faktiki ünvanı isə “Bakı şəhəri, N.Rəfiyev küçəsi 14, X3 yaxınlığı” ünvanıdır. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı MMC-nin qüsur aktından məlumatsız olması ilə bağlı dəlillərə istinad etməsi əsassızdır və o, qüsur barədə kifayət qədər məlumatlı olduğu halda, tərəflər arasında bağlanmış müqavilənin 3.2.9-cu bəndinə uyğun olaraq 2 gün ərzində həmin malın yeni mal ilə əvəz edilməsi və ya bu mümkün olmadıqda əvəzini qablaşdıra bilmədiyi malın dəyərində alıcıya ödənişin və ya ödənişin qalığını geri ödənilməsi ilə bağlı hər hansı tədbir həyata keçirməmişdir. Göründüyü kimi malların qüsurlu olması tam təsdiq olunur. Eyni zamanda İddiaçı MMC həmin qüsurun malın istifadəsinə və saxlanmasına dair təlimatın "xxxx" MMC tərəfindən pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinin şərtlərinə uyğun olaraq malın nöqsanlarına görə cavabdeh şəxsdir. Mülki Məcəllənin 587.2 və 587.2.1-ci maddələrində isə təsbit olunmuşdur ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Bu baxımdan kollegiya hesab edir ki, "xxxx" MMC qüsurlu mallara görə ödədiyi 50 % avans ödənişin, yəni 12190 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə "xxxx" MMC-nin iddiası əsaslıdır. Eyni zamanda həmin əsaslara görə həmin mallara aid hissədə İddiaçı MMC-nin iddiası təmin edilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən birtərəfli olaraq qüsurlu malların sökməsi hüquqdan sui-istifadə və özbaşınalıq kimi qiymətləndirilə bilməz. Çünki yuxarıda qeyd edildiyi kimi qüsurlu malların sökülməsi ilə bağlı "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə yazılı müraciətlər olunmuş, sonuncu isə hərəkətsizlik edərək həmin müraciətlərə cavab verməmişdir. Bununla bağlı "xxxx" MMC-nin nümayəndəsi də bildirdi ki, onlar podratçı kimi həmin sahədə işlər gördüyündən və sifarişçi qarşısında öhdəlikləri olduğundan, habelə İddiaçı MMC yazılı müraciətlərə cavab vermədiyindən məcburiyyət qarşısında qalaraq satılmış malları sökmüşlər və bu zaman onlar tam yararsız (toz halında) vəziyyətdə olduğundan qalıqlarını saxlamamışlar. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1758/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.10.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar