Məhkəmə qərarları › İş №2-2(103)-195/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-195/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-195/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı alğısatqı müqaviləsi üzrə pul tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4827/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz halından görünür ki, tərəflər arasında 01 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı MMC tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına müqavilənin ayrılmaz tərkib hissəsi olan hesablaşma sənədlərində göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan malmaterialın satılması, alıcı malın müqabilində satıcıya hesab-fakturalardakı qiymətə əsasən müvafiq məbləği ödəmək öhdəliyi götürmüşdür.

2. Satılmış mallarla bağlı cavabdehə 2021-ci ilin noyabr, dekabr aylarında, 2022-ci ilin fevral-iyun aylarında elektron qaimələr göndərilmişdir.

3. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1665 manat 6 saylı Vəkil Bürosunun Hesabına köçürülmüşdür.

4. İddiaçı MMC və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasindakı Filialı arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında 71.307,88 manat borcu olduğunu cavabdeh təsdiq etmişdir. Məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən iddiaçıya 23600 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38.455,5 manat borcun, 1027,23 manat cərimənin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manatın, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1665 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 iyul 2021-cı il tarixli MT-28-01/07 saylı təchizat müqaviləsi bağlanmış, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək cavabdehin iddiaçıya satılmış mallara görə 62055,5 manat borcu yaranmışdır. 16 may 2022-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə cavabdeh borcunu bir daha etiraf etmişdir. Borcunu ödəməsi ilə bağlı cavabdehə pretenziya göndərilmiş, cavabdeh isə pretenziyaya cavab verməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4827/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 38455,5 manat əsas borc, 384 manat cərimə, 410 manat mediasiya xərci, 1665 manat hüquqi yardım xərci tutulmuş, iddia qalan hissədə rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalandığı, cavabdehə satılmış mallara görə iddiaçıya borcun yarandığı işdəki sübutlarla, o cümlədən qarşılıqlı üzləşmə aktı ilə təsdiq edildiyindən hesab etmişdir ki, 38.455,5 manat borc Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tututalaraq İddiaçı MMCyə ödənilməlidir.

9. Eyni zamanda iddiaçı 1027,23 (min iyirimi yeddi manat, iyirimi üç qəpik) manat cərimənin tutulmasını da tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, tələb olunan 1027,23 manat dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 384 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4827/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddiasının təmin olunması istiqamətində işlər görmüşdür. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmədə təmsil olunmamışdır. Ona görə ki, məhkəmə bildirişlərini almamışdır. Cavabdehin iştirakı olmadan məhkəmə iddiaçının həqiqətə uyğun olmayan iddia tələbinə baxaraq əsassız qətnamə qəbul etmişdir. Bu da açıq-aşkar qanunun tələblərinə ziddir. İddiaçı MMC tərəfindən cavabdehə elektron qaimələr təqdim edilməmişdir. Ola bilər ki, həmin qaimələr təsdiqlənmiş olsun. Yəni cavabdeh tərəfdən təsdiqlənməyib. Sistem tərəfindən təsdiqlənib. Birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır. İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından hər hansı alacağı yoxdur. Hər bağlanmış müqaviləyə görə ödəniş edilmir. Bağlanmış müqavilə öhdəliyi gərək icra olunsun ki, ondan sonra ödəniş edilsin. Üzləşmə aktının həqiqətən cavabdehin səlahiyyəli şəxsi tərəfindən imzalandığı və möhür vurulduğu araşdırılmalıdır.İddiaçının təqdim etdiyi elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq həmin məhkəmə iclaslarında hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, cavabdehin iştirakının təmin edilməsi üçün işə baxılması xx.xx.2022-ci il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsi məhkəməyə elektron sistem vasitəsi ilə vəsətət göndərərək səhhətində yaranan problemlə əlaqadar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatətə bu barədə sübut əlavə edilmədiyindən vəsatət təmin edilməmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin rədd edilərək təmin edilməməsini xahiş etmişdir

16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə-öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə-alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddə-ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddə- Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3-cü maddə-hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.3-cü maddə- iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. 154.4-cü maddə- işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi”” Qaydaları 3.2-ci bənd-elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bənd-cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bənd-bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. (2.2.2. malların qaytarılması barədə, 2.2.3-cü malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən, 2.2.6. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalətverənə (komitentə) qaytarılması barədə, 2.2.9. Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən, 2.2.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə) 3.5-ci bənd-bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən qismən-iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4827/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmənin prosessual pozuntuya yol verməsi, işə birinci instansiya qaydasında baxılarkən cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görmədiyində dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. Belə ki, iş materiallarının 71 və 79-cu vərəqlərinə əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, cavabdehə məhkəmə iclaslarının vaxtı barədə bildirişlər çatmış, lakin hər hansı üzürlü səbəb olmadan nümayəndəsi iclaslarda iştirak etməmiş, iddiaya etiraz təqdim etməmişdir.

20. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında 01 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktındakı imzanın və möhürün cavabdehə aid olub-olmadığının məhkəmə tərəfindən araşdırılmalı olduğunu qeyd etsə də, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddiaya etirazla bağlı sübutlar təqdim etməmiş, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, təhvil almadığı mallar üzrə hansı səbəbdən iddiaçıya xx.xx.2022-ci il tarixdə 20000 manat ödəniş edildiyinin səbəbini göstərməmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, 01 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsindəki Cavabdeh Şirkətinin Azərbaycan Respublikasindakı Filialının direktoru B.Tekdemirin imzasının xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktındakı imza ilə eyni olmadığı, üzləşmə aktının üzərindəki qeydə əsasən aktın “R.Mahmudov” adlı şəxs tərəfindən imzalandığı müəyyən edilsə də, üzləşmə aktı hüquqi şəxsin möhürü ilə təsdiq edildiyindən və həmin möhür və ümumiyyətlə iddiaçı tərəfindən təqdim edilmiş hər hansı sübut işə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəfindən mübahisələndirilmədiyindən hesab olunur ki, üzləşmə aktındakı borc məbləği Cavabdeh Şirkətinin Azərbaycan Respublikasindakı Filialı tərəfindən təsdiq edilməklə qəbul edilmişdir.

22. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin sistem tərəfindən təsdiq edildiyini bildirsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi”” Qaydalarında nəzərdə tutulmuş qaydada həmin elektron qaimələrin ləğvi ilə bağlı qarşı tərəfə müraciət etməmiş, hətta EBBK 792613 saylı elektron qaimə üzrə ödəniş etmişdir.

23. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, cavabdehin iddiaçıya alqı-satqı müqaviləsi üzrə yaranmış, üzləşmə aktı ilə təsdiq edilmiş borcundan 38.455,5 manatın ödənildiyi sübutlarla təsdiq edilmədiyindən həmin borcun və öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmənin mövqeyi əsaslıdır.

24. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verildiyi müəyyən ediməmişdir. Apellyasiya şikayətində maddi hüquq pozuntusu kimi, Konstitusiyanın 60, 71,127-ci maddələri, prosessual pozuntu kimi MPM-nin 9,13, 14,47, 76,77,78,79,88,202,217,385-ci maddələri qeyd edilsə də, bu pozuntuların nədən ibarət olduğu müvafiq qrafalarda göstərilməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-4827/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4827/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar