Məhkəmə qərarları › İş №2-2(103)-198/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-198/2023

08.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-198/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4328/2022 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

2. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 25116,63 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu isə 31703,71 manat təşkil edir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 14809,65 manat və Dövlət Sosial Müdafiə Fonduna olan 31703,71 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 14809,65 manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 100 manat) Dövlət Sosial Müdafiə Fonduna 31703,71 manat olmaqla, ümumilikdə 46513,36 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********107800, xx.xx.2019-cu il tarixli **********011200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4328/2022 saylı qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə təmin edilmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, vergi ödəyicisi olan "xxxx" MMC məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta üzrə və vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində "xxxx" MMC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Məhkəmə qeyd etmişdir ki, hazırki icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-4328/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi hazırkı iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normaların tələblərini kobud şəkildə pozmuşdur. İşin müəyyən olunmuş həqiqi halları ondan ibarətdir ki, mən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi (təsisçiləri) tərəfindən aldadılaraq mən bu müəssisəyə direktor vəzifəsinə təyin olunmuşam. 2010-cu ildə ozünü təsisçi kimi təqdim edən şəxs ilə görüşmüş, həmin şəxs zavodun gəlirləri ilə bağlı uzun uzadı söhbət edərək zavodun gələcək prespekitivi ilə bağlı onu inandırmış, ondan sözügedən zavoda direktor vəzifəsinə təyin olunması ilə bağlı ərizə almışdır. Ərizə alındıqdan sonra o bir neçə gün sonra həmin zavoda getmişdir. Mən zavoda getdiyim zaman orada olan bir neçə şəxs məni zavoda buraxmamışdır. Bunu zavoda Azərbaycan Beynalxalq Bankına olan borc ilə əlaqadar məhkəmə qərarı əsasında həbsin qoyulması olmuşdur. Bu barədə mən dərhal təsisçiyə məlumat vermiş, təsiçi ilə danışdıqdan müəyyən müddət sonra özünün təsisçi kimi qələmə verən şəxs tərəfindən ordakı şəxslərə zəng olunduqdan sonra məni zavoda buraxmışdırlar. Mən burada vəziyyətin ürəkaçan olmadığını gördükdən sonra dərhal işdən azad olunmağım ilə bağlı ərizə ilə təsisçiyə müraciət etmiş, təsisçi isə bu günə qədər məni işdən azad etməmişdir. Məhkəmənin nəzərinə onu da çatdırım ki, zavoda mən formal olaraq direktor təyin olunduqdan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hər hansı bir fəaliyyətim olmamışdır. Onu da qeyd edim ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Vergi Xidməti yanında Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsində, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılmış, araşdırılma zamanı mənim izahatım alınmışdır. Araşdırılmaların nəticəsində baş vermiş hadisələrin heç birində mənim təqsirim olmadığı müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırım ki, mən birinci instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakılara görə razı olmuram. Belə ki, əvvəlcə, hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə, yəni mənə aid olub olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfü deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahyyətiilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. İki qətnamədən hər hansı birinin seçilməsi üçün isə məhkəmə tərəfindən yuxarıda qeyd edilən məsələlərin araşdırılması zəruridir. Məhkəmə, vergi borcunun maraqlı şəxs qismində cəlb olunmuş vergi ödəyicisinə, yaxud vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinə (əvvəlki rəhbərinə) aid olmadığını, borc məbləğinin vergi ödəyicisinin ölkədən getmək qərarına gəlmək üçün səbəb olmadığını (cüzi məbləğ olduğunu) müəyyən edərsə, vergi orqanının ərzəsinin rədd edilməsi barədə qətnamə qəbul edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan mənim ölkədən getmək hüququm mənim konstitusion hüququmdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda və həmin borcun yaranmasına əsas sırf mənim təqsirli hərəkətlərim səbəb olmasını müəyyənləşdirdikdən sonra məhdudlaşdıra bilər. Başqa sözlə desək, borc mənim deyil əvvəlki rəhbərliyin fəaliyyəti dövründə yarandığı halda buna görə əvvəlki rəhbərliyin deyil mənim ölkədən getmək hüququmun məhdudlaşdırılması ədalətli və qanuni ola bilməz. Belə olduğu halda mən ölkədən sərbəst şəkildə gedə bilərəm. Göründüyü kimi, vergi ödəyicisinin vergi borcunun yaranmasına əsas mənim təqsirli hərəkətlərim olmayıbsa mənim ölkədən getmək hüququm məhdudlaşdırıla bilməz və bu hüquq məhdudlaşdırılıbsa, həmin məhdudiyyət götürülməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Ərizəçi apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir.

11. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Mütənasiblik meyarı ilə bağlı AİHM-in mövqeyinə görə, hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi prosedur aydın və proqnozlaşdırıla bilən olmalıdır. İşin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət yolverilməzdir (Sarkizov və digərləri Bolqarıstana qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli, § 67-68, Nalbantski Bolqarıstana qarşı iş üzrə 10 fevral 2011-ci il tarixli, § 66 Qərarlar) . Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4.-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 12.Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

13. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4328/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Maraqlı şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, ölkədən getmək hüququ onun konstitusion hüququdur və borc ondan əvvəlki rəhbərliyin fəaliyyəti dövründə olmuş, onun direktorluğu formal olmuşdur.

16. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər- Maraqlı şəxs formal olaraq hüquqi şəxsin direktoru təyin edilməsi hər hansı sübutla təsdiq olunmur.

17. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli yığıncağının 08 saylı protokolu və öz ərizəsi əsasında Maraqlı şəxs MMC-nin baş direktoru təyin edilmişdir və hal-hazıradək direktordur. Əgər maraqlı şəxs artıq bu vəzifəni tutmursa bu vəzifədən azad olunması üçün hüquqi şəxsə müraciət etməli, tələbi təmin edilmədiyi təqdirdə hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldırılmalı idi.

18. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulduğundan ərizənin təmin edilməsi maraqlı şəxsin sərbəst hərəkət azadlığına qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz.

19. Vergi borcunun əvvəlki direktorun rəhbərliyi dövründə yaranması qanunda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsini istisna edən hal kimi nəzərdə tutulmadığından apellyasiya şikayəti bu hissədə də əsassızdır.

20. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən onun dövlət büdcəsinə olan 25116,63 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 31703,71 manat borcu olduğu təsdiq edildiyindən, işə apellyasiya qaydasında baxılarkən İnternet Vergi İdarəsindən əldə edilmiş məlumata əsasən 42110,69 manat ödənilməmiş vergi borcu olduğundan vergi orqanının ərizəsi əsaslı hesab edilir.

18. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4328/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ..20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4328/2022 nömrəli iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar