Məhkəmə qərarları › İş №2-2(103)-198/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-198/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-198/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4566/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 may 2021-ci il tarixli diler müqaviləsi üzrə 1250 manat pulun və 200 manat məhkəmə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 19 may 2021-ci il tarixdə bağlanmış DM-22-05 nömrəli diler müqaviləsi əsasında iddiaçı tərəfindən müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan 01 nömrəli spesifikasiyaya əsasən dəyəri 1250 manat məbləğində 1 ədəd “Yokamura İ8” modelli elektron samokat cavabdehin mülkiyyətinə verilmiş və həmin mal sonuncu tərəfindən təslim-təhvil aktı əsasında təhvil alınmışdır. Sözügedən müqavilədə nəzərdə tutulmuşdur ki, iddiaçının ödəniş sənədlərini aldıqdan sonra 5 iş günü ərzində ödəniş sənədində göstərilmiş malların ümumi dəyərinin 100%-i məbləğində ödəniş cavabdeh tərəfindən həyata keçiriləcəkdir. Lakin cavabdeh bu günədək müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək onun mülkiyyətinə verilmiş 1 ədəd “Yokamura İ8” modelli elektron samokatın dəyərini ödəməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Eyni zamanda Mediasiya Şurasına müraciət olunsa da, heç bir müsbət nəticə əldə olunmamış və Bakı 13 saylı mediasiya təşkilatından ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alınmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4566/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1249 (bir min iki yüz qırx doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, hüquqi yardım xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4566/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunub işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə geri göndərilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin 44-cü hissəsində qeyd olunur ki, beləliklə, məhkəmə hesab edir ki, diler müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (diler) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə bu zaman iddia tələbinin predmeti olan dəyəri ödənilməyən 1 ədəd “Yokamura İ8” markalı malın dəyərini ödəməklə bağlı öhdəlik daşıyıb-daşımamasını düzgün aydınlaşdırmamışdır. Məhkəmə qətnaməsinin 16-cı hissəsində qeyd olunur: Məhkəməyə təqdim edilən 31 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd Yokamura 18”, 6 ədəd “İnmotion L9” markalı məhsul olmaqla ümumi dəyəri ƏDV daxil 10600 manat məbləğində mal cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdeh tərəfdən müvafiq təhvil-təslim aktının saxta olmasına dair izahatların verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu hal aydınlaşdırılmamışdır. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi 31 may 2021-ci il tarixli təhvil-təslim aktının əslini heç vaxt məhkəməyə təqdim etməmişdir. Sənəd saxta olduğu üçün cavabdehin mübahisə predmeti olan dəyəri ödənilməyən 1 ədəd “Yokamura 18” markalı malın dəyərini ödəməklə bağlı öhdəlik daşıdığı sübut olunmur. İcraatın gedişində cavabdehin iddia etdiyi və vastap mesajları ilə sübut olunan kimi həmin mal vitrində göstərilmək üçün verilmişdir və müvafiq olaraq diler müqaviləsi üzrə alınan malların dairəsinə daxil olmamışdır. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş və sifariş olunan kimi 1 ədəd “Yokamura İ8” və 6 ədəd “İnmotion L9” markalı malların dəyəri xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində ödənilmişdir (ƏDV daxil 9350,0132 manat). Göründüyü kimi məhkəmə mübahisə predmeti olan mala dair cavabdehin öhdəlik daşımasını əsaslandırarkən etibarlı olmayan sübuta istinad etmiş, cavabdehin bununla bağlı xəbərdarlıqlarına məhəl qoymayaraq cavabdehin müqavilə üzrə öhdəlik daşıdığı qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsinin 19-cu hissəsində göstərilir: Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli baxış aktından görünür ki, “Yokamura İ8” elektrikli samokatın yürüşünün 4325 km olduğu, məhsulda çoxsaylı cızıqlar, çatlar və digər zədələrin göründüyü, sükan sütunun və qatlanan ayağın qırıldığı, dekorativ bəzəklərin silindiyi, qoruyucu korpusun üzərindəki hissələrin pasla örtüldüyü qeyd edilmiş, məhsulun yeni vəziyyətə gətirilməsinin iqtisadi baxımdan səmərəsiz olduğu göstərilmişdir. Ümumiyyətlə, məhsulun yeni vəziyyətə gətirilməsinin iqtisadi baxımdan səmərəsiz olduğu faktını müəyyən etmək xüsusi bilik tələb edir. Bu səbəbdən bu faktın aydınlaşdırılması üçün müvafiq olaraq eksperza rəyi əsas götürülməli idi. İddiaçı tərəfin təqdim etdiyi baxış aktı mütəxəssis tərəfindən deyil, tərəfin özü tərəfindən tərtib olunub. Bu baxımdan isə, təqdim olunan baxış aktı, məhsulun yeni vəziyyətə gətirilməsinin iqtisadi baxımdan səmərəsiz olduğu faktını sübut etmək üçün kifayət deyildir. Məhkəmə qeyd olunan faktı əsaslandırılmış sübut olmadan doğru qəbul etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfdən iddiaçı tərəfindən təqdim olunan təhvil-təslim aktının saxta olmasına dair izahatların verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu hal aydınlaşdırılmamışdır. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi 31 may 2021-ci il tarixli təhvil-təslim aktının əslini heç vaxt məhkəməyə təqdim etməmişdir. Sənəd saxta olduğu üçün təhvil-təslim aktının əsli məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən sənədin əslinin təqdim olunacağı bildirilsə də, bunu icra etməmiş və məhkəmə müvafiq olaraq mövcud olmadığı üçün əsli təqdim olunamayan sübutu mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmə qeyd olunan təhvil-təslim aktına mötəbər sübut kimi istinad etmişdir. Bakı Kommersiya Məhkəməsi barəsində şikayət verilən qətnaməni qəbul edərkən işin faktiki hallarını və sübutları tam şəkildə qiymətləndirməmiş, cavabdehin vəsatətləri və etirazları Məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, məhkəmə cavabdehin mübahisə predmetinə dair öhdəlik daşıdığını qeyd etsə də, əsaslandığı sübutun mötəbər olduğunu aydınlaşdırmamışdır. Qeyd olunanların nəticəsidir ki, məhkəmə tətbiq etməməli olduğu mülki hüquqi normaları tətbiq etmişdir. Məhkəmənin mübahisə predmeti olan dəyəri ödənilməyən 1 ədəd “Yokamura İ8” markalı malın təhvil alınmasına dair gəldiyi nəticə işin hallarına uyğun gəlmir, çünki müvafiq mal, ümumiyyətlə, diler müqaviləsi ilə alınan mallara daxil olmamış, vitrində nümayiş üçün təqdim olunmuşdur. Məhkəmə qətnaməsində bu hal saxta sübutla əsaslandırıldığı üçün faktiki hallarla uyğunluq təşkil etmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

12. Mülki Məcəllənin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: – tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; – bu malları öz adından və öz hesabına başqasına satmaq; – bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.

13. Həmin Məcəllənin 800.2-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.

14. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

15. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

18. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.

21. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsinin 2-ci hissəsinə əsasən, bu müqavilənin məqsədi Dilerin Satıcıdan müqavilənin əlavələri ilə razılaşdırılaraq alınan malların üçüncü tərəflərə - istehlakçılara və vasitəçilərə satılmasına yönəlmiş fəaliyyətinin həyata keçirilməsinə dair prinsipləri, qaydaları və şərtləri müəyyənləşdirməkdir. Hazırkı müqaviləyə uyğun olaraq Satıcı öhdəsinə götürür ki, hazırkı müqavilədə, spesifikasiyalarda və Dilerin sifarişlərində nəzərdə tutulmuş miqdarlarda, müddətlərdə və qiymətlərdə malları Dilerə çatdıracaq və onun mülkiyyətinə verəcək. Diler isə öz növbəsində öhdəsinə götürür ki, hazırkı müqavilənin şərtlərinə uyğun qaydada Dilerin Sifarişlərinə əsasən malları Satıcıdan qəbul edəcək, Satıcıya malların qiymətini ödəyəcək və müqavilədə müəyyənləşdirilmiş qaydada və şərtlərdə alqı-satqı əməliyyatları etməklə və ya malları üçüncü tərəflərə (istehlakçılara və vasitəçilərə) çatdırmaqla Satıcıdan əldə edilmiş malların paylanmasını (satışını) həyata keçirəcək. Satıcı tərəfindən hər bir ayrı partiyada satılan malların adı, miqdarı, çeşidləri və dəyəri Dilerin sifarişi əsasında müəyyən edilir və malların hər çatdırılan partiyası üçün Satıcı tərəfindən verilən hesabfakturada göstərilir.

22. Həmin müqavilənin 3-cü hissəsinə əsasən, Diler malı Satıcıdan satın alır və onu öz adından və öz hesabına üçüncü tərəflərə satır. Diler bu müqavilə üzrə öhdəliklərini yerinə yetirərkən malların satıcısı qismində çıxış edir və bu müqavilə üzrə öhdəliklərinə görə hər hansı üçüncü tərəf qarşısında cavabdehlik daşıyır. Diler Satıcının rəsmi dileri statusu alır və bütün Azərbaycan Respublikası ərazisində malların tanıtımını və satışını həyata keçirir. Tərəflər razılaşırlar ki, malın orijinallığını təsdiqləmək və onu reklam etmək üçün Diler malın istehsalçısının ticarət nişanlarını, marka adlarını və digər nişanlarını istifadə etmək hüququna malikdir. Tərəflər razılaşırlar ki, Dilerin öz mülahizəsinə görə, bu müqavilənin predmeti olan və Satıcı tərəfindən təqdim edilən analoji mallar və/və ya oxşar çeşidli mallar üçün digər təchizatçılarla (satıcılar, distribütorlar, istehsalçılar) dilerlik müqavilələri (alqı-satqı müqavilələri) bağlamaq hüququ var. Tərəflər razılaşırlar ki, bu Müqavilənin heç bir bəndi aşağıdakı kimi təfsir edilə bilməz: malların yalnız Satıcıdan alınması ilə əlaqədar müstəsnalıq şərti; və ya Dilerin analoji çeşiddə mal satmaq hüququnun məhdudlaşdırılması; və ya Satıcının təklif etdiyi və Dilerin üçüncü tərəfdən aldığı çeşiddə malların satılması hüququnun (bu malların Azərbaycan Respublikası ərazisində mülki dövriyyəyə lazımi qaydada daxil olması şərti ilə) məhdudlaşdırılması; və ya Dilerin və ya Diler ilə mülki-hüquqi münasibətlərdə olan üçüncü tərəflərin Satıcıdan aldığı Mallar barədə məlumatı (o cümlədən digər üçüncü tərəflərin analoji mallarının qiymət təklifləri və şərtləri ilə birlikdə (eyni səhifədə)) Platformada yerləşdirmək hüququnun məhdudlaşdırılması.

23. Həmin müqavilənin 4-cü hissəsinə əsasən, malların Dilerə çatdırılması Dilerin Sifarişləri əsasında sifariş təsdiq edildiyi andan 3 (üç) gün ərzində ayrı-ayrı partiyalar ilə həyata keçirilir. Diler Mallara görə ödənişi malların vahid qiymətləri, mal partiyasının ümumi dəyəri və ayrıca qeyd edilmiş ƏDV məbləği göstərilməklə malın ödənişi üçün Satıcı tərəfindən verilmiş elektron qaimə-faktura əsasında həyata keçirir. Ödəniş Satıcının hesabına Azərbaycan manatı ilə nağdsız pul köçürmələri yolu ilə həyata keçirilir. Satıcı və Diler hər hesabat dövrünün sonunda malın qalıqlarını birgə uzlaşdırır və bu balansa əsasən malların üzləşmə aktı tərtib edilir. Rübdə bir dəfə yazılı şəkildə Dileri xəbərdarlıq etməklə hesabat dövrünün müddəti Satıcının istəyi ilə dəyişdirilə bilər. Diler öhdəsinə götürür ki, Dilerə faktiki verilmiş Malların ödənilməsi üçün Satıcının ödəniş sənədlərini (invoys, üzləşmə aktı və elektronqaimə faktura) aldıqdan sonra 5 (beş) iş günü ərzində Satıcının ödənişə təqdim etdiyi ödəniş sənədində göstərilmiş Malların ümumi dəyərinin 100%-i (yüz faizi) məbləğində ödəniş həyata keçirəcək. Malın Satıcı tərəfindən Dilerə edilən təhvil-təslimin yekunlaşdığı anda mal üzərindəki mülkiyyət hüququ Dilerə keçmiş olur və s.

24. Həmin müqavilənin 5-ci hissəsinə əsasən, X3 diler qiyməti (bundan sonra “Diler qiyməti” adlandırılır) ilə əldə edir. Mal vahidinin Diler qiyməti tərəflər arasında müvafiq Spesifikasiyaları (bu Müqavilənin 1 saylı Əlavəsi) imzalamaqla razılaşdırılır və bu Spesifikasiyalarda müvafiq nömrə (artikul) ilə identifikasiya edilmiş nomenklaturanın hər bəndi üçün Diler qiyməti göstərilir. Diler qiymətinin təkrar nəzərdən keçirilməsinə zərurət yarandıqda, Satıcı planlaşdırılan qiymət dəyişikliyindən ən azı 5 (beş) iş günü əvvəl yeni Spesifikasiya imzalamaq niyyəti barədə Dilerə bildiriş verir. Diler həmin Diler qiymətinə edilən düzəlişdən imtina etmək və bu cür qərarı verdiyi andan etibarən Satıcıya verilən Diler Sifarişlərində həmin malları yerləşdirməmək hüququna malikdir. Diler Satıcının hər hansı malına öz hesabına istənilən buraxılış (o cümlədən pərakəndə satış) qiymətini təyin etmək hüququnu özündə saxlayır, lakin Diler və Satıcı arasında müvafiq spesifikasiyalarda konkret bir mal üçün icazə verilən minimal buraxılış (pərakəndə satış) qiymətlərinin (bundan sonra MPSQ) müəyyənləşdirildiyi və onların tətbiqi qaydalarının razılaşdırıldığı hallar istisna təşkil edir. Satıcı sistematik olaraq Dilerə mallar barədə ətraflı qiymət siyahıları, onlara dəyişikliklər və əlavələr təqdim etməklə, Dileri Malların qiymətləri, Mallar üçün tətbiq edilən endirimlər, habelə Malların inkişaf etdirilmiş yeni (hələ satışa çıxmamış) versiyaları (markaları) və onların dəyəri barədə daim yenilənmiş məlumatlar ilə təmin etməlidir.

25. xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsinə əlavə 1 olan 1 nömrəli spesifikasiyadan görünür ki, 1 ədəd “Yokamura İ8” markalı məhsulun qiyməti 1250 manat, MPSQ 1600 manat, 1 ədəd “İnmotion L9” markalı məhsulun qiyməti 1350 manat, MPSQ 1700 manat kimi razılaşdırılmışdır.

26. 31 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd “Yokamura İ8”, 6 ədəd “İnmotion L9” markalı məhsul olmaqla ümumi dəyəri ƏDV daxil 10600 manat məbləğində mal cavabdeh tərəfindən təhvil alınmışdır.

27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCA 422910 seriya və nömrəli elektron qaimə 1250 manat dəyərində elektron samokat üçün tərtib edilmişdir.

28. İddiaçıya məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış **********7966203120 nömrəli bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il olmaqla ümumilikdə ƏDV daxil 9350,0132 manat məbləğində pul ödəniş edilmişdir.

29. xx.xx.2023-cü il tarixli baxış aktından görünür ki, “Yokamura İ8” elektrikli samokatın yürüşünün 4325 km olduğu, məhsulda çoxsaylı cızıqlar, çatlar və digər zədələrin göründüyü, sükan sütunun və qatlanan ayağın qırıldığı, dekorativ bəzəklərin silindiyi, qoruyucu korpusun üzərindəki hissələrin pasla örtüldüyü qeyd edilmiş, məhsulun yeni vəziyyətə gətirilməsinin iqtisadi baxımdan səmərəsiz olduğu göstərilmişdir.

30. xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsinin 4.4-cü bəndinədn göründüyü kimi diler öhdəsinə götürür ki, Dilerə faktiki verilmiş Malların ödənilməsi üçün Satıcının ödəniş sənədlərini (invoys, üzləşmə aktı və elektronqaimə faktura) aldıqdan sonra 5 (beş) iş günü ərzində Satıcının ödənişə təqdim etdiyi ödəniş sənədində göstərilmiş Malların ümumi dəyərinin 100%-i (yüz faizi) məbləğində ödəniş həyata keçirəcək.

31. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə alqı-satqı münasibətləri nisyə alqı-satqı müqaviləsi formasında olmuşdur.

32. Cavabdehin təqdim etdiyi vatsap yazışmalarından (diler müqaviləsi bağlanandan sonrakı dövr üçün) görünür ki, cavabdehin nümayəndəsi samokatın test sürüşü üçün verildiyini qeyd etmiş, test üçün sürülə biləcəyinin sənəddə göstərilməsini tələb etmiş, iddiaçının nümayəndəsi isə onlarda belə bir anlayışın olmadığını, müvafiq olaraq vitrin üçün nümunə kimi göstərilməsinin düzgün olacağını, həmin nümunədən nə məqsədlə istifadə olunmasının cavabdehin öz işi olduğunu, hətta test sürüşü halında belə cavabdehin və birbaşa sürənin cavabdehlik daşıdığını qeyd etmişdir.

33. İşin hallarından görünür ki, iddiaçı hətta müqavilə sonrası danışıqlarda da hər hansı məhsulun test üçün verilə bilməsini inkar etmiş, həmin məhsulun vitrin məhsulu kimi çıxış edə biləcəyini qeyd etmiş, müqavilə şərtlərində də, təhvil-təslim aktında da sözügedən bir ədəd “Yokamura İ8” markalı elektrik samokatının “test drive” üçün verildiyi təsdiq olunmamışdır. Cavabdeh tərəfin sübutları isə nümayəndələrinin izahatlarından ibarət olmuşdur.

34. Bununla yanaşı, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.

36. Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xidmətlərin göstərildiyi cavabdehin isə öz öhdəliyini lazımi qaydada icra etməyərək sırf bir ədəd “Yokamura İ8” markalı elektrik samokatının “test drive” üçün verildiyini əsası ilə 1249,98 manat pulu ödəməməsi vicdanlılıq prinsipinin tələblərinə cavab verən davranış kimi qəbul edilə bilməz.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh diler müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, nəzərdə tutulan müddətdə öhdəliyini lazımi qaydada icra etmədiyi üçün müqavilə üzrə yaranmış borcunu - 1249,98 manat məbləği iddiaçıya ödəməlidir.

38. Bundan əlavə, hazırda ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

39. 31 may 2021-ci il tarixli təhvil-təslim aktına münasibətdə qeyd edilməlidir ki, təhvil-təslim aktı tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edildiyinə görə sözügedən sənəd mötəbər sübut kimi qəbul edilməlidir.

40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4566/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar