Məhkəmə qərarları › İş №2-2(103)-194/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-194/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-194/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-679/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29 saylı, xx xxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliyin icrası olaraq 136.000 manat məbləğində əsas borcun, 95.744 manat məbləğində dəbbə pulunun, ümumilikdə 231.744 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh MMC arasında bitki mühafizə vasitələrinin satışı ilə bağlı 29 saylı, xx xxxx 2017-cı il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə bitki mühafizə vasitələri verilmişdir. Verilmiş mallar əsasında tərəflər arasında imzalanmış əlavə razılaşmaya əsasən 50% qabaqcadan ödəmə həyata keçirilməli, malların dəyərinin qalan 50%-i mallar təhvil alındıqdan 120 gün müddətinə ödənilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş tam həyata keçirilməmişdir. Qeyd edir ki, “xxxx” MMC malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq həyata keçirilir. Bununla bağlı Cavabdeh MMC 38 saylı, xx xxxxxx 2018-ci il tarixli müqavilənin 3.2.1. və 4.3. bəndində göstərilən öhdəliyin pozulması və “xxxx” MMC-yə 136000 manat (80000 ABŞ dolları) həcmində borcun ödənilməsi ilə bağlı 955 saylı xx xxxxxx 2019-cu il tarixdə xəbərdarlıq edilmişdir. Lakın bu günə kimi cavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmışdir. Müqaviləyə 5 saylı əlavə razılaşmanın 4.2-ci bəndinə əsasən ödəmə vaxtında aparılmadıqda gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% cərimə (dəbbə) ödəməlidir. xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət üçün dəbbə borcu 95.744 manat təşkil edir (136000 manat x 0,1%=136 manat; xx.xx.2017-xx.xx.2019=704 gün, 704 gün x 136 manat=95744 manat). Beləliklə, Cavabdeh MMC-nin xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixinədək olan müddət üçün əsas borcu 136.000 manat, dəbbə pulu borcu 95.744 manat, ümumilikdə borc 231.744 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-679/2020 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-679/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Sonradan cavabdehin nümayəndəsi R.Ə.İsmayılov müddətin bərpasına dair ərizə verərək, şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-679/2020 saylı qərardadı ilə xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-679/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üzrə prosessual müddət cavabdehə münasibətdə bərpa edilmiş və apellyasiya şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-679/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-679/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(103)-194/2021 saylı qərardadı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli 29 saylı bitki mühafizə vasitələrinin satışına dair müqavilənin 4.1-ci bəndinə əsasən iddiaçı malı cavabdehə müəyyən olunmuş müddətdə və eyno zamanda nəzərdə tutulmuş müddətdə və eyni zamanda nəzərdə tutulmuş qablaşma keyfiyyətinə görə istehsalçının texniki şərtlər və texniki təqdimatı əsasında təhvil verməyi öhdəsinə götürməyi öhdəsinə götürüb. Lakin, alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş 136000 manat məbləğində bitki mühafizə vasitələri keyfiyyətsiz olduğundan cavabdeh həmin borcun ödənilməsindən imtina edib. Belə ki, tərəflər arasında uzun müddət davam edən işgüzar münasibətləri və tərəfdaşlığı nəzərə alaraq, hər iki tərəfin rəhbər şəxslərinin şifahi danışıqlarına əsasən mövcud müqavilə üzrə yaranmış 136000 manat borcun gələcəkdə tələb olunmaması ilə bağlı razılıq əldə olunub. Odur ki, müqavilə üzrə öhdəliyin yaranmasından 3 ilə yaxın müddətin keçməsinə baxmayaraq bu günə qədər iddiaçı tərəfindən yaranmış borcun tələb olunması ilə bağlı məhkəmə qarşısında iddia tələbləri irəli sürülməyib. İddiaçı tərəfin rəhbərliyində dəyişikliklər baş verdikdən sonra, yeni təyin edilmiş rəhbər şəxs tərəfindən mövcud borcun tələb olunması ilə bağlı məhkəməyə müraciət edilib. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-679/2020 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə təmin olunmuş hissəsində ləğvini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxxx 2017-ci il tarixli 29 saylı bitki mühafizə vasitələrinin satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcıya müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini satmağı, alıcı isə həmin malı qəbul etməyi və razılaşdırılmış müddətlərdə malların haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 29 saylı müqaviləyə, xx.xx.2017-ci il tarixli 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı və 5 saylı xx.xx.2017-ci il tarixli 5 saylı əlavə razılaşmalara əsasən müqavilə əsasında təqdim ediləcək malların adları və miqdarı, qiyməti müəyyən edilmişdir. 5 saylı Əlavə Razılaşmanın 4.2-ci bəndində ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1 % məbləğində cərimə hesablanması nəzərdə tutulmuşdur. Əlavə razılaşmalar tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxx 2017-ci il tarixli, 014829 saylı qaimə-fakturaya əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC–yə 675.316,80 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxx 2017-ci il tarixli, 030041 saylı qaimə-fakturaya əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 229.974,24 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxx 2017-ci il tarixli, 030044 saylı qaimə-fakturaya əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 321.464,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxx 2017-ci il tarixli, 030045 saylı qaimə-fakturaya əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 153.840,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxx 2017-ci il tarixli, 030046 saylı qaimə-fakturaya əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 153.060,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxx 2017-ci il tarixli, 030047 saylı qaimə-fakturaya əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 32.856,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxxx 2017-ci il tarixli, 030117 saylı qaimə-fakturaya əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMC –yə 1.142,40 manat məbləğində mallar təhvil verilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 646.524,17 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 312900 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 326.816,16 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 500638 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 386.883,02 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 640349 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 148.155,70 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 862826 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 154.899,31 manat dəyərindəverilmiş mallara dair EAAA seriyalı, 922613 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 152.111,23 manat dəyərindəverilmiş mallara dair EAAB seriyalı, 184182 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə 2.446.563,19 manat dəyərindəverilmiş mallara dair EAAB seriyalı, 306875 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” MMC və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktla müəyyən edilir ki, həmin tarixə Cavabdeh MMC-nin “xxxx” MMC-yə borcu 80.000 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixdə “xxxx” MMC Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq 136.000 manat pulun 5 gün ərzində MMC-nin hesabına köçürülməsini xahiş etmiş və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli, 29 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə “xxxx” MMC-yə olan borcu 80.000 ABŞ dolları – qətnamənin çıxdığı gün Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən 136.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1, 567, 600.1-ci maddələrini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, əsas borc məbləğinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 136.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, alğı-satqı müqaviləsinə əsasən təqdim edilmiş mallar lazımi keyfiyyətdə olmadığı təqdirdə alıcının müdafiə vasitələrini müəyyən edən Mülki Məcəllənin 587-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Cavabdeh malların təhvil verilməsindən keçən üç ilə yaxın müddət ərzində göstərilən müdafiə vasitələrinin hər hansı birindən istifadə etməsi, ümumiyyətlə iddiaçıya malların keyfiyyətsizliyi ilə bağlı bildiriş və ya hər hansı digər formada irad bildirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə- iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-679/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar