Məhkəmə qərarları › İş №2-2(103)-198/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-198/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-198/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3285/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan 4.000.000 manat zərərin və cavabdeh tərəfindən hüquqları pozulduğu üçün cavabdehin vurduğu zərər nəticəsində əldən çıxan faydanı, yəni təxminən 400.000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4082/2021 nömrəli iş üzrə 31.05.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddianın əsaslarına görə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-51 nömrəli iş üzrə 04.02.2008-ci il tarixli qərardadı ilə X1, "xxxx" MMC və Cavabdeh arasında tərtib edilmiş 04.02.2008-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. İddiaçılar sözügedən barışıq razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və layiqincə icra etsə də, cavabdeh bu sazişlə üzərinə götürdüyü öhdəliklərini ümumiyyətlə icra etməmiş, beləliklə də barışıq razılaşmasının digər şərtlərinin əvəzi olaraq mülkiyyətdə saxladıqları mənzilin və onlara aid çardaq otaqlarının dəyəri məbləğində maddi ziyan dəymişdir. Belə ki, göstərilən mənzil və ona aid çardaqlar onlara məxsus olmuşdur, cavabdeh sözügedən barışıq razılaşmasının hüquqi nəticələrinə əsasən əldə etdiyi mənzili və ona aid çardaq otaqları digər üçüncü şəxslərə satmış, satışından əldə olan pul vəsaitini götürmüş və şəxsi məqsədləri üçün xərcləmişdir. Lakin barışıq sazişinə əsasən torpaq satılmalı və əldə olunan məbləğ onlar, yəni Əsədov qardaşları arasında bölünməli idi. Lakin cavabdeh bunlara əməl etməyərək, torpağı gizlin satmış və əldə olunan məbləği də özü mənimsəmişdir. Beləliklə, barışıq sazişinin şərtlərini və onların hüquqlarını kobud surətdə pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin 13.10.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, iddiaçılar barışıq sazişinin icraya yönəldilməsi və onun icra edilməməsi nəticəsində iddia tələbində qeyd olunan məbləğdə zərər dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı1 ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, əvəzi bu və ya digər şəkildə iddiaçıya ödənilməyən mənzildən və ona aid çardaq otaqlarından məhrum olmuşdur. Həmin mənzilin bazar dəyəri 720.000 manat məbləğindədir. Beləliklə, cavabdeh 720.000 manat zərər vurmuşdur. Həmçinin həmin pul nəticəsində əldə edəcəkləri hər hansı gəlirdən də məhrum etmişdir. Ona görə də iddiaçılar cavabdehdən həm vurulan 720.000 manat zərərin və hüquqları pozulduğu üçün cavabdehin vurduğu zərər nəticəsində əldən çıxan faydanı, yəni təxminən 300.000 manatı da tələb edirlər. Məhkəmə işdə olan sübutları tam nəzərdən keçirsə idi görərdi ki, cavabdeh üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş və nəticədə barışıq sazişinin məqsədinə çatmağa maneçilik törətmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçılar şikayəti müdafiə edib, ona uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-51 nömrəli iş üzrə 04.02.2008-ci il tarixli qərardadı ilə X1, "xxxx" MMC və Cavabdeh arasında tərtib edilmiş 04.02.2008-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin 2.3-cü bəndinə əsasən, bu razılaşmanın 2.1 və 2.2-ci bəndləri ilə müəyyən edilmiş bütün tələblərdən qarşılıqlı imtinanın əvəzi olaraq Bakı şəhəri Nərimanov rayonu İ.Dadaşov küçəsi 50 saylı evin 203 saylı mənzilin və ona aid çardaq otaqlarının üzərinə qoyulmuş həbsin götürülməsi, bu mənzil və ona aid çardaq otaqların cavabdehin mülkiyyətində saxlanılması, 2.4-cü bəndinə görə, həmin mənzil və çardaq otaqlarının cavabdehin mülkiyyətində saxlanılmasının əvəzi olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 iyun 1994-cü il tarixli 846 saylı sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış və 01 iyun 2000-ci il tarixli CN-0526 kod 00800003 saylı dövlət aktı ilə daimi istifadə hüquqları dövlət qeydiyyatına alınmış 19 sot torpaq sahəsinin 1/2 hissəsinin, yəni 9,5 sotunun cavabdehin adına, qalan 1/2 hissəsinin isə, yəni 9,5 sotunun İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına sənədləşdirilməsi, bu sənədləşdirmə üçün tələb olunan bütün zəruri xərclərin 250.000 ABŞ dolları miqdarından artıq olmayan məbləğinin cavabdeh tərəfindən ödənilməsi, 2.5-ci bəndinə əsasən, "xxxx" MMC-yə məxsus olan və Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon bazarının yaxınlığındakı 2 saylı çamaşırxananın həyətində, A.Mustafayev küçəsi 3014-cü məhəllə ünvanda yerləşən 1, 2, 3-cü anbar kimi istifadə olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən onun özünün vəsaiti hesabına 4.000.000 ABŞ dollarının manata olan məzənnəsi miqdarından az olmayan qiymətə satılması üçün alıcı ilə təmin edilməsi, 2.6-cı bəndinə görə, 4.000.000 və ya ondan yuxarı olan ABŞ dollarının manata olan məzənnəsi miqdarındakı pul vəsaitinin 2.000.000 ABŞ dollarının, eləcə də 2.000.000 ABŞ dollarından artıq əldə edilmiş məbləğinin yarısının "xxxx" MMC-yə, qalan məbləğinin isə cavabdehə çatması, 2.7-ci bəndinə əsasən, "xxxx" MMC-nin təsisçiləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehin müqavilənin 2.5-ci bənddə göstərilən əmlakı 4.000.000 ABŞ dollarının manata məzənnəsi miqdarında pul vəsaitindən az olmayan qiymətə satılmasına köməklik göstərmələri və həmin məbləğ "xxxx" MMC-yə ödənildikdən sonra bunun üçün tələb olunan bütün sənədlərin imzalanması və sair məsələlər razılaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdı; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, iddia tələbinin əsaslı sayılması üçün ilk əvvəl zərər vurulması halı sübuta yetirilməli, bu hal sübut edildikdən sonra zərər vurana istinad olunan mülki hüquq pozuntuları ilə vurulduğu irəli sürülən zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Çünki, zərər dedikdə mülki hüquq pozuntusunun törədilməsinin nəticəsi olaraq hüququ pozulmuş şəxsin əmlak-hüquqi sferasında ona münasibətdə əlverişsiz sayılan dəyişikliklərin baş verməsi başa düşülür. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə yanaşı pozulmuş hüququn bərpası üçün çəkilməli olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və həcmi əsaslandırılmış hesablamalarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan irəli gələn öhdəliyin yaranmasının başlıca şərti zərərin mövcudluğudur. Zərər yoxdursa, hüquq pozulmamış və öhdəlik də yaranmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçıların öz tələblərinin əsası kimi iddia ərizəsində istinad etdiyi hallar sübut olunmur. Belə ki, iddiaçıların tələbin əsası kimi təqdim etdiyi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-51 nömrəli iş üzrə 04.02.2008-ci il tarixli qərardadı ilə təsdiq edilmiş 04.02.2008-ci il tarixli barışıq sazişində qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu İ.Dadaşov küçəsi 50 saylı evin 203 saylı mənzili cavabdehin mülkiyyətində saxlanılır, başqa sözlə, mənzil əvvəldən cavabdehin mülkiyyətində olmuşdur. Belə olah halda isə həmin mənzil və ona aid çardaqların iddiaçılara məxsus olması, cavabdehin barışıq razılaşmasına əsasən mənzili əldə etməsi və üçüncü şəxslərə sataraq, iddiaçılara zərər vurmasından bəhs oluna bilməz. İddiaçıların öz tələblərinin əsası kimi Məhkəməyə təqdim etdiyi digər sənədlər də iddianın əsaslılığına dəlalət etmir. Belə ki, 12.12.2000-ci il tarixli Hüquqların alqı-satqısına dair müqaviləsi ilə "xxxx" KM (təsisçiləri İddiaçı1, İddiaçı2, İddiaçı3) Bakı şəhəri Nəsimi rayonu 3004-cü məhəllədə yerləşən 0,19 ha torpaq sahəsi üzərində olan daimi istifadə hüququnu 25.000 ABŞ dollarına "xxxx" firmasına (direktor X2) satmışdır, 20.08.2011-ci il tarixli MA ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu 3004-cü məhəllə / 0,19 ha torpaq sahəsi istifadə hüququ üzrə "xxxx" firmasına məxsusdur, Bakı ŞİH başçısının “Özünəməxsus torpaq sahəsində yaşayış binasının tkintisinin layihələndirilməsi haqqında” 23.09.2013-cü il tarixli 381 nömrəli sərəncamı "xxxx" MMC-nin barəsində verilmişdir. Bu mənada apellyasiya şikayətinin iddiaçıların mübahisəli mənzildən və ona aid çardaq otaqlarından məhrum olması barədə dəlili əsassızdır. Belə ki, fakt 04.02.2008-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndi ilə təkzib olunur, iddiaçılar da mənzilin onlara məxsus olmasına dair Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Şikayətin məhkəmə işdə olan sübutları tam nəzərdən keçirsə idi görərdi ki, cavabdeh üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş və nəticədə barışıq sazişinin məqsədinə çatmağa maneçilik törətmişdir məzmunlu dəlili də əsaslı deyil. Belə ki, işdən göründüyü kimi, iddiaçıların təqdim etdiyi sübutlar iddianın əsaslılığını nəinki təmin etmir, əksinə, əsassızlığını tam təsdiq edir. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3285/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar